Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-52/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 mart 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 mart 2025-ci il tarixli 1(101)-545/2025 nömrəli (hakimlər: Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 18.03.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Yeni İntourist Hotel Company” MMC-də ofisiant işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 150.1 və 157.1ci maddələri ilə təqsirli bilinərək, ona CM-in 150.1-ci maddəsi ilə 5 (beş) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 157.1-ci maddəsi ilə 10 (on) ay müddətinə islah işləri cəzasının təyin edilməsi, CM-in 68.1.3-cü maddəsinə əsasən, islah işləri cəzasının dörd gününün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, ona CM in 157.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) ay müddətinə islah işləri cəzasının 2 (iki) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaların qismən toplanılması və qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddətin cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının 22 may 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması müəyyən edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2025-ci il tarixli 1(103)-902/2025 nömrəli (hakimlər: Hüseynov Zaur Nazim oğlu (sədrliyi və məruzəsi ilə), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 mart 2025-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 150.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 10 (on) aya endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəzanın Məhkum CMin 157.1-ci maddəsi ilə təyin edilmiş 10 ay müddətinə islah işləri cəzasının həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən bərabər tutulduğu 2 (iki) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Məhkum qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasının əvvəlinin 21 may 2024-cü il tarixdən hesablanması müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 18 may 2024-cü il tarixdə saat 04 radələrində qəbul etdiyi spirtli içkinin təsiri altında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığında gəzərkən ünvan 1 ünvanında yerləşən yaşayış binasını əvvəllər yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov ünvanında yerləşən yaşayış binası olmasını zənn edərək həmin binanın blokundakı mənzillərin qapısının açıq olub-olmamasını yoxlayarkən 32 saylı mənzilin qapısının açıq olmasından istifadə edib Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan şəxsin iradəsinə zidd olaraq həmin mənzilə daxil olub cinsi ehtirasını təmin etməyə yönələn çirkin niyyətini həyata keçirmək məqsədilə qonaq otağındakı masanın üzərinə qoyulmuş kustar üsulla hazırlanmış ucu deşici olan bir tərəfi kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürdükdən sonra həmin otaqda yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs oyadaraq bıçağı nümayiş etdirməklə sakit olmasını və müqavimət göstərəcəyi təqdirdə bıçaqla vuracağını bildirib zor tətbiq etmək hədəsi ilə sonuncunun cinsiyyət orqanına əlləri ilə toxunduqdan sonra əynindəki şalvarın zəncirbəndini açıb cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna daxil etmiş, daha sonra Zərərçəkmiş şəxs üzü üstə divana uzatmaqla şalvarını və alt paltarını aşağı çəkib seksual xarakterli digər hərəkətlərini davam etdirərək cinsiyyət orqanını Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə sürtməklə yanaşı, müqavimətini qırmaq məqsədilə baş nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vurub sonuncuya sağ təpə nahiyəsinin qançır-şişkinliyi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olmaqla dərəcəsi təyin edilməyən xəsarətlər yetirib zor tətbiq edərək yenidən öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna daxil edib cinsi tələbatını pozğun formada tam təmin edərək zərərçəkmiş şəxsə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkum Məhkum müdafiəçisi verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qərarında qeyd edilir ki, Məhkum nə barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmə qarşısına çıxarılan zaman, nə də müqavilə üzrə müdafiəçisinin iştirakı ilə 01.08.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində yenidən dindirilmə zamanı polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı zorakılıq tətbiq edilməsini bildirməmişdir. Lakin məhkəmə öz qərarında yanlışlığa yol vermişdir. Belə ki, həmin dindirmə protokolundan görünür ki, Məhkum özünü təqsirli bilmədiyini bildirmiş, ifadə verməkdən və protokolu imzalamaqdan imtina etmişdir. Bu isə məhkəmənin qərarında "polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı zorakılıq tətbiq edilməsini bildirməməsi" barədə fikrindən fərqlidir. Həmçinin, apellyasiya məhkəməsi öz qərarında Məhkum ona qarşı polis əməkdaşları tərəfindən zorakılıq edildiyini iddia etsə də, məhkəmə araşdırması zamanı Məhkum konkret olaraq kimin ona fiziki zor tətbiq etdiyini söyləyə bilməməsini göstərərək, müdafiə tərəfinin dəlilinin inkar edildiyi qənaətinə gəlmişdir ki, bu da həqiqəti əks etdirmir. Belə ki, apellyasiya instansiya məhkəməsində Məhkum, saxlandığı vaxt məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı şahid1 tərəfindən döyüldüyünü, məhkəmə iclasında dindirilən şahid2 tərəfindən isə döyülmədiyini konkret və açıq-aydın səsləndirmişdir. Digər məqam, şahid qismində dindirilən polis əməkdaşı şahid2 ifadəsində Məhkum saxlanmasında 3-cü polis əməkdaşı - Elşən Məmmədovun da iştirak etdiyini bildirmişdir. Belə olan təqdirdə, yəni Məhkum onu döyən şəxslərdən şahid1 olduğunu, şahid2 ona zor tətbiq etmədiyini dediyi halda, habelə Məhkum saxlanmasında iştirak etmiş Elşən Məmmədov adlı üçüncü şəxs dindirilmədən, saxlandıqdan sonra onu döyən şəxslərin adlarını bilmədiyi halda məhkəmənin öz qərarında məhkəmə araşdırması zamanı "Məhkum konkret olaraq kimin ona fiziki zor tətbiq etdiyini söyləyə bilməməsini” göstərməsi yumşaq desək yanlışlıq, hüquqi baxımdan isə qanun pozuntusudur. Bundan başqa, apellyasiya məhkəməsi öz qərarında məhkəmə-tibbi ekspertizasının 06.08.2024-cü il tarixli 957 nömrəli rəyində Məhkum bədəni üzərində xəsarətlərin aşkar edilməsi, lakin ondan iki ay əvvəl keçirilmiş məhkəmə-tibbi ekspertizasının 23.05.2024-cü il tarixli 220 nömrəli rəyində müayinə zamanı Məhkum bədən səthində hər hansı xəsarətin aşkar edilməməsinin, sonuncu ekspertiza rəyinin qanunsuz və əsassız olması ilə bağlı müdafiə tərəfinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Məhkum barəsində tərtib edilmiş məhkəmətibbi ekspertizasının 23.05.2024-cü il tarixli 220 nömrəli rəyinin guya məzmununda “Məhkum bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir” kimi ifadə göstərilməmişdir. Məhkəmənin qərarında göstərilən həmin qeyd də əsassızdır. Apellyasiya məhkəməsi öz qərarında Məhkum tutularkən bədəni üzərində xəsarətlərin ekspertiza rəyinə əsasən onun bədəni üzərindəki xəsarətlərin tutulmasından əvvəlki dövrə uyğun gəlməsi və müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyələrinin küt əşyalara çırpılması nəticəsində əmələ gələ bilməsi nəzərə alındıqda, həmin xəsarətlərin məhz polis əməkdaşları tərəfindən yetirilməməsi qənaətinə gəlməyə əsas verdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası ekspertiza rəyindəki məlumatları təhrif etmişdir. O cümlədən, apellyasiya məhkəməsi öz qərarında lifli materialların tədqiqi ilə bağlı ekspertiza rəyinə əsasən Məhkum və Zərərçəkmiş şəxs məxsus paltarların üzərində birbirilərinin paltarlarına aid tərkib liflərinin olmaması ilə bağlı şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, guya həmin xüsusatla bağlı apellyasiya baxışı zamanı zərərçəkmiş şəxsin verilən suallara cavabından müəyyən olunur ki, hadisə zamanı hər iki şəxsin əynində paltarlar olsa da, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi qucaqlamamış, onların paltarları hər hansı formada birbirlərinə təmas etməmişdir. Bu da məhkəmə qərarında həqiqətin təhrif edilməsidir. Belə ki, hələ ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs bildirmişdir ki, Məhkum onu qucaqlayıb, əlləri ilə paltarlarının üstündən cinsi orqanına toxunmağa başlamış, daha sonra onun qolundan tutub qaldıraraq şalvarının sepini açıb cinsi orqanını çıxararaq ağzına almağı tələb etmiş, onu divana uzatmış, şalvarını və paltarını aşağı çəkərək cinsi orqanını arxa tərəfdən onun cinsi orqanına sürtməyə başlamışdır. Birinci instansiya məhkəməsinin hökmündə də göstərilmişdir ki, Zərərçəkmiş şəxs paltarlarını ibtidai araşdırma orqanına təqdim etmiş, Muradın paltarları ilə onun paltarları arasında təmas olması təsdiq olunmuşdur. Eləcə də, apellyasiya məhkəməsində Zərərçəkmiş şəxs əynində olan paltarların Məhkum paltarlarının bir-birinə dəydiyini təsdiq etmiş, hətta məhkəmənin iclas protokolunda da bu xüsusat öz əksini tapmışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi və ya Məhkum əməllərində CM-in 150.1 və 157.1-ci maddələrinin tərkibi olmaması əsası ilə barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Bayramov Orxan Nizami oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum eyni ilə çıxış edərək, hadisə zamanı mənzilə səhvliklə girdiyini, əlində bıçaq olmadığını, verdiyi vəsatətlərin təmin edilmədiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində elan edilmiş ittiham üzrə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 150.1 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiə tərəfdən verilmiş kassasiya şikayətində CM-in 150.1 və 157.1-ci maddələri üzrə əməllərində cinayətlər tərkibinin olmadığından məhkumun əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş şahid4, şahid5 və şahid6 ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsinin Nəsimi rayon şöbəsində keçirilmiş məhkəmə-tibb ekspertizasının 18.05.2024-cü il tarixli 638 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsində keçirilmiş məhkəmə-tibb ekspertizasının 20.05.2024-cü il tarixli 214 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən daxil olmuş 24.06.2024-cü il tarixli 1818 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş materialların ekspertizasının 02.07.2024-cü il tarixli 3-16-16/2-6/3085 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsində keçirilmiş məhkəmə-tibb ekspertizasının 23.05.2024-cü il tarixli 220 nömrəli rəyi, CD diskə baxış keçirilməsi haqqında 19.07.2024-cü il tarixli protokol, DVD diskə baxış keçirilməsi haqqında 25.07.2024-cü il tarixli protokol, “şəxsin tanınmaya təqdim edilməsi haqqında” 22 may 2024-cü il tarixli protokollar, həmçinin iş üzrə toplanmış bir çox digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Kassasiya şikayətində göstərilən dəlillər iş materialları və məhkəmələr tərəfindən araşdırılmış sübutların məcmusu ilə müqayisədə əsassızdır və aşağıdakı səbəblərə görə qəbul edilə bilməz. İlk olaraq, müdafiə tərəfi apellyasiya məhkəməsinin Məhkum polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə iddialarını düzgün qiymətləndirmədiyini göstərməyə çalışsa da, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs istər ilkin mərhələdə, istərsə də müdafiəçinin iştirakı ilə aparılan dindirmələr zamanı belə bir hal barədə konkret və ardıcıl məlumat verməmişdir. İfadə verməkdən imtina etməsi və ya protokolu imzalamaması avtomatik olaraq zorakılıq faktının mövcudluğunu təsdiq etmir və bu hal apellyasiya instansiyası tərəfindən düzgün qiymətləndirilmişdir. Eyni zamanda, məhkəmə iclasında onun verdiyi ziddiyyətli və qeyrimüəyyən izahatlar (zor tətbiq edən şəxslər barədə qeyri-sabit mövqe) həmin iddiaların inandırıcılığını azaldır. Müdafiə tərəfinin Məhkum konkret olaraq polis əməkdaşı tərəfindən döyüldüyünü bildirməsi ilə bağlı arqumenti də iş materialları ilə təkzib olunur. Belə ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin bu məsələ ilə bağlı ifadələri qeyri-sabit olmuş, o, hadisənin konkret hallarını, vaxtını və mexanizmini dəqiq və inandırıcı şəkildə izah edə bilməmişdir. Digər tərəfdən, qeyd olunan şəxslərin iştirakı ilə bağlı istintaq və məhkəmə tərəfindən toplanmış sübutlar belə bir zorakılıq faktını təsdiq etməmişdir. Bu səbəbdən apellyasiya məhkəməsinin həmin iddiaları rədd etməsi əsaslı olmuşdur. Məhkəmə-tibbi ekspertiza rəyləri ilə bağlı iradlara gəldikdə isə, müdafiə tərəfi ekspertiza rəylərinin guya təhrif edildiyini iddia etsə də, iş materiallarında olan ekspert rəyləri göstərir ki, təqsirləndirilən şəxsin bədənində aşkar edilmiş xəsarətlərin konkret yaranma şəraiti tibbi baxımdan dəqiq müəyyən edilə bilməmiş, onların müxtəlif hallarda – o cümlədən yıxılma və ya küt təsir nəticəsində yaranmasının mümkünlüyü qeyd edilmişdir. Bu isə həmin xəsarətlərin məhz polis əməkdaşları tərəfindən yetirilməsi barədə qəti nəticəyə gəlməyə imkan vermir. Apellyasiya məhkəməsi də bu qeyri-müəyyənliyi nəzərə alaraq düzgün hüquqi qiymətləndirmə aparmışdır. Eyni zamanda, müdafiə tərəfinin 23.05.2024-cü il tarixli ekspertiza rəyinə istinad edərək sonrakı xəsarətlərin izah olunmadığını göstərməsi də əsaslı deyildir. Çünki iş materialları göstərir ki, xəsarətlərin yaranma vaxtı və şəraiti ilə bağlı müxtəlif ehtimallar mövcud olmuş, həmin ehtimalların hər biri ayrıca yoxlanılmış, lakin onların heç biri polis zorakılığı versiyasını təsdiqləməmişdir. Müdafiə tərəfinin Ataşovun hadisədən sonrakı günlərdə işləməsi ilə bağlı arqumenti də hüquqi baxımdan əhəmiyyətli sübut hesab edilə bilməz. Şəxsin müəyyən müddət ərzində əmək fəaliyyəti ilə məşğul olması onun bədənində xəsarətlərin olmamasını və ya həmin xəsarətlərin konkret şəraitdə yaranmamasını təsdiq etmir. Bu hal yalnız ehtimal xarakterli mülahizə olub, obyektiv sübutlarla təsdiqlənmir və məhkəmənin gəldiyi nəticəyə təsir etmir. Lif mikrohissəcikləri ilə bağlı ekspertiza rəyinə münasibətdə də müdafiə tərəfinin arqumentləri əsassızdır. Zərərçəkmiş şəxsin istintaq və məhkəmə mərhələsində verdiyi ifadələr ardıcıl olmuş, hadisə zamanı təmasın baş verdiyini göstərmişdir. Eyni zamanda, digər sübutlar – zərərçəkmişin ifadəsi, şahid ifadələri, hadisə yerindən götürülmüş sübutlar və tanınma protokolları – birgə qiymətləndirildikdə təqsirləndirilən şəxsin əməli törətməsi təsdiq olunur. Lif izlərinin olmaması isə təkbaşına təmasın baş vermədiyini sübut etmir və məhkəmə tərəfindən düzgün olaraq həlledici sübut kimi qəbul edilməmişdir. Əksinə, iş üzrə toplanmış sübutların məcmusu – zərərçəkmiş şəxsin ardıcıl və bir-birini tamamlayan ifadələri, şahidlərin ifadələri, video müşahidə materialları, tanınma protokolları, eləcə də məhkəmə-tibbi ekspertiza rəyləri – təqsirləndirilən şəxsin cinayət əməlini törətməsini təsdiq edir. Xüsusilə zərərçəkmiş şəxsin ifadəsi digər sübutlarla uyğunluq təşkil edir və onun etibarlılığına şübhə yaradan hallar müəyyən edilməmişdir. Nəticə etibarilə, kassasiya şikayətində irəli sürülmüş dəlillər məhkəmələr tərəfindən araşdırılmış sübutların düzgünlüyünü və kifayətliliyini şübhə altına almır, əsasən ehtimallara və subyektiv mülahizələrə əsaslanır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə bütün halları hərtərəfli, tam və obyektiv araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermiş və qanuni, əsaslı qərar qəbul etmişdir. Bu səbəbdən kassasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum sonradan verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunmalarına dair məqsəd güddüyü barədə nəticəyə gəlmişdir. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarına əsasən aydın olur ki, Məhkum mənzil toxunulmazlığını pozmaqla zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi təsdiqini tapmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 150.1 və 157.1-ci maddələri ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası bütün sübutları təkrarən sadalamağa zərurət görmür. Odur ki, cinayət işinin materiallarını, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, ibtidai istintaq hərəkətlərinə dair protokollarını kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası, Məhkum mənzil toxunulmazlığını pozmaqla zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş olması barədə aşağı instansiya məhkəmə kollegiyasının gəlmiş olduğu nəticə ilə razılaşır. Həmçinin kassasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, şikayətçi iş üzrə yeni faktiki hallardan çıxış etməklə kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum qarşı CM-in 150.1 və 157.1-ci maddələri ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və məhkəmələr tərəfindən düzgün tövsif edilmişdir. Müdafiə tərəfi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir, lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 150.1 və 157.1-ci maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (əvvəllər məhkum olunmaması, III qrup əlil olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum cəzasını yüngülləşdirən əlavə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 mart 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-52/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-52/2026
07.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver