Məhkəmə qərarları › İş №1(1-8)-77/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-77/2026

17.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-77/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Ilqar Xanlar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1, Bəraət almış şəxs – Bəraət almış şəxs, Müdafiəçi - Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1986-cı il tarixdə Ucar rayonu Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla yaşamış, Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ####### tarixli *(***)-***/**** nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Hökmdən birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ####### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər Z.Tahirov (sədrlik edən və məruzəçi), İ.Şükürov və X.Səmədov) apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ####### tarixli *(***)- ***/**** nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. Işin halları: Belə ki, ittihama əsasən Bəraət almış şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 12,525 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Ucar rayonu, Qazıqumlaq kəndinə daşımış, daxil olmuş məlumat əsasında Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ## ##### 2024-cü il tarixdə saat 12:05-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Ucar RPŞ-nin inzibati binasına gətirilib həmin tarixdə saat 13:40-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,058 qram və 6,467 qram olmaqla külli miqdarda təmiz çəkisi 12,525 qram çəkidə eyni tərkibli, ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi cinayət təqibi orqanı tərəfindən Bəraət almış şəxs qarşı irəli sürülmüş ittiham ilə razılaşmamış, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında yekun qənaətə gəlib, buna müvafiq olaraq Cinayət Prosessual Məcəllənin 42.1.4-cü maddəsində göstərilən əsasla ona bəraət vermiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun normalarının, o cümlədən 143-146-cı maddələrinin tələbləri pozulmuş, iş üzrə toplanmış, birinci instansiya məhkəməsində araşdırılmış sübutlar Bəraət almış şəxs irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi üçün kifayət etdiyi halda, məhkəmə əsassız olaraq – Bəraət almış şəxs özünümüdafiə xarakterli ifadələrinə əsaslanmaqla onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib ona həmin əsasla bəraət vermişdir. Belə deməyə əsas verən isə cinayət işinin ibtidai istintaqı zamanı toplanmış, həm təqsirləndirilən, həm də onun müdafiəçisi tərəfindən etiraz və qeyd daxil edilmədən imzalanmış müvafiq ilkin sənədlərdir ki, həmin sənədlərin məzmunu ilə tanış olduqda aydın olur ki, istintaq orqanı tərəfindən Bəraət almış şəxs barəsində məlumatın daxil olmasından başlayaraq ibtidai istintaqın gedişatında prosessual qanunvericiliyin tələblərinə tam əməl olunmuş, Bəraət almış şəxs azadlığı faktiki məhdudlaşdırıldığı andan onun qanunvericilikdə nəzərdə tutulan bütün hüquqları təmin edilmişdir. Hazırki işin konkret hallarına gəldikdə qeyd olunmalıdır ki, Bəraət almış şəxs şəxsi axtarışının keçirilməsinə dair istintaq hərəkəti, həmin istintaq hərəkəti zamanı bildirdikləri, habelə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərdikləri onun tərəfindən CM-in 234.4.3-сü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini birbaşa təsdiq etmiş, məhkəmə istintaqında Bəraət almış şəxs işin faktiki hallarına uyğun olan həmin ifadələrində göstərdiklərini təkzib edən yeni sübut müəyyən edilməmiş və tədqiq edilməmişdir. Bəraət almış şəxs birinci instansiya məhkəməsində polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığına görə ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyini bildirsə də, bununla bağlı hər hansı orqana şikayət etməmiş, barəsində həbs qətimkan tədbiri seçilərkən üzərindən aşkar edilən metamfetamini tapıb üzərində saxladığını bildirmişdir. Qeyd olunmalıdır ki, haqqında bəhs olunan istintaq hərəkəti başlamazdan əvvəl də müdafiəçisinin iştirakı ilə videoçəkilişlə Bəraət almış şəxs CPM-də nəzərdə tutulan hüquqları izah edilmişdir ki, bu da protokolda öz əksini tapmışdır. Şəxsin həmin, xüsusən vəsatətlər vermək, etirazlar etmək hüquqlarından hər hansı kənar təsir və təzyiq olmadan istifadə etməməsi sonradan məhkəmə istintaqında guya ibtidai istintaq zamanı pis rəftara, fiziki və psixi zora məruz qalması, bu səbəbdən hüquqlarından istifadə etmək imkanının olmaması kimi heç bir əsası olmayan nəticənin ortaya çıxmasına səbəb olmamalı, mövcud sübutları təhlil etməklə iş üzrə yekun nəticəyə gələn məhkəmə iş materialları ilə təqsirləndirilən şəxsin bütün hüquqlarının təmin edilməsinin müəyyən edilməsini diqqətdən kənar saxlamamalıdır. Müdafiə tərəfinin vəsatəti ilə dindirilən şahidlər ibtidai istintaq zamanı dindirilmələri ilə bağlı təşəbbüs göstərməmişlər, həmin şahidlər Bəraət almış şəxs yaxın şəxslər olduqlarına görə onun xeyrinə ifadələr vermişlər. Bundan başqa nəzərə alınmalıdır ki, Bəraət almış şəxs barəsində keçirilən əməliyyataxtarış tədbirinin məhkəmə nəzarəti altında aparılması sonda həmin tədbirin nəticələrinin cinayət prosessual qaydada sübut kimi istifadəsinə əsas verir. Ucar Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Bəraət almış şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair ##.##.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. Odur ki, dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025ci il # ####### tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in tələblərinin pozulması ilə əsassız və qanunsuz olaraq Bəraət almış şəxs bəraət verildiyini, məhkəmələr tərəfindən sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini, nəticədə bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyini iddia edərək, kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası verilmiş kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ####### tarixli *(***)-***/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPMin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, birinci və apellyasiya instansiyasında məhkəmə baxışının, çıxarılmış bəraət hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış, baxılan cinayət işi üzrə məhkəmə baxışları qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Xüsusi ilə nəzərə alınmalıdır ki, ittiham tərəfinin Bəraət almış şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraətin verilməsinin mübahisələndirilməsi üzrə dəlilləri (hazırkı kassasiya protesti ilə eyni olan) onun barəsində verilmiş apellyasiya protestinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən bəraət almış şəxsin və onun saxlanılması anını bilavasitə görmüş şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Bəraət almış şəxs külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımasının sübuta yetirilməməsi əsası ilə ona CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verməsi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protesti ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutların Bəraət almış şəxs ona istinad edilən CM-in 234.4.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, beləliklə onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi yuxarıda qeyd edilən CPM-in prinsip və normalarının, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir, kollegiya isə apellyasiya məhkəməsinin gəldiyi bu nəticələrlə razılaşır. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin *** saylı, ## ###### 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № *****/**, § 45, # ##### 2020-ci il). Məhkəmə kollegiyası Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyindən çıxış edərək belə qənaətə gəlir ki, apellyasiya protesti ilə eynilik təşkil edən kassasiya protestində göstərilən dəlillərə, eləcə də Bəraət almış şəxs saxlanılması ilə əlaqədar yol verilmiş qanun pozuntularına apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib ittiham tərəfinin iddiaları ilə müqayisə edilməklə tam, hərtərəfli və obyektiv qiymət verildiyindən və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında verilən dəyərləndirmə ilə razılaşdığından, hazırkı kassasiya müraciətində irəli sürülmüş dəlillərə geniş şərh verilməsinə lüzum yoxdur. Bununla belə, kassasiya protestinin dəlilləri ilə əlaqədar bəzi məqamların qeyd edilməsi zəruridir. Belə ki, kassasiya protestində Bəraət almış şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanıldığı əsas gətirilərək, həmin tədbirin nəticələrinin cinayət prosessual qaydada sübut kimi istifadəsinə əsas verdiyi iddia edilmişdir. Dövlət ittihamçısının kassasiya protestində mübahisləndirdiyi həmin məsələ ilə bağlı qeyd edilməlidir ki, cinayət mühakimə icraatı və məhkəmə nəzarəti icraatı müstəqil icraat növləri kimi çıxış edərək, tərəflərin və sübut etmə predmetlərinin fərqli olması ilə səciyyələnir. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarəti nəticəsində qəbul olunan qərar digər cinayət işi və ya cinayət təqibi ilə bağlı material üzrə ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Həmin qərar yalnız eyni hallar üzrə təkrarən məhkəmə nəzarətinin həyata keçirilməsini istisna edir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu da öz hüquqi mövqeyini “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” 2022-ci il ## ###### tarixli Qərarında ifadə etmişdir. Bundan başqa, Bəraət almış şəxs şəxsi axtarışının keçirilməsinə dair istintaq hərəkəti zamanı bildirdikləri, habelə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərdikləri, eləcə də barəsində həbs qətimkan tədbiri seçilərkən verdiyi məlumatlar onun tərəfindən CM-in 234.4.3-сü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini birbaşa təsdiq etməsi, məhkəmə istintaqında Bəraət almış şəxs işin faktiki hallarına uyğun olan həmin ifadələrində göstərdiklərini təkzib edən yeni sübutların müəyyən edilməməsi ilə bağlı protestin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən Rahil Məmmədov, Mənsur Abışov, şahid3 və Ruslan Baxşıyev ifadə verərək Bəraət almış şəxs ifadəsində ona qarşı tətbiq edilmiş zorakılıqla bağlı göstərmiş olduğu halları tam şəkildə təsdiq etmişlər. Belə ki, Rahil Məmmədov, Mənsur Abışov, şahid3 və Ruslan Baxşıyev ifadələrində Bəraət almış şəxs onların yanında saxlanılmasını və saxlanılarkən ona zor tətbiq edilməsini, Bəraət almış şəxs mağazanın qapısını qoruyan dəmirlərdən yapışmasını, həmin şəxslərin Bəraət almış şəxs qollarına vurmasını, sonra nəqliyyat vasitəsinə mindirib apardıqlarını bildirmişlər. Həmin şəxslərin Bəraət almış şəxs saxlanıldığı ərazidə olması birinci instansiya məhkəməsi tərəfindən anten məlumatları əsasında yoxlanılmış və milli mobil operatorları tərəfindən verilən məlumatlarla bu hal öz təsdiqini tapmışdır. Həmçinin şahidlər Rahil Məmmədov, Mənsur Abışov, şahid3 və Ruslan Baxşıyev faktiki olaraq Bəraət almış şəxsla eyni məzmunda ifadə verdiklərindən, ifadələrində Bəraət almış şəxs saxlanılması və sonrakı hadisələri xronoloji ardıcıllıqla dəqiqliklə təsvir etdiklərindən, məhkəmə haqlı olaraq şahidlər Rahil Məmmədovun, Mənsur Abışovun, şahid3 və Ruslan Baxşıyevin vermiş olduqları ifadələrini mötəbər məlumat kimi qəbul etmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı müdafiə tərəfi iddia etmişdir ki, Bəraət almış şəxs polis əməkdaşları tərəfindən tutulduqdan sonra ona qarşı təzyiqlər edilmiş və onu döymüşlər. Döyülmə nəticəsində o müxtəlif bədən xəsarətləri almışdır. Bəraət almış şəxs ibtidai istintaq zamanı ilkin etirafedici izahat və ifadələrini fiziki zorakılığın təsiri altında vermişdir. Məhkəmələr tərəfindən tədqiq edilmiş Bəraət almış şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin məzmunundan görünür ki, həmin ifadələr məzmununda olan texniki səhvlər ilə birlikdə sözbəsöz eyni məzmunlu tərtib edilmişdir. Bundan əlavə, işin hallarından görünür ki, Bəraət almış şəxs polis əməkdaşları tərəfindən tutularkən və Ucar Rayon Polis Şöbəsinə aparılarkən onun bədəni üzərində hər hansı xəsarətin olması ilə bağlı mötəbər dəlillər mövcud olmamış, yalnız sonradan onun bədəninin müxtəlif yerlərində xəsarətlərin olması müəyyən edilmişdir. Bəraət almış şəxs istintaq təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlərin müəyyən edilməsinə dair tibbi kitabçadakı məlumatlar, həmçinin onun bədənində xəsarətlərin olmasını müəyyən edən məhkəmə-tibbi ekspertizasının rəyi, Bəraət almış şəxs ibtidai istintaq zamanı cinayət işi üzrə verdiyi etirafedici izahat və ifadələrinin, o cümlədən şahid qismində dindirilən polis əməkdaşlarının ifadələrinin məhkəmələr tərəfindən haqlı olaraq şübhə altına alınmasına səbəb olmuşdur. Həmçinin, Bəraət almış şəxs fiziki zorakılığa məruz qalması ilə əlaqədar məlumat əsasında səlahiyyətli orqan tərəfindən araşdırma aparılan zaman keçirilən məhkəmə-tibbi ekspertizasının rəyində də Bəraət almış şəxs bədəni üzərində xəsarətlərin olması inkar edilməmiş, lakin səlahiyyətli orqan həmin xəsarətlərin ona kim tərəfindən, nə vaxt yetirilməsi barədə ətraflı araşdırma aparmamışdır. Müraciət əsasında araşdırma aparan orqan tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərar ilə gəlinən nəticə isə kifayət qədər əsaslandırılmamış, obyektiv müşahidəçidə şübhə yaratmayan səviyyədə inandırıcı olmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin təqdim olunmuş sübutların Bəraət almış şəxs ona istinad edilən cinayət əməllərini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının, protestin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bəraət almış şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ####### tarixli *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Bəraət almış şəxs barəsində olan 2025-ci il # ####### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar