Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-638/2026 14.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev Ilkin Qismət oğlunun sədrliyi, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hacıyeva Nuran Fəzli qızı və dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə (hakimlər: F.A.Məmmədov, A.B.Sadıqov və M.N.Kərimovadan ibarət tərkibdə) ## ###### 1988-ci ildə Ağdam rayonu Çəmənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Ağdam rayonu Çəmənli kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 8də yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 2 (iki) gün tutulduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) günü Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 8 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmış və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilmiş və hökmlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ######## 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli hökmü ilə (hakimlər: İ.A.Ibrahimli (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.Ibrahimovdan ibarət tərkibdə) məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət Prosessual Məcəlləsi) 42.1.4-cü maddəsinə əsasən Cinayət Məcələsinin 234.1- 1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə irəli sürülmüş və birinci instansiya məhkəməsinin hökmü ilə təsdiq edilmiş ittihama əsasən, o, ## ######## 2023-cü il tarixdə naməlum saat və şəraitdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,889 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 18:30 radələrində Binəqədi RPI-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus * saylı ünvanda yerləşən evin yaxınlığında saxlanılaraq ünvan * saylı ünvanda yerləşən Binəqədi RPI-nə gətirilib orada saat 20:15-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 04 (dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,971 qram, 1,001 qram, 1,232 qram, 0,685 qram ümumi təmiz çəkisi 3,889 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASIYA PROTESTININ DƏLILLƏRI: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi kifayət qədər sübuta yetirildiyi halda, apellyasiya instansiya məhkəməsi sübutların mümkünlüyü və mötəbərliyi məsələlərini düzgün fərqləndirilməmiş, müdafiə hüququnun pozulması, əməliyyat-axtarış tədbirinin qanuniliyi və prosessual hərəkətlərin nəticəsində əldə edilmiş sübutların qiymətləndirilməsi ilə bağlı məsələlərə düzgün hüquqi qiymət verməmiş, nəticədə onun təqsirliliyinin sübuta yetirilməməsi qənaətinə gəlmiş və barəsində bəraət hökmü çıxarmışdır. Belə ki, protest müəllifi müdafiə hüququnun pozulması ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olmadığını qeyd etmiş və bildirilmişdir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunması üçün qanunla nəzərdə tutulmuş imkan yaradılmış, onun seçimi əsasında müdafiəçi prosesə cəlb edilmiş və əksər prosessual hərəkətlər onun iştirakı ilə həyata keçirilmişdir. Müdafiəçinin ayrı-ayrı prosessual hərəkətlərdə iştirak etməməsi və ya müdafiə etdiyi şəxsin xeyrinə hər hansı vəsatət verməməsi öz-özlüyündə göstərilən hüquqi yardımın keyfiyyətsiz olması və həmin hərəkətlər nəticəsində əldə edilmiş sübutların yolverilməzliyi üçün əsas hesab edilə bilməz. Protestdə Cinayət-Prosessual Məcəlləsinin 92.3.1-ci maddəsində müdafiəçinin məcburi iştirakını tələb edən hallar müəyyən edildiyi, hazırkı işdə isə şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirak etməməsinin həmin istintaq hərəkətinin nəticələrini avtomatik olaraq yolverilməz sübuta çevirməsinə əsas verən halın müəyyən edilmədiyi qeyd edilmişdir. Əksinə, iş materiallarında Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ərizədə şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirməsi göstərilmişdir. Həmçinin protestdə Cinayət-Prosessual Məcəlləsinin 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququnun olduğu, lakin həmin normanın müdafiəçinin hər bir halda məcburi iştirakının təmin edilməsini nəzərdə tutmadığı, iş materiallarına əsasən isə müdafiəçinin həmin istintaq hərəkətində iştirak etmək istəyini bildirmədiyi göstərilmişdir. Protest müəllifi apellyasiya məhkəməsinin bir sıra mühüm prosessual sənədlərdə müdafiəçinin imzasının saxtalaşdırılması barədə nəticəsinin də konkret və mötəbər sübutlarla əsaslandırılmadığını bildirmişdir. Qeyd edilmişdir ki, məhkəmə həmin sənədlərin konkret olaraq hansılar olduğunu, saxtalaşdırıldığı müəyyən edilmiş imzanın hansı prosessual sənədə aid olduğunu və bunun ittihamın əsasını təşkil edən hansı sübuta təsir etdiyini göstərməmişdir. Bununla yanaşı, protestdə müdafiəçinin prosessual hərəkətlərdə faktiki iştirakı məsələsinə münasibətdə iş materiallarında olan anten məlumatlarının da düzgün qiymətləndirilmədiyi göstərilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ## ######## 2023-cü il saat 19:40-da müdafiəçi şahid2 iştirakı ilə şübhəli şəxs qismində saxlanılması və ## ######## 2023-cü il saat 14:55-dən həmin müdafiəçinin iştirakı ilə dindirilməsi barədə prosessual sənədlər tərtib edilmişdir. Halbuki, şahid2 istifadəsində olduğu göstərilən 050- 321-17-27 mobil nömrə üzrə anten məlumatlarına əsasən həmin nömrə ## ######## 2023-cü il saat 19:32:19-dan 20:06:46-dək Bakı şəhəri, Sulutəpə qəsəbəsi, “Gömrük postu” ərazisində, ## ######## 2023-cü il saat 14:16:24-dən 15:27:05-dək isə Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1A/6, X1, Kapital Bank, X3 və Nəsimi rayonu A.Mustafayev küçəsi ərazilərində qeydə alınmışdır. Protest müəllifinin mövqeyinə görə, həmin məlumatlar müdafiəçinin konkret coğrafi mövqeyini qəti şəkildə müəyyən edən sübut kimi qəbul edilə bilməsə də, prosessual sənədlərdə onun iştirakı barədə göstərilən məlumatlarla əhəmiyyətli ziddiyyət təşkil edən obyektiv məlumatlar kimi qiymətləndirilməli idi. Belə ziddiyyətlər mövcud olduğu halda müdafiəçinin həmin prosessual hərəkətlərdə faktiki iştirak edib-etməməsi məsələsi digər sübutlarla qarşılıqlı əlaqədə araşdırılmalı idi. Protestdə həmçinin göstərilmişdir ki, müdafiəçinin həmin vaxt istifadə etdiyi mobil nömrənin məhz 050-321-17-27 nömrə olub-olmaması məsələsi onun özündən dəqiqləşdirilməmiş, həmin nömrənin müvafiq tarixlərdə faktiki olaraq müdafiəçinin üzərində olması ayrıca müəyyən edilməmişdir. Bu hal nəzərə alınmadan yalnız anten məlumatlarına əsasən müdafiəçinin prosessual hərəkətlərdə iştirak etmədiyi barədə qəti nəticəyə gəlinməsi düzgün hesab edilə bilməz. Əməliyyat-axtarış tədbirinin qanuniliyi ilə bağlı protest müəllifi apellyasiya məhkəməsinin əməliyyat-axtarış tədbiri ilə həmin tədbirdən sonra cinayət-prosessual qaydada həyata keçirilmiş istintaq hərəkətlərini eyniləşdirdiyini bildirmişdir. Qeyd edilmişdir ki, əməliyyat-axtarış tədbiri ilə şəxsi axtarış və götürmə, videoyazı ilə aparılmış prosessual hərəkətlər və digər istintaq hərəkətləri hüquqi təbiətinə görə fərqli institutlardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirinin qanuni sayılmaması barədə apellyasiya məhkəməsinin istinad etdiyi halın da həmin tədbirdən sonra cinayət-prosessual qaydada əldə edilmiş bütün sübutların avtomatik olaraq yolverilməz hesab edilməsinə əsas vermədiyi protestdə vurğulanmışdır. Bu baxımdan protestdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli qərarına istinad edilərək əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilmiş materialların qanunvericiliyin tələblərinə uyğun əldə edilməsi və cinayətprosessual qaydada təqdim olunması şərtilə sübut kimi qiymətləndirilə biləcəyi, əməliyyat-axtarış tədbirindən sonra ayrıca həyata keçirilmiş prosessual hərəkətlər nəticəsində əldə edilmiş sübutların isə özlərinin əldə edilmə qaydasına uyğun olaraq ayrıca qiymətləndirilməli olduğu göstərilmişdir. Protestdə anten məlumatlarına dair apellyasiya məhkəməsinin nəticəsinin də əsaslı olmadığı bildirilmişdir. Qeyd edilmişdir ki, mobil telefonun müəyyən anten qülləsinin əhatə dairəsində qeydə alınması həmin telefonun və onun istifadəçisinin həmin antenin yerləşdiyi konkret ünvanda olmasını qəti şəkildə təsdiq etmir. Mobil cihazın hansı baza stansiyasına qoşulması texniki və şəbəkə xüsusiyyətlərindən asılı olduğundan, anten məlumatları şəxsin konkret vaxtda konkret ünvanda olmasını və ya olmamasını mütləq şəkildə müəyyən edən sübut kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, protest müəllifi şəxsi axtarış və götürmədə iştirak etmiş polis əməkdaşlarının anten məlumatlarının da məhkəmə tərəfindən düzgün qiymətləndirilmədiyini qeyd etmişdir. Belə ki, şahid6 istifadəsində olduğu göstərilən 050-209-40- 79 mobil nömrə ## ######## 2023-cü il saat 17:47:58, 18:20:32 və 18:27:59-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, Rəcəbli küçəsi 239, Bina 1, saat 18:28:47-də Bakı şəhəri, Azadlıq prospekti 155 ərazisində, saat 20:03:27-dən 20:31:39-dək isə Bakı şəhəri, Binəqədi rayonu, 21-ci Dağlıq küçəsi ərazisində qeydə alınmışdır. şahid4 istifadəsində olduğu göstərilən ***-***-**-** saylı mobil nömrə isə ## ######## 2023-cü il saat 17:33:37-də Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 20, mənzil 7, saat 17:47:18-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 121E, saat 18:31:09-dan 18:58:35-dək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 457B, saat 18:58:35-dən 20:28:03-dək Xarici Dairəvi küçəsi, 3123-cü məhəllə, 1604-cü keçid 11 və saat 20:30:55-də Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Xarici Dairəvi küçəsi 116 ərazilərində qeydə alınmışdır. Protest müəllifi hesab edir ki, qeyd olunan məlumatlar polis əməkdaşlarının faktiki olaraq şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edib-etməməsi məsələsinin araşdırılması baxımından əhəmiyyətli olsa da, onların anten məlumatlarından çıxarılan nəticələr digər sübutlarla, o cümlədən prosessual sənədlər, videoyazılar və həmin şəxslərin izahatları ilə qarşılıqlı əlaqədə yoxlanılmamışdır. Eyni zamanda, protestdə polis əməkdaşlarının tədbir zamanı mobil telefon gəzdirmədiklərini bildirmələri və müdafiəçinin istifadəsində olduğu göstərilən mobil nömrənin həmin tarixlərdə onun üzərində olub-olmamasının müdafiəçinin özündən dəqiqləşdirilməməsi də qeyd edilmişdir. Protest müəllifi apellyasiya məhkəməsinin Təqsirləndirilən şəxs “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumatlara verdiyi qiyməti də mübahisələndirmişdir. Belə ki, həmin sistemdən əldə edilmiş məlumatlarda Təqsirləndirilən şəxs ## ######## 2023-cü il saat 17:57-dən Binəqədi Rayon Polis Idarəsinin inzibati binasında olması göstərilsə də, ittihamda onun həmin idarəyə saat 18:30 radələrində gətirilməsi qeyd edilmişdir. Protest müəllifinin mövqeyinə görə, bu məlumatın hansı texniki qaydada formalaşması, elektron monitorinq sisteminin məlumatlarının dəqiqliyi və həmin məlumatın konkret hadisəyə aidiyyəti digər sübutlarla qarşılıqlı əlaqədə yoxlanılmadan onu ittiham sübutlarını aradan qaldıran həlledici hal kimi qiymətləndirmək olmaz. Nəhayət, kassasiya protestində göstərilmişdir ki, apellyasiya məhkəməsi sübutların mümkünlüyü məsələsini onların mötəbərliyindən fərqləndirməmiş, ayrı-ayrı prosessual pozuntuların mövcudluğunu həmin pozuntuların konkret olaraq hansı sübutun yolverilməzliyinə səbəb olduğunu müəyyən etmədən bütün sübut bazasına şamil etmişdir. Protest müəllifi hesab edir ki, müdafiəçinin müəyyən prosessual hərəkətlərdə iştirak edib-etməməsi, əməliyyat-axtarış tədbirinin qanuniliyi, anten məlumatları, elektron monitorinq məlumatları və prosessual sənədlərdəki ziddiyyətlərin hər biri ayrıca araşdırılmalı, onların konkret sübutlara təsiri müəyyən edilməli və yalnız bundan sonra həmin sübutların mümkünlüyü və mötəbərliyi barədə nəticəyə gəlinməli idi. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Cinayət-Prosessual Məcəllənin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxarkən həyata keçirdiyi hüquqi yoxlamanın hüdudlarını təsbit edən Cinayət-Prosessual Məcəllənin 419.1-ci maddəsinə əsasən “Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Kassasiya instansiyası məhkəməsinin həyata keçirdiyi hüquqi yoxlamanın nəticələri üzrə səlahiyyətləri Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilir. Həmin maddədə nəzərdə tutulmuş əsaslardan ən azı biri müəyyən edildikdə kassasiya instansiyası məhkəməsi məhkəmə aktını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək səlahiyyətinə malikdir. Dövlət ittihamçısı kassasiya protestində apelyasiya instansiya məhkəməsinin Cinayət- Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən həmin Məcəllənin 143-146-cı maddələrinin tələblərini pozmaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Cinayət- Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinə Cinayət- Prosessual Məcəlləsinin 419-cu maddəsinin tələblərinə uyğun olaraq baxaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb araşdırmanın nəticələri üzrə aşağıdakıları qeyd edir. Kassasiya protestinin dəlilləri ilə müqayisəli şəkildə cinayət işinin materiallarını araşdıran məhkəmə kollegiyası qeyd edir ki, protestdə irəli sürülən mülahizələr apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməməsi barədə nəticəsini təkzib etmir. Ilk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs münasibətdə baş verməsi iddia olunan cinayət hadisəsi – onun üzərindən 4 (dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 3,889 qram olan narkotik vasitə – heroinin aşkar edilərək götürülməsi, habelə həmin narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olması barədə nəticə əsasən ## ######## 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və ## #### 2024-cü il tarixli şübhəli şəxs qismində dindirmə protokoluna əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarının məzmunundan görünür ki, cinayət işi üzrə müəyyən edilmiş prosessual pozuntular ayrı-ayrılıqda deyil, onların sübutların əldə edilməsi və rəsmiləşdirilməsi şəraitinə təsiri baxımından qiymətləndirilmiş və nəticədə ittihamın əsasını təşkil edən prosessual sənədlərin həqiqiliyinə əsaslı şübhələrin yarandığı qənaətinə gəlinmişdir. Bu qənaətin əsasını, ilk növbədə, Təqsirləndirilən şəxs faktiki saxlanılma vaxtı ilə həmin hadisənin prosessual sənədlərdə əks etdirilmiş vaxtı arasındakı ziddiyyət təşkil edir. Belə ki, ittihamın və müvafiq prosessual sənədlərin məzmununa əsasən, Təqsirləndirilən şəxs ## ######## 2023-cü il tarixdə saat 18:30 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 8 ünvanının yaxınlığında saxlanıldığı göstərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin ## ### 2025-ci il tarixli məktubuna əlavə olunmuş “Attenti” elektron monitorinq sistemindən çıxarışa əsasən, Təqsirləndirilən şəxs həmin gün saat 17:57-dən etibarən artıq Binəqədi Rayon Polis Idarəsinin inzibati binasında olduğu müəyyən edilmişdir. Bu məlumatın prosessual sənədlərdə göstərilən saxlanılma vaxtından təxminən yarım saat əvvəlki dövrə aid olması onu sadə vaxt uyğunsuzluğu kimi qiymətləndirməyə imkan vermir. Əksinə, həmin məlumat şəxsin faktiki olaraq nə vaxt və hansı şəraitdə azadlıqdan məhrum edildiyi, sonrakı prosessual hərəkətlərin hansı zaman ardıcıllığında həyata keçirildiyi və bu hərəkətlərin protokollarda düzgün əks etdirilib-etdirilmədiyi məsələlərinin yoxlanılmasını zəruri etmişdir. Cinayət-Prosessual Məcəllənin 147.4-cü maddəsindən irəli gələn əsas qaydaya görə, şəxsin tutulması onun azadlığının faktiki məhdudlaşdırıldığı andan başlanır. Bu müddəa tutulmanın yalnız sonradan tərtib edilmiş protokolda göstərilən vaxtla deyil, şəxsin faktiki olaraq dövlət orqanlarının nəzarətinə keçdiyi anla müəyyən edilməli olduğunu ifadə edir. Məcəllənin 147.5-ci maddəsi də tutulmanın faktiki vaxtının və digər mühüm hallarının protokolda düzgün əks etdirilməsini tələb etməklə həmin təminatı tamamlayır. Bununla yanaşı, CPM-in 153.1 və 153.2.1–153.2.2-ci maddələrində tutulmuş şəxsin hüquqlarının faktiki və dərhal təmin edilməsi, xüsusilə tutulmanın əsasları və müdafiə hüququ barədə məlumatlandırılması, tutulma faktının qeydə alınması və şəxsin qanunla müəyyən edilmiş qaydada müvafiq saxlama yerinə gətirilməsi nəzərdə tutulmuşdur. Bu normaların məzmunundan göründüyü kimi, tutulmanın faktiki anının düzgün müəyyən edilməsi yalnız texniki rəsmiləşdirmə məsələsi olmayıb, tutulmuş şəxsin sonrakı prosessual hüquqlarının hansı andan etibarən təmin edilməli olduğunu müəyyən edən hüquqi başlanğıc nöqtəsidir. Eyni yanaşma CPM-in 90.11.2-ci maddəsində şübhəli şəxsin “tutularkən” baxışa və şəxsi axtarışa məruz qalmasının nəzərdə tutulmasında da özünü göstərir. Burada “tutularkən” ifadəsi şəxsin faktiki tutulması ilə həmin prosessual hərəkət arasında bilavasitə əlaqənin mövcudluğunu nəzərdə tutur. Buna görə də şəxsin faktiki olaraq daha əvvəl azadlıqdan məhrum edildiyi halda tutulmanın sonrakı vaxtla rəsmiləşdirilməsi və həmin vaxtın şəxsi axtarışın başlanğıcı kimi qəbul edilməsi məsələsi yalnız protokolun formal düzgünlüyü baxımından deyil, şəxsin tutulduğu andan etibarən ona verilmiş prosessual təminatların faktiki həyata keçirilib-keçirilməməsi baxımından qiymətləndirilməlidir. Hazırkı işdə “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumatın əhəmiyyəti də məhz bundan ibarətdir. Həmin məlumat Təqsirləndirilən şəxs prosessual sənədlərdə göstərilən vaxtdan əvvəl artıq Binəqədi Rayon Polis Idarəsinin inzibati binasında olduğunu göstərməklə onun faktiki tutulma anı ilə sənədləşdirilmiş tutulma vaxtı arasında fərq olduğunu ortaya qoyur. Bu fərqin səbəbi və şəxsin həmin müddətdə hansı hüquqi statusda və hansı prosessual əsasla polis orqanının nəzarətində olması iş materiallarında inandırıcı şəkildə izah edilmədiyi halda, sonrakı prosessual hərəkətlərin qanuniliyinə dair yaranan şübhələri yalnız protokollarda göstərilən vaxtlara istinad etməklə aradan qaldırmaq mümkün deyildir. Deməli, “Attenti” sistemindən əldə edilmiş məlumat yalnız tutulma vaxtının prosessual sənədlərdə düzgün göstərilib-göstərilməməsi ilə bağlı texniki uyğunsuzluğu üzə çıxaran məlumat kimi qiymətləndirilə bilməz. Həmin məlumat Təqsirləndirilən şəxs faktiki olaraq hansı andan azadlıqdan məhrum edildiyini və məhz həmin andan etibarən onun qanunla təmin edilmiş prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun faktiki həyata keçirilib-keçirilmədiyini müəyyən etmək üçün hüquqi əhəmiyyət daşıyır. Bu isə, öz növbəsində, sonrakı şəxsi axtarış və götürmənin hansı vaxtda və hansı prosessual şəraitdə keçirildiyinin, habelə həmin hərəkət nəticəsində əldə edilmiş məlumatların qanuni əldə edilmə şərtlərinə cavab verib-vermədiyinin qiymətləndirilməsini zəruri edir. Faktiki tutulma vaxtına dair bu ziddiyyət müdafiəçinin iştirakı ilə bağlı prosessual sənədlərdə əks olunan məlumatların qiymətləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Şəxsin hansı vaxtdan etibarən faktiki olaraq tutulmuş hesab edilməli olduğu müəyyən edilmədən, həmin vaxtdan etibarən müdafiə hüququnun real şəkildə təmin olunub-olunmadığı barədə də əsaslandırılmış nəticəyə gəlmək mümkün deyildir. Belə ki, ## ######## 2023-cü il tarixdə saat 19:40-da Təqsirləndirilən şəxs müdafiəçi şahid2 iştirakı ilə şübhəli şəxs qismində saxlanılması barədə protokolda məlumat əks etdirilmişdir. Lakin həmin müdafiəçinin istifadəsində olduğu göstərilən ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarına əsasən, ## ######## 2023-cü il tarixdə saat 19:32:19-dan 20:06:46-dək həmin nömrə Sulutəpə qəsəbəsi, “Gömrük postu” ərazisində qeydə alınmışdır. Eyni hal ## ######## 2023-cü il tarixdə də müşahidə olunur. Belə ki, Təqsirləndirilən şəxs saat 14:55-dən müdafiəçi şahid2 iştirakı ilə dindirilməsi barədə protokolda məlumat göstərildiyi halda, anten məlumatlarına əsasən həmin müdafiəçinin mobil nömrəsi saat 14:16:24-dən 15:27:05-dək Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1a/6, X1, Kapital Bank, X4 və Nəsimi rayonu, A.Mustafayev küçəsi ərazilərində qeydə alınmışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, mobil telefonun müəyyən anten qülləsinin əhatə dairəsində qeydə alınması özlüyündə onun istifadəçisinin həmin qüllənin yerləşdiyi konkret ünvanda olduğunu qəti şəkildə müəyyən etmir. Lakin hazırkı işdə anten məlumatlarının əhəmiyyəti də məhz bundan ibarət deyildir. Bu məlumatlar müdafiəçinin konkret ünvanda olmadığını müstəqil və qəti şəkildə sübut edən vasitə kimi deyil, onun konkret vaxtda müəyyən prosessual hərəkətdə iştirak etdiyini təsdiq edən sənədlərdəki məlumatların obyektiv baxımdan yoxlanılması vasitəsi kimi çıxış edir. Başqa sözlə, burada həll edilməli məsələ müdafiəçinin istifadə etdiyi mobil telefonun hansı antenə qoşulması deyil, prosessual sənədlərdə onun müəyyən vaxtda Təqsirləndirilən şəxs yanında olduğu göstərildiyi halda, həmin vaxt onun mobil rabitə vasitəsinin başqa ərazidə qeydə alınmasının həmin sənədlərdə əks olunan məlumatların həqiqiliyinə təsir edib-etməməsidir. Bu baxımdan protest müəllifinin müdafiəçinin prosesdə fəal iştirak etməməsinin, vəsatətlər verməməsinin və ya müəyyən prosessual hərəkətlərdə iştirak etməməsinin öz-özlüyündə keyfiyyətsiz hüquqi yardım göstərilməsi anlamına gəlmədiyi barədə dəlili apellyasiya məhkəməsinin müəyyən etdiyi halları təkzib etmir. Çünki məhkəmənin gəldiyi nəticənin əsasında müdafiəçinin hüquqi mövqeyinin fəallığı deyil, onun iştirakı barədə prosessual sənədlərdə göstərilən məlumatların obyektiv məlumatlarla uzlaşıb-uzlaşmaması dayanır. Məhz bu ziddiyyətlər şəraitində müdafiəçinin həmin prosessual hərəkətlərdə faktiki iştirak edib-etmədiyi məsələsi ortaya çıxır. Əgər protokolda müdafiəçinin konkret prosessual hərəkətdə iştirakı göstərilir, lakin onun həmin vaxt başqa ərazidə olmasını göstərən obyektiv məlumat mövcuddursa və bu ziddiyyət iş üzrə aradan qaldırılmırsa, həmin protokolda əks olunan məlumatların yalnız protokolun özünə əsaslanmaqla mötəbər hesab edilməsi mümkün deyildir. Bu hal eyni zamanda sübutların mümkünlüyü və mötəbərliyi məsələlərinin bir-birindən fərqləndirilməsini tələb edir. Sübutun mümkünlüyü onun qanunla müəyyən edilmiş qaydada və prosessual formada əldə olunmasını, həqiqiliyi isə həmin məlumatın gerçəkliyi əks etdiribetdirməməsini ifadə edir. Bu iki meyar qarşılıqlı əlaqəli olsa da, eyniləşdirilə bilməz. Lakin sübutun əldə edilmə şəraiti və yaranma mənbəyi barədə aradan qaldırılmamış əsaslı şübhələr onun həm həqiqiliyinin, həm də konkret halda sübut kimi istifadə edilməsinin mümkünlüyünün qiymətləndirilməsinə birbaşa təsir göstərə bilər. Prosessual hərəkətin hansı şəraitdə keçirildiyi və həmin hərəkətdə müdafiəçinin faktiki iştirakının təmin edilib-edilmədiyi barədə əsaslı şübhələr olduqda, məsələ yalnız sübutun məzmununun inandırıcılığı ilə məhdudlaşmır, onun əldə edilməsinin qanuni əsaslarına da sirayət edir. Cinayət-Prosessual Məcəllənin 125.1-ci maddəsinə əsasən sübut kimi istifadə edilə bilən məlumatların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamalıdır. Həmin Məcəllənin 125.2.1 və 125.2.3-cü maddələrinə əsasən, aşağıdakı hallarda (hazırkı işə münasibətdə) əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - Insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə. Hazırkı işdə müəyyən edilmiş ziddiyyətlərə bu normaların tələbləri baxımından qiymət verildikdə, müdafiəçinin prosessual hərəkətdə iştirakının yalnız sənəddə formal şəkildə göstərilməsi, lakin həmin iştirakı təsdiq edən məlumatların obyektiv sübutlarla əsaslı şəkildə şübhə altına alınması həmin hərəkətin müdafiə hüququnun faktiki təmin edilməsi şəraitində keçirildiyi barədə nəticəyə gəlməyə imkan vermir. Bu səbəbdən protest müəllifinin Cinayət-Prosessual Məcəllənin 244.2-ci maddəsinə istinad etməklə müdafiəçinin axtarış və götürmədə iştirak etmək hüququnun məcburi xarakter daşımadığı və onun iştirak etmək istəyini bildirmədiyi barədə dəlili də apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmir. Həmin norma müdafiəçinin axtarış və götürmədə iştirak etmək hüququnu müəyyən edir. Lakin hazırkı işdə mübahisə yalnız bu hüquqdan istifadə edilib-edilməməsi ilə bağlı deyildir. Əsas məsələ protokollarda iştirakı göstərilən müdafiəçinin müvafiq prosessual hərəkətlərdə faktiki iştirakının mötəbər şəkildə təsdiq olunub-olunmamasıdır. Kassasiya protestində əməliyyat-axtarış tədbirinin sonrakı istintaq hərəkətlərindən fərqli hüquqi mahiyyət daşıdığı və belə tədbirin qanunsuz hesab edilməsinin sonrakı prosessual hərəkətlər nəticəsində əldə edilmiş sübutların avtomatik olaraq yolverilməz hesab edilməsinə səbəb olmadığı göstərilir. Məhkəmə kollegiyası bu ümumi hüquqi yanaşmanı qəbul edir. Lakin onun hazırkı işə tətbiqi apellyasiya instansiyası məhkəməsinin nəticəsinin yalnız əməliyyat-axtarış tədbirinin qanunsuz hesab edilməsinə söykəndiyi fərziyyəsinə əsaslana bilməz. Apellyasiya məhkəməsi sübutların mümkünlüyü məsələsini əməliyyat-axtarış tədbirinin hüquqi qiymətləndirilməsi ilə məhdudlaşdırmamış, eyni zamanda Təqsirləndirilən şəxs faktiki saxlanılma vaxtını, şəxsi axtarış və götürmənin keçirilməsinə dair sənədləri, müdafiəçinin iştirakı barədə protokollardakı məlumatları, həmin məlumatlarla anten məlumatları arasındakı ziddiyyətləri, elektron monitorinq sistemindən əldə edilmiş məlumatları və digər halları birlikdə qiymətləndirmişdir. Kassasiya protestində əməliyyat-axtarış tədbirinin sonrakı istintaq hərəkətlərindən fərqli hüquqi mahiyyət daşıdığı və belə tədbirin qanunsuz hesab edilməsinin sonrakı prosessual hərəkətlər nəticəsində əldə edilmiş sübutların avtomatik olaraq yolverilməz hesab edilməsinə səbəb olmadığı göstərilir. Məhkəmə kollegiyası bu ümumi hüquqi yanaşmanı qəbul edir. Lakin onun hazırkı işə tətbiqi apellyasiya instansiyası məhkəməsinin nəticəsinin yalnız əməliyyat-axtarış tədbirinin qanunsuz hesab edilməsinə söykəndiyi fərziyyəsinə əsaslana bilməz. Apellyasiya məhkəməsi sübutların mümkünlüyü məsələsini əməliyyat-axtarış tədbirinin hüquqi qiymətləndirilməsi ilə məhdudlaşdırmamış, eyni zamanda Təqsirləndirilən şəxs faktiki saxlanılma vaxtını, şəxsi axtarış və götürmənin keçirilməsinə dair sənədləri, müdafiəçinin iştirakı barədə protokollardakı məlumatları, həmin məlumatlarla anten məlumatları arasındakı ziddiyyətləri, elektron monitorinq sistemindən əldə edilmiş məlumatları və digər halları birlikdə qiymətləndirmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin nəticəsi əməliyyat-axtarış tədbirinin qanunsuzluğundan sonrakı bütün sübutların avtomatik olaraq yolverilməzliyi barədə mülahizəyə deyil, həmin tədbirin nəticələri əsasında tərtib edilmiş prosessual sənədlərin digər obyektiv məlumatlarla uzlaşmamasına və bu sənədlərin əldə edilmə şəraitinə dair aradan qaldırılmamış ziddiyyətlərin məcmusuna əsaslanmışdır. Buna görə də protest müəllifinin həmin tədbirin sonrakı istintaq hərəkətlərindən hüquqi baxımdan fərqləndirilməsi barədə dəlili apellyasiya məhkəməsinin konkret hüquqi nəticəsini təkzib etmir. Belə ki, bir tərəfdən Təqsirləndirilən şəxs ## ######## 2023-cü il tarixdə saat 18:30-da saxlanıldığı göstərilmiş, digər tərəfdən elektron monitorinq məlumatlarında onun saat 17:57-dən etibarən artıq polis idarəsinin inzibati binasında olduğu qeydə alınmışdır. Bununla yanaşı, müdafiəçinin həm saxlanılma, həm də sonrakı dindirmə zamanı iştirakı barədə protokollardakı məlumatlar həmin vaxtlara aid anten məlumatları ilə uzlaşmamışdır. Şəxsi axtarış və götürmə protokollarının tərtib edilmə şəraiti, polis əməkdaşlarının anten məlumatları və digər prosessual sənədlərlə bağlı müəyyən edilmiş uyğunsuzluqlar da bu ziddiyyətlərə əlavə olunmuşdur. Beləliklə, məsələ bir-birindən təcrid olunmuş ayrı-ayrı texniki uyğunsuzluqlardan deyil, ittihamın əsasını təşkil edən sübutların hansı şəraitdə və hansı prosessual ardıcıllıqla əldə edildiyinə dair vahid sübut mənzərəsinin qeyri-müəyyənliyindən gedir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün əsasını hər hansı formal prosessual nöqsan deyil, sübutların hansı şəraitdə əldə edilməsi, onların yaranma mənbəyi və həqiqiliyi ilə bağlı məhkəmə baxışı zamanı aradan qaldırılmayan ziddiyyətlərin məcmusu təşkil etmişdir. Cinayət-Prosessual Məcəllənin 125.1-ci maddəsində müəyyən edilmiş sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilmə hallarına dair tələblər, habelə həmin Məcəllənin 125.2.1 və 125.2.3-cü maddələrdə nəzərdə tutulmuş yolverilməzlik halları baxımından qiymətləndirildikdə, iş üzrə müəyyən edilmiş və aradan qaldırılmamış ziddiyyətlər həmin prosessual sənədlərin ittihamın əsasını təşkil edən mötəbər sübut kimi qəbul edilməsinə imkan vermir. Belə ki, sübutun məzmununun ittihamedici xarakter daşıması özlüyündə onun sübutetmə vasitəsi kimi qəbul edilməsi üçün kifayət etmir; onun yaranma mənbəyi, əldə edilmə şəraiti və prosessual rəsmiləşdirilməsinin qanuniliyinə dair əsaslı şübhələr aradan qaldırılmalıdır. Bu şərtlər təmin edilmədikdə, həmin məlumat şəxsin təqsirini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda, Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddədə nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün istifadə edilə bilməz. Bu səbəbdən kassasiya protestində ayrı-ayrı sübutların, o cümlədən şəxsi axtarış və götürmə protokolunun, müdafiəçinin iştirakına dair sənədlərin və anten məlumatlarının hər birinin ayrıca qiymətləndirilməsi barədə irəli sürülən dəlillər iş üzrə müəyyən edilmiş ziddiyyətlərin məcmusunu aradan qaldırmır. Ittihamın əsasını təşkil edən sübutların özünün əldə edilmə şəraiti əsaslı şübhə doğurduğu halda, həmin sübutların məzmununa istinad etməklə Təqsirləndirilən şəxs təqsirli olması barədə nəticə çıxarılması mümkün deyildir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin sübutlara hüquqi qiymət verərkən onların yalnız məzmununu deyil, həm də yaranma mənbəyini, əldə edilmə şəraitini, prosessual rəsmiləşdirilməsini və həqiqiliyini təsdiq edən digər məlumatlarla uzlaşmasını nəzərə alması Cinayət-Prosessual Məcəllənin 125.1-ci maddəsinin tələblərinə tam uyğundur. Iş üzrə müəyyən edilmiş və məhkəmə baxışı zamanı aradan qaldırılmamış ziddiyyətlər nəzərə alınmaqla, həmin sübutların mötəbərliyinə dair yaranmış şübhələrin əsassız olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas olmadığından, apellyasiya instansiyası məhkəməsinin onların ittihamın əsaslandırılması üçün istifadə edilməsini mümkün hesab etməməsi düzgün hüquqi nəticə olmuşdur. Bu səbəbdən kassasiya protestinin həmin sübutlara fərqli hüquqi qiymət verilməsinə yönəlmiş dəlilləri apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas vermir. Bu səbəbdən kassasiya protestinin həmin məsələlərə dair dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlar və iş üzrə toplanmış sübutların məcmusu göstərir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməmişdir. Buna görə də mübahisələndirilən qərarın ləğvi üçün prosessual əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyib, cinayət işinin materiallarını və tətbiq edilməli hüquq normalarını birlikdə qiymətləndirərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs barəsində olan ## ###### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-638/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-638/2026
14.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver