Məhkəmə qərarları › İş №1(1-8)-50/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-50/2026

07.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-50/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 yanvar 2025-ci il tarixli hökmündən məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 1(101)-2177/2024 nömrəli (hakimlər: Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 13 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 98 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 7 may 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Valeh Ələkbərov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Qəniyev Faiq Əsəd oğlu və Ələkbərov Əfqan Qəzənfər oğlundan ibarət məhkəmə tərkibində) 6 yanvar 2025-ci il tarixli 1(103)-330/2025 nömrəli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə ləğv edilmiş, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının çəkilməsinin başlanğıcının 7 may 2024-cü il tarixdən hesablanması, barəsində CMin 93.1.2-ci maddəsinin tələblərinə əsasən narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlərin tətbiq edilməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin hökmündən məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARI: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Məhkum psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Bəhmən” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda “Bəhmən” adlı şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq 150,144 qram çəkidə, külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 may 2024-cü il tarixdə saat 10:45-də ünvan 2 ünvanının qarşısında saxlanılıb Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi 52 ünvanında yerləşən 21-ci Polis bölməsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan idman şalvarının cibindən bir ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 150,144 qram təşkil edən, kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmələr isə yuxarıda qeyd olunmuş nəticələrə gəlmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə narkotik vasitələri satış məqsədilə əldə etməsinə dair məhkəmənin gəlmiş olduğu nəticə yalnız ehtimallara əsaslanmış, habelə nəticə istər ayrı-ayrı, istərsə də onların məcmusu ilə təsdiq olunmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, narkotik vasitənin satışı ilə məşğul olmadığını, sadəcə istifadəçisi olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 yanvar 2025-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif edildiyi, o cümlədən barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 yanvar 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 yanvar 2025-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin hökmündən görünür ki, məhkum Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü həmin normalarla ziddiyyət təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “..narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959- IIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edibetməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Qeyd olunanlara əsasən, müdafiə tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi apellyasiya məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə verdiyi izahat və ifadələri, şahid qismində dindirilmiş İsazadə Mətin Nizami oğlunun və şahid1 ifadələri, 7 may 2024-cü il tarixli raport, “şəxsi axtarış və götürmə aparılması haqqında” 7 may 2024-cü il tarixli protokol, həmin istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən disk, “baxış keçirilməsi haqqında” 10 may 2024-cü il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının 7 may 2024-cü il tarixli 3-16-16-2 6/2543 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2024-cü il tarixli 4369 nömrəli rəyi, maddi sübutlar və işdə olan digər istintaq hərəkətlərinə dair protokollar, Məhkum əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunduğuna şübhə doğurmur. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 7 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə şübhəli şəxs Məhkum üzərinə şəxsi axtarış keçirilmiş, istintaq hərəkəti keçirilməmişdən əvvəl şübhəli şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Məhkum əynində olan göy rəngli idman şalvarın cibindən 1 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf sellofanı, 1 ədəd “Samsung” markalı telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Məhkum üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs üzərindən aşkar edilmiş əşyanın "patı" adı ilə tanınan narkotik maddə metamfetamin olmasını bildirmiş, özünün uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini və onu 04.05.2024-cü il tarixdə səhər saatlarında İran vətəndaşı Bəhmən adlı şəxslə 110 manata razılaşaraq Bəhmənin əvvəlcədən qeyd etdiyi ünvanda Abşeron rayonu Masazır qəsəbəsində qoyduğu yerdən öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra Məhkum üstündən aşkar olunmuş bükülü 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 189 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda 1 ədəd “Samsung” markalı telefon da götürülmüşdür. O cümlədən, şəxsi axtarış və götürmə aparılması haqqında protokolda əks olunmuş hallar həmin istintaq hərəkətinə videogörüntüləri özündə əks etdirən DVD-R disk və diskə baxış keçirilməsi barədə protokol ilə də öz təsdiqini tapır. Kassasiya şikayətində göstərilən dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə olunmuş, hərtərəfli, tam və obyektiv araşdırılmış, onların hər birinə ayrı-ayrılıqda və məcmu halında düzgün hüquqi qiymət verilmişdir. Bu baxımdan, məhkumun irəli sürdüyü arqumentlər iş materialları ilə təkzib olunur və inandırıcı hesab edilə bilməz. Belə ki, iş materialları ilə müəyyən olunur ki, məhkumun üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı və videoçəkiliş aparılmaqla həyata keçirilmiş, prosessual qaydalara tam əməl olunmuşdur. Axtarışdan əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etmək təklif edilmiş və o, cibindən psixotrop maddə olan metamfetamini özü çıxararaq təqdim etmişdir. Bu hal onun maddə üzərində faktiki sahibliyini və həmin maddənin ona aid olmasını birbaşa təsdiq edir. Eyni zamanda, məhkum ilkin ifadələrində aşkar olunmuş maddənin “patı” adlanan metamfetamin olduğunu, həmin maddəni əvvəlcədən razılaşdığı şəxs vasitəsilə əldə etdiyini və uzun müddətdir narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdir. Sonradan məhkəmə baxışında ifadəsini dəyişməsi isə özünü müdafiə məqsədilə verilmiş və iş üzrə digər sübutlarla ziddiyyət təşkil edən mövqe kimi qiymətləndirilmişdir. Məhkumun polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə iddiaları da obyektiv sübutlarla təsdiqini tapmamışdır. Belə ki, onun saxlanıldığı istintaq təcridxanasında aparılmış ilkin tibbi müayinə zamanı bədənində yeni xəsarət izləri aşkar edilməmiş, yalnız köhnə izlərin mövcudluğu qeyd olunmuşdur. Həmçinin məhkəmədə dindirilmiş şahid ifadələri də bu iddiaları təsdiqləməmişdir. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş mobil telefon yazışmaları məhkumun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu göstərən mühüm sübutlardan biridir. Həmin yazışmaların məzmunu onun narkotik vasitələrin yalnız şəxsi istifadəsi üçün deyil, həm də dövriyyəsi ilə bağlı fəaliyyət göstərdiyini təsdiq edir. Bundan əlavə, məhkumun üzərindən aşkar olunmuş psixotrop maddənin külli miqdarda – 150,144 qram çəkidə olması da xüsusi əhəmiyyət kəsb edir. Belə böyük miqdarın şəxsi istifadə məqsədilə əldə edilməsi və üzərində saxlanılması ağlabatan izahını tapmır və bu hal satış məqsədinin mövcudluğunu təsdiqləyən əsas göstəricilərdən biri kimi çıxış edir. Belə ki, aşkar edilmiş maddənin ümumi çəkisi şəxsi istehlak həddini əhəmiyyətli dərəcədə aşmaqla, psixotrop maddənin – metamfetaminin 150,144 qram çəkidə aşkar edilməsi şəxsin yalnız şəxsi asılılıq məqsədilə deyil, dövriyyə və realizasiya niyyəti ilə hərəkət etdiyini göstərir. Şəxsi istifadə edən şəxslərin adətən eyni vaxtda narkotik vasitələri və psixotrop maddələri bu qədər miqdarda üzərlərində saxlamaları real və məntiqli hesab edilmir. Eyni zamanda, həmin maddənin bir ədəd bağlamanın içərisində gizlədilməsi, onların üzərində daşınmasının məqsədli və planlı xarakter daşıdığını göstərir. Bu hallar şəxsin davranışının şəxsi istifadə ilə məhdudlaşmadığını, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə yönəldiyini təsdiqləyən əlavə sübut kimi qiymətləndirilməlidir. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun qanunsuz olaraq külli miqdarda psixotrop maddəni satış məqsədilə əldə etməsini və saxlamasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Beləliklə, aşkar edilmiş maddənin miqdarının çoxluğu onların şəxsi istifadə üçün deyil, satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması qənaətinə gəlməyə əsas verir. Göstərilənlərin məcmusu onu deməyə əsas verir ki, məhkumun əməli düzgün olaraq CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Onun əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətinin yüngülləşdirilməsi barədə məqsəd güddüyünə dair nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Beləliklə, kassasiya şikayətində göstərilən dəlillər işin faktiki halları və sübutlarla təkzib olunduğundan, şikayət əsassız hesab edilməli və təmin edilməməlidir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Məhkum cəza təyin edilərkən cəzanın hesablanmasına dair cinayət qanunvericilik normalarına, həmçinin bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum cəzasını yüngülləşdirən əlavə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 yanvar 2025-ci il tarixli hökmü kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar