Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-64/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2025-ci il tarixli, 1(104)- 221/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Dadaş İmanov (sədrlik edən və məruzəçi), Mikayıl Məmmədzadə və Bəhruz Müslümov) 22 yanvar 2025-ci il tarixli, 1(100)- 221/2025 nömrəli hökmü ilə 26 mart 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Turan küçəsi, ev 81-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi olmadan külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 9,737 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxlamış, 19 fevral 2024-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin CAİ-na daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 14:35 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq, Gəncə şəhəri, H.O.Hüseynzadə küçəsi, 5 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan boz rəngli şalvarın sağ ön yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 9,737 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Müşfiq Məmmədov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Nural Əliyev) 07 aprel 2025-ci il tarixli, 1(104)-221/2025 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 1(100)-221/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum və onun müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cu il tarixli, 1(103)-1417/2024 nömrəli qərarının ləğv edilməsini, CMin 62-ci maddəsinin tələbləri rəhbər tutularaq, təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi barədə qərar qəbul olunmasını və ya ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi tətbiq olunmamışdır, barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. O, heç vaxt narkotik vasitə istifadəçisi olmadığını və hər şeyin saxta protokol əsasında hazırlandığını qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Məhkum kassasiya şikayətinin başlıca dəlilləri ondan ibarətdir ki, onun barəsində əsassız və qanunsuz olaraq CM-in 234.1-1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutlar məhkəmə iclasında tədqiq edib tam, hərtərəfli və obyektiv yoxlamış və həmin sübutlara qiymət verərək nəticəyə gəlmişlər ki, həmin sübutların məcmusu məhkum Məhkum hökmündə təsvir edilmiş hallarda Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə məhkum və müdafiəçisi tərəfində birgə verilmiş apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəmənin məhkumun əməlinin tövsifi və təqsirinin sübut olunması barədə gəldiyi nəticə ilə razılaşmışdır. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr iş üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək onlara hüquqi qiymət vermiş və həmin sübutların məcmusuna əsasən məhkum Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edib, onu həmin maddə ilə təqsirli bilmişlər. Məhkumun verilmiş ittiham üzrə təqsirli olması və onun əməlinin tövsifi barədə məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, məhkəmə kollegiyası həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə sübutlar təhqiqat və istintaq orqanı tərəfindən cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət edilməklə, öz səlahiyyətlərinin çərçivəsində toplanılmış, həmin sübutların mötəbərliyinə şübhə yaranan hər hansı bir hal müəyyən edilməmişdir. Göründüyü kimi, məhkum Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmiş və barələrində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, məhkumun kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkum Məhkum kassasiya şikayətinin digər dəlilləri ona təyin olunmuş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Bununla da, təqsirləndirilən şəxs Məhkum CM-in 234.1-1-ci maddəsi təqsirli bilinib, ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum kassasiya şikayətində onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşdən görünür ki, məhkum Məhkum törətdiyi cinayətin məqsədi və motivi, onun cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından işə baxan məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişlər. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin cəzanın sərt olması və cəzanı yüngülləşdirən hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Ona görə də, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2025-ci il tarixli, 1(104)-221/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2025-ci il tarixli, 1(104)-221/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-64/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-64/2026
13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver