Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-57/2026 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun, bəraət almış şəxs X28 və onun müdafiəçisi Məmmədzadə Elçin Xəlil oğlunun və tərcüməçi X3 iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ######## 2025-ci il tarixli hökmü ilə X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 206.3.2 və 234.4-1-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov Ilqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ######## 2025-ci il tarixli hökmü ilə (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə) X27, ## ###### 1980-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasının Levaşinskiy rayonun anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləməklə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Azərbaycan Respublikasında məhkum olunmamış, Rusiya Federasiyası, Dağıstan Respublikası, Levaşinskiy rayonunun Ebdalaye kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilmişdir. Həmçinin hökmlə CPM-in 350.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Işin halları: Ibtidai araşdırma orqanı tərəfindən X27rşı ittiham irəli sürülmüşdür ona görə ki, o, ## ######## 2024-cü il tarixədək olan dövr ərzində Iran islam Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri xüsusilə külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Iran islam Respublikasından Rusiya Federasiyasına aparma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun Iran Islam Respublikasında olan üzvləri istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda, 76135 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə falqaya büküb 80 bağlamada hərəsində 1 ədəd olmaqla 80 ədəd üzüm səbətinin içərisində yerləşdirərək üzərlərini üzüm salxımları ilə örtməklə 4 palet üzüm yükünün içərisində gizlətmiş və digər 26 palet gavalı və üzüm yükü ilə birlikdə ## ######## 2024-cü il tarixdə Iran islam Respublikasının Astara şəhərində idarə etdiyi "Volvo” markalı ”E61 IKT5ə/AM28ə4-05” dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusuna yüklətmiş, o, isə öz növbəsində qeyd edilən xüsusilə külli miqdarda, 76135 qram qurudulmuş marixuana narkotik vasitəsini tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə etmiş, Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə Iran Islam Respublikasından Rusiya Federasiyasına aparmaq üçün idarə etdiyi nəqliyyat vasitəsində üzüm yükü adı ilə qanunsuz saxlamış, Iran islam Respublikasından Azərbaycan Respublikasına daşımış və ## ######## 2024-cü il tarixdə saat 19 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük Idarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, idarə etdiyi "Volvo" markalı ”E61 IKT- 5ə/AM28ə405” dövlət qeydiyyat nişanlı yük avtomobilinə ## ######## 2024-cü il tarixdə saat 13:00-dan 20:30-dak olan müddət ərzində keçirilmiş gömrük yoxlaması zamanı həmin qurudulmuş marixuana narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla X27un ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi təsdiq edilmədiyindən onun barəsində yuxarıda göstərilən # ######## 2025-ci il tarixli bəraət hökmü çıxarılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ######## 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı Şabanov Valeh Ixtiyar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Əli Abdulla (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə) # ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı İ.H.A.Əsədov kassasiya protesti verərək həmin qərarın ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Yalnız ehtimallar üzərində qurulmuş kassasiya protestində beynəlxalq yük daşımalarını tənzimləyən milli və beynəlxalq qanunvericiliyə və normativ aktlara, xüsusən də Azərbaycan Respublikasının ## ###### 2000-ci il tarixli, ***-IQ nömrəli Qanunu ilə ratifikasiya etdiyi “X29 haqqında” ## ### 1956-cı il tarixli Cenevrə Konvensiyasına, sübut etməyə dair CPM-in normalarına, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və onları qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılığına görə məsuliyyət nəzərdə tutulmuş CM-in müvafiq maddələrinə, ibtidai araşdırma orqanı tərəfindən X27 qarşı irəli sürülmüş ittihama, ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, o cümlədən X27 və şahidlərin ifadələrinə və telefon danışıqlarının aparılması haqqında məlumatlara, iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına, həmin aktlar üzrə məhkəmələrin gəldikləri nəticələrə istinad edən və öz mövqeyinə uyğun işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı İ.H.A.Əsədov həmin protestini onunla əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi hazırkı cinayət işinə baxarkən CPM-in 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-in 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, birinci instansiya məhkəməsi tərəfindən X27a bəraət verilərkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən yolverilmiz sübut kimi qiymətləndirilməli olan onun özünün müdafiə xarakterli ifadələrinə əsaslanmış, baxmayaraq ki, bəraət almış şəxsin ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi araşdırılmış digər sübutlarla tam təsdiq edilmişdir. Belə nəticəyə gəlmək üçün əsas isə ondan ibarətdir ki, X27 Iran Islam Respublikasının ərazisində meyvələr qablaşdırılmış yeşikləri qəbul edərkən və sonradan iki gün ərzində həmin yük onun nəzarətində olmuş və o, xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın üzüm qablaşdırılmış bir çox yeşiklərdə folqa kağızına bükülərək gizlədilməsi barədə məlumatlı olmuşdur. Toplanmış və araşdırılmış sübutlarla yükün idarə etdiyi avtomaşına yerləşdirilməsində iştirak edən X27 üzüm yeşiklərinin içərisində plastik yeşiklərin yan tərəfindən açıq-aşkar müşahidə olunan kənar predmetə reaksiya verməyərək bu işin görülməsini etməsi təsdiq olunur və bu hal ona dəlalət edir ki, o, digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək həmin narkotik vasitəni gizlətməklə, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmişdir. Dövlət ittihamçısı İ.H.A.Əsədovun mövqeyinə görə, belə olan halda X27 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqda məhkəmələrin gəldikləri nəticə tam əsassız olmuş və buna görə apellyasiya instansiyası məhkəməsinin # ###### 2025-ci il tarixli qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı İ.H.A.Əsədov kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutların məcmu halında qiymətləndirilməməsini, sübutların CPM-in 143-416-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsini və bunu nəticəsi olaraq X27 CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə əsassız olaraq bəraət verilməsini iddia edərək həmin məhkəmə tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında kassasiya tələbini CPM-in 416.1.2-ci maddəsində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.2-ci maddəsinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Belə ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə, birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırkı iş üzrə Şirvan Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı isə məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı onların qəbul etdikləri yekun məhkəmə aktlarında istinad etdikləri sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Əvvəla, ibtidai araşdırma orqanının gəldiyi nəticəyə görə, X27 ## ######## 2024-cü il tarixədək olan dövr ərzində Iran Islam Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri xüsusilə külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Iran Islam Respublikasından Rusiya Federasiyasına aparma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun Iran Islam Respublikasında olan üzvləri istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda, 76135 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə falqaya büküb 80 bağlamada hərəsində 1 ədəd olmaqla 80 ədəd üzüm səbətinin içərisində yerləşdirərək üzərlərini üzüm salxımları ilə örtməklə 4 palet üzüm yükünün içərisində gizlətmiş və digər 26 palet gavalı və üzüm yükü ilə birlikdə ## ######## 2024-cü il tarixdə Iran islam Respublikasının Astara şəhərində idarə etdiyi "Volvo” markalı ”E61 IKT5ə/AM28ə4-05” dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusuna yüklətmiş, o, isə öz növbəsində qeyd edilən xüsusilə külli miqdarda, 76135 qram qurudulmuş marixuana narkotik vasitəsini tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə etmiş, Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə Iran Islam Respublikasından Rusiya Federasiyasına aparmaq üçün idarə etdiyi nəqliyyat vasitəsində üzüm yükü adı ilə qanunsuz saxlamış, Iran islam Respublikasından Azərbaycan Respublikasına daşımış və ## ######## 2024-cü il tarixdə saat 19 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük Idarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, idarə etdiyi "Volvo" markalı ”E61 IKT-5ə/AM28ə405” dövlət qeydiyyat nişanlı yük avtomobilinə ## ######## 2024-cü il tarixdə saat 13:00-dan 20:30-dak olan müddət ərzində keçirilmiş gömrük yoxlaması zamanı həmin qurudulmuş marixuana narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Ibtidai araşdırma zamanı Azərbaycan Respublika Dövlət Gömrük Komitəsinin Əməliyyat-Istintaq Baş Idarəsinin əməliyyat idarəsinə verilmiş əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı X27 idarə etdiyi "Volvo” markalı, ”E61 IKT-53/AM2834-05 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Iran Islam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin kim tərəfindən, nə vaxt və hansı şəraitdə əldə edilməsini, Iran Islam Respublikasında istifadəsində +98 905 xxx xxxx nömrəsi olan Məcid adlı şəxsin, həmçinin gavalı və üzüm yükünü qəbul etməli olan +7 925 xx-xx-xx mobil telefon nömrəsinin istifadəçisinin və həmin narkotik vasitəni Rusiya Federasiyasında qəbul edəcək şəxs və ya şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi, həmin şəxslərlə X27 qarşılıqlı əlaqələrinin, cinayətlərin törədilməsində başqa şəxslərin və ya şirkətlərin iştiraklarının müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən X27 qarşı ## ######## 2024-cü il tarixədək olan dövrdə Iran Islam Respublikasında olarkən digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri xüsusilə külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib, Iran Islam Respublikasından Rusiya Federasiyasına aparmaq barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə cinayətkar qrupun Iran Islam Respublikasındakı üzvləri tərəfindən qanunsuz olaraq satış məqsədilə əldə edilmiş, 76135 kiloqram qurudulmuş marixuananı əldə edərək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə falqalara büküb 80 bağlamada, hərəsində bir ədəd olmaqla 80 ədəd üzüm olan plastmass yeşiklərin içərisində yerləşdirərək üzərlərini üzüm salxımları ilə örtməklə 4 palet üzüm yükünün içərisində gizlədərək digər 26 ədəd palet gavalı və üzüm yükü ilə birlikdə ## ######## 2024-cü ildə Iran Islam Respublikasının Astara şəhərində idarə etdiyi yük avtomobilinin qoşqusuna yüklədərək əldə etməyə, saxlamağa, Iran Islam Respublikasından Azərbaycan Respublikasına daşımağa və ## ######## 2024-cü il tarixdə saat 19 radələrində Astara Gömrük Idarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə görə ittiham irəli sürülsə də, onun Iran Islam Respublikasının ərazisində narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, 80 ədəd bağlamalarda üzüm yeşiklərində yerləşdirməklə gizlətməsi, habelə üzüm və gavalı yükünü sahibi və ya Rusiya Federasiyasında qəbul etməli olan şəxslərlə hər hansı əlaqəsinin olması, onlarla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Belə ki, iş üzrə toplanmış sübutlarla, o cümlədən X27 məxsus mobil telefonda aşkar olunmuş məlumatlarla təkzibedilməz qaydada sübuta yetirilir ki, o, üzüm və gavalı yükünü qablaşdırmış, qablaşdırmadan əvvəl üzüm yeşiklərinin bir hissəsinin daxilinə narkotik vasitəni gizlətmiş şəxsləri, üzüm və gavalı yükünün sahibini və yükü Rusiya Federasiyasında qəbul etməli olan şəxsləri tanımamış, onlarla heç bir əlaqəsi olmamış, qeyd olunan narkotik vasitənin gizlədilməsində iştirak etməmiş, belə halın baş verməsini müəyyən etmək imkanında olmamış, bu hərəkətləri, yəni üzüm və gavalı olan yeşiklərin X27 idarə etdiyi avtomaşına yüklənməsi, sənədləşmənin aparılması Iran Islam Respublikasının vətəndaşı olan, lakin şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsin müvafiq olaraq rəhbərliyi və özü tərəfindən həyata keçirilmişdir. Bundan başqa, iş üzrə yuxarıda göstərilən sübutlarla müəyyən edilir ki, X27 həmin üzüm və gavalı yükünü daşımaya qəbul etməsi də əvvəlcədən planlaşdırılmamış, bu hal təsadüfü xarakter daşımış, üzüm və gavalı qablaşdırılmış yeşiklər avtomaşına digər avtomaşından fəhlələr tərəfindən yüklənərkən isə, həmin avtomaşınlar arxaları üzrə dayandığından fiziki cəhətdən yeşiklərin hər hansısının içərisinə narkotik vasitənin gizlədilməsini görmək imkanına malik olmamışdır. Eyni zamanda, iş materiallarında olan video çəkilişdən, X27 özünün və gömrük əməkdaşlarının ifadələrindən məlum olur ki, bəraət almış şəxsin idarə etdiyi avtomaşına üzüm və gavalı yükü ## ######## 2024-cü il tarixdə Iran Islam Respublikasında yükləndikdən sonra Iran Islam Respublikasının gömrük əməkdaşı yükə baxış keçirməklə avtomaşının arxa qapısını plomblamış, belə vəziyyətdə də X27 avtomobili idarə etməklə əvvəlcə Iran Islam Respublikası gömrük məntəqəsindən keçmiş, ## ######## 2024-cü il tarixdə isə plombun bütövlüyü pozulmadan Azərbaycan Respublikasının Astara Gömrük Idarəsinin yoxlama xəttinə daxil olmuş, gömrük yoxlama xəttində gömrük əməkdaşları avtomobilin yük yerinə vurulmuş plombun tamlığını yoxlamış və onlar da plombun tamlığının pozulmamasını, yükə müdaxilə edilməməsini müəyyən etmişlər. Bundan sonra isə avtomobilin yük qoşqusuna Astara Gömrük Məntəqəsində Azərbaycan Respublikasının gömrük orqanına aid ikinci plomb vurulmuş və həmin avtomaşının hərəkətini marşrut üzrə davam etdirməsi üçün bu nəqliyyat vasitəsinə GPS quraşdırılmış, lakin avtomobil rentgen yoxlamasından keçərkən yükdə şübhəli cizgilər, yəni, sonradan müəyyən edildiyi kimi, narkotik vasitələr aşkar olunduğundan hərəkətini davam etdirə bilməmiş və qoşquya yüklənmiş 30 ədəd paletlərin üzərindəki üzüm və gavalı olan yeşiklər yerə boşaldılmaqla yoxlanılarkən yalnız 4 paletdə olan üzüm yeşiklərinin içərisində narkotik vasitə aşkar olunmuş, həmin paletlər isə xarici görünüşünə görə biri digərindən fərqlənməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hallar da X27 yükü plomblanmış vəziyyətdə qəbul etdikdən sonra yükə müdaxilə etmək, digər tərəfdən isə onun 80 yeşikdə narkotik vasitənin yuxarıda göstərilən şəkildə gizlədilməsindən məlumatı olmamışdır. Kassasiya protestində bu hallar və həmin halları təsdiq edən sübutlar mübahisiləndirilərək məhkəmələr tərəfindən onlara CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada düzgün qiymət verilməməsi iddia olunsa da məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirmədən saxladığı birinci instansiya məhkəməsinin # ######## 2025-ci il tarixli hökmündən, eyni zamanda apellyasiya instansiyası məhkəməsinin # ###### 2025-ci il tarixli qərarından görünür ki, bu iddiaların əksinə olaraq hər iki məhkəmə ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların hər birisini və onların məcmusunun tədqiq və təhlil edərək onları prosessual qanunvericiliyin tələb etdiyi qaydada qiymətləndirmiş və bu qiymətləndirməyə uyğun olaraq X27un ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Kassasiya kollegiyası da birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, toplanmış və araşdırılmış sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə, digər tərəfdən isə X27 qabaqcadan əlbir olmuş şəxslərlə CM-in 206.3.2 və 234.4-1-ci maddələrində göstərilən cinayətləri kimlərlə birlikdə törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə sonuncuya qarşı irəli sürülmüş ittihamın iş materiallarında olan sübutlarla təkzib olunmasına əsaslanmışdır. Hazırkı iş üzrə ibtidai araşdırma orqanı X27 qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsinin əsas sübutu Astara Gömrük Məntəqəsində gömrük nəzərəti ilə bağlı aparılan yoxlama zamanı sonuncunun idarə etdiyi yük avtomaşının qoşqusuna yerləşdirilmiş üzüm olan plastmass yeşiklərin içərisində gizlədilmiş xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi faktına istinad etsə də, aşkar edilmiş həmin narkotik vasitənin şəxsiyyətləri məlum olmayan cinayətkar qrupun üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib saxlanılmasında və daşınmasında, yəni qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərinin törədilməsində X27 da iştirakını təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar istər həmin orqan, istərsə də işə məhkəmələrdə baxılarkən dövlət ittihamını müdafiə etmiş prokurorlar, o cümlədən kassasiya protestinin müəllifi tərəfindən məhkəmələrə təqdim olunmamışdır. Məhkəmə kollegiyası həmçinin X27 istifadəsində olan yük avtomobilinin qoşqusuna yüklənmiş yeşiklərdə olan 76135 qram çəkidə narkotik vasitə -qurudulmuş marixuananın gizlədilməsi barədə sürücü kimi qabaqcadan bilmək vəzifəsinin olubolmaması ilə bağlı kassasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin protestdə də istinad olunan və Azərbaycan Respublikasının ## ###### 2000-ci il tarixli Qanunla qoşulduğu “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” 1956-cı il ## ### tarixli Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsinə görə, beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Adı çəkilən Konvensiyanın 11-ci maddəsində yükgöndərən yükü göndərməzdən əvvəl lazımi sənədləri fakturaya əlavə etmək və ya daşıyıcının ixtiyarına vermək, gömrük və digər rəsmiyyətlərin icrası üçün tələb edilən bütün məlumatları təqdim etmək vəzifəsi təsbit edilmişdir. Həmin maddənin 2-ci hissəsinə əsasən bu sənədlərin düzgünlüyünün və bütövlüyünün yoxlanılması daşıyıcının vəzifələrinə aid deyil. Beynəlxalq müqavilənin qeyd olunan tələblərindən göründüyü kimi, beynəlxalq yükü qəbul edən sürücünün vəzifəsi yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamaqla məhdudlaşır. Həmin müqavilədə sürücünün zavod üsulu ilə qablaşdırılmış yükü açmaq və onu yoxlamaq kimi səlahiyyətləri müəyyən edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2009-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 35.1-ci maddəsinə əsasən (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir. Həmin Qaydaların 38.3-cü maddəsinə əsasən daşıyıcı yükü qəbul edərkən CMRdə (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi) olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. Yuxarıda göstərilən Konvensiyaya və Qaydalara əsasən hazırkı iş üzrə sürücüekspeditor X27 daşıdığı yükün daxilini yoxlamaq səlahiyyəti, eləcə də yükü müşaiyət edən sənədlərin düzgünlüyünü və bütövlüyünü yoxlamaq vəzifəsi olmamış və bu baxımdan onun qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla uzlaşmır, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsini təsdiq edən obyektiv sübutlar olmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayətləri törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni X27 CM-in 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, onun istintaq orqanı tərəfindən elan olunmuş ittihamda göstərilən cinayətləri törətməsi yalnız mülahizə (ehtimal) xarakteri daşımaqla məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, hazırkı iş üzrə ona qarşı irəli sürülmüş ittihama əsasən bəraət almış şəxs X27 cinayətkar qrupun üzvü kimi rolunun nədən ibarət olması, yəni həmin narkotik vasitəni nə vaxt, harada, hansı şəraitdə əldə etməsi, eləcə də onun digər şəxslərlə qabaqcadan hər hansı bir razılaşmasının olmasını təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq ona CPM-in 42.1.4-cü maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 206.3.2 və 234.4- 1-ci maddələri ilə bəraət verilməsi haqda hökmün çıxarılmasını mümkün bilmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu hökmün dəyişdirilmədən saxlanılması haqqında qanuni və əsaslandırılmış qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi bu yekun məhkəmə aktı və onun həmin akt üzrə gəldiyi nəticə bütün yuxarıda təsvir edilənlərlə yanaşı, həm də aşağıda göstərilən tələblərə də tam uyğundur. Belə ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2 və 21.3-cü maddələrinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: CPM-in 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Işin müəyyən edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin qərarlarında əksini tapmış hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə ki, CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərə dair qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə # #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ## ###### 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo Ispaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” # #### 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkəmə kollegiyası şərh olunanlardan çıxış edərək bir daha hesab edir ki, X27 CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də onun xeyrinə təfsir olunmalı, bu haqda apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə isə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası bütün qeyd olunanları bir daha təhlil edərək belə qənaətə gəlir ki, məhkəmələrin gəldiyi nəticələr, yəni X27 ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi heç bir şübhə doğurmadığından və məhkəmənin müəyyən etdiyi faktiki halların məcmusu ilə təkzib edilmədiyindən, kassasiya protestinin bu məsələlərə dair dəlilləri əsassızdır və buna görə də həmin protestin təmin edilməsi mümkünsüzdür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin öz nəticəsini təsdiq edən bütün sübutları tədqiq etdiyini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-in 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəkildə isə CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermədiyini qeyd edərək X27 təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı İ.H.A.Əsədovun kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.Imranovun, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs X27 və onun müdafiəçisi E.X.Məmmədzadənin çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X27 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı İ.H.A.Əsədovun kassasiya protesti təmin edilməsin. X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-57/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-57/2026
05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver