Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-83/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1 iştirakı ilə, ##.##.1992-ci il tarixdə Kəlbəcər rayonu Xoləzək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ali təhsilli, “xxxx” MMC-də baş mühəndis işləmiş, evli, Kəlbəcər rayonu Xoləzək kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ####### tarixli *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər S.A.Məmmədzadə (sədrlik edən), Ə.İ.Məmmədov və A.Ə.Məcidov) Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər Z.V.Ibrahimov (sədrlik edən), Q.X.Babayev və M.A.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ####### tarixli *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- ***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 10,678 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ## ###### 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində Pirallahı-Qala şossesinin kənarında yerləşən “Nihat” marketlə paralel yolun əks istiqamətinə kimi daşımış, həmin gün orada saat 18:30-da piyada hərəkətdə olub yolu əks istiqamətdə keçmək istərkən Xəzər rayon PŞ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanda yerləşən 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin gün saat 19:15-də Xəzər rayon PI-nin 1-ci Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə baxış keçirilib şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli şalvarının sağ yan cibində satış məqsədi ilə saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 10,678 qram olan həmin kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin Məhkum aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə, təqsirləndirilən şəxs Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, təqsirləndirilən şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməmiş, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla təqsirləndirilən şəxsin CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum əsassız olaraq CM-in 234.1- 1-ci maddəsi ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Belə ki, istintaq sənədlərinə əsasən Məhkum saxlanıldıqdan 45 dəqiqə sonra şəxsi axtarışa məruz qalıb və bu müddət ərzində polisin nəzarətində olmuş və əllərinə qandal vurulmamışdır. Həmçinin iş materiallarına əsasən Məhkum avtomobilində və evində axtarış keçirilməmiş, o cümlədən guya narkotik vasitəni aşkar etdiyi yerə baxış keçirilməmişdir. Məhkum narkomaniya xəstəliyi aşkar olunmamışdır. Polis əməkdaşları olan şahidlərin ifadələri eyni məzmunlu yazılmışdır. Məhkum polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal ailəsinə məlumat verilməmiş, tutulduqdan sonra psixoloji təzyiqlərə məruz qaldığına görə törətmədiyi cinayəti boynuna götürməyə məcbur qalmışdır. Ona müdafiəçi təyin edilsə də, vəkil onun müdafiəsini həyata keçirməmişdir. Lakin qeyd olunan hallar məhkəmələr tərəfindən araşdırılmamışdır. Beləliklə, müdafiəçi kassasiya şikayətində göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Məhkum barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ona bəraət verilməsi barədə kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143— 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası, müdafiə tərəfinin məhkum Məhkum CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsinə dair dəlillərini əsassız hesab edir. Belə ki, kassasiya şikayətindən görünür ki, müdafiə tərəfi Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hər hansı bir cinayət əməlini törətmədiyini iddia etməklə, CMin 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiə tərəfi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayətprosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, Məhkum təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hökmün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, iş üzrə müəyyən edilmiş faktlara əsaslanmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə məhkəmə kollegiyasının qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan eyni dəlillər məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və məhkəmə həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, CM-in 234.1-1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə məhkumun təqsirliliyi barədə yekun nəticələr işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən psixotrop maddənin müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı məhkumun üzərindən götürülməsi və həmin vaxt məhkumun aşkar olunan psixotrop maddənin özünə məxsus olduğunu etiraf etməsi, polis əməkdaşları tərəfindən ona qarşı işgəncə və ya sair zorakılığın, hər hansı formada qanunsuz təsir etmənin tətbiq edilmədiyini bildirməsinə dair izahatı, məhkumdan götürülmüş predmetin təmiz çəkisi 10,678 qram təşkil edən psixotrop maddə metamfetamin olması barədə məhkəmə-kimyəvi ekspertizasının rəyi, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Müdafiəçi kassasiya şikayətində Məhkum polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra psixoloji təzyiq və təsirə məruz qaldığını iddia etsə də, bu əsassız olmaqla iş materialları ilə təkzib edilmiş, müdafiə tərəfi məhkumun polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin, məhkum və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də psixoloji təsir göstərilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Bütün bunlar isə psixotrop maddənin məhkumun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, psixoloji təsir və təzyiq göstərilməklə etirafedici izahat verməyə məcbur edilməsi barədə kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkuma cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, məhkumun şəxsiyyətindən, o cümlədən cəzanı yüngülləşdirən hallar kimi əvvəllər məhkum edilməməsindən, himayəsində iki azyaşlı uşaqlarının olmasından, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən çıxış edib məhkuma təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsi ilə ən aşağı həddə, yəni 3 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, CM-in 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Məhkumun barəsində CM-in 62 və ya 70-ci maddələrinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar müəyyən edilməmişdir. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2025-ci il # ###### tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1- ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-83/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-83/2026
17.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver