Məhkəmə qərarları › İş №1(1-8)-42/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-42/2026

07.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-42/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli hökmü ilə Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli 1(004)-202/2025 nömrəli (hakim: Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi) hökmü ilə ## ### 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, ona cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olmasının izah edilməsi müəyyən edilmiş, iş üzrə maddi sübut və məhkəmə xərci məsələləri həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Bəhramova Fəridə Tofiq qızı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2025-ci il tarixli 1(103)-1838/2025 nömrəli (hakimlər: İbrahimov Zamin Vəliyəddin oğlu (sədrliyi və məruzəsi ilə), Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARI: İstintaq orqanı tərəfindən Bəraət almış şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 25 sentyabr 2024-cü il tarixdə, saat 06:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən xeyli miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd bükümdə 0,236 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının qarşısına daşımış, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 25 sentyabr 2024-cü il tarixdə saat 08:40-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq, 26-cı PB-nə dəvət edilmiş və həmin gün PB-nin inzibati binasında saat 10:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,236 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmələr isə yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇISININ ÇIXIŞI: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2025-cü il tarixli qərarı əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya kollegiyası tərəfindən cinayət işinin əsasını təşkil edən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi, tam obyektiv araşdırma aparılmamışdır. Belə ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı Bəraət almış şəxs hər hansı fiziki yaxud psixoloji təzyiqə məruz qalması barədə məlumat verməmişdir. Lakin, qeyd edilən hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində 2019-cü ildən etibarən narkotik vasitədən istifadə etmədiyini, narkotik vasitədən asılılığının müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmədiyini bildirsə də, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 26.09.2024-cü il tarixli 6492 nömrəli rəyi ilə müəyyən edilir ki, Bəraət almış şəxs narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, təqsirləndirilən şəxs bütün vasitələrlə cinayət məsuliyyətindən yayınmağa çalışmış, lakin məhkəmə qeyd edilən xüsusatı da nəzərə almamış, sübutları əlaqəli şəkildə təhlil etmədən, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini əsas götürmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs atasının DİN-in 102 xidmətinə barəsində etdiyi şikayət əsasında yaşadığı evdən aparıldığını bildirsə də, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası X3 DİN-in 102 xidmətinə şikayət etdiyini bildirmişdir. Lakin, məhkəmə tərəfindən verilən ifadələr arasındakı ziddiyyətin səbəbi araşdırılmamış, ümumiyyətlə DİN-in 102 xidmətinə təqsirləndirilən şəxs barəsində şikayət edilməsi xüsusatı dəqiqləşdirilməmişdir. Həmçinin, məhkəmə işin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi, onun cinayət məsuliyyətindən azad olunmasında maraqlı olan şəxslərin (təqsirləndirilən şəxsin anası Arzu Kazımova, əmiləri Qəhrəman Kazımov, Bəhlul Kazımovun) ifadələrini mötəbər sübut kimi qiymətləndirmişdir ki, qeyd edilən hal da məhkəmə istintaqının bir tərəfli aparılmasını bir daha təsdiq etmişdir. Məhkəmə hökmündə göstərmişdir ki, şəxsi axtarış və götürmə haqqında protokoldakı imzalar məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən müdafiəçi müdafiəçi2, şübhəli şəxs Bəraət almış şəxs, əməliyyat müvəkkilləri şahid1 və şahid2 tərəfindən icra edilmədiyindən sübutlar siyahısından xaric etmişdir. Qeyd edilən dəlilə münasibət göstərərkən qeyd etmək lazımdır ki, həmin protokola əlavə edilmiş videogörüntü olan DVD disk ilə müəyyən edilir ki, Bəraət almış şəxs üzərinə müdafiəçi müdafiəçi2, əməliyyatçılar şahid1 və şahid2 iştirakı ilə şəxsi axtarış keçirilmiş, Bəraət almış şəxs bu zaman üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim edib, ona məxsus olduğunu bildirmişdir. Həmçinin videogörüntü Bəraət almış şəxs hər hansı təzyiq altında deyil könüllü şəkildə narkotik vasitəni təqdim etdiyi müəyyən edilir. Həmçinin, qeyd etmək lazımdır ki, məhkəmə istintaqı zamanı dindirilmiş əməliyyatçılar şahid1, şahid2, müdafiəçi müdafiəçi2 şəxsi axtarış və götürmə haqqında protokoldakı imzaların onlar tərəfindən icra edildiyini bildirmiş, həmçinin əlavə şahid qismində dindirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətini aparmış təhqiqatçı Anar Həmidli də eyni məzmunlu ifadə vermişdir. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş şahid2 və şahid1 həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı Bəraət almış şəxs 25 sentyabr 2024-cü il tarixdə saat 08:40-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq, 26-cı PB-nə dəvət edildiyini və həmin gün PB-nin inzibati binasında saat 10:30-dan etibarən üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürüldüyünü bildirmişdir. Lakin, qeyd edilən sübuta məhkəmə tərəfindən qiymət verilməmişdir. Bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən şəxs ilə şahidlər şahid2 və şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, sonuncular ifadəsini Bəraət almış şəxs üzünə deyərək bir daha təsdiq etmişdir. Göründüyü kimi, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, təqsirləndirilən şəxsi ifşa edən sübutların sübut siyahısından xaric edilib edilməməsi, müsbət halda hansı səbəbdən xaric edilməsini hökmdə əsaslandırmamış, ümumiyyətlə həmin sübutlara münasibət bildirməmiş, yalnız təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə əsaslanmış, cinayət mühakimə icraatının obyektivliyi, qərərsizliyi və ədalətliliyi prinsipini pozmuş və Bəraət almış şəxs təqsirliliyinin sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticədə tam haqsız olmuşdur. Beləliklə, Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyası hazırkı iş üzrə qərar çıxararkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etməmiş və şəxsin təqsirsizliyi barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyul 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən Bəraət almış şəxs əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə hesab etmişdir ki, Bəraət almış şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlaması və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir: Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Birinci instansiya məhkəməsinin hökmünə qarşı verilmiş protestdə ittiham tərəfi sübutların kifayət qədər olduğunu, məhkəmənin onları düzgün qiymətləndirmədiyini və nəticəyə səhv gəldiyini iddia etsə də, protestdə göstərilən dəlillərin hər biri ayrıca və məcmu şəkildə təhlil edildikdə onların ittiham hökmü üçün zəruri olan “şübhədən kənar sübut” standartını təmin etmədiyi açıq şəkildə görünür. Kassasiya protestində irəli sürülmüş dəlillər iş materialları, məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallar və cinayət-prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmadığından əsassız hesab edilir. Belə ki, kassasiya protestində məhkəmənin sübutları birtərəfli qiymətləndirdiyi iddia edilsə də, əksinə, məhkəmə hər bir sübutu ayrı-ayrılıqda və məcmu halda təhlil etmiş, ziddiyyətləri göstərmiş və həmin ziddiyyətlərin aradan qaldırılmadığını əsaslandırmışdır. Cinayət prosesində təqsirin sübuta yetirilməsi ittiham tərəfinin vəzifəsidir və şübhələrin mövcudluğu şəraitində bəraət hökmünün çıxarılması qanunun tələbidir. “Şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh olunur” prinsipi formal deyil, real tətbiq olunmalı olan hüquqi standartdır. İlk növbədə, dövlət ittihamçısının təqsirləndirilən şəxsin guya ibtidai istintaq mərhələsində fiziki və psixoloji təzyiqə məruz qalması barədə şikayət etməməsini əsas kimi göstərməsi inandırıcı deyildir. İş materiallarından və məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan aydın olur ki, saxlanılan şəxslərin polis orqanlarında faktiki olaraq xarici aləmdən təcrid olunması, müdafiəçi və yaxınları ilə dərhal və maneəsiz əlaqə imkanlarının məhdudlaşdırılması belə şikayətlərin vaxtında verilməsini obyektiv olaraq çətinləşdirir. Üstəlik, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş xəsarətlər tibbi sənədlərlə təsdiq olunduğu halda, həmin xəsarətlərin mənşəyi üzrə istintaq orqanı tərəfindən effektiv araşdırma aparılmaması özüözlüyündə işgəncə iddialarını şübhə altına almaq deyil, əksinə onların ciddi araşdırılmalı olduğunu göstərir. Bundan başqa, kassasiya protestində istinad edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın nəticələrinə dair 26.09.2024-cü il tarixli 6492 nömrəli rəyi də Bəraət almış şəxs konkret olaraq ona istinad edilən cinayət əməlini törətməsini təsdiq edən sübut kimi çıxış etmir. Şəxsdə narkomaniya xəstəliyinin olması faktı onun narkotik vasitəni qanunsuz əldə etməsi, saxlaması və ya daşıması faktının sübut edilməsi anlamına gəlmir. Cinayət məsuliyyətinin tətbiqi üçün zəruri olan hallar, yəni konkret hadisə, həmin hadisədə şəxsin iştirakı və təqsirliliyi digər mötəbər sübutlarla təsdiq edilməlidir ki, belə sübutlar mövcud deyildir. Eyni zamanda, dövlət ittihamçısının Bəraət almış şəxs və onun yaxın qohumlarının ifadələrinin guya maraqlı şəxs qismində verilməsi səbəbindən mötəbər sayılmaması barədə mövqeyi də hüquqi baxımdan əsaslı deyildir. Cinayət-prosessual qanunvericilik sübutların əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik olmasını nəzərdə tutmur və hər bir sübut onun əldə olunma qaydası, mənbəyi və digər sübutlarla uyğunluğu baxımından qiymətləndirilməlidir. Məhkəmələr də məhz bu prinsiplərə uyğun olaraq ifadələri digər sübutlarla müqayisəli şəkildə təhlil etmiş və yalnız daxili inam əsasında nəticəyə gəlmişdir. Kassasiya protestində xüsusi olaraq vurğulanan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 sentyabr 2024-cü il tarixli protokolunun mötəbərliyi məsələsinə gəldikdə isə, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizalarının rəyinə əsasən həmin protokoldakı imzaların aidiyyəti şəxslərə məxsus olmadığı müəyyən edilmişdir. Bu hal həmin istintaq hərəkətinin prosessual qaydada düzgün rəsmiləşdirilmədiyini və sənədin etibarlılığını ciddi şəkildə şübhə altına aldığını göstərir. Belə olan halda, həmin protokolun sübut kimi qəbul edilməməsi tam qanuni və əsaslıdır. Dövlət ittihamçısı videoyazını sübut kimi göstərsə də, məhkəmələr tərəfindən haqlı olaraq qeyd edilmişdir ki, videomaterialın mövcudluğu belə, protokolun saxtalaşdırılması faktını aradan qaldırmır və bütövlükdə sübutların əldə olunma şəraitinə dair ciddi şübhələr yaradır. Bundan əlavə, iş materiallarında Bəraət almış şəxs həmin videoda ifadəni hansı şəraitdə verdiyini istisna edən, yəni hər hansı təzyiqin olmadığını qəti şəkildə təsdiq edən obyektiv məlumatlar mövcud deyildir. Kassasiya protestində şahid ifadələrinə kifayət qədər qiymət verilmədiyi iddia edilsə də, məhkəmə istintaqı zamanı həmin şəxslərin ifadələri digər sübutlarla müqayisəli şəkildə təhlil edilmiş və onların ziddiyyətli, eləcə də iş üzrə müəyyən edilmiş digər hallarla uyğun gəlməyən hissələri əsaslı şəkildə nəzərə alınmamışdır. Xüsusilə, əsas sübut kimi çıxış edən protokolun etibarsız sayılması fonunda həmin protokolu təsdiqləyən ifadələrin də müstəqil sübut əhəmiyyətinin zəifləməsi məntiqi və hüquqi cəhətdən əsaslıdır. Həmçinin, dövlət ittihamçısının məhkəmənin yalnız Bəraət almış şəxs məhkəmə iclasında verdiyi ifadəyə əsaslandığı barədə iddiası da həqiqəti əks etdirmir. Aşağı instansiya məhkəmələrinin hökm və ya qərarlarından görünür ki, iş üzrə bütün sübutlar – tibbi sənədlər, ekspertiza rəyləri, şahid ifadələri və digər materiallar – məcmu halında qiymətləndirilmiş, mövcud ziddiyyətlər aradan qaldırılmadığından və təqsiri sübuta yetirən etibarlı sübutlar əldə olunmadığından nəticə etibarilə təqsirsizlik prinsipi tətbiq edilmişdir. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, Bəraət almış şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ilkin etiraf ifadələrinə qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Nəhayət, cinayət-prosessual hüququn əsas prinsiplərindən biri olan “şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh edilməsi” prinsipi nəzərə alınmaqla, iş üzrə aradan qaldırılmamış əsaslı şübhələrin mövcudluğu şəraitində məhkəmələrin bəraətverici nəticəyə gəlməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Dövlət ittihamçısının gətirdiyi dəlillər isə bu şübhələri aradan qaldıracaq səviyyədə yeni və ya təkzibedilməz sübutlar təqdim etmir. Beləliklə, kassasiya protestində göstərilən arqumentlər məhkəmələrin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olmasını təsdiq etmədiyindən, həmin protest təmin edilməməli, mübahisələndirilən məhkəmə qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya məhkəmə kollegiyası həmçinin protestin “işin faktiki hallarına uyğun verilmiş polis əməkdaşlarının ifadələrinin əsassız mötəbər hesab edilməməsinə” dair dəlillərinə də qiymət verərək aşağıdakıları göstərməyi məqsədəmüvafiq hesab edir. Belə ki, polis əməkdaşları fəaliyyət göstərdiyi orqan tərəfindən, yəni faktiki özləri tərəfindən təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinə dair şahid kimi ifadə vermişlər. Yəni, həmin ifadələr eyni zamanda həm özlərinin, həm də digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Bəraət almış şəxs verilmiş ittihamın əsasını, eyni zamanda həm özlərinin, hətta vəzifəcə yuxarı mövqe tutan polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Polis əməkdaşları istintaq aparan orqanda müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduğu üçün, istintaq hərəkətləri barəsində verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut kimi qəbul edilməsi üçün iş üzrə digər sübutlarla məcmu halında qiymətləndirilməlidir. Fikri davam etdirərək kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, o halda qeyd edilən şəxslərin ifadələrinə mötəbər sübutlar kimi istinad oluna bilərdi ki, həmin ifadələr digər sübutların məcmusuna uyğunluq təşkil etsin. Lakin baxılan iş üzrə həmin sübutlar nəinki təsdiqini tapmır hətta digər sübutlarla təkzib olunaraq, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuş işin faktiki halları ilə ziddiyyət təşkil edir. Məhkəmələr haqlı olaraq şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməməli olması, Bəraət almış şəxs məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Bu baxımdan Bəraət almış şəxs barəsində aparılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyinə, bu tədbirlərin qanunazidd olmasına, işin materiallarında əks olunmuş halların isə işin faktiki hallarına uyğun olmamasına dair məhkəmələrin gəldiyi nəticə də əsaslı görünür. Qeyd olunlarla yanaşı protestdə məhkəmənin sübutları birtərəfli qiymətləndirdiyi iddia edilsə də, əksinə, məhkəmə hər bir sübutu ayrı-ayrılıqda və məcmu halda təhlil etmiş, ziddiyyətləri göstərmiş və həmin ziddiyyətlərin aradan qaldırılmadığını əsaslandırmışdır. Beləliklə, protestdə göstərilən dəlillər ya artıq məhkəmə tərəfindən qiymətləndirilmiş və inandırıcı hesab edilməmiş, ya da sübutların qanuniliyinə və mötəbərliyinə dair mövcud şübhələri aradan qaldıra bilməmişdir. İttiham tərəfi sübutların əldə edilmə şəraitindəki ziddiyyətləri və ifadələrin uyğunsuzluğunu inandırıcı şəkildə izah etməmişdir. Bu səbəbdən protestdə irəli sürülən arqumentlər bəraət hökmün ləğvi və ittiham hökmünün çıxarılması üçün yetərli hüquqi əsas yaratmır. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli hökmü ilə Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2025-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar