Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-841/2026 18.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Ilkin Qismət oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, X2 Səfa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1 iştirakı ilə, ##.##.1968-ci il tarixdə Xaçmaz rayonu Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ### tarixli *(*-*)- ***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Hökmlə həmçinin qətimkan tədbiri, tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ### tarixli *(*-*)-***/**** nömrəli qərarı ilə (hakimlər R.Ə.Ağayev (sədrlik edən), R.O.Əsgərova və E.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il ## ###### tarixli *(***)- ***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ### tarixli *(*-*)- ***/**** nömrəli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir (əkmiş və yetişdirmişdir). Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2025-ci ilin yaz-yay aylarında əkin mövsümündə yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətyanı sahəsindəki yarımtikilidə torpağa qəsdən əkib onlara aqrotexniki qaydada qulluq edərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, bu fakt ## #### 2025-ci il tarixdə saat 01:10-01:40 müddətində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətyanı sahəsindəki yarımtikiliyə keçirilmiş baxış zamanı torpağa əkilmiş ümumi təmiz çəkisi 14996 qram olan yaş vəziyyətdə 22 ədəd və torpaqdan çıxarılmış ümumi təmiz çəkisi 214 qram olan qurudulmuş vəziyyətdə 04 ədəd olmaqla, ümumilikdə 26 ədəd ümumi təmiz çəkisi 15210 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir (əkmiş və yetişdirmişdir). Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun saxlanılma protokolu və saxlanılma vaxtı düzgün tərtib olunmamış, narkotik tərkibli çətənə kollarının sayı düzgün qeyd edilməmiş, ibtidai istintaq zamanı sənədləri təzyiq altında imzalamışdır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının onun barəsində olan 2026-cı il ## ### tarixli qərarının ləğv edilməsi və iş üzrə ədalətli qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPMin 416.1.2, 416.1.3, 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, onun həmin maddə ilə təqsirliliyi birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə (özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, əməliyyat-axtarış tədbiri qismində fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımtikiliyə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş videoçəkiliş, mütəxəssis rəyi, məhkəmə-bioloji ekspertizasının rəyi, maddi sübut və digər sənədlər) müəyyən edilmişdir. Məhkum kassasiya şikayətində saxlanılma protokolunun qanunsuz tərtib edilməsi, saxlanılma vaxtının düzgün göstərilməməsi, ibtidai istintaq zamanı təzyiqə məruz qalması nəticəsində sənədləri imzalaması barədə dəlillər irəli sürsə də, iş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs saxlanılması və onun ətrafında aparılan prosessual hərəkətlər zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, müvafiq hərəkətlər qanunamüvafiq şəkildə protokollaşdırılaraq rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs tutulduqdan sonra müdafiəçi ilə təmin edilmiş, prosessual hüquqları izah olunmuş və istintaq hərəkətləri qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində də ibtidai istintaq zamanı ona təzyiq göstərilmədiyini, sərbəst ifadə verdiyini və onu döyən və ya incidən olmadığını bildirmişdir. Bundan başqa, məhkum kassasiya şikayətində narkotik tərkibli bitkilərin sayının düzgün qeyd edilmədiyini iddia etmiş, bununla bağlı birinci instansiya məhkəməsində verdiyi ifadəsində cəmi 11 ədəd çətənə bitkisinin ona aid olduğunu, ittihamda göstərilən digər çətənə bitkilərinin isə polis əməkdaşları tərəfindən əlavə edildiyini bildirmişdir. Lakin məhkəmələr tərəfindən tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımtikiliyə gələrək 22 ədəd torpaqda əkilmiş və 4 ədəd qurudulmuş vəziyyətdə olan çətənə bitkilərinə bənzər kolları təqdim edərək, həmin ərazidə 26 ədəd çətənə bitkisini əkdiyini demiş, mütəxəssis Ə.Əspəndiyev həmin bitkilərə baxaraq onların çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldılmasını və suvarılmasını bildirmişdir. Bütün bu hərəkətlər isə videoçəkilişlə qeydə alınmışdır. Videogörüntüdə və digər sübutlarda bitkilərin hansısa hissəsinin sonradan əlavə edilməsinə və ya əraziyə yerləşdirilməsinə dəlalət edən hər hansı hal müəyyən edilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən hər hansı təsir və təzyiqə məruz qalmadığını bildirmişdir. Belə olan halda, onun yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidən 22 ədəd torpaqda əkilmiş, 4 ədəd qurudulmuş vəziyyətdə olan çətənə bitkisini əməliyyat orqanının əməkdaşlarına təqdim etməsi və bu hərəkətin videoçəkiliş zamanı qeydə alınması nəzərə alındıqda, sonradan həmin bitkilərin bir hissəsinin ona aidiyyəti olmadığını bildirməsi iş materiallarında müəyyən edilmiş faktiki hallarla və özünün əvvəlki izahat və ifadələri ilə uzlaşmır. Beləliklə, iş üzrə müəyyən edilmiş faktiki hallar və məhkəmələr tərəfindən qiymətləndirilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs həm 22 ədəd torpaqda əkilmiş, həm də 4 ədəd qurudulmuş vəziyyətdə olan çətənə bitkilərinə aidiyyətini təsdiq etməklə, onun əməlinin CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğun olduğunu göstərir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, məhkuma cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, məhkumun şəxsiyyətindən, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən çıxış edib, ona təqsirli bilindiyi CM-in 237.2.3-cü maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58, 41.2ci maddələrinin tələblərinə əməl etmiş, CM-in 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Həmçinin qeyd olunmalıdır ki, məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətləri törətməyə görə əvvəllər iki dəfə məhkum olunmasına və hər iki halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, bunlardan nəticə çıxarmamış və yenidən qəsdən ağır cinayət törətmişdir. Həmin məhkumluqlar ödənilmiş olsa da, onun cinayətkar hərəkətlərini dayandırmaması, yenidən qəsdən cinayət törətməsi islah yoluna qədəm qoymamasını, bu cür əməllərdən çəkinməməsini, görülən tədbir və təyin edilən cəzaların ona təsir və kifayət etməməsini göstərir. Məhkəmə kollegiyasına işin bu halı məhkumun islah yoluna qədəm qoymadığını göstərməklə, onun yalnız məhkəmə tərəfindən təyin edilən həddə azadlıqdan məhrumetmə növündə cəza çəkməklə islah edilməsinin mümkünlüyü nəticəsinə gəlməyə əsas verir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Məhkumun cəzasının yüngülləşdirilməsi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyildir. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ### tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ### tarixli *(*-*)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-841/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-841/2026
18.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver