Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-533/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2025-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Asif Əmrah oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət məhkəmə tərkibində) 11 sentyabr 2025-ci il tarixli 1(124)-227/2025 nömrəli hökmü ilə # ####### 1991-ci ildə Cəlilabad rayonunda doğulmuş, x kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış xxx-də qeydiyyatda olmaqla faktiki yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 26 sentyabr 2024cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Muxtarov Kamran Nüsrət oğlundan ibarət məhkəmə tərkibində) 19 noyabr 2025ci il tarixli 1(105)-737/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2025-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Ittiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və odlu silahı əldə etmə, saxlamaqla daşıma barədə tanışı X2 ilə danışıb razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncuya məxsus mobil telefonun “whatsapp” ani mesajlaşma sisteminə 13 fevral 2024-cü il tarixdə, saat 18:05də narkotik vasitənin və odlu silahın qoyulduğu məkanı (konumu) və həmin tarixdə saat 18:33də bu yerin 4 ədəd fotoşəklini göndərmiş, X göndərilmiş məkana və şəkillərə uyğun olaraq qara rəngli çantaya qoyulmuş narkotik vasitənin və odlu silahın olduğu xxx kəndinə gələrək onları götürdükdən sonra oradan uzaqlaşmaq istəyən zaman Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 fevral 2024-cü il tarixdə, saat 20 radələrində həmin yerdə saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən bir ədəd qara rəngli çantada təmiz çəkisi 955,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin çantanın içərisindən bir ədəd odlu silah hesab edilən nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRI-də istehsal olunmuş, Tokarev (TT) konustruksiyalı, 7,62 mm kalibrli, yivli odlu silah növünə aid, texniki cəhətdən saz və atəşə yararlı tapança, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 5 ədəd döyüş sursatı hesab edilən, zavod üsulu ilə keçmiş SSRI dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronu aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇISININ ÇIXIŞI: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, aşkar edilmiş narkotik vasitələr və silah ona aid olmamış, həmin maddələr hədə-qorxu nəticəsində ona aid edilmiş, X2 isə şahid qismində dindirilmişdir. Dəfələrlə etiraz etməsinə baxmayaraq hüquq və azadlıqları pozulmağa davam etmişdir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2025-ci il tarixli qərarının ləğv edilərək, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma ilə, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiə tərəfdən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin onun özünün verdiyi izahat və ifadələri, şahid qismində dindirilmiş şahid1, şahid2 və X2 ifadələri, “şəxsi axtarışın keçirilməsi barədə” 13 fevral 2024-cü il tarixli protokol və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD disk, Ədliyyə Nazirliyi MEM-in məhkəmə bioloji ekspertizasının 14 fevral 2024-cü il tarixli 3-16-16/2-7/243 nömrəli rəyi, məhkəmə ballistik ekspertizasının 15 fevral 2024-cü il tarixli 24/347 nömrəli rəyi, maddi sübutlar, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən detallı sadalamağa zərurət görmür. Qeyd olunanlara əsasən, məhkum tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “ ..narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-IIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda satış məqsədilə əldə etməsini və saxlamasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarışın keçirilməsi barədə” 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, X2 üzərinə şəxsi axtarış keçirilməsi zamanı əlində olan qara rəngli çantanın içərisinə baxdıqları zaman oradan yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə-marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Bu vaxt kütlənin arasından qara rəngli sellofan torba çıxmışdır. Seloffan torba açılan zaman içərisində “TT” markalı tapanca, bir ədəd daraq və 6 ədəd patronların olması müəyyən edilmişdir. O cümlədən, şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd olunmuş hallar həmin istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən DVD diskə baxış zamanı da öz təsdiqini tapmışdır. Həmin videoyazı ilə müəyyən edilmişdir ki, X-in götürdüyü qara rəngli çantadan 955 qram marixuana və TT markalı tapança, daraq və patronlar aşkar olunmuşdur. Aşağı instansiya məhkəmələri videoyazını bilavasitə tədqiq etmiş və protokolda göstərilən halların videomaterialla tam təsdiq olunduğunu müəyyən etmişdir. Bu baxımdan, aşkar edilmiş əşyaların sonradan saxtalaşdırılması və ya süni şəkildə əlavə edilməsi barədə hər hansı obyektiv əsas müəyyən edilməmişdir. Həmçinin kassasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, şikayətçi iş üzrə yeni faktiki hallardan çıxış etməklə kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bundan əlavə, müdafiə tərəfi əldə edilmiş sübutların qanunsuz olduğunu bildirsə də, məhkəmə həmin sübutları ayrıca deyil, qarşılıqlı əlaqədə qiymətləndirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş maddələrin ekspertiza rəyi ilə marixuana olması təsdiq edilmişdir. Bu sübutlar bir-birini tamamlayan və qarşılıqlı şəkildə təsdiqləyən sübutlar kimi qiymətləndirilmişdir. Müdafiə tərəfi həmin maddi sübutların saxtalaşdırıldığını və ya ekspertiza rəyinin etibarsız olduğunu təsdiq edən hər hansı əsaslı dəlil və ya mötəbər sübut təqdim etməmişdir. Məhkum kassasiya şikayətində narkotik vasitə və odlu silahın ona məxsus olmadığını, həmin əşyaların ona hədə-qorxu ilə aid edildiyini bildirsə də, bu iddia iş üzrə toplanmış və məhkəmə iclasında bilavasitə tədqiq edilmiş sübutların heç biri ilə təsdiq olunmur. Əksinə, birinci instansiya məhkəməsində dindirilmiş şahid X2 ardıcıl və bir-birini tamamlayan ifadələrində göstərmişdir ki, məhz Təqsirləndirilən şəxs onu x rayonuna göndərmiş, çantanın yerini ona mobil telefon vasitəsilə göndərmiş, çantanın içərisində narkotik vasitə və odlu silah olduğunu əvvəlcədən bildirmiş, həmin çantanı Bakı şəhərinə gətirib göstərəcəyi şəxsə təhvil verməsini tapşırmış, bunun müqabilində isə əvvəlcədən yol pulu göndərmiş və əlavə pul vəd etmişdir. X-in bu ifadələri həm məhkəməyədək icraat zamanı, həm də birinci instansiya məhkəməsində mahiyyət etibarilə eyni olmuş, ifadələrin əsas məzmununda hər hansı ziddiyyət müəyyən edilməmişdir. X2 ifadələri təkcə şəxsi bəyanatla məhdudlaşmamış, digər obyektiv sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları şahid1 və şahid2 məhkəmədə ifadələrində əməliyyat məlumatı əsasında X-in saxlanıldığını, onun çantanı göstərilən yerdən götürdüyünü, həmin çantadan külli miqdarda marixuana və TT markalı tapançanın aşkar edildiyini, həmçinin X8 Məmmədovun göstərişi ilə hərəkət etdiyini bildirdiyini təsdiq etmişlər. Bu ifadələr bir-birini tamamlamış və iş materiallarında olan digər sübutlarla uzlaşmışdır. Məhkəmə ekspertizalarının rəyləri də aşkar olunmuş predmetlərin xarakterini tam təsdiq etmişdir. Məhkəmə bioloji ekspertizasının rəyinə əsasən çantadan götürülmüş bitki mənşəli maddə 955 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana olmuş, ballistik ekspertizanın rəyi ilə isə aşkar edilmiş silahın istifadəyə yararlı TT konstruksiyalı odlu silah, patronların isə döyüş sursatı olduğu müəyyən edilmişdir. Həmin ekspertiza rəylərinin düzgünlüyünü şübhə altına alan hər hansı mötəbər sübut müdafiə tərəfi tərəfindən təqdim edilməmişdir. Kassasiya şikayətində göstərilən "narkotik vasitə və silahın ona aid edilməsinin hədəqorxu nəticəsində baş verməsi" barədə iddia da iş materialları ilə təsdiq olunmur. Əksinə, X həm məhkəməyədək icraat zamanı, həm də məhkəmədə bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı zor tətbiq edilməmiş, hədə işlədilməmiş, hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Bu hal onun məhkəmədə təsdiq etdiyi ifadələri ilə də öz təsdiqini tapmışdır. Bundan başqa, məhkum Təqsirləndirilən şəxs da ona qarşı zor tətbiq olunmasını və ya hüquq-mühafizə orqanlarının qanunsuz təsiri nəticəsində özünü ifşa edən hər hansı prosessual sənədi imzalamasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Təqsirləndirilən şəxs öz müdafiəsi məqsədilə verdiyi izahatlar obyektiv sübutlarla təsdiqlənmədiyindən, məhkəmə həmin ifadələri tənqidi qiymətləndirməkdə haqlı olmuşdur. O, çantanın mövcudluğundan, narkotik vasitə və silahdan xəbərsiz olduğunu bildirsə də, X-in mobil telefonuna məkan göndərilməsi, onun Qubaya istiqamətləndirilməsi, yol pulunun əvvəlcədən köçürülməsi və çantanın götürülmə qaydasının izah edilməsi kimi hallar həmin müdafiə mövqeyini tamamilə təkzib edir. Beləliklə, kassasiya şikayətində göstərilən dəlillər iş üzrə toplanmış şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, videoyazılar, ekspertiza rəyləri və digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Aşağı instansiya məhkəmələri sübutları CPM-in tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv qiymətləndirmiş, qəbul etdikləri nəticələr işin faktiki halları və sübutların məcmusu ilə uzlaşmışdır. Müdafiə tərəfi kassasiya şikayətinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən “hədə-qorxu və təzyiqlərə məruz qalmasına” dair dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qeyd olunan hallara əsasən kassasiya şikayətində təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı guya təzyiqə məruz qalması barədə dəlillər əsassız hesab edilir. Belə ki, cinayət işinin materiallarında olan Quba Rayon Məhkəməsinin 27.09.2024-cü il tarixli qərarından görünür ki, müdafiəçinin iştirakı ilə keçirilən və barəsində həbs qətimkan tədbiri seçilən məhkəmə iclasında Təqsirləndirilən şəxs, sadəcə olaraq barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Yəni, Təqsirləndirilən şəxs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında keçirilmiş məhkəmə iclasında da hər hansı təzyiq və ya qeyri-qanuni təsir barədə məhkəməyə məlumat verməmişdir. Əgər belə hallar mövcud olsaydı, onların həmin vaxt bildirilməsi üçün real və prosessual imkan mövcud olmuşdur. Odur ki, istər Sumqayıt Ağır Cinayətlər Məhkəməsi, istərsə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası göstərilən dəlilləri araşdırarkən haqlı olaraq Təqsirləndirilən şəxs hədə-qorxu və təzyiqlərə məruz qalması barədə mübahisələndirdiyi dəlilləri qeyd edilənlərə əsasən əsas götürərək mötəbər hesab etməmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyaları haqlı olaraq şahid qismində dindirilmiş polis əməkdaşlarının ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Bu səbəbdən kassasiya şikayətində Təqsirləndirilən şəxs təzyiqə məruz qalması barədə irəli sürdüyü dəlillər iş materialları ilə təsdiq olunmadığından əsassız hesab edilir və həmin arqumentlər kassasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmir. Təqsirləndirilən şəxs, ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Təqsirləndirilən şəxs CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. O cümlədən, məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (himayəsində azyaşlı uşağının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən əlavə hər hansı hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-533/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-533/2026
23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver