Məhkəmə qərarları › İş №1(1-8)-86/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-86/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-86/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2025-ci il tarixli 1(103)- 881/2023 nömrəli qərarından məhkum Məhkum İbrahim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İlham Mahmudov (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və Məhəmməd Əkbərov) 14 fevral 2023-cü il tarixli 1(101)-518/2023 nömrəli hökmü ilə Məhkum İbrahim oğlu Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Fərid Əyyubov və Emin Mehdiyev) 05 aprel 2023-cü il tarixli 1(103)- 881/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 1(101)-518/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Q.İ.Yusifov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Zəfər Əhmədov və Emin Mehdiyev) 30 aprel 2025-ci il tarixli 1(103)- 881/2023 nömrəli qərarı ilə məhkum Q.İ.Yusifov tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası CPM-in 408-411-ci maddələrinin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır. Məhkum Q.İ.Yusifov Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli 1(103)-881/2023 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə vəsatətlə həmin məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Zəfər Əhmədov) 05 noyabr 2025-ci il tarixli 1(103)- 881/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Məhkum Q.İ.Yusifov kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2025-ci il tarixli 1(103)-881/2023 nömrəli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum İbrahim oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 1(103)-881/2023 nömrəli qərarı rəsmi şəkildə ona 2025-ci ilin əvvəlində müvafiq məhkəməyə məktub ünvanladıqdan sonra təqdim edilmişdir. Əgər məhkəmə qərarının surəti ona təqdim edilmiş olsa idi, cinayət işinin materiallarında onun imzası olan qəbz mövcud olardı. Belə ki, apellyasiya instansiya məhkəməsi öz qərarında qərarın surətini Bakı İstintaq Təcridxanasına göndərildiyini qeyd etsə də, məhkum həmin qərarın surətini almadığını bildirmişdir. Məhkum həmçinin kassasiya şikayətini əsaslandırmaq üçün apellyasiya qərarında məhkəmənin mövqeyini bilməli olduğunu, bunun üçün isə həmin qərarın rəsmi şəkildə kağızda ona çatdırılmasının vacibliyini vurğulamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2025-ci il tarixli 1(103)-881/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum Məhkum İbrahim oğlunun kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən onun kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız təmin olunmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Cinayət işinin materiallarından görünür ki, Məhkum İbrahim oğlu onun barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin kassasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli 1(103)- 881/2023 nömrəli qərarı elan olunarkən məhkum Məhkum İbrahim oğlu məhkəmə iclasında iştirak etmiş, ona həmin qərardan kassasiya şikayəti vermək hüququ, şikayətin verilməsi müddəti və qaydası izah edilmişdir. Qərarın surəti isə 05 aprel 2023-cü il tarixli müşayiətedici məktubla məhkuma təqdim olunması üçün Bakı İstintaq Təcridxanasına göndərilmişdir. 16 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinin 10 aprel 2025-ci il tarixli müşayiətedici məktubu ilə məhkum Məhkum İbrahim oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2023cü il tarixli qərarından verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Kassasiya şikayətinə həmin qərarın surəti əlavə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkumun kassasiya şikayətini qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verməsini və eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təqdim etməməsini nəzərə alaraq, 30 aprel 2025-ci il tarixli qərarı ilə kassasiya şikayətini geri qaytarmışdır. Sonradan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinin 10 oktyabr 2025-ci il tarixli müşayiətedici məktubu ilə məhkum Q.İ.Yusifovun kassasiya şikayəti ilə yanaşı, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatəti də Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkum vəsatətində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarının surəti onun müraciəti əsasında məhkəmə tərəfindən yenidən göndərilmiş və yalnız 2025-ci ilin fevral ayında ona təqdim edilmişdir. Bu səbəbə görə kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi 05 noyabr 2025-ci il tarixli qərarı ilə məhkumun kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətini təmin etməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarın surəti məhkuma 05 aprel 2023-cü il tarixdə göndərilmiş, kassasiya şikayəti isə yalnız iki ildən sonra verilmişdir. Eyni zamanda, kassasiya şikayətinin qanunla müəyyən edilmiş 12 aylıq müddətdə verilməsinə mane olan hər hansı üzrlü səbəb müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarında məhkumun kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verməsinə mane olmuş obyektiv və üzrlü səbəblərin mövcudluğunu təsdiq edən hər hansı sübut yoxdur. Belə ki, məhkum vəsatətində kassasiya şikayətini vaxtında verməməsini Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarının surətinin yalnız onun müraciəti əsasında məhkəmə tərəfindən 2025-ci ilin fevral ayında göndərilməsi və həmin vaxt ona təqdim edilməsi ilə izah etmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarının surəti məhkuma yalnız bir dəfə, 05 aprel 2023-cü il tarixli müşayiətedici məktubla göndərilmişdir. İş materiallarında məhkumun həmin qərarın surətinin yenidən göndərilməsi barədə məhkəməyə müraciət etməsini və ya məhkəmə tərəfindən qərarın təkrar göndərilməsini təsdiq edən hər hansı sənəd mövcud deyildir. Əksinə, məhkumun Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarının surətini kassasiya şikayətlərinə əlavə etməsi həmin qərarın surətinin onun sərəncamında olduğunu və məhkəmə tərəfindən 05 aprel 2023-cü il tarixli məktubla göndərilmiş surətin məhz onun tərəfindən alındığını təsdiq edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması prosessual qanunvericiliyin tələblərinə uyğun olmuş, məhkumun şikayət hüququ pozulmamışdır. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti vermə müddətinin əsassız olaraq bərpa edilməməsi və bununla da şikayət hüququnun pozulması barədə dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2025-ci il tarixli 1(103)-881/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2025-ci il tarixli 1(103)- 881/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum Məhkum İbrahim oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar