Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-49/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2024-cü il tarixli 1(103)- 2696/2024 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Anar Sadıqov (sədrlik edən), Fəxri Məmmədov və Mahirə Kərimova) 30 oktyabr 2024-cü il tarixli, 1(101)-1841/2024 nömrəli hökmü ilə 27 avqust 1993-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi, ev 25, mənzil 58 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 11,553 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 19.02.2024-cü il tarixdə saat 13:45-də Bakı şəhəri, Nəsimi rayonu M.Cəfərov küçəsi 16 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 11,553 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Murad Məmmədov və Əfqan Ələkbərov) 16 dekabr 2024-cü il tarixli 1(103)-2696/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 1(101)-1841/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2024-cü il tarixli 1(103)-2696/2024 nömrəli qərarının ləğv edilməsi və onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuzdur, obyektiv araşdırılmamışdır. O, irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmir və təqsirliliyi qanuni əsaslarla sübut edilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, onun barəsində əsassız və qanunsuz olaraq CM-in 234.1-1-ci maddəsi ilə ittiham hökmünün çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun müdafiəçisi tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları –şahidlər şahid2, şahid3 və şahid1 ifadələrini, məhkəmə-kimyəvi ekspertizasının rəyini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb məhkumun təqsirini müəyyən edən sübutların mötəbərliyi və əməllərinin həmin sübutların məcmusu ilə təsdiq olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə, onun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun və ətraflı ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokolları, maddi sübut, ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsində kassasiya şikayətində qeyd edilən bütün dəlillərlə əlaqədar araşdırma aparılmış və həmin dəlillər öz təsdiqi tapmadığı üçün birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəməyədək icraat zamanı, Məhkum qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərəkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı hal aşkar edilməmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə birinci və apellyasiya instansiyası məhkəmələri sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya məhkəməsi məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə münasibətdə əvvəllər məhkum olunmamasını və gənc olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi müəyyən etmiş, CM-in 61-ci maddəsinə əsasən barəsində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin qərarı ilə cəza hissələrində razılaşaraq, hökmü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiya məhkəmələrinin məhkuma cəza təyini ilə bağlı mövqeyini cinayət qanunun normalarına uyğun olduğundan əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2024-cü il tarixli 1(103)-2696/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2024-cü il tarixli 1(103)-2696/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-49/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-49/2026
13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver