Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-56/2026 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və bəraət almış şəxs Bəraət almış şəxs müdafiəçisi Qədimi Eldar Mehdi oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ######## 2025-ci il tarixli hökmü ilə Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ######## 2025-ci il tarixli hökmü ilə (hakimlər Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə) Bəraət almış şəxs, ## ######## 1990-cı il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasının Süleyman Stalski rayonunun Darkus kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, sürücülük fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Dağıstan Respublikası, Süleyman Stalski rayonu, Darkuş kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında müvəqqəti olaraq yaşamış, CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. Həmçinin hökmlə CPM-in 350.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materialların maddi sübutla – ekspertiza tədqiqatından sonra qalıq qalmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 31.800,8 qram çəkidə qurudulmuş marixuana ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Işin halları: Ibtidai araşdırma orqanı tərəfindən Bəraət almış şəxs qarşı ittiham irəli sürülmüşdür ona görə ki, o, ## ###### 2024-cü il tarixədək olan müddət ərzində Iran Islam Respublikasının Astara şəhərində şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Rusiya Federasiyasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda, ümumilikdə təmiz çəkisi 31805 (otuz bir min səkkiz yüz beş) qram qurudulmuş marixuana narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayrı-ayrılıqda 105 ədəd folqaya sarınmış düzbucaqlı formalı bağlamada qablaşdırıb 12 ədəd “təzə alma” yükünün yığıldığı paletlərin ayaq hissəsində olan taxtanın içərisində gizlədərək saxlamış, əlavə 10 ədəd “təzə alma” yükü ilə birlikdə onun idarə etdiyi “Volvo” markalı, B***OY-159/AP7203-47 dövlət qeydiyyat nişanlı avtomobilinə yüklətmiş, bundan sonra o, qeyd edilən narkotik vasitəni Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə Iran Islam Respublikasından Rusiya Federasiyasına daşımaq üçün idarə etdiyi yük avtomobilində qanunsuz olaraq qəsdən saxlamış, Iran Islam Respublikasından Azərbaycan Respublikasına daşımış və ## ###### 2024-cü il tarixdə, saat 21 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük Idarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, ## ###### 2024-cü il tarixdə saat 16 radələrində keçirilmiş yoxlama nəticəsində qeyd olunan narkotik vasitə gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi təsdiq edilmədiyindən onun barəsində yuxarıda göstərilən # ######## 2025-ci il tarixli bəraət hökmü çıxarılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ######## 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı Səfərov Tale Balabəy oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin Isgəndər oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə) ## ####### 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək həmin qərarın ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ######## 2025-ci il tarixli hökmündən verilmiş apellyasiya protestinin məzmunu ilə eynilik təşkil edən və yalnız ehtimallar üzərində qurulmuş kassasiya protestində CPM-in bir sıra maddələrinə, beynəlxalq yük daşımalarını tənzimləyən milli və beynəlxalq qanunvericiliyə və normativ aktlara, xüsusən də Azərbaycan Respublikasının ## ###### 2000-ci il tarixli, ***-IQ nömrəli Qanunu ilə ratifikasiya edilmiş “X19 haqqında” ## ### 1956-cı il tarixli Cenevrə Konvensiyasına, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2016-cı il tarixli ** nömrəli Qərarına, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, ibtidai araşdırma orqanı tərəfindən Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihama, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına, bu aktlar üzrə məhkəmələrin gəldikləri nəticələrə istinad edən və öz mövqeyinə uyğun işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı E.Ə.Hüseynov həmin protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, Bəraət almış şəxs təqsirsizliyi barədə məhkəmə hökmünün və həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında qərarın əsasını yolverilməz sübutlar təşkil etmiş və bunun nəticəsi olaraq Bəraət almış şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız olaraq bəraət verilmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Bəraət almış şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verərkən yalnız təqsirləndirilən şəxs Bəraət almış şəxs verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları qəbul etməməklə sonuncunun təqsirinin sübuta yetirilməməsi haqqında işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymış, bununla da işin halları məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. Işin hallarından göründüyü kimi, Bəraət almış şəxs istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıması və saxlaması iş üzrə toplanmış və biri-birini tamamlayan sübutların məcmusu ilə tamamilə təsdiq edilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi Bəraət almış şəxs idarə etdiyi nəqliyyat vasitəsində 105 ədəd folqaya sarınmış düzbucaqlı formalı bağlamada qablaşdırıb 12 ədəd “təzə alma” yükünün yığıldığı paletlərin ayaq hissəsində olan taxtanın içərisində yerləşdirilmiş ümumi təmiz çəkisi 31.805 qram (31 kq 805 qr) olan narkotik vasitə qurudulmuş marixuananın oraya harada və necə yerləşdirilməsindən, habelə həmin maddənin Azərbaycan Respublikasına daşımasından məlumatsız olduğu, başqa sözlə, qeyd olunan narkotik vasitənin əldə edilməsi, alma yükünün içərisinə yığılması və Azərbaycan Respublikasına daşınmasında sonuncunun təqsirinin olmadığı qənaətinə gəlməklə ona CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymışdır. Işin hallarından göründüyü kimi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış və götürmə protokolları, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi təsdiq olunduğu halda, apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların mövcudluğunu, habelə Azərbaycan Respublikasının # ###### 2003-cü il tarixli, ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında Beynəlxalq Konvensiya”nın “Xüsusi əlavələr” bölməsinin E.2/F.3 bəndinə əsasən «daşıyıcı» — malların faktiki daşınmasını həyata keçirən və ya tələblərini, bu tələblərə əsasən sürücünün nəqliyyat vasitəsindən istifadə edən şəxs kimi daşıdığı yükə görə cavabdeh olmasını nəzərə almamışdır. Iş üzrə toplanmış və araşdırılmış sübutlardan görünür ki, Bəraət almış şəxs daşıdığı yükün özündə heç bir plomb, möhür olmamış, palet yumşaq materialla bağlı olmuşdur, həmin yük hansısa zavod, hüquqi şəxs tərəfindən deyil, məhz fiziki şəxslər tərəfindən qablaşdırılmışdır. Bu isə o deməkdir ki, Bəraət almış şəxs həmin yükü yoxlamaq imkanı istisna olunmamış, ümumilikdə maşının yük yerinə plomb vurulanadək sonuncunun yükün xüsusiyyəti nəzərə alınmaqla tamlığına heç bir xələl gətirmədən yükü açıb baxaraq yoxlamaqla yenidən qablaşdırmaq imkanı olsa da o, bunu etməmişdir. Eyni zamanda Bəraət almış şəxs yükü qəbul edərkən peşəkar və təcrübəli sürücü kimi zəruri sayıqlıq göstərməmiş və ehtiyat tədbirlərinə riayət etməmişdir. Halbuki o, uzun müddət ərzində beynəlxalq yükdaşımalarını həyata keçirən bir sürücü kimi yükgöndərən arasında olan münasibətlərin necə tənzimlənməli olduğunu bilmiş, lakin qeyd edildiyi kimi, cinayətkar dəstənin üzvü olduğundan, satış məqsədi ilə külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilərək digər dövlətlərə daşınması cinayətlərinin törədilməsində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri ilə qabaqcadan əlbir olması səbəbindən guya ki, idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı yükün içərisində külli miqdarda narkotik vasitəsinin olmasından məlumatının olmadığını bildirib işin faktiki hallarına və obyektiv reallığa uyğun gəlməyən, özünümüdafiə xarakterli ifadələr vermişdir. Həmçinin nəzərə alınmalıdır ki, onun daim Iran Islam Respublikasından yük qəbul etməsi, orada müxtəlif şəxslərlə əlaqələrinin olması da onu söyləməyə əsas verir ki, o, bu qədər ziddiyyətli məqamları görməmiş ola bilməzdi. Odur ki, məhkəmələr hökm (qərar) çıxararkən bir sübutun qəbul, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmadan, işin faktiki hallarına uyğun olmayan, Bəraət almış şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında yalnış nəticəyə gəlmişlər. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı E.Ə.Hüseynov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının # ### 2026-cı il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin bəraət almış şəxs Bəraət almış şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPMin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə bəraət almış şəxs Bəraət almış şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı E.Ə.Hüseynov öz müraciətində həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin Bəraət almış şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi haqda nəticəyə gələrkən sübutların tədqiq edilməsinə və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmasına yol verdiklərini və məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarının ləğv edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Belə ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə, birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırkı iş üzrə Şirvan Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı isə məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. Əvvəla, ibtidai araşdırma orqanının gəldiyi nəticəyə görə, Bəraət almış şəxs ## ###### 2024-cü il tarixədək olan müddət ərzində Iran Islam Respublikasının Astara şəhərində şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Rusiya Federasiyasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda, ümumilikdə təmiz çəkisi 31805 (otuz bir min səkkiz yüz beş) qram qurudulmuş marixuana narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayrıayrılıqda 105 ədəd folqaya sarınmış düzbucaqlı formalı bağlamada qablaşdırıb 12 ədəd “təzə alma” yükünün yığıldığı paletlərin ayaq hissəsində olan taxtanın içərisində gizlədərək saxlamış, əlavə 10 ədəd “təzə alma” yükü ilə birlikdə onun idarə etdiyi “Volvo” markalı, B***OY-159/AP7203-47 dövlət qeydiyyat nişanlı avtomobilinə yüklətmiş, bundan sonra o, qeyd edilən narkotik vasitəni Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə Iran Islam Respublikasından Rusiya Federasiyasına daşımaq üçün idarə etdiyi yük avtomobilində qanunsuz olaraq qəsdən saxlamış, Iran Islam Respublikasından Azərbaycan Respublikasına daşımış və ## ###### 2024-cü il tarixdə, saat 21 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük Idarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, ## ###### 2024-cü il tarixdə saat 16 radələrində keçirilmiş yoxlama nəticəsində qeyd olunan narkotik vasitə gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bu nəticənin əksinə olaraq birinci instansiya məhkəməsi ona təqdim olunmuş (ittiham aktında əksini tapmış) sübutların hamısını araşdıraraq, tam şəkildə tədqiq edib onlara həm istinad edərək və həm də, kassasiya protestinin dəlillərinin əksinə olaraq, bu sübutları ayrı-ayrılıqda və məcmu şəkildə qiymətləndirərək Bəraət almış şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi də Bəraət almış şəxs bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı onların qəbul etdikləri yekun məhkəmə aktlarında istinad etdikləri sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Belə ki, iş materiallarından göründüyü kimi, Bəraət almış şəxs cinayət təqibinin bütün mərhələlərində, o cümlədən birinci instansiya məhkəməsinin məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamı təkzib edərək və özünü CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilməyərək ardıcıl olaraq eyni məzmunda ifadələr vermiş, həmin ifadələrində isə göstərmişdir ki, o, Rusiya Federasiyasından Iran Islam Respublikasına və başqa ölkələrə yüklərin daşınması ilə məşğul olur, bunun üçün isə mülkiyyətində olan “Volvo” markalı B***OY159/AP720347 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsindən istifadə edir. 2024-cü ilin noyabr ayının ortalarında o, Rusiya Federasiyasından idarə etdiyi nəqliyyat vasitəsi ilə “Şirvanlı” gömrük postundan Azərbaycan Respublikası ərazisinə daxil olub tranzit keçməklə Astara Gömrük Idarəsindən keçib Iran Islam Respublikasının Astara şəhərinə getmiş, həmin səfərində nəqliyyat vasitəsi yüksüz olmuş, Iran Islam Respublikasına gəldikdə isə Rusiya Federasiyasına aparmaq üçün yük axtarmış və orada Mehdi adlı iranlı dispetçerin vasitəsilə ilə Moskva şəhərinə daşımaq üçün alma yükü tapmışdır. ## ###### 2024-cü il tarixdə o, IIR-ın Astara şəhərində “Pəyana” adlanan terminaldan təxminən 3 kilometr aralıda yolun kənarında yerləşən bir anbarda idarə etdiyi yük avtomobilinə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən LLC “xxxx” şirkətinə aparmaq üçün “80.05.28” saylı CMR və “063-N” nömrəli invoysa əsasən yeşiklərdə qablaşdırılmış alma yüklənmiş, həmin yeşiklər isə taxta paletlərin üzərinə yerləşdirilmişdir. Bu vaxt istər yeşiklərdə, istərsə də taxta paletlərdə hər hansı başqa əşyaların, o cümlədən narkotik vasitələrin gizlədildiyini müşahidə etməmiş, belə şübhənin yaranması üçün heç bir əsas da olmamışdır. Daşımalı olan alma avtomaşına yükləndikdən sonra yük yeri plomblanmış və o, Azərbaycan respublikası istiqamətində yola düşmüşdür. ## ###### 2024-cü il tarixdə saat 21 radələrində o, Iran-Azərbaycan dövlət sərhəddini keçərək Astara Gömrük Idarəsinin yük maşınları uçun nəzərdə tutulmuş yoxlama xəttinə daxil olub öz növbəsini gözləmiş, növbə ona çatdıqda isə bir nəfər gömrük əməkdaşı ona yaxınlaşaraq idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı əşyaların olub-olmamasını soruşmuş və belə əşyalar olduğu halda onları təqdim etməsini təklif etmişdir. O, idarə etdiyi nəqliyyat vasitəsində və ya üzərində belə malların olmadığını bildirdikdən sonra gömrük əməkdaşı ona idarə etdiyi avtomaşının stasionar rentgen qurğusundan keçməli olmasını demişdir. Həmin vaxt növbədə yük avtomobillərinin sayının çox olması səbəbindən onun idarə etdiyi yük nəqliyyat vasitəsi yalnız ## ###### 2024-cü il tarixdə saat 15 radələrində rentgen yoxlamasından keçirilmiş, bundan sonra isə gömrük əməkdaşları onun avtomaşınına əsaslı gömrük yoxlaması keçiriləcəyini bildirmiş, o, da buna etiraz etməmişdir. Daha sonra hal şahidlərinin iştirakları ilə avtomaşının yük yerlərinə yoxlama keçirilmiş, qoşquda olan 22 paletdə yeşiklərdə qablaşdırılaraq yerləşdirilmiş alma yükü yerə boşaldılmış və xidməti it tətbiq olunmaqla yük yoxlanıldıqda həmin it paletlərə reaksiya vermişdir. Buna görə paletlərin daha ətraflı yoxlanılmış və bu yoxlamanın nəticəsində 12 ədəd paletlərin ayaq hissələrində, yəni paletlərin üst və alt hissələrini birləşdirən, içəriləri isə boş olan taxtadan hazırlanmış hissələrində cəmi 105 ədəd dördbucaqlı formasında, folqaya bükülmüş bağlamaların yerləşdirilməsi aşkar edilmişdir. Həmin bağlamalar onun və hal şahidlərinin iştirakları ilə açıldıqda isə onların hər birisinin içərisində spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin qablaşdırılması məlum olmuş, bağlamalar tərəzidə çəkildikdə isə onların ümumi çəkisinin təxminən 32 kiloqram 994 qram olması müəyyən edilmişdir. Lakin bu bağlamaların paletlərə kim və ya kimlər tərəfindən və nə vaxt gizlədilməsi ona məlum olmamış, o, heç kimlə narkotik vasitənin əldə edilərək daşınması və gömrük sərhədindən gizli yolla keçirilməsi barədə sövdələşməmiş, bu kimi əməlləri törətmək niyyəti izləməmiş, paletlərin və narkotik vasitənin gizlədildiyi yerlərin quruluşuna görə isə həmin paletlərdə qadağan olunmuş əşyanın yerləşdirilməsindən xəbərdar ola bilməzdi. Cinayət işi üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam hərtərəfli və obyektiv araşdırılmış digər sübutların – şahidlər şahid4, şahid1, şahid2 və şahid3, hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələri ilə, eləcə də "Malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” ## ###### 2024-cü il tarixli protokolla və həmin protokola DVD diskə yazılaraq əlavə edilmiş videogörüntülərlə, məhkəmə-bioloji ekspertizasının ## ###### 2024-cü il tarixli *-**-**-*-*/**** nömrəli rəyi ilə, habelə bir sıra başqa istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və əldə olunmuş telefon məlumatları ilə yalnız Bəraət almış şəxs "Volvo” markalı ”B***OY-159/AP7203-47” dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Iran Islam Respublikasının Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərində yerləşən LLC “xxxx” şirkətinin ünvanına yükü müşaiyət edən “80.05.28” saylı CMR-ə və”063-N” nömrəli invoysa əsasən “alma” yükü apararkən Azərbaycan Respublikasının Astara Gömrük Məntəqəsindən keçib Azərbaycan Respublikasının ərazisinə daxil olması, bu zaman həmin avtomaşına rentgen qurğusundan və xidməti itdən istifadə edilməklə baxış keçirilməsi və baxış nəticəsində yük avtomobilinin qoşqusunda olan 22 paletdən 12 ədədinin ayaq hissəsində olan taxtanın içərisindən 1 paletdə 6 ədəd, digər 11 paletin hər birində 9 ədəd olmaqla, cəmi 105 ədəd dördbucaqlı formada, folqaya bükülmüş bağlamada külli miqdarda - 31805 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi, bu hərəkətlərin müvafiq prosessual sənədlərlə rəsmiləşdirilməsi, habelə göstərilənlərin video çəkiliş aparılmaqla qeydə alınması təsdiq edilir, lakin Bəraət almış şəxs həm bu vaxt verdiyi izahatının, həm də sonradan verdiyi və yuxarıda təsvir edilən ifadələrini təkzib edən sübutlar nə ibtidai araşdırma zamanı, nə də ki, işə məhkəmələrdə mahiyyəti üzrə baxılarkən əldə edilməmiş və araşdırılmamış, eyni zamanda ibtidai araşdırma orqanı tərəfindən təsvir edilən sübutların toplanılması zamanı CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsi, yəni həmin sübutların yolverilməz sübut kimi qiymətləndirilməli olmasına dəlalət edən hallar müəyyən olunmamışdır. Ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-Istintaq Baş Idarəsinin Astara Gömrük Idarəsinin əməliyyat tapşırığına verilmiş cavabında göstərilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı Bəraət almış şəxs idarə etdiyi Volvo” markalı ”B***OY-159/AP7203-47” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından tranzit keçməklə Rusiya Federasiyasının Moskva şəhərinə aparılması üçün Iran Islam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın paletlərin içərisində nə vaxt və hansı şəraitdə yerləşdirilməsi, həmin narkotik vasitənin son təyinat yerinin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Iş üzrə toplanmış sübutların məcmusundan məlum olur ki, Bəraət almış şəxs idarə etdiyi avtomaşına alma yükü Iran Islam Respublikasında yükləndikdən sonra Iran Islam Respublikasının gömrük əməkdaşı yükə baxış keçirməklə yük yığılmış qoşqu plomblanmış və yalnız bundan sonra Bəraət almış şəxs avtomobili idarə etməklə əvvəlcə Iran Islam Respublikasının gömrük məntəqəsindən keçib ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikasının Astara Gömrük Məntəqəsinə daxil olmuş, həmin məntəqədə isə ilk növbədə gömrük əməkdaşları avtomobilin yük yerinə vurulmuş plombun tamlığını yoxlayaraq onun pozulmamasını və yükə müdaxilə edilməməsini müəyyən etmişlər. Bu isə o deməkdir ki, Bəraət almış şəxs yükü plomblanmış vəziyyətdə qəbul etməsindən sonra yükə müdaxilə etmək imkanı olmamış və müdaxilə etmədən Azərbaycan Respublikasının gömrük məntəqəsinə daxil olmuş, narkotik vasitənin gizlədildiyi paletlər isə xarici görkəminə görə digər paletlərdən fərqlənməmiş və beləliklə də heç bir şübhə doğurmamışdır. Işə baxan məhkəmələr hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Bəraət almış şəxs elan olunmuş ittiham üzrə onun Iran Islam Respublikasının Astara şəhərində şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Rusiya Federasiyasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, külli miqdarda - 31805 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayrı-ayrılıqda 105 ədəd folqaya sarınmış düzbucaqlı formalı bağlamada qablaşdırıb 12 ədəd “təzə alma” yükünün yığıldığı paletlərin ayaq hissəsində olan taxtanın içərisində gizlədərək saxlaması, həmin narkotik vasitəni Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə Iran Islam Respublikasından Rusiya Federasiyasına daşımaq üçün idarə etdiyi yük avtomobilində qanunsuz olaraq qəsdən saxlaması, habelə həmin narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi heç bir sübutla təsdiq edilməmişdir. Başqa sözlə, qeyd olunan narkotik vasitənin əldə edilməsi, 12 ədəd təzə alma yükünün yığıldığı paletlərin ayaq hissəsində olan taxtanın içərisində gizlədilməsində və Azərbaycan Respublikasına daşınmasında onun təqsiri olmamışdır. Istər məhkəməyədək icraat dövründə, istərsə də məhkəmə istintaqı zamanı ittiham tərəfi, o cümlədən dövlət ittihamını müdafiə etmiş və hökmdən apellyasiya protesti, apellyasiya instansiyası məhkəməsinin qərarından isə kassasiya protesti vermiş prokurorlar qeyd olan halları təkzib edən mötəbər sübutları əldə etməyərək məhkəmələrə təqdim etməmiş və buna görə məhkəmələr tam qanuni və əsaslı olaraq Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi və bu əsasla ona bəraət verilməsi barədə düzgün nəticəyə gəlmişlər. Kassasiya protestində bu nəticə və həmin nəticəni təsdiq edən sübutlar mübahisələndirilərək məhkəmələr tərəfindən onlara CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada düzgün qiymət verilməməsi iddia olunsa da məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirmədən saxladığı birinci instansiya məhkəməsinin # ######## 2025-ci il tarixli hökmündən, eyni zamanda apellyasiya instansiyası məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarından görünür ki, bu iddiaların əksinə olaraq hər iki məhkəmə ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların hər birisini və onların məcmusunu tədqiq və təhlil edərək onları prosessual qanunvericiliyin tələb etdiyi qaydada qiymətləndirmiş və bu qiymətləndirməyə uyğun olaraq Bəraət almış şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Kassasiya kollegiyası da birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, toplanmış və araşdırılmış sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə, digər tərəfdən isə Bəraət almış şəxs qabaqcadan əlbir olmuş şəxslərlə CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrində göstərilən cinayətləri kimlərlə birlikdə törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə sonuncuya qarşı irəli sürülmüş ittihamın iş materiallarında olan sübutlarla təkzib olunmasına əsaslanmışdır. Belə ki, iş üzrə toplanmış sübutlarla təkzibedilməz qaydada sübuta yetirilir ki, Bəraət almış şəxs alma qablaşdırılmış yeşiklərin yerləşdirildikləri paletlərin bir hissəsinin daxilinə narkotik vasitəni gizlətmiş şəxsləri, alma yükünün sahibini və yükü Rusiya Federasiyasında qəbul etməli olan şəxsləri tanımamış, onlarla heç bir əlaqəsi olmamış, qeyd olunan narkotik vasitənin gizlədilməsində iştirak etməmiş, belə halın baş verməsini müəyyən etmək imkanında olmamış, bu hərəkətləri, paletlərin idarə etdiyi avtomaşına yüklənməsini, sənədləşmənin aparılmasını isə Iran Islam Respublikasının vətəndaşı olan, lakin şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsin müvafiq olaraq rəhbərliyi və özü tərəfindən həyata keçirilmişdir. Bundan başqa, iş üzrə yuxarıda göstərilən sübutlarla müəyyən edilir ki, Bəraət almış şəxs alma yükünü daşımaya qəbul etməsi də əvvəlcədən planlaşdırılmamış, bu hal təsadüfü xarakter daşımış, narkotik vasitənin gizlədilməsi üsuluna görə o, bunu fiziki cəhətdən aşkar etmək imkanına malik olmamışdır. Belə nəticəyə gəlmək üçün o hal da əsas verir ki, həmin narkotik vasitə gömrük əməkdaşları tərəfindən məhz xüsusi avadanlıqdan və xidməti itdən istifadə edilməklə aşkar edilib götürülmüşdür. Məhkəmə kollegiyası həmçinin Bəraət almış şəxs istifadəsində olan yük avtomobilinin yük yerinə yüklənmiş 105 ədəd folqaya sarınmış düzbucaqlı formalı bağlamada qablaşdırıb 12 ədəd “təzə alma” yükünün yığıldığı paletlərin ayaq hissəsində olan taxtaların içərisindən xüsusi vasitələrdən istifadə edilməklə aşkar edilmiş 31805 qram olan narkotik vasitə – marixuananın orada olmasını sürücü kimi qabaqcadan bilmək vəzifəsinin olub-olmamasına dair kassasiya protestinin dəlilinə münasibət bildirərək vurğulamağı lazım bilir ki, həmin protestdə də istinad olunan və Azərbaycan Respublikasının ## ###### 2000-ci il tarixli Qanunla qoşulduğu “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” 1956-cı il ## ### tarixli Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsinə görə, beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Adı çəkilən Konvensiyanın 11-ci maddəsində yükgöndərən yükü göndərməzdən əvvəl lazımi sənədləri fakturaya əlavə etmək və ya daşıyıcının ixtiyarına vermək, gömrük və digər rəsmiyyətlərin icrası üçün tələb edilən bütün məlumatları təqdim etmək vəzifəsi təsbit edilmişdir. Göstərilən maddənin 2-ci hissəsinə əsasən isə bu sənədlərin düzgünlüyünün və bütövlüyünün yoxlanılması daşıyıcının vəzifələrinə aid deyil. Beynəlxalq müqavilənin qeyd olunan tələblərindən göründüyü kimi, beynəlxalq yükü qəbul edən sürücünün vəzifəsi yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamaqla məhdudlaşır. Həmin qanunda sürücünün zavod üsulu ilə qablaşdırılmış yükü açmaq və onu yoxlamaq kimi səlahiyyətləri müəyyən edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2009-cu il tarixli Qərarı ilə təsdiq edlilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 35.1-ci maddəsinə əsasən (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir. Həmin Qaydaların 38.3-cü maddəsinə əsasən daşıyıcı yükü qəbul edərkən CMRdə (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi) olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. X18 və Qaydalara əsasən hazırkı iş üzrə sürücü Bəraət almış şəxs daşıdığı yükün daxilini yoxlamaq səlahiyyəti, eləcə də yükü müşaiyət edən sənədlərin düzgünlüyünü və bütövlüyünü yoxlamaq vəzifəsi olmamış və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla uzlaşmır, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsini təsdiq edən obyektiv sübutlar olmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayətləri törətməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, hazırkı iş üzrə ona qarşı irəli sürülmüş ittihama əsasən bəraət almış şəxs Bəraət almış şəxs cinayətkar qrupun üzvü kimi rolunun nədən ibarət olması, yəni həmin narkotik vasitəni nə vaxt, harada, hansı şəraitdə əldə etməsi, eləcə də onun digər şəxslərlə qabaqcadan hər hansı bir razılaşmasının olmasını təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq ona CPM-in 42.1.4-cü maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi haqda hökmün çıxarılmasını mümkün bilmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu hökmün dəyişdirilmədən saxlanılması haqqında qanuni və əsaslandırılmış qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi bu yekun məhkəmə aktı və onun həmin akt üzrə gəldiyi nəticə bütün yuxarıda təsvir edilənlərlə yanaşı, həm də aşağıda göstərilən tələblərə də tam uyğundur. Belə ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2 və 21.3-cü maddələrinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: CPM-in 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Işin müəyyən edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin qərarlarında əksini tapmış hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə ki, CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərə dair qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə # #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ## ###### 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo Ispaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” # #### 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkəmə kollegiyası şərh olunanlardan çıxış edərək bir daha hesab edir ki, Bəraət almış şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də onun xeyrinə təfsir olunmalı, bu haqda apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə isə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası bütün qeyd olunanları bir daha təhlil edərək belə qənaətə gəlir ki, məhkəmələrin gəldiyi nəticələr, yəni Bəraət almış şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi heç bir şübhə doğurmadığından və məhkəmənin müəyyən etdiyi faktiki halların məcmusu ilə təkzib edilmədiyindən, kassasiya protestinin bu məsələlərə dair dəlilləri əsassızdır və buna görə də həmin protestin təmin edilməsi mümkünsüzdür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin öz nəticəsini təsdiq edən bütün sübutları tədqiq etdiyini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-in 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəkildə isə CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermədiyini qeyd edərək Bəraət almış şəxs təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.Imranovun, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs Bəraət almış şəxs müdafiəçisi E.M.Qədiminin çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-56/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-56/2026
05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver