Məhkəmə qərarları › İş №1(1-8)-84/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-84/2026

02.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-84/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2416/2025 nömrəli, 23 dekabr 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. Məhkum Məhkum ## ###### 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, x daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Adil Musayev küçəsi, döngə 7, ev 3 ünvanında yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1462/2025 nömrəli, 21 iyul 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 31 oktyabr 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

3. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti 17 sentyabr 2025-ci il tarixdə, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti isə 30 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1462/2025 nömrəli, 03 noyabr 2025-ci il tarixli qərarı ilə məhkum Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir.

5. Qərardan Məhkum apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2416/2025 nömrəli, 23 dekabr 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1462/2025 nömrəli, 03 noyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Məhkum kassasiya şikayətində qanunu bilməməyi, savadsız olması və psixoloji sarsıntı keçirtməyi ilə bağlı apellyasiya şikayəti verilməsi müddətini ötürdüyünü əsas gətirərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2416/2025 nömrəli, 23 dekabr 2025-ci il tarixli qərarının ləğv olunmasını, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş edir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.

11. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.

12. Cinayət-prosessual qanunvericiliyin istinad edilən tələblərini nəzərə almaqla cinayət işinin materiallarını təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1462/2025 nömrəli, 21 iyul 2025-ci il tarixli hökmü məhkum Məhkum və müdafiəçisinin iştirakı ilə apellyasiya şikayəti vermək hüququ və qaydası da izah edilməklə elan edilmiş, hökmün surəti 23 iyul 2025-ci il tarixdə Məhkum saxlanıldığı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin müvəqqəti saxlama yeri və Istintaq Təcridxanasına göndərilmiş, 04 avqust 2025-ci il tarixdə məhkum tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir.

13. Bununla belə, məhkum Məhkum birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətini 04 sentyabr 2025-ci il tarixdə saxlanıldığı Azərbaycan Respublikası Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsindən (Kompleksindən) Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmiş, həmin şikayət 17 sentyabr 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1983/2025 nömrəli, 10 oktyabr 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2025-ci il tarixli hökmündən qanunla müəyyən olunmuş prosessual müddəti buraxmaqla verdiyi apellyasiya şikayəti hərəkətsiz saxlanılmış, barəsində olan cinayət işi Azərbaycan Respublikası CPM-nin 386-cı maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət müəyyən edilməklə Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmışdır. Daha sonra məhkum Məhkum birinci instansiya məhkəməsinin hökmündən bunun üçün qanunvericiliklə müəyyən edilmiş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti 29 oktyabr 2025-ci il tarixdə cəza çəkdiyi Azərbaycan Respublikası Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmiş, 30 oktyabr 2024-cü il tarixdə həmin vəsatət məhkəmənin icraatına daxil olmuşdur.

14. Nəticədə məhkum Məhkum tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 02 aydan artıq vaxt keçmişdir.

15. Baxılan kassasiya şikayətindən müəyyən olunur ki, Məhkum hökmdən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasını qanunu bilməməsi və hüquqi savadsızlığı, eləcə də psixoloji sarsıntı keçirməsi ilə əlaqələndirmişdir. 16.Məhkumun apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsini hüquqi savadsızlığı və qanunu bilməməsi ilə əsaslandırması əsaslı hesab edilə bilməz ona görə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin III hissəsinə əsasən, qanunu bilməmək və ya düzgün anlamamaq şəxsi qanunla nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsindən və məsuliyyətdən azad etmir. Bu konstitusion müddəa hüquqi müəyyənlik prinsipini təmin edir və şəxsin qanunvericiliyi bilməməsini hüquqi nəticələrdən yayınma vasitəsinə çevirməyə imkan vermir. 17.Bununla yanaşı, qanunu bilməyən və ya hüquqi məsələlərdə çətinlik çəkən şəxsin öz hüquqlarını səmərəli həyata keçirmək üçün peşəkar hüquqşünasın yardımına müraciət etmək imkanı mövcuddur. Bu imkan hüquqi müdafiənin təmin olunmasının ümumi mexanizmlərindən biri olmaqla, şəxsin prosessual hüquqlarını vaxtında və düzgün həyata keçirməsinə xidmət edir. Şəxsin maddi imkanları peşəkar hüquqşünasın xidmətlərindən istifadə etməyə imkan vermədiyi hallarda isə o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət hesabına müdafiəçi təyin olunması üçün müraciət edə bilər, bu mexanizm onun müdafiə hüququnun səmərəli təmininə yönəlmişdir. Eyni zamanda, belə müraciətlərin edilib-edilməməsi şəxsin öz iradə və təşəbbüsündən asılı olmaqla, onun fərdi məsuliyyət dairəsinə aiddir; hüquqi yardım almaq imkanlarından istifadə edilməməsi və ya müvafiq müraciətlərin edilməməsi şəxsin öz prosessual hüquqlarının həyata keçirilməsində lazımi diqqət və ehtiyatlılıq göstərməməsi kimi qiymətləndirilir və bu hal obyektiv xarakter daşımadığından, Cinayət-Prosessual Məcəllənin müddəaları baxımından prosessual müddətin ötürülməsinə haqq qazandıran üzrlü səbəb kimi qəbul edilə bilməz. 18.Apellyasiya şikayəti verilməsi müddətinin psixoloji sarsıntılar keçirilməsi səbəbindən buraxılmasına dair izahla bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, məhkum tərəfindən bu izahı təsdiq edən hər hansı sübut məhkəmələrə təqdim olunmamış, habelə belə sübutlar kassasiya şikayətinə də əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 139.0.6-cı maddəsinin tələblərinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar sübutlara əsasən müəyyən edilir.

19. Təsvir edilənlərdən müəyyən olunur ki, məhkum Məhkum birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yəni birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 03 noyabr və 23 dekabr 2025-ci il tarixli qərarlarında göstərdikləri kimi, onun Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1462/2025 nömrəli, 21 iyul 2025-ci il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir.

20. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum verdiyi kassasiya şikayətində üzrlü səbəb olaraq göstərilən hallar heç bir sübuta əsaslanmayan mülahizələrdən ibarət olmaqla, apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas kimi qəbul edilə bilməz. 21.Belə qənaətə gələn məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış hüquqi mövqeyini də nəzərə alır. 22.Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib-etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il). 23.Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların, məhkum Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması hallarının müəyyən edilmədiyini nəzərə alır. 24.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1, həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən heç bir əsas müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2416/2025 nömrəli, 23 dekabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2416/2025 nömrəli, 23 dekabr 2025-ci il tarixli kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar