Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-48/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), X1 Iskəndər oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X3 və məhkum Məhkum, onun müdafiəçisi müdafiəçi1 və tərcüməçi X4 iştirakları ilə, ## ###### 1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, ünvan 3 ünvanda qeydiyyatda olan, x6 ünvanda faktiki yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ####### 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim R.M.Daşdəmirov) Məhkum - Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarı ilə (hakimlər M.C.Qarayeva (sədrlik edən və məruzəçi), F.İ.Əyyubov və E.E.Rəhimovdan ibarət məhkəmə tərkibində) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ####### 2024-cü il tarixli hökmü dəyişdirilmişdir. Həmin qərarla Məhkum CM-in 221.2.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli # ### 2025-ci il tarixli qərarı ilə (hakimlər T.A.Muxtarov (sədrlik edən və məruzəçi), T.L.Kazımov və N.R.Mövsümovdan ibarət məhkəmə tərkibində) məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürülmüş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin ## ###### 2025-ci il tarixli qərarı ilə Məhkum “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Işin halları: Məhkəmə qərarlarına əsasən Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, ## #### 2023-cü il tarixdə saat 11 radələrində digər şəxslə bir qrup şəxs halında ünvan 2 ünvanda yerləşən Yasamal rayon məhkəməsinin inzibati binasında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pisləşməsi zəminində mübahisə edərək ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafda olan şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün ətrafdakılara münasibətdə laqeydliyini və cəmiyyətə açıqdan-açığa hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan və şəxs üzərində zor tədbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə sağ almacıq nahiyəsinin qançırı, sağ yanaq, nahiyəsinin şişkinlik halında əzilməsi, baş beyin silkələnməsi, qarnının sağ yarısının və sağ baldırın qançırları, büzdüm nahiyəsinin şişkinliyi və qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarət yetirib qəsdən sonuncunun sağlamlığına yüngül bədən xəsarəti yetirərək ətrafda olan şəxslərin rahatlığını və dincliyini pozmaqla xuliqanlıq cinayət əməlini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, məhkum Məhkum əməlində cinayət tərkibi yoxdur. Işin hallarından məlumdur ki, tərəflər arasında qonşuluq, yəni şəxsi münasibətlər zəminində mübahisələr uzun müddətdir mövcuddur. Məhz ##.##.2023-cü il tarixdə baş verən hadisə də belə bir mübahisələrdən irəli gələn məhkəmə işinə baxılarkən iclas zalının qarşısında baş vermişdir. Hazırkı iş materiallarında olan tərəflərin izahatları ilə müəyyən edilir ki, baş vermiş hadisə zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış dalaşma gedişində nəticəsində baş vermişdir. Belə ki, Zərərçəkmiş şəxs Məhkum özünün və onun azyaşlı qızının barəsində nalayiq ifadələr işlətməsi, onları təhqir etməsi onlar arasında dalaşma şəraitini yaratmışdır. Şikayətdə qeyd edilir ki, bu hal tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Bu da onu deməyə əsas verir ki, hadisə Zərərçəkmiş şəxs təşəbbüsü və təhriki, o cümlədən onun viktim hərəkətləri nəticəsində baş vermişdir. Məhkəmənin gəldiyi nəticədə qeyd olunur ki, şəxsi mübahisə sonradan ictimai qaydanı pozmağa çevrilmişdir. Lakin iş materiallarında ictimai qaydanın pozulması faktına dair heç bir sübut təqdim edilməmişdir. Tərəflər arasında yaranmış münaqişə məhdud bir ərazidə baş vermiş, ictimai asayişin pozulmasına səbəb olmamış və ətrafdakı şəxslərə mənfi təsir göstərməmişdir. Bu, xuliqanlıq anlayışının əsas tərkib elementlərindən biri olan “ictimai qaydanı kobud surətdə pozma” əlamətinin mövcud olmadığını göstərir. Şəxsin əməlində xuliqanlıq əməlinin tərkibi yoxdur, onun əməli sağlamlığa yüngül zərərvurma olaraq da qiymətləndirilə bilməz, çünki hadisədən dərhal sonra aparılan ekspertiza ilə zərərçəkmiş şəxsdə xəsarətin olmadığı müəyyən edilir. Belə olan halda təqsirləndirilən şəxsə bəraət verilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər”ə görə, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində eyni əməllərin bir qrup şəxs tərəfindən və ya təkrar törədildilməsinə görə məsuliyyət nəzərdə tutulur və bu əməllər iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “X2rşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamsa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, o, ## #### 2023-cü il tarixdə saat 11 radələrində digər şəxslə bir qrup şəxs halında ünvan 1 ünvanda yerləşən Yasamal rayon məhkəməsinin inzibati binasında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pisləşməsi zəminində mübahisə edərək ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafda olan şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün ətrafdakılara münasibətdə laqeydliyini və cəmiyyətə açıqdan-açığa hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan və şəxs üzərində zor tədbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə sağ almacıq nahiyəsinin qançırı, sağ yanaq, nahiyəsinin şişkinlik halında əzilməsi, baş beyin silkələnməsi, qarnının sağ yarısının və sağ baldırın qançırları, büzdüm nahiyəsinin şişkinliyi və qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarət yetirib qəsdən sonuncunun sağlamlığına yüngül bədən xəsarəti yetirərək ətrafda olan şəxslərin rahatlığını və dincliyini pozmaqla xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkum özü də aşağı instansiya məhkəmələrində dindirilərkən ifadəsində göstərmişdir ki, ## #### 2023-cü il tarixində onlar məhkəmə prosesində olduqları zaman Marina ilə onun arasında sözlü mübahisə baş vermişdir. Məhkəmə prosesində barışıq üçün onlara vaxt verilməsi məqsədilə iclasda fasilə elan edilmiş, həmin vaxt onun anası şahid1, qonşuları şahid3 və Zərərçəkmiş şəxs məhkəmə zalından çölə çıxmışlar. Həmin vaxt onun anası dəhlizdə pəncərinin yanında dayandığı zaman Zərərçəkmiş şəxs onun anasına yaxınlaşaraq onun on dörd yaşlı qızını təhqir etmişdir. O, məhkəmə zalından çıxan zaman anası ona Zərərçəkmiş şəxs onun qızı haqqında əxlaqsız və narkoman ifadələrini işlətdiyini bildirmişdir. O, bununla bağlı Zərərçəkmiş şəxs yaxınlaşaraq ondan nə dediyini bir daha soruşmuş, Zərərçəkmiş şəxs isə həmin sözləri onun üzünə qarşı beş dəfə yenidən təkrar etmişdir. Buna görə o, affekt vəziyyətinə düşmüş və Zərərçəkmiş şəxs vurmuşdur. O hesab edir ki, əgər Zərərçəkmiş şəxs onu 14 yaşlı qızını təhqir etməsəydi, o, Zərərçəkmiş şəxs vurmaz və onu təhqir etməzdi. Məhkəmə qərarlarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı ## #### 2023-cü il tarixli, *** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Pavlovanın bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ saidin almacıq nahiyəsinin, qarının sağ yarısının və sağ baldırın qançırları, sağ yanaq nahiyəsinin şişkinlik halında əzilməsi, büzdüm nahiyəsinin şişkinlik və qançırı küt əşyanın təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni ##.##.2023-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Göstərilən xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Iş materiallarında olan ## ###### 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Məhkum arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs qarşısında oturan Məhkum onu yumruq vuraraq xəsarət yetirdiyini bildirməklə istintaqa verdiyi ifadəsini bir daha sonuncunun üzünə qarşı bildirmişdir. Məhkəmə qərarlarında istinad edilmiş “Diskə baxış keçirilməsi haqqında” ## #### 2023cü il tarixli protokoldan görünür ki, üzərində BINGO CD-R MB/80Min, 2x-56x CD-Recordable Made in Taivan yazısı olan üzəri ağ rəngli disk ”ACER” markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 1 ədəd “xxxx” adlı və 30789 kb həcmdə video fayl olduğu müəyyən edildi. Həmin video fayla baxış keçirilərkən müəyyən edildi ki, görüntünün müddəti 1 dəqiqə 36 saniyədir. Həmin görüntü Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 3-cü mərtəbəsində quraşdırılmış * saylı videonəzarət kamerasının ##.##.2023-cü il tarixdə saat 12:33:44 saniyədən başlayaraq çəkilişidir. Həmin görüntü özündə dəhlizdə dəmir kostruksiyalı oturacaqlar ilə *-**-** nömrəli məhkəmə zalları arasında yeri göstərir. Görüntüdən müəyyən edilir ki, qara saçlı bir nəfər qadınla sarı saçlı 2 nəfər qadınla mübahisə edirlər. Mübahisə zamanı sarı saçlı qadın qara saçlı qadının sağ çiyin nahiyəsindən zərbə vurur və daha sonra onun yaxasında iki əli ilə tutaraq yerə yıxır və zərbələr vurmağa davam edirlər. Orada olan digər şəxslər həmin qadınları ayırmağa çalışmışlar. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı ## #### 2024-cü il tarixli, T ***/**** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ almacıq nahiyəsinin qançırı, sağ yanaq nahiyəsinin şişkinlik halında əzilməsi, baş beyin silkələnməsi, qarının sağ yarısının və sağ baldırın qançırları, büzdüm nahiyəsinin şişkinliyi və qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən törənmiş qərarda göstərilən vaxtda və şəraitdə, yəni ##.##.2023-cü il tarixdə kənar şəxs(lər) tərəfindən yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağ almacıq nahiyəsinin qançırı, sağ yanaq nahiyəsinin yumşaq toxumaların əziyi, baş beyin silkələnməsi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər aid olduqlarından dərəcələri təyin edilmir. Xəsarətlərin xarakteri və lokalizasiyaları onların şəxsin özü-özünə yetirə bilməsini inkar edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il ## #### tarixli * nömrəli qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyətinə cəlb edilsin. Izah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Məhkuma bəraət verilməsi, xuliqanlıq etməsi faktının aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmaması, məhkəmənin istinad etdiyi sübutların sübut kimi qəbul edilməməli olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum ona istinad edilən CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materialları ilə öz təsdiqini tapır. Iş üzrə ilkin ekspert rəyində zərərçəkmiş şəxsin xəsarətlərinin sağlamlığa zərərvurmayan xəsarətlər aid olduqlarından dərəcələrinin təyin edilməməsi, təkrar alınmış ekspert rəyində xəsarətlərin bir qisminin sağlamlığa yüngül zərərvurmaya aid, digər xəsarətlərin isə sağlamlığa zərərvurmayan xəsarətlər aid olduqlarından dərəcələrinin təyin edilməməsi barədə ziddiyyətli olması barədə müdafiə tərəfinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, xəsarətlərin alınmış zərbələr nəticəsində kəskinləşməsi inkar oluna, habelə ekspertin səriştəliyinə hər hansı şübhə olmadığından xüsusi biliyi ilə bu nəticəyə gəlməsi ziddiyyət kimi qiymətləndirilə bilməz və mötəbərliyi şübhə doğurmur. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (əməlin hüquqi tövsifi), Məhkum CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə birinci instansiyası məhkəməsinin çıxardığı nəticələri şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 221.2.1-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkumun əməlini CM-in 221.2.1-ci maddəsi ilə tövsif edib onu həmin maddələrlə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hal kimi ilk məhkumluğunu, qadın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkum Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-48/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-48/2026
13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver