Məhkəmə qərarları › İş №1(1-8)-686/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-686/2026

07.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-686/2026 07.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkum - Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2026-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(009)-49/2023 nömrəli (hakim: Səmədova Günel Kamil qızının sədrliyi) hökmü ilə ## ###### 1980-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə ekspertiza sahəsində fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun CM-in 69.3-cü maddəsinə əsasən 9 may 2022-ci il tarixdən 11 may 2022-ci il tarixədək, 3 noyabr 2022-ci il tarixdən 4 noyabr 2022-ci il tarixədək, tutulduğu cəmi 3 (üç) gün müddətin təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 may 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilərək, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 10 000 (on min) ABŞ dolları məbləğində maddi ziyanın və ödənilmiş 141 (bir yüz qırx bir) manat məbləğində dövlət rüsumunun tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2026-cı il tarixli 1(103)-1356/2025 nömrəli (hakimlər: Ələkbərov Əfqan Qəzənfər oğlu (sədrliyi və məruzəsi ilə), Əhmədov Zəfər Vahid oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2026-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Ittiham aktına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, 2015-ci ilin aprel ayından 18 fevral 2019-cu il tarixədək xxx Ekspertizası Mərkəzinin x ekspertizaları şöbəsinin x vəzifəsində R xüsusi rütbəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər Baş Polis Idarəsinin istintaq və təhqiqat Idarəsinin icraatında ibtidai istintaqı aparılmış cinayət işi üzrə 10 dekabr 2018-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-əmtəəşünaslıq, ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizasının tədqiqatı prosesində qərarda qeyd olunan zərgərlik məmulatlarının orta pərakəndə bazar qiymətini tərtib edəcəyi ekspert rəyində ümumilikdə 50.000 manatdan az qeyd edəcəyinə dair vəd edib, öz qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə 25 dekabr 2018-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanın qarşısında vətəndaş Zərərçəkmiş şəxs şahid3 yanında sonuncunun idarə etdiyi “Mercedes- Benz ML” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobildə 10.000 ABŞ dolları həmin dövrün məzənnəsinə uyğun olaraq 17.000 manat məbləğində pul vəsaitini alıb dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti onunla əsaslandırmışdır ki, ibtidai istintaq və məhkəmə prosesləri zamanı, mobil telefon nömrələrinin anten dairələrinə dair tərəflərin vermiş olduğu vəsatət təmin edilmiş, lakin texniki imkanların məhdud olması səbəbi ilə həmin tarixdə göstərilən ərazidə olmalarına dair məlumatlar müəyyənləşdirilməmişdir. Habelə, sözü gedən ekspertiza rəyi nə ibtidai istintaq nə də ki, məhkəmə iclaslarında sübut kimi qiymətləndirilməmiş, bununla da CPM-in 141-146-cı maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan əlavə, inzibati binasının qarşısında və ətrafında müxtəlif təyinatlı kameralar mövcüddur. Ibtidai istintaq tərəfindən qeyd olunan ərazinin kamera görüntüləri iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda, x inzibati binasının qarşısında "dayanma-durma" qadağandır və bu haqda Bakı şəhəri üzrə Dövlət Yol Polisinə ibtidai istintaq tərəfindən sorğu göndərilməklə, vət. Zərərçəkmiş şəxs və şahid3, sonuncunun idarə etdiyi “Mercedes-Benz ML” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin həqiqətən qeyd olunan ərazidə 25 dekabr 2018-ci il tarixdə olub-olması müəyyən edilməli idi. Məhkəmə kollegiyası sübutları araşdırmadan, onların mötəbərliliyini yoxlamadan ittiham hökmünü qüvvədə saxlamışdır. CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsindən hazırkı vaxta qədər 7 ildən artıq müddət keçmişdir. Həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CPM-in 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin məcəllənin 43.3-cü maddəsinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Nəzərə alınmalıdır ki, bu razılıq məhkəmə tərəfindən araşdırılmalı, müdafiə tərəfinin mövqeyi öyrənilməli, daha sonra buna dair qərar qəbul edilməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2026-cı il tarixli qərarının ləğv edilərək, yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum Təqsirləndirilən şəxs çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini və ya cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyinə görə başlanmış cinayət işi üzrə icraata xitam verilməsinə etirazın olmadığını bildirdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2026-cı il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində barəsində ona elan edilmiş ittiham üzrə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və məhkumun məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs verilmiş öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Verilmiş kassasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddələri üzrə əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş şahid3, şahid2 və şahid1 ifadələri, “baxış keçirilməsi haqqında” 7 dekabr 2021-ci il tarixli protokol, 10 may 2022-ci il tarixli və 11 may 2022-ci il tarixli üzləşdirmə protokolları, 4 avqust 2022-ci il tarixli əlavə baxış keçirilməsi haqqında protokol, “könüllü təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi barədə” 24 sentyabr 2022-ci il tarixli protokol, həmçinin iş üzrə toplanmış bir çox digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dələduzluq yolu ilə, öz qulluq mövqeyindən istifadə etməklə 10.000 ABŞ dolları (həmin dövrün məzənnəsinə uyğun olaraq 17.000 manat) məbləğində pul vəsaitini alıb ələ keçirərək xeyli miqdarda maddi ziyan vurması təsdiq edilir. Məhkumun mobil telefon nömrələrinin anten dairələri üzrə məlumatların texniki səbəblərdən müəyyən edilməməsi barədə istinad etdiyi hal özlüyündə onun təqsirsizliyini təsdiq edən sübut hesab edilə bilməz. Cinayət-prosessual qanunvericiliyinə əsasən, hər hansı bir sübutun əldə edilməməsi digər mötəbər sübutların hüquqi qüvvəsini aradan qaldırmır. Iş materiallarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi, şahid şahid3 ifadəsi, onların ibtidai istintaqda və üzləşdirmə zamanı verdikləri ardıcıl və bir-birini tamamlayan ifadələr, həmçinin "Whatsapp" və digər yazışmaların baxış protokolu həmin hadisənin baş verməsini təsdiq edən qarşılıqlı uyğun sübutlar kimi qiymətləndirilmişdir. Buna görə də anten məlumatlarının əldə olunmaması ittihamın sübuta yetirilməməsi anlamına gəlmir. Kassasiya şikayətində göstərilən ekspertiza rəyinin ibtidai istintaq və məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmədiyi iddiası da iş materialları ilə təkzib olunur. Məhkəmə hökmündə 17 dekabr 2018-ci il tarixli 32440 nömrəli ekspertiza rəyi geniş şəkildə tədqiq edilmiş, onun məzmunu, nəticələri, həmin rəy əsasında sonradan istintaq orqanı tərəfindən qəbul edilmiş "Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə" 18 dekabr 2018ci il tarixli qərar ətraflı araşdırılmışdır. Məhkəmə həmin sənədlərin məzmununu qiymətləndirərək nəticəyə gəlmişdir ki, ekspertiza rəyi üzrə müəyyən qızıl-zinət əşyalarının qiymətləndirilməməsi əmtəə-keyfiyyət göstəricilərinin kifayət etməməsi ilə bağlı olmuş, sonradan isə istintaq orqanı həmin əşyaların dəyərini digər sübutlarla birlikdə müəyyən etmişdir. Məhkumun ekspertiza rəyinin 17 dekabr 2018-ci ildə verilməsi ilə pulun 25 dekabr 2018ci ildə alınması arasındakı ziddiyyət barədə arqumenti də cinayət hadisəsinin mahiyyətini dəyişmir. Ittihamın predmeti ekspertiza rəyinin nəticəsinin sonradan dəyişdirilməsi deyil, zərərçəkmişin etibarından sui-istifadə edilməklə ondan pulun alınmasıdır. Zərərçəkmiş və şahid ardıcıl şəkildə göstərmişlər ki, Təqsirləndirilən şəxs ekspertiza nəticəsinin onların maraqlarına uyğun həll ediləcəyini vəd etməklə pul tələb etmiş, pul alındıqdan sonra isə verdiyi vədə əməl etməmişdir. Məhz bu hal CM-in 178-ci maddəsi baxımından dələduzluğun obyektiv əlamətlərini təşkil edir. Bundan başqa, iş materiallarında olan elektron yazışmalar da sonrakı dövrdə pulun qaytarılması ilə bağlı danışıqlar aparıldığını göstərir ki, bu da zərərçəkmişin və şahidin ifadələrini təsdiqləyən əlavə sübut kimi qiymətləndirilmişdir. Məhkumun istinad etdiyi kamera görüntülərinin və DYP məlumatlarının əldə edilməməsi barədə dəlil də məhkəmələrin gəlmiş olduğu nəticənin ləğvi üçün əsas yaratmır. Cinayət-prosessual qanunvericiliyə əsasən, məhkəmə hökmü yalnız müəyyən bir sübut növünə deyil, sübutların məcmusuna əsaslanmalıdır. Hadisədən üç ildən artıq müddət keçdikdən sonra cinayət işi başlanmış, həmin tarixə aid müşahidə kameralarının görüntülərinin və digər texniki məlumatların mövcud olmaması və ya əldə edilməməsi cinayət hadisəsinin baş vermədiyini sübut etmir. Digər tərəfdən, hadisə yerinə baxış keçirilmiş, zərərçəkmiş hadisənin baş verdiyi yeri göstərmiş, bu barədə protokol və fotoşəkillər tərtib olunmuşdur. Bundan əlavə, zərərçəkmiş və şahidin ifadələri bir-birini tam təsdiq etmiş, üzləşdirmə zamanı da dəyişdirilməmişdir. Buna görə də yalnız kamera görüntülərinin və ya DYP məlumatlarının olmaması mövcud sübutların mötəbərliyini şübhə altına almır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Təqsirləndirilən şəxs verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyası da Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmədiyi barədə verdiyi ifadələrini, işin faktiki hallarına uyğun hesab edilməməli olması barədə aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyi əsas gətirilərək cinayət təqibinə xitam verilməli olduğu göstərilsə də, həmin dəlillər cinayət-prosessual qanunvericiliyinin tələbləri və iş üzrə müəyyən edilmiş hallar baxımından əsaslı hesab edilə bilməz. Iş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru, R Natiq Əsədovun 11 may 2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. Iş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 11 may 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Iş materiallarında olan “ittiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarlardan görünür ki, 19 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsindən axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Iş materiallarında olan Səbail RPI-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 9 may 2022-ci il tarixdə Səbail RPI-nin 39-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPI-nin MSY-nə təhvil verilmişdi. Iş materiallarında olan “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” və cinayət işi üzrə icraataın dayandırılması haqqında qərarlardan görünür ki, 14 oktyabr 2022ci il tarixdə Təqsirləndirilən şəxs barəsindən axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Iş materiallarında olan Səbail RPI-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 3 noyabr 2022-ci il tarixdə Səbail RPI-nin ÇAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPI-nin MSY-nə təhvil verilmişdi. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini 25 dekabr 2018-ci il tarixdə törətmişdir. Sonradan onun barəsində 19 aprel 2022-ci və 14 oktyabr 2022-ci il tarixlərdə axtarış elan edilmiş, həmin dövrlərdə cinayət işi üzrə icraat dayandırılmış, təqsirləndirilən şəxs tutulduqdan sonra isə icraat təzələnmişdir. Buna görə cinayət məsuliyyətinə cəlbetmə müddətinin hesablanması zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq axtarışla əlaqədar icraatın dayandırıldığı müddətlər nəzərə alınmalıdır. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, göstərilən müddətlər çıxıldıqdan sonra cinayət məsuliyyətinə cəlbetmə müddəti həqiqətən də keçmişdir. Lakin bu hal avtomatik olaraq cinayət təqibinə xitam verilməsi üçün əsas yaratmır. CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında özünü təqsirsiz hesab etmiş, ona bəraət verilməsini xahiş etmiş, yəni cinayət təqibinə bəraətverici olmayan əsasla xitam verilməsinə razılıq verməmişdir. Belə olan halda CPM-in 43.3-cü maddəsinin tətbiqi üçün zəruri olan prosessual şərt mövcud olmamışdır. Bundan əlavə, apellyasiya instansiyası haqlı olaraq nəzərə almışdır ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını tam çəkmiş və 21 may 2025-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. Belə vəziyyətdə ona cəza təyin edilməməklə yeni ittiham hökmünün çıxarılması hüquqi nəticələr baxımından hər hansı əlavə təsir yaratmayacaqdır. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qarşı CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkum verilmiş kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir, lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2026-cı il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar