Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-60/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-352/2025 nömrəli, 26 noyabr 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları
1. Məhkum Məhkum ## #### 2006-cı il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, x qeydiyyatda olmaqla yaşayır.
2. 14 mart 2025-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. 09 aprel 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, Məhkum Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməməsinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli, 274-IVQ nömrəli Qanununun 19, 20 və 21-ci maddələrində nəzərdə tutulmuş müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnun olmamasına və çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçirilərək həqiqi hərbi xidmətə yararlı hesab edilməsinə baxmayaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həmin Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməli olduğu halda bunlara əməl etməyərək və “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyul ayının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 may 2024-cü il tarixli Sərəncamının tələblərinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – “SHXÇDX”) Yevlax rayon şöbəsi tərəfindən 01 iyul 2024-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmasına dair 04 iyun 2024-cü il tarixli çağırış vərəqəsini qəbul etməkdən imtina edərək 2024-cü il iyul ayının 1-dən hazırki tarixədək olan müddətdə qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan qəsdən boyun qaçırmışdır.
5. Yevlax Rayon Məhkəməsinin 1(039)-55/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə tutulduğu 01 (bir) gün müddətin təyin edilmiş cəzadan çıxılmaqla üzərində 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 30 iyul 2025-ci il tarixdən hesablanması hökm edilmişdir.
6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-352/2025 nömrəli, 26 noyabr 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 1(039)-55/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, həmin hökmlə Məhkum Аzərbаycаn Respublikаsı CM-nin 321.1-ci mаddəsilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsı həmin Məcəllənin 70-ci maddəsinə əsasən barəsində 06 (altı) ay sınaq müddəti tətbiq edilməklə şərti hesab edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir.
II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Müdafiəçi kassasiya şikayətində apellyasiya şikayətinin dəlillərini təkrarlayaraq, məhkumun hərbi xidmətdən imtinasının qanuni əsaslarının olduğunu, həm SHXÇDX-də, həm də Prokurorluqda Müqəddəs Kitab təlimlərinə uyğun yaşamağa çalışdığını və bu səbəbdən vicdanının hərbi xidmət keçməyə yol vermədiyini var gücü ilə davamlı şəkildə izah etdiyini, əqidəsinə görə hərbi xidmətdən imtinasının səmimiliyini təsdiq edən sübutların inandırıcı olmasını və əsaslı şübhəyə yer verməməsini, alternativ mülki xidmət keçməyə hazır olduğunu, eləcə də məhkəmələrin cinayət tərkibi əlaməti olmadan və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqlarını qeyd edib, göstərilənlər nəzərə alınaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-352/2025 nömrəli, 26 noyabr 2025-ci il tarixli qərarının ləğv olunması və Məhkum bəraət verilməsi xahiş edilmişdir.
10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır.
III. Hüquqi məsələlər 11.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 12.Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 14.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçi kassasiya şikayətində məhkum Məhkum əməlində cinayət tərkibinin olmadığını, cinayət təqibini istisna edən hallar olsa da, barəsində ittiham hökmünün çıxarıldığını iddia edib xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. 16.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-352/2025 nömrəli, 26 noyabr 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 19.Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını,
20. cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. ( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).
21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası, məhkum Məhkum əməlində cinayət tərkibinin olmadığını dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. 22.Belə ki, kassasiya şikayətinin bu hissəsində qaldırılan məsələ daha əvvəl müdafiəçinin eyni əsaslarla birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlilləri olaraq apellyasiya instansiyası məhkəməsi qarşısında irəli sürülmüş və bu dəlillərlə bağlı müvafiq araşdırma aparılmışdır. Hazırda mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutlar yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla bir daha ayrı-ayrılıqda və məcmu halında nəzərdən keçirilib yoxlanılmış, nəticə olaraq məhkəmə hesab etmişdir ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri: - şahidlərin cinayət təqibinin bütün mərhələlərində verdikləri ifadələri; - çağırışçının uçot kartoçkası; - SHXÇDX-nin Yevlax rayon şöbəsinin 04 iyun 2024-cü il tarixli aktı; - SHXÇDX-nin Yevlax rayon şöbəsi tərəfindən Məhkum verilmiş 04 iyun 2024-cü il tarixli çağırış vərəqəsi; - SHXÇDX-nin Yevlax rayon şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 02 iyul 2024-cü il tarixli akt; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş K/321 saylı, 01 noyabr 2024-cü il tarixli rəy; - “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli, PHŞ-472/5 saylı arayış; - xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş 31 yanvar 2025-ci il tarixli, 18-1-82/2- 107/2025 saylı məktub; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 06 fevral 2025-ci il tarixli, 199 saylı məktub; - Azərbaycan Respublikası Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli, 3-32/2-262/2025 saylı məktub; - digər istintaq və məhkəmə hərəkəti protokolları; - cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir. 23.Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, düzgün olaraq hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham olunduğu maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
24. Kasasiya şikayətinin digər dəlilinə – məhkum Məhkum əqidəsinin (dini inancının) onun barəsində cinayət təqibinin aparılmasını istisna etdiyinə dair iddiaya münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsinə əsasən hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
25. Konstitusiyanın 76-cı maddəsinin İ hissəsində müəyyən edilir ki, vətəni müdafiə hər bir vətəndaşın borcudur, qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər, II hissəsində isə vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. 26.“Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında” Əsasnamənin 1-ci maddəsində göstərilir ki, alternativ xidmət (əmək mükəlləfiyyəti) dövlət xidməti olub Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan dövləti qarşısında vəzifələrini icra etməsi məqsədini güdür.
27. Həmin Əsasnamənin 2-ci maddəsində müəyyən edilir ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq öz əqidəsinə görə hərbi xidmət keçə bilməyən Azərbaycan Respublikasının kişi cinsindən olan 18 yaşından 25 yaşınadək vətəndaşları alternativ xidmət (əmək mükəlləfiyyəti) keçirlər. Bu əsasnamədə Azərbaycan Respublikası vətəndaşının hərbi xidmət keçməyə imkan verməyən əqidəsi dedikdə ruhani vəzifə tutan din xadimlərinin və dini tədris məktəbləri şagirdlərinin etiqad etdikləri dini əqidə başa düşülür. 28.“Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli Qanunun 12.4-cü maddəsind təsbit edilir ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri) gəlməlidirlər. 29.Hərbi xidmətdən yayınmaya aid cinayət işlərinin baxılması üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarında göstərilmişdir ki, hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma (Azərbaycan Respublikası CM-nin 321-ci maddəsi) haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin tərkibi o zaman yaranır ki, həmin cinayətlərin subyektləri müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatı internet və ya qısa mesaj (SMS) vasitəsilə almalarına və yaxud başqa üsullarla əvvəlcədən Azərbaycan Respublikasının SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq üzrlü səbəblər olmadan göstərilmiş müddətdə Azərbaycan Respublikasının SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ““Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarı, № 8, § 2, 20 fevral 2023-cü il).
30. “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 may 2024-cü il tarixli Sərəncamının 1-ci bəndindən görünür ki, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılmışlar. 31.Istinad edilənlərin cinayət işi üzrə toplanmış sübutlarla müqayisəli təhlili kassasiya şikayətinin bu hissədə də əsassız olduğunu təsdiqləyir. 32.Belə ki, yuxarıda qeyd olunan “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında” Əsasnamənin müddəalarından aydın olur ki, öz əqidəsinə görə hərbi xidmət keçə bilməyən, Azərbaycan Respublikasının kişi cinsindən olan 18 yaşından 25 yaşadək vətəndaşları alternativ xidmət (əmək mükəlləfiyyəti) keçirlər. Vətəndaşın hərbi xidmət keçməsinə imkan verməyən əqidə dedikdə, ruhani vəzifə tutan din xadimlərinin, habelə dini tədris müəssisələrinin şagirdlərinin etiqad etdikləri dini əqidə başa düşülür. 33.Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 3-32/2-262/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli məktubdan isə müəyyən edilir ki, Yevlax rayonu, Ərəbbəsrə kəndində qeydiyyatda olan ## #### 2006-cı il təvəllüdlü Məhkum din xadimi deyildir.
34. Habelə iş materiallarından görünür ki, Məhkum çağırış vərəqəsinə əsasən 01 iyul 2024-cü il tarixdə hərbi xidmətə getmək üçün SHXÇDX-nin Yevlax rayon şöbəsinə gəlməmiş, bununla bağlı 02 iyul 2024-cü il tarixdə həmin xidmətin əməkdaşları tərəfindən akt tərtib edilmiş, Məhkum ona təqdim edilən cağırış vərəqəsini götürməkdən imtina etmişdir.
35. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum SHXÇDX-nin Yevlax rayon şöbəsinə gəlməmiş və çağırış vərəqəsini götürməmiş, bunu mülahizələrə əsaslanaraq həmin hərəkətlərin dini etiqadına zidd olması ilə əsaslandırmışdır. Eyni zamanda o, din xadimi kimi hər hansı müvafiq orqanda qeydiyyatda olmamış, yalnız ümumi ifadələrlə dini etiqadının olduğunu bildirmiş və bununla bağlı nə ibtidai istintaq dövründə, nə də məhkəmə araşdırması zamanı hər hansı tutarlı dəlil təqdim etməmişdir.
36. Qeyd olunanlar Məhkum hərbi xidmət keçməkdən boyun qaçırması kimi qiymətləndirilir və bu hallar Azərbaycan Respublikası CM-nin 321-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmaqla yanaşı, kassasiya şikayətinin onun əqidəsinin barəsində cinayət təqibini istisna etməsinə dair müvafiq hissəsində irəli sürülmüş dəlilləri də təkzib edir. 37.Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək belə qənaətə gəlir ki, mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarı cinayət işinin hallarının obyektiv araşdırılmasına və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə uyğun qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər irəli sürülmədiyindən, məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmasına dair nəticə qanuni və əsaslı kimi qəbul edilməlidir. 38.Belə qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, hər iki instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun və ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin səmərəli qaydada təşkil edilməsi və öz mənafeyini ifadə edən cinayət işinin hallarının təfsirinin təqdim olunması üçün bütün zəruri imkanlar yaradılmış, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir. 39.Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
40. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-352/2025 nömrəli, 26 noyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-352/2025 nömrəli, 26 noyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.