Məhkəmə qərarları › İş №1(1-8)-78/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-78/2026

30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-78/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkum Məhkum iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-205/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi I. Işin halları

1. Məhkum Məhkum ## ###### 1985-ci il ta-rixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 3 ünvanında yaşayır.

2. 14 fevral 2025-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. 25 fevral 2025-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 03 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində sərxoş halda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olarkən atası şahid3rza Məhəmmədnəbi oğlunun əvvəlcədən dəvəti əsasında Şamaxı rayonundan gəlmiş yeznəsi Zərərçəkmiş şəxs ona spirtli içki qəbul etməsinə görə ailə üzvləri ilə münaqişə yaradıb oğlu şahid3 danlayıb irad bildirməsi ilə bağlı tənbeh edərək üzərinə gəlib onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yaxınlığında dayanıqlı vəziyyətdə olan “Mercedes” markalı avtomobilinin salonundan götürdüyü xırda buynuzlu heyvanların tüklərinin təmizlənməsi üçün nəzərdə tutulan və dilimləri bir-birindən aralanmış vəziyyətdə olan “qırxılıq” adlanan qayçı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinin sağ yan hissəsinə bir dəfə zərbə vuraraq sonuncuya qarın boşluğuna nüfuz edən nazik bağırsaq divarının deşilib-kəsilmiş 2 (iki) ədəd yaraları, nazik bağırsaq müsaqirəsinin zədələnməsi, daxili qanaxma, qarnın xarici köndələn daxili çəp əzələlərinin, periton arxası toxumaların zədələnməsi ilə nəticələnən kəskin nazik bağırsaq keçməməzliyinə səbəb olan kəsilmiş-deşilmiş

12. yaraları ilə müşayiət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur.

5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-151/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 02 (iki) il müddətə sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmiş, həmçinin üzərinə vəzifələr qoyulmuş və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün cinayət qanunu normasının düzgün tətbiq edilməklə və Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-205/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)- 151/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir.

II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya protestinin dəlilləri apellyasiya protestinin dəlilləri ilə eynidir, dövlət ittihamçısı onları təkrarlayaraq qeyd etmişdir ki, məhkəmələrin Məhkum təyin etdikləri cəza ilə sosial ədalət bərpa olunmamış, şərti hesab edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm Məhkum, həm də başqa şəxslər tərəfindən həyat və sağlamlıq əleyhinə olan cinayətlərin törədilməsinin qarşısının alınması məqsədinin təmin olunmasına xidmət etməmişdir. Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilməsinin cinayət qanunu normasının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməsi göstərilməklə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-205/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul olunması xahiş edilir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər 11.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 14.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasını mübahisələndirməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir. 16.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-205/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 17.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).

19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 20.Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 22.Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 24.Müvafiq olaraq, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı). 25.Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir.

26. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

27. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsi).

28. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası CM-nin 61.1ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.

29. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. 30.Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir.

31. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya protestinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, bu dəlillərin əsassız olduğu müəyyən olunur.

32. Belə ki, baxılan işdə birinci instansiya məhkəməsi məhkum Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən hal olaraq yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində üç azyaşlı olmaqla beş uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, özünü təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, habelə ağırlaşdıran halın olmamasını nəzərə almış, onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin olunmuş cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab etmişdir. 33.Daha sonra baxılan kassasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən apellyasiya protestinin dəlilləri üzrə araşdırma aparan apellyasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunmuş cəzanı yüngülləşdirən halların məcmusunu, eləcə də əlavə olaraq Məhkum atasının onkoloji xəstəlikdən, anasının isə şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi ilə təyin olunmuş cəzanın sınaq müddəti ilə şərti hesab edilməsinin mümkünlüyü barədə gəldiyi qənaətini əsaslı hesab etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 70-ci maddələrinin tələb və məqsədlərinə riayət etmişdir. 34.Göründüyü kimi, Birinci və apellyasiya instansiyası məhkəmələrinin şərti məhkum etmənin tətbiqini mümkün edən faktiki əsaslar qismində nəzərə aldıqları Məhkum şəxsiyyətini səciyyələndirən və onun cəzasını yüngülləşdirən hallar Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq yolverilənliyi təkzib edilməyən mötəbər sübutlar əsasında müəyyən edilmişdir.

35. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsi cinayət qanununda birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verdiyindən, apellyasiya instansiyası məhkəməsinin yuxarıda sadalanan halları Məhkum cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməsi əsassız və qanunsuz nəticə kimi qiymətləndirilə bilməz.

36. Qeyd olunan səbəblərdən dövlət ittihamçısının Məhkum azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsinin əsassız olması və Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 70-ci maddələrinin tələblərinə cavab verməməsi (məhkəmənin Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi) barədə iddiası da əsaslı sayıla bilməz. 37.Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(107)-205/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(107)-205/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar