Məhkəmə qərarları › İş №1(1-8)-81/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-81/2026

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-81/2026 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X4 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## ###### 1996-cı ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Laçın rayonu, Arduşlu kəndində qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzanın başlanğıcının 2024-cü il ## ##### tarixdən hesablanması, ona narkomaniyadan məcburi müalicə təyin edilərək, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X9 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə) 2025-ci il # ###### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən, Məhkum naməlum şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd qara rəngli sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 28,975 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd qara rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 8,04 qram narkotik vasitə heroin və 1 ədəd göy rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 10,137 qram psixotrop maddə metamfetamini ünvan 1 ünvanının qarşısında əldə edib üzərində qanunsuz saxlayıb daşımış, onun qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Yasamal Rayon Polis Idarəsinin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum ## ##### 2024-cü il tarixdə, saat 02:30-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Yasamal RPI nə gətirilmiş, orada xidməti otaqların birində həmin gün saat 03:55-də üzərinə şəxsi axtarış keçirilərkən, üzərində olan idman gödəkçəsinin sol yan cibindən 1 ədəd qara rəngli selofan bağlamanın içərisindən 1 ədəd qara rəngli sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 28,975 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsullar hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd qara rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 8,04 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd göy rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 10,137 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞI: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hər iki məhkəmə ona cəza təyin edərkən yüngülləşdirici halları, atasının 1-ci Qarabağ Muharibəsi qazısı olmasını, anasının qaçqın olmasını, hər iki valideyninin onun himayəsində olmalarını, ailəli olmasını, himayəsində 1 azyaşlı övladının olmasını və xəstəlikdən əziyyət çəkməsini nəzərə almamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində cəzasını yüngülləşdirən halların nəzərə alınmamasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, onun əməlinin ictimai təhlükəliliyi nəzərə alınmaqla təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı ədalətli cəza kimi qiymətləndirir və hesab edir ki, təyin edilmiş cəzanın müddətinin azaldılması, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi, eləcə də onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *(***)-****/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-***/**** nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar