Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-885/2026 28.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev Ilkin Qismət oğlunun sədrliyi, hakimlər Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hacıyeva Nuran Fəzli qızı, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızı və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə (hakimlər: O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və N.H.Məmmədovdan ibarət tərkibdə) ## ###### 1979-cu il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Biləsuvar şəhəri S.Abdullayev adına * saylı ümumiorta məktəbdə müəllim işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş, o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı ilə (hakimlər: Y.X.Həşimov (sədrlik edən), Ə.A.Əliyev və P.V.Hacıyevdən ibarət tərkibdə) məhkumun müdafiəçisi Əliyeva Aytən Aşur qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarından məhkum kassasiya şikayəti vermişdir. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 104,950 qram narkotik vasitə olan tiryək əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasında ## ###### 2024-cü il tarixdə, saat 20 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən “Neymət market”in yaxınlığında saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki paltonun cibindən bir ədəd bükümdə külli miqdarda - 104,950 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, onun müdafiəsi baxımından irəli sürülmüş vəsatətlərə lazımi hüquqi qiymət verilməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan və əsassız nəticəyə gəlinmişdir. Belə ki, onun üzərində aşkar olunması qeyd olunan narkotik vasitə - tiryəkə aidiyyəti yoxdur. Buna baxmayaraq qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinmiş və ağır cəzaya məhkum edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxarkən həyata keçirdiyi hüquqi yoxlamanın hüdudlarını təsbit edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 419.1-ci maddəsinə əsasən “Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Kassasiya instansiyası məhkəməsinin həyata keçirdiyi hüquqi yoxlamanın nəticələri üzrə səlahiyyətləri Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilir. Həmin maddədə nəzərdə tutulmuş əsaslardan ən azı biri müəyyən edildikdə kassasiya instansiyası məhkəməsi məhkəmə aktını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək səlahiyyətinə malikdir. Məhkum, kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilərək qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi ilə bağlı tələbini Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayəti ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətində iddia olunanların əksinə olaraq, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulmasından sonra paltosunun cibində bir bükümdə aşkar edilmiş külli miqdarda – 104,950 qram tiryək narkotik vasitəsinə aidiyyəti, həmin narkotik vasitəni hazırkı qərarın “Işin halları” bölməsində təsvir edilmiş şəraitdə ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməyən şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması sübutetmə predmetinə daxil olan məsələlər üzrə yekun nəticəyə gəlmək üçün kifayət edən, Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilmiş, o cümlədən mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından yoxlanılaraq qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunur. Belə ki, həmin nəticə məhkəməyədək icraatda müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmiş ## ###### 2024-cü il tarixli şəxsi axtarış protokolu, şəxsi axtarış zamanı götürülmüş bir bükümdəki maddənin ona məxsus olması barədə məhkumun verdiyi məlumatlar, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, eləcə də həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə məhkəmədə baxılarkən bir bükümdə olan tiryəkin özünə məxsus olması barədə verdiyi ifadələr, habelə məhkumun saxlanılaraq polis idarəsinə gətirilməsində və üzərində şəxsi axtarış aparılmasında iştirak etmiş polis əməkdaşları – şahid4, şahid1, şahid3, X3 və X4 məhkəmədə şahid qismində verdikləri ifadələrlə təsdiq edilir. Bundan başqa, şəxsi axtarış zamanı götürülmüş bir bükümdəki maddənin təmiz çəkisinin 104,950 qram, yəni Azərbaycan Respublikasının ## ### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş (narkotik vasitələr) siyahısına əsasən külli miqdar təşkil edən tiryək narkotik vasitəsi olması məhkəmə-kimyəvi ekspertizasının ## ###### 2024-cü il tarixli **/*** nömrəli rəyi ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin yuxarıda qeyd edilən sübutların məhkəməyədək icraat zamanı qanunsuz üsullarla, o cümlədən məhkuma hədə tətbiq edilməklə, qanunsuz təsir göstərilməklə, müdafiə hüquqlarının pozulması ilə əldə edilməsi barədə iddiası da məhkəmələr tərəfindən araşdırılmış, birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də bu iddianın əsassız olunması barədə nəticəyə gəlmişdir. Məhkəmələr belə nəticəyə gələrkən, o cümlədən ona əsaslanmışlar ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra onun üzərində şəxsi axtarış müdafiəçi qismində dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla həyata keçirilmiş və bu istintaq hərəkətinin gedişində istər müdafiəçi, istərsə də məhkum özü tutularkən ona qarşı fiziki zor tətbiq edildiyini bildirməmiş və protokola dair hər hansı qeyd verməmiş, həmçinin müdafiəçinin iştirakı ilə keçirilən şübhəli və təqsirləndirilən şəxs qsimində dindirmələrin gedişində və həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinə məhkəmədə baxılarkən də məhkum ona qarşı zor tətbiq edilməsi, ifadələri təzyiq altında verməsi barədə məsələ qaldırmamışdır. Odur ki, məhkəmə heyəti Təqsirləndirilən şəxs ona isnad edilən, hazırkı qərarın “Işin halları” bölməsində təsvir edilmiş hərəkətləri törətməsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə külli miqdar təşkil edən 104,950 qram tiryək narkotik vasitəsini əldə edib saxlaması və daşımasına, ## ###### 2024-cü ildə saat 20 radələrində Biləsuvar şəhəri, Nizami küçəsində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində aparılmış şəxsi axtarışın gedişində həmin narkotik vasitənin götürülməsinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri şübhə altına almaq üçün əsas görmür. Məhkuma cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, məhkumun şəxsiyyətindən, o cümlədən cəzanı yüngülləşdirən hallardan – himayəsində iki nəfər azyaşlı və iki nəfər yetkinli yaşına çatmayan uşağının olmasından, cəzasını ağırlaşdıran halın olmamasından, cəzanın təqsirkarın islah olunmasına təsirindən çıxış edib Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində təsbit edilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan həmin Məcəllənin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının, kassasiya şikayətinin təmin olunmasına dair məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri rəhbər tutaraq və Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan ## ###### 2026-cı il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-885/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-885/2026
28.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver