Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-72/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5 və bəraət almış şəxs Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106) ***/**** nömrəli, 28 oktyabr 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı Əsədov X4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları
1. Bəraət alan şəxs Məhkum 30 may 1969-cu il tarixdə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla yaşayır.
2. 01 sentyabr 2023-cü il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, Şirvan şəhər Icra Hakimiyyəti Başçısının ** nömrəli, 01 iyun 2016-cı tarixli əmri ilə 01 iyun 2016-cı il tarixdən Şirvan şəhər * saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilməklə 22 avqust 2022-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 218 nömrəli, 02 oktyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”-nə əsasən, müdir kimi qanunla müəyyən edilmiş qaydada dövlət müəssisəsinə təyin edilməklə dövlət əmlakı və vəsaitlərinin idarə edilməsi, həmçinin kadrların işə qəbulu, əmək haqlarının ödənişləri, körpə və uşaq kontingentinin formalaşdırılması, qrupların, məşğələ saatlarının müəyyənləşdirilməsi, təminat növləri ilə təchiz etmə sahəsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni saxta nüfuz qazanmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, ona etibar edilmiş Zərərçəkmiş şəxs məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə israf etmə yolu ilə talamaq məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 218 nömrəli, 02 oktyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”-nin 3.2-ci maddəsinin tələblərinə əsasən 2021-2022-ci il tədris ili üçün komplektləşdirmə aparılan zaman 1-3 yaş və 3-6 yaş aralığında olmaqla 2 qrup yaratmalı olduğu halda məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sıxlığının təşkil edilməsinin tələblərini pozaraq, 2021-2022-ci il tədris ili üçün komplektləşdirmə aparılan zaman 1-3 yaş və 3-6 yaş aralığında olmaqla 2 qrup yaratmalı olduğu halda ** nömrəli, 01 sentyabr 2021-ci il tarixli əmrlə qrupların qəsdən artıq komplektləşdirilməsi ilə 6 qrupun fəaliyyət göstərməsinin təsdiq edilməsinə nail olub, kiçik yaşlı (körpə) qrup üzrə 5 uşaq və böyük yaşlı (bağça) qrup üzrə 5 uşaq olmaqla, ümumilikdə 10 uşağa görə 15 sentyabr 2021-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək olan müddətdə 243 iş gününə görə və gündəlik bir uşaq gününə düşən ərzaq xərci orta hesabla 1,76 manat olmaqla, ümumilikdə 2.630,23 manat pul vəsaitinin artıq xərc edilməsi ilə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs əmlakın qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni saxta nüfuz qazanmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Zərərçəkmiş şəxs məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını təkrarən öz qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talamaq məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** nömrəli, 29 may 1996-cı il tarixli “Büdcədən maliyyələşən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatları” haqqında Qərarının tələblərinə əməl etməyib tarifləşmə cədvəlində nəzərdə tutulan binaların, qurğuların, avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifəsi binanın qızdırılma mövsümü üçün nəzərdə tutulduğu halda, özü tərəfindən qəbul edilmiş 01 iyun 2020-ci il tarixli, ** nömrəli əmrlə 1 ştat istilik sisteminə xidmət edən fəhlə və 0,5 ştat santexnik vəzifələrinə təyin edilmiş şahid3 mövsümdən kənar aylarda, istilik sisteminə xidmət edən fəhlə vəzifəsindən irəli gələn öhdəliklərini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək funksiyalarını icra etmədiyi halda 2022-ci ilin aprel, may və iyun aylarında Şirvan şəhər, H.Əliyev prospektində yerləşən Şirvan şəhər * saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında xidməti otağında 2022-ci ilin aprel, may və iyun aylarının iş vaxtının uçotu tabeli sənədlərinə vahid şəxsi niyyətlə bilə-bilə şahid3 işə çıxaraq istilik sisteminə xidmət edən fəhlə kimi öz öhdəliklərini yerinə yetirməsi barədə saxta məlumatları daxil edərək vəzifə saxtakarlığı etmiş, həmin tarixlərdə qeyd olunan sənədləri “xxxx” ASC-nin Şirvan şəhər filialına göndərməklə sonuncunun adına verilmiş “xxxx” ASC-yə məxsus 4169-XXXX-XXXX-6481 nömrəli plastik əməkhaqqı bank kartına 2022-ci ilin aprel ayı üçün 131,80 manat, may ayı üçün 263,60 manat, iyun ayı üçün 263,60 manat olmaqla cəmi 659,00 manat məbləğində pul vəsaitinin hesablanaraq köçürülməsini təmin etməklə şahid3 həmin pul vəsaitini 2022-ci ilin aprel, may və iyun aylarında Şirvan şəhərində yerləşən bankomatlardan nağdlaşdırmaqla şəxsi ehtiyaclarına sərf etməsinə nail olaraq, Şirvan-Salyan Təhsil idarəsinə məxsus olmaqla ona etibar edilmiş 659 manat məbləğində pul vəsaiti vahid niyyətlə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs əmlakın qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, rəsmi sənədlərin məzmununa vahid şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir.
3. 04 oktyabr 2023-cü il tarixdə Şirvan Şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur. 4.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib, hökmün ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, 06 mart 2024-cü il tarixli hökmünün dəyişdirilməsi, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CPM”) 44.2.1-ci maddəsinə əsasən Məhkum cəza təyin edilməməsi, hökmün qalan hissədə dəyişirilmədən saxlanılması qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 19 fevral 2025-ci il tarixli qərarı ilə kassasiya şikayət qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi qərara alınmışdır.
9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106) ***/**** nömrəli, 28 oktyabr 2025-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, 06 mart 2024-cü il tarixli hökmünün ləğv edilməsi, Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə verilmiş ittihamlar üzrə Məhkum bəraət verilməsi və Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir.
II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində bəraət hökmü çıxararkən iş üzrə sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, şahid ifadələrinə, yoxlama materiallarına, sənədlərə və ekspert rəylərinə düzgün hüquqi qiymət verməmişdir. Elmira Səfərova uşaq bağçasının müdiri işlədiyi dövrdə bağçada faktiki mövcud olmayan və ya davamiyyəti düzgün aparılmayan uşaqlar üzrə qruplar formalaşdırmış, bununla dövlət büdcəsindən qida və digər xərclər üzrə artıq vəsait ayrılmasına şərait yaratmışdır. Bundan əlavə, bir sıra şəxslərin bağçada formal işçi kimi rəsmiləşdirilməsi, faktiki işləmədikləri halda əməkhaqqı hesablanması, həmin şəxslərə məxsus əməkhaqqı kartlarının və pul vəsaitlərinin Elmira Səfərovanın nəzarətində olması barədə sübutların mövcud olduğu vurğulanmışdır. Apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almadan, sübutları birtərəfli qiymətləndirərək təqsirləndirilən şəxsin əməlində mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmə əlamətlərinin olub-olmamasını düzgün araşdırmamış, nəticədə Məhkum barəsində əsassız olaraq bəraət hökmü çıxarılmışdır. Protestdə xüsusilə vurğulanmışdır ki, ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə ittiham elan edilmiş, məhkəmə baxışı dövründə dövlət ittihamçısı ittihamın Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinə aid hissəsindən imtina edərək ittihamı yalnız Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 313-cü maddələrinə aid hissədə müdafiə etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrinə münasibətdə çıxarmış və bununla da prosessual pozuntuya yol vermişdir. Göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106) ***/**** nömrəli, 28 oktyabr 2025-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması xahiş edilmişdir.
12. Kassasiya protestinə dair etiraz daxil olmamışdır.
III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin yekun qərar qəbul edərkən iş üzrə sübutları Azərbaycan Respublikası CPM-nin 143–146-cı maddələrinin tələblərinə uyğun qiymətləndirmədiyi, nəticədə Məhkum barəsində əsassız olaraq bəraət hökmü çıxartdığı, habelə məhkəmə aktının tərtibində səhvə yol verdiyi iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.13-cü maddələrində məhkəmə aktının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi nəzərdə tutulmuş halla əlaqələndirilmişdir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106) ***/**** nömrəli, 28 oktyabr 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-
19. maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət nin 3-cü tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
23. Istinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası, əməldə cinayət tərkibi olmadığına görə Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə bəraət verilməsinin mübahisələndirilməsi üzrə dövlət ittihamçısının dəlillərini əsassız, məhkəmənin gəldiyi qənaətini isə düzgün hesab edir.
24. Belə ki, hazırda mübahisəsi edilən hökmündə Azərbaycan Respublikası Ali Məhkəməsinin baxılan iş üzrə əvvəl qəbul etdiyi qərarında təsviri verilən məsələləri tam həll edən apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə istintaqı aparmaqla Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli səkildə, hərtərəfli, tam və obyektiv araşdırmış, məhkəmə iclasında iştirak etmiş şəxslərin çıxışlarını dinləmiş, məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək hesab etmişdir ki, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri mövcud deyildir.
25. Hazırda baxılan kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanununun sübutların qiymətləndirilməsinə dair qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmasının və yekunda çıxarılmış məhkəmə aktının həmin normalarla müqayisəsindən görünür ki, protestdə qeyd edilənlərin əksinə olaraq apellyasiya instansiyası məhkəməsi həmin qaydaları pozmamış, baxış predmeti olan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, araşdırılmış sübutlara Azərbaycan Respublikası CPM-nin 145ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə əsaslandırılmışdır.
26. Ittihamın birinci epizodu üzrə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “Yasəmən” körpələr evi-uşaq bağçasında qrupların yaradılması, komplektləşdirilməsi və həmin qruplar üzrə pul vəsaitinin, yaxud ərzağın ayrılması Məhkum bilavasitə tutduğu vəzifənin səlahiyyətlərinə aid olmamışdır. Bu məsələlər uşaq bağçasının tabe olduğu yuxarı qurumun səlahiyyətində olan məsələlər kimi qiymətləndirilmiş, həmin xüsusatlar əsasında onun tərəfindən qulluq mövqeyindən istifadə edilməklə israf etmə yolu ilə talama törədilməsi barədə ittihamın mötəbər sübutlarla təsdiq olunmadığı nəticəsinə gəlinmişdir.
27. Məhkəmə kollegiyası kassasiya protestində təsvir edilən qrupların artıq komplektləşdirilməsi, uşaqlar üzrə ərzaq xərclərinin artıq hesablanması və bunun nəticəsində dövlət vəsaitinin israf edilməsi barədə dəlillərə münasibətdə qeyd edir ki, həmin hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni apellyasiya baxışı zamanı məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin əvvəlki qərarında müəyyən edilən hüquqi mövqeyə uyğun olaraq ətraflı tədqiq edilməklə yoxlanılmışdır. Nəticədə apellyasiya instansiyası məhkəməsi həmin epizod üzrə Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması barədə əsaslı qərar vermiş, “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli, 09 mart 1994-cü il tarixli Qərarına əsasən qida normasının qrupların sayına görə deyil, uşaqların yaşına və sayına görə tərtib edildiyindən, 110 nəfər uşağın müxtəlif yaş qruplarına uyğun olaraq qruplaşdırılması halında belə, işçilərin sayı və qidanın təmin olunması baxımından gündəlik bir uşaq gününə düşən ərzaq xərcinin dəyişmədiyi, uşaqların sayı və yaşına uyğun olaraq eyni qida normasının tətbiq edildiyi halda isə həmin hesablamanın dəyişməz xarakter daşıdığı nəzərə alınmaqla ittihamın qeyri-müəyyən olduğunu müəyyən etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi ittihamın digər epizodu, yəni istilik sisteminə xidmət edən fəhlə şahid3 iş vaxtının uçotu tabelində göstərilməsi və ona əməkhaqqının hesablanması ilə bağlı hallara da hüquqi qiymət vermişdir. Həmin epizod üzrə Məhkum ** nömrəli, 01 iyun 2020-ci il tarixli əmrlə 1 ştat istilik sisteminə xidmət edən fəhlə və 0,5 ştat santexnik vəzifələrinə təyin edilmiş şahid3 2022-ci ilin aprel, may və iyun aylarında faktiki işləmədiyi halda iş vaxtının uçotu tabelində işə çıxmış kimi göstərilməsi və onun adına 2022-ci ilin aprel ayı üçün 131,80 manat, may ayı üçün 263,60 manat, iyun ayı üçün 263,60 manat olmaqla, ümumilikdə 659 manat əməkhaqqının hesablanması ittiham edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq şahid3la bağlanmış əmək münasibətlərinin mövcud olmasını, onun əmək funksiyasının yalnız istilik sisteminə xidmətlə məhdudlaşmadığını, eyni zamanda uşaq bağçasına aid qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə fəhlə, o cümlədən çilingər-santexnik funksiyalarını da əhatə etdiyini, həmçinin yay aylarında da uşaq bağçasında isti su təminatına ehtiyac olduğunu müəyyən etmişdir. Bu baxımdan, Məhkum iş vaxtının uçotu tabelinə bilə-bilə yalan məlumatlar daxil etməsi, tamah və ya sair şəxsi niyyətlə hərəkət etməsi, dövlət vəsaitinin qanunsuz ödənilməsini təmin etməsi, bu yolla ona etibar edilmiş dövlət əmlakını qulluq mövqeyindən istifadə etməklə israf etməsi və ya vəzifə saxtakarlığı törətməsi barədə ittiham mötəbər sübutlarla təsdiq olunmamışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsinin həmin epizod üzrə Azərbaycan Respublikası CMnin 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrinin zəruri tərkib əlamətlərinin mövcud olmaması barədə gəldiyi nəticə əsaslı olmuşdur.
29. Kassasiya protestinin dövlət ittihamçısının məhkəmə baxışı dövründə şəxsə verilmiş ittihamın müəyyən hissəsindən imtina etməsinə baxmayaraq, məhkəmənin bəraət hökmünü ittiham aktında göstərilmiş bütün hissələr üzrə çıxarmasının prosessual pozuntu təşkil etməsinə dair hissəsinə münasibətdə məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsində bəraət hökmünün təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində təqsirli olmaması barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarı olduğu təsbit edilmişdir.
30. Qanunvericinin Cinayət-Prosessual Məcəlləsinin istinad edildiyi maddəsinin verdiyi təsvirindən görünür ki, həmin maddə bəraət hökmünün nəticə hissəsinin məzmununu müəyyən edən mühüm prosessual normalardan biridir, burada təqsirləndirilən şəxsin hansı ittiham üzrə bəraət almasının göstərilməsi tələb edilir. Lakin praktiki baxımdan mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri tam bəraət hökmü çıxarıldığı hallarda hökmün nəticə hissəsində hansı ittihamların göstərilməli olmasının müəyyən edilməsidir. Xüsusilə, şəxsin bir neçə cinayət-hüquqi norma üzrə təqsirləndirilərək məhkəməyə verildiyi, lakin məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamlardan biri üzrə ittihamdan bəraətverici əsas olmadan imtina etdiyi və həmin ittihamın məhkəmənin prosessual qərarla ittihamın həcmindən çıxarıldığı hallarda sual yaranır ki, sonradan çıxarılan bəraət hökmünün nəticə hissəsində yalnız məhkəmə baxışının sonunda qüvvədə qalmış ittihamlar, yoxsa şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi bütün ittihamlar göstərilməlidir.
31. Bu məsələnin həlli ilk növbədə bəraət hökmünün hüquqi mahiyyətinin düzgün müəyyən edilməsindən asılıdır. Cinayət-prosessual hüququnda bəraət hökmü sadəcə cəzanın tətbiq edilməməsi haqqında qərar deyil. O, dövlət adından verilən və şəxsin ona qarşı irəli sürülmüş ittihamlar üzrə məsuliyyət daşımadığını rəsmən təsbit edən yekun məhkəmə aktıdır. Bəraət hökmü ilə məhkəmə şəxsin cinayət törətmədiyini, əməlində cinayət tərkibinin olmadığını və ya onun təqsirinin sübuta yetirilmədiyini müəyyən edir və bununla da cinayət təqibinə bəraətlə yekun vurur. Məhz bu xüsusiyyət bəraət hökmünü digər prosessual qərarlardan fərqləndirir və onun nəticə hissəsinin məzmununun yalnız texniki deyil, həm də mühüm hüquqi nəticələr doğuran məsələ olduğunu göstərir. Məsələnin həlli zamanı cinayət prosesinin məqsəd və vəzifələrini müəyyən edən fundamental müddəalar da nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-
32. maddəsi cinayət prosesini həyata keçirən orqanların bu Məcəllə ilə müəyyən nin 22-ci edilmiş qaydada hər kəsin ona qarşı irəli sürülmüş ittihamla və ya barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri ilə əlaqədar ədalətli və açıq məhkəmə baxışının aparılmasını tələb etmək hüququnu təmin etməli olduqlarını müəyyən edir. Bu norma göstərir ki, cinayət prosesinin mərkəzində şəxsə qarşı irəli sürülmüş ittiham dayanır və həmin ittiham üzrə dövlətin yekun hüquqi mövqeyinin aydın şəkildə müəyyən edilməsi ədalətli məhkəmə araşdırmasının vacib elementidir. Şəxs müəyyən ittihamlar üzrə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin ittihamlar əsasında məhkəməyə verilmişdirsə, sonradan dövlət ittihamçısının onların bir hissəsindən imtina etməsi həmin ittihamların mövcud olmuş, şəxsin isə həmin ittihamlarla əlaqədar məhkəmə müdafiəsi hüququndan istifadə etmiş olmasını aradan qaldırmır. Buna görə də şəxsin məhkəməyə verildiyi bütün ittihamların taleyinin yekun məhkəmə aktında əks etdirilməsi ədalətli məhkəmə araşdırması hüququnun tam təmin olunmasının tərkib hissəsi kimi nəzərə alınmalıdır.
33. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinin məqsədi hökmün nəticə hissəsində şəxsin hansı ittihamlar üzrə bəraət aldığını aydın və birmənalı şəkildə göstərməkdən ibarətdir. Həmin normanın funksional təfsiri göstərir ki, qanunvericinin məqsədi şəxsin üzərində mövcud olmuş cinayət-hüquqi ittihamların hansı hissəsinin bəraətlə nəticələndiyini müəyyən etməkdir. Buna görə də tam bəraət hökmü çıxarıldığı hallarda hökmün nəticə hissəsində əks etdirilməli olan ittihamların dairəsinin yalnız məhkəmə baxışının sonunda qüvvədə qalmış ittihamlarla məhdudlaşdırılması Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinin məqsədinə tam uyğun hesab edilə bilməz. Əks təqdirdə, şəxsin faktiki olaraq cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi bəzi ittihamlar yekun məhkəmə aktında öz əksini tapmaya bilər ki, bu da həm hüquqi müəyyənlik baxımından, həm də bəraətin mahiyyəti nöqteyinəzərindən problemlər yaradar.
34. Ittihamdan bəraətverici əsas olmadan imtinanın prosessual nəticələrinin təhlili də bu nəticəni təsdiq edir. Dövlət ittihamçısının məhkəmə baxışı zamanı ittihamdan tam və ya qismən imtina etməsi həmin ittiham üzrə dövlət ittihamının artıq müdafiə edilmədiyini göstərir. Məhkəmə belə hallarda qanunun tələblərinə uyğun olaraq müvafiq prosessual qərar qəbul edir və ittihamın həmin hissəsini ittihamdan xaric etməklə faktiki olaraq baxış predmetindən çıxarır. Lakin bu prosessual nəticə şəxsin əvvəllər həmin ittiham üzrə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəməyə verilmiş olması faktını aradan qaldırmır. Şəxs həmin ittiham üzrə cinayət təqibinin subyekti olmuş, ona qarşı müvafiq cinayət əməlini törətməsi barədə ittiham irəli sürülmüş və həmin ittiham ona qarşı irəli sürülmüş ittiham aktında öz əksini tapmışdır. Sonradan həmin ittihamdan bəraətverici əsas olmadan imtina edilməsi həmin hüquqi faktı ləğv etmir, yalnız ittihamın sonrakı müdafiəsindən imtina edilməsinə səbəb olur.
35. Dövlət ittihamçısının məhkəmə baxışı zamanı ittihamdan imtinası əsasında məhkəmənin ittihamın müvafiq hissəsini ittihamın həcmindən çıxarması barədə qəbul etdiyi prosessual qərarın hüquqi təbiəti həmçinin nəzərə alınmalıdır. Məhkəmənin bu və ya digər qərar konkret prosessual məsələ üzrə qəbul etdiyi qərarı bilavasitə həmin məsələnin həllinə yönəlmiş olub, iş üzrə mahiyyəti üzrə yekun hüquqi nəticəni müəyyən etmir və şəxsin cinayət məsuliyyətinə dair dövlətin son hüquqi mövqeyini ifadə etmir. Belə qərar ittihamın müəyyən hissəsinin məhkəmə baxışının predmetindən çıxarılmasını nəzərdə tutsa da, həmin ittihamların ilkin olaraq irəli sürülməsi və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin faktiki həcmi ilə bağlı hüquqi vəziyyəti aradan qaldırmır. Buna görə də ittihamın prosessual qərarla baxış predmetindən çıxarılmış hissəsi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin həcminin tərkibindən çıxmış hesab edilə bilməz. Həmin ittihamlar şəxsin barəsində başlanılmış cinayət təqibinin faktiki tərkibinin elementi olaraq qalır və şəxsin cinayət-prosessual statusunun və ona qarşı irəli sürülmüş ittihamların tam həcm üzrə müəyyən edilməsi zamanı nəzərə alınmalıdır.
36. Cinayət-prosessual hüququ baxımından şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin həcmi ona qarşı irəli sürülmüş ittiham aktı ilə müəyyən olunur. Məhz ittiham aktı şəxsin hansı cinayət qanunu normalarını pozmaqda təqsirləndirildiyini və hansı ittihamlarla məhkəməyə verildiyini müəyyən edən əsas prosessual sənəddir. Sonrakı mərhələlərdə ittihamın dəyişdirilməsi, onun həcmində azaldılma və ya müəyyən hissəsindən imtina edilməsi mümkündür. Lakin bu hallar şəxsin ilkin olaraq hansı ittihamlar üzrə cinayət təqibinə məruz qaldığını dəyişdirmir. Bu səbəbdən tam bəraət hökmü çıxarıldıqda bəraətin əhatə dairəsi müəyyən edilərkən yalnız yekun mərhələdə qalan ittihamlar deyil, şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi bütün ittihamlar əsas götürülür.
37. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinin sistemli təfsiri də belə nəticəyə gətirir. Cinayət prosesi bütövlükdə hüquqi müəyyənlik prinsipinə əsaslanır. Bu prinsip tələb edir ki, məhkəmə qərarları şəxsin hüquqi vəziyyətini tam, aydın və birmənalı şəkildə müəyyən etsin. Əgər şəxs bir neçə maddə üzrə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin yekun bəraət hökmünün nəticə hissəsində yalnız məhkəmə baxışının sonunda qalmış ittihamlar göstərilmiş olsa, onda ona qarşı irəli sürülmüş digər ittihamların taleyi barədə qeyri-müəyyənlik yarana bilər. Halbuki yekun məhkəmə aktı şəxsin bütün cinayət-hüquqi vəziyyətinə dair dövlətin son mövqeyini ifadə etməlidir.
38. Bəraət hökmünün reabilitasiya funksiyası da məsələnin həllində xüsusi əhəmiyyət daşıyır. Reabilitasiya yalnız şəxsin cəzadan azad olunması ilə məhdudlaşmır, eyni zamanda dövlət tərəfindən onun barəsində irəli sürülmüş ittihamların əsassızlığının və ya sübuta yetirilməməsinin rəsmi qaydada təsdiqini ifadə edir. Bu baxımdan bəraət hökmü şəxsin nüfuzunun, hüquqlarının və hüquqi statusunun bərpasına xidmət edən mühüm hüquqi vasitədir. Reabilitasiya funksiyasının tam həyata keçirilməsi üçün şəxsin hansı ittihamlar üzrə cinayət təqibinə məruz qaldığı və həmin ittihamların hamısı üzrə bəraət aldığı hökmün nəticə hissəsindən aydın görünməlidir. Əks yanaşma, yəni bəraət hökmünün nəticə hissəsində yalnız məhkəmə baxışının sonunda qüvvədə qalmış ittihamların göstərilməsi şəxsin əvvəllər məruz qaldığı cinayət təqibinin həcmini tam əks etdirməz. Nəticədə şəxsə qarşı hansı ittihamların irəli sürüldüyü və onların hamısının hansı hüquqi nəticə ilə yekunlaşdığı barədə qeyrimüəyyənlik
39. yarana bilər. Halbuki həm hüquqi müəyyənlik prinsipi, həm də ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas olmuş bütün ittihamlar üzrə dövlətin yekun qiymətləndirməsi məhkəmə hökmündən aydın görünsün.
40. Qeyd olunan nəticə hüququn tarixi inkişafında və müasir kontinental hüquq sistemlərinin nəzəri əsaslarında öz əsasını tapır. Roma hüququnda formalaşmış res iudicata pro veritate accipitur (“məhkəmə tərəfindən qəti həll edilmiş məsələ həqiqət kimi qəbul edilir”) prinsipi qanuni qüvvəyə minmiş məhkəmə aktının hüquqi münasibətlərə qəti müəyyənlik gətirməsi tələbini ifadə edir. Eyni zamanda, interest rei publicae ut sit finis litium (“ictimai maraq tələb edir ki, hüquqi mübahisələrə son qoyulsun”) prinsipi hüquqi mübahisələrin qəti həllinin təmin edilməsinin və hüquqi qeyri-müəyyənliyə yol verilməməsinin ictimai maraq baxımından mühüm əhəmiyyət kəsb etdiyini təsbit edir. Bu prinsiplər sonrakı dövrlərdə kontinental hüquq sistemlərində hüquqi müəyyənlik prinsipinin nəzəri əsaslarının formalaşmasına təsir göstərmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi bütün ittihamların hüquqi taleyinin yekun məhkəmə aktında əks etdirilməsi də həmin məqsədə xidmət edir. Əks halda, şəxsə qarşı irəli sürülmüş bəzi ittihamların yekun hüquqi qiymətləndirilməsi hökmün nəticə hissəsində öz əksini tapmır ki, bu da hüquqi müəyyənlik prinsipinin tam həyata keçirilməsi ilə uzlaşmır.
41. Bu yanaşma həmçinin Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda hüquqi müəyyənlik və cinayət prosesində yekun məhkəmə qiymətləndirməsinin qəti xarakteri ilə bağlı mövqedə öz ifadəsini tapır. Avropa Məhkəməsi vurğulamışdır ki, cinayət prosesi nəticəsində qəbul edilən məhkəmə aktları şəxsin cinayət məsuliyyəti ilə bağlı hüquqi vəziyyətə aydın və qəti qiymət verməli, hüquqi qeyri-müəyyənliyə yol verməməlidir (Minelli Isveçrəyə qarşı, № ****/**, §§ 30–32, 25 mart 1983). Bu mövqe göstərir ki, cinayət təqibinin yekun nəticəsi olan bəraət və ya bəraət xarakterli qərar şəxsin hüquqi statusunu tam şəkildə müəyyən edən yekun hüquqi qiymətləndirmə aktı kimi çıxış etməlidir. Daha sonra qəbul etdiyi qərarlarında Avropa Məhkəməsi həmin mövqeni inkişaf etdirərək, bəraət hökmünün hüquqi status kimi qəti xarakter daşıdığını və onun sonradan verilən hüquqi qiymətləndirmələrlə ziddiyyət təşkil etməməli olduğunu vurğulamışdır (Allen Birləşmiş Krallığa qarşı [BP], № 25424/09, §§ 94–104, 12 iyul 2013-cü il).
42. Əgər şəxs Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə məhkəməyə verilmişdirsə və nəticədə onun barəsində tam bəraət hökmü çıxarılmışdırsa, həmin şəxsin hüquqi vəziyyətinin tam və düzgün təsviri yalnız bütün ittihamların hökmün nəticə hissəsində göstərilməsi ilə mümkündür. Əks yanaşma reabilitasiya institutunun mahiyyətini zəiflədir, belə ki, şəxsin barəsində irəli sürülmüş ittihamların bir hissəsi yekun bəraət hökmündə əks etdirilmədikdə, onun barəsində aparılmış cinayət təqibinin tam həcmi hüquqi baxımdan natamam şəkildə ifadə olunur. Halbuki həmin ittihamlar üzrə də şəxs cinayət təqibinə məruz qalmış, müdafiə hüququndan istifadə etmiş və məhkəmə prosesinin iştirakçısı olmuşdur.
43. Bundan əlavə, bəraət hökmünün nəticə hissəsində şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi bütün ittihamların göstərilməsi gələcəkdə həmin ittihamlarla bağlı hər hansı hüquqi mübahisələrin və ya qeyri-müəyyənliyin qarşısını alır. Belə yanaşma məhkəmə aktının aydınlığını artırır, onun hüquqi nəticələrini tam şəkildə müəyyən edir və dövlətin şəxsin hüquqi vəziyyəti barədə yekun mövqeyini birmənalı şəkildə ifadə edir. Bu isə həm hüquqi müəyyənlik prinsipinə, həm də məhkəmə aktlarının hüquqi strukturuna uyğun gəlir.
44. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinin məqsədi, bəraət hökmünün hüquqi mahiyyəti, ittihamdan imtinanın prosessual nəticələri, prosessual qərarların hüquqi təsiri, cinayət məsuliyyətinə cəlb edilmənin həcmi və əhatə dairəsi, hüquqi müəyyənlik prinsipi və reabilitasiya institutunun mahiyyəti sistemli şəkildə təhlil edildikdə belə nəticəyə gəlmək olar ki, bəraət hökmünün nəticə hissəsində göstərilməli olan ittihamların dairəsi yalnız məhkəmə baxışının sonunda qüvvədə qalmış ittihamlarla məhdudlaşdırıla bilməz. Şəxs cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi bütün ittihamlar üzrə yekun bəraət hökmü ilə bəraət almışdırsa, həmin ittihamların hamısı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri bəraət hökmünün nəticə hissəsində göstərilməlidir. Yalnız məhkəmə baxışının nəticəsində qüvvədə saxlanılmış ittihamlarla məhdudlaşmaq Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinin məqsədinə, bəraət hökmünün hüquqi mahiyyətinə və onun reabilitasiya funksiyasına uyğun deyildir.
45. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlində Azərbaycan Respublikası CMnin 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmaması səbəbindən ona bəraət verilməsi barədə gəldiyi qənaəti ilə razılaşır və hesab edir ki, hazırda mübahisələndirilən hökm maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq qəbul edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd edilənləri kassasiya protestinin əsassız olmasına dəlalət edən hallar kimi qəbul edir və hesab edir ki, baxılan kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri aşkar edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir.
47. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, yuxarıda təsvir edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106) ***/**** nömrəli, 28 oktyabr 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106) ***/**** nömrəli, 28 oktyabr 2025-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.