Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-923/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev Ilkin Qismət oğlunun sədrliyi, hakimlər Rəcəbov Ilkin Əblüfəz oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Əbilov Hüseyn Natiq oğlu, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi – Bakı şəhəri * saylı vəkil bürosunun vəkili Seyfəlov Yusif Kamil oğlunun iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının # #### 2026-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Seyfəlov Yusif Kamil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə (hakimlər: F.İ.Heydərov (sədrlik edən), H.M.Məmmədov və A.S.Kərimovdan ibarət tərkibdə) ## #### 1991-ci il tarixdə Qazaxıstan Respublikasında doğulmuş, Qazaxıstan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ### 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının # #### 2026-cı il tarixli qərarı ilə (hakimlər: İ.M.Mirzəyev (sədrlik edən), V.K.Quliyev və M.Ə.Əliyevdən ibarət tərkibdə) məhkumun müdafiəçisi Y.K.Seyfəlov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının # #### 2026-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Y.K.Seyfəlov kassasiya şikayəti vermişdir. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkilərini yaşadığı ünvan 1 ünvanında yerləşən evin zirzəmisində olan otaqda xüsusi hazırlanmış gizli bölmədə 16 ədəd dibçəkdə əkərək kultivasiya etmiş, ## ### 2025-ci il tarixdə Naxçıvan MR Daxili Işlər Nazirliyinin Cinayət Axtarışı Idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Məhkumun yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman evin zirzəmisində olan otaqda xüsusi hazırlanmış gizli bölmədə hər birinə aqrotexniki qaydada qulluq göstərilmiş 16 ədəd dibçəkdə yaş vəziyyətdə ümumi təmiz çəkisi 198,217 qram olan 32 ədəd külli miqdarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə əhəmiyyətli hallar tam və hərtərəfli araşdırılmamış, müdafiə tərəfinin təqdim etdiyi vəsatətlərə lazımi hüquqi qiymət verilməmiş və nəticə etibarilə Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında özünü təqsirli bilmədiyini bildirmiş, lakin apellyasiya instansiyası məhkəməsində əməlini qismən etiraf edərək törətdiyi əməldən səmimi peşman olduğunu ifadə etmişdir. Müdafiəçinin mövqeyinə görə, məhkəmə həmin halı cəzanı yüngülləşdirən hal kimi nəzərə almalı olduğu halda, buna münasibət bildirməmişdir. Bununla yanaşı, müdafiəçi iş üzrə məhkəmə bioloji ekspertizası ilə bağlı tərtib olunmuş ## ###### 2025-ci il tarixli **** nömrəli ekspert rəyinin məzmununa istinad edərək, ekspertiza qarşısında qoyulmuş bir sıra sualların cavablandırılmadığını qeyd etmişdir. Belə ki, ekspert rəyində təqdim edilmiş bitkilərin tibbi marixuana hesab edilə bilib-bilməməsi məsələsinin ekspertlərin səlahiyyətinə aid olmadığı, habelə müvafiq etalon nümunələrin olmaması səbəbindən bitkilərin tərkibində tetrahidrokannabinolun (THC) faiz miqdarının müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Müdafiəçinin qənaətinə görə, THC-nin miqdarının müəyyən edilməməsi təqdim edilmiş bitkilərin xüsusiyyətlərinin tam müəyyənləşdirilməsinə və onların narkotik tərkibli olubolmamasının qiymətləndirilməsinə mane olmuşdur. Həmin göstəricinin müəyyən edilməsi həm bitkilərin psixoaktiv təsirə malik olub-olmamasının, həm də onların hüquqi baxımdan hansı kateqoriyaya aid edilməsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Müdafiəçi həmçinin bildirmişdir ki, iş materiallarından bitkilərin təxminən bir ay əvvəl əkilməsi barədə məlumat əldə edilir və onların inkişafının erkən vegetativ mərhələsində olması THC-nin miqdarının müəyyən edilməsi məsələsini xüsusi əhəmiyyətli edir. Kassasiya müraciətində bu xüsusiyyətin müəyyən edilməsi üçün xüsusi elmi biliklər tələb olunduğu və müvafiq ekspertiza aparılmadan həmin məsələyə hüquqi qiymət verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bu əsaslarla müdafiəçi apellyasiya instansiyası məhkəməsinə təkrar və əlavə məhkəmə-bioloji ekspertizalarının təyin edilməsi barədə vəsatət təqdim etdiyini göstərmişdir. Vəsatətdə ekspertizanın daha geniş imkanlara malik müvafiq ekspertiza müəssisəsində keçirilməsi və ekspert qarşısında təqdim edilmiş bitkilərin tibbi marixuana hesab edilə bilib-bilməməsi, onların tərkibində THC-nin faiz miqdarı, həmin göstəriciyə əsasən narkotik tərkibli hesab edilibedilməməsi, psixoaktiv təsirə malik olub-olmaması və sənaye kannabisi kimi qiymətləndirilibqiymətləndirilə bilməməsi ilə bağlı sualların qoyulması xahiş edilmişdir. Lakin müdafiəçinin bildirdiyinə görə, həmin vəsatət apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir. Müdafiəçi hesab etmişdir ki, iş üzrə əhəmiyyətli sübutetmə məsələlərinin xüsusi bilik tələb etməsinə baxmayaraq, onların ekspertiza yolu ilə tam aydınlaşdırılması təmin edilməmiş və bununla da işin faktiki hallarının hərtərəfli araşdırılmasına maneə yaranmışdır. Onun fikrincə, ekspert rəyində cavabsız qalan məsələlər aradan qaldırılmadan və müdafiə tərəfinin bu istiqamətdə vəsatəti təmin edilmədən Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə tövsif edilməsi üçün zəruri olan halların tam müəyyən edildiyi qənaətinə gəlmək mümkün deyildir. Kassasiya şikayətində, Cinayət Məcəlləsinin 237-ci maddəsinin tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiya edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutduğu qeyd edilərək, müdafiəçinin mövqeyinə əsasən, konkret halda təqdim edilmiş bitkilərin həmin normanın dispozisiyasında nəzərdə tutulan xüsusiyyətlərə malik olması lazımi qaydada müəyyən edilməmişdir. Bu baxımdan müdafiəçi hesab etmişdir ki, bitkilərin tərkibi və müvafiq kimyəvi göstəriciləri müəyyən edilmədən onların Cinayət Məcəlləsinin 237-ci maddəsi baxımından cinayətin predmetini təşkil edib-etməməsi barədə qəti nəticəyə gəlmək mümkün deyildir. Müdafiəçi, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 21.2-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasının və aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi prinsipinin nəzərə alınmalı olduğunu bildirmişdir. Onun fikrincə, ekspertiza nəticəsində THC-nin miqdarının müəyyən edilməməsi və bu məsələnin əlavə və ya təkrar ekspertiza yolu ilə aydınlaşdırılmasına imkan verilməməsi iş üzrə əhəmiyyətli şübhələrin aradan qaldırılmamış qalmasına səbəb olmuşdur. Belə şübhələrin isə təqsirləndirilən şəxsin əleyhinə deyil, onun xeyrinə qiymətləndirilməsi tələb olunur. Müdafiəçinin qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin müdafiə tərəfinin ekspertizanın keçirilməsi barədə vəsatətini rədd etməsi Cinayət-Prosessual Məcəlləsinin 125.2.5 və 138-ci maddələrinin tələbləri, habelə “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ baxımından da qiymətləndirilməlidir. Şikayətdə bu kontekstdə Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində təsbit edilmiş azadlıq hüququna və Konvensiyanın 5-ci maddəsinə də istinad edilmiş, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Medvedev və digərləri Fransaya qarşı” işi üzrə ## #### 2010-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərin nəzərə alınmasının zəruriliyi qeyd olunmuşdur. Müdafiəçi, həmçinin, təqdim edilmiş bitkilərin tibbi marixuana və ya sənaye kannabisi hesab edilə bilibbilməməsinin özlüyündə şəxsin həmin bitkiləri qanuni əsas olmadan kultivasiya etmək hüququnun mövcudluğu anlamına gəlmədiyini etiraf etməklə yanaşı, belə halların həmin şəxsin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin bir mənalı əsası kimi qəbul edilə bilməyəcəyini bildirmişdir. Onun fikrincə, ilk növbədə cinayət qanununun dispozisiyasında nəzərdə tutulan cinayətin predmetinin və digər zəruri tərkib əlamətlərinin mövcudluğu sübuta yetirilməlidir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin # #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiya məhkəməsində yenidən baxışa təyin olunmasını və ya cəzanın azaldılmasını xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxarkən həyata keçirdiyi hüquqi yoxlamanın hüdudlarını təsbit edən Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Kassasiya instansiyası məhkəməsinin həyata keçirdiyi hüquqi yoxlamanın nəticələri üzrə səlahiyyətləri Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilir. Həmin maddədə nəzərdə tutulmuş əsaslardan ən azı biri müəyyən edildikdə kassasiya instansiyası məhkəməsi məhkəmə aktını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək səlahiyyətinə malikdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilərək qiymətləndirilmədiyini, nəticədə Təqsirləndirilən şəxs əsassız olaraq onun Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilindiyini, habelə iş üzrə cəzanı yüngülləşdirən hallarının tam nəzərə alınmadığını iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı tələbini Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi Y.K.Seyfəlovun kassasiya şikayəti ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının # #### 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətinin məzmunundan görünür ki, müdafiə tərəfinin əsas dəlilləri iki istiqamətdədir. Birinci dəlil Təqsirləndirilən şəxs istinad edilən 32 ədəd çətənə (kannabis) bitkisinin Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin predmetini təşkil etməsinin lazımi qaydada sübuta yetirilməməsi, xüsusilə həmin bitkilərin tərkibində tetrahidrokannabinolun (THC) faiz miqdarının müəyyən edilməməsi ilə bağlıdır. Ikinci dəlil isə məhkumun apellyasiya instansiyası məhkəməsində əməlini qismən etiraf etməsi və törətdiyi əməldən səmimi peşman olduğunu bildirməsinin cəza təyin edilərkən və cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmaması ilə əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin birinci dəlilinə hüquqi qiymət verilməsi baxımından ilk növbədə Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin hüquqi xarakteristikasının, o cümlədən onun obyektiv və subyektiv əlamətlərinin müəyyən edilməsi zəruridir. Cinayət Məcəlləsinin 237.1 və 237.2.3-cü maddələrinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri müvafiq olaraq xeyli və ya külli miqdarda kultivasiya etmə, yəni əkmə və ya yetişdirmə cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, həmin cinayətin obyektiv tərəfini tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq müvafiq miqdarda kultivasiya edilməsi təşkil edir. Bu baxımdan, şəxsin əməlinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməsi üçün kultivasiya edilmiş bitkilərin həmin maddənin dispozisiyasında nəzərdə tutulan, yəni tərkibində narkotik maddələr olan bitkilər olması müəyyən edilməlidir. Odur ki, baxılan iş üzrə əsas hüquqi məsələ məhkum tərəfindən əkilib yetişdirilmiş 32 ədəd çətənə (kannabis) bitkisinin Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin predmetini təşkil edib-etməməsinin lazımi və mötəbər sübutlarla müəyyən olunması ilə bağlıdır. Iş materiallarından görünür ki, bu halın müəyyən edilməsi məqsədilə məhkəməyədək icraat zamanı məhkəmə-bioloji ekspertizası, birinci instansiya məhkəməsində isə müdafiə tərəfinin vəsatəti əsasında təkrar məhkəmə-bioloji ekspertizası keçirilmişdir. # #### 2025-ci il tarixli *** nömrəli ekspertiza rəyində tədqiqata təqdim edilmiş 32 ədəd bitki nümunəsinin çətənə (kannabis) bitkisi olduğu müəyyən edilmiş, ## ###### 2025-ci il tarixli **** nömrəli təkrar ekspertiza rəyində isə həmin nümunələrin tərkibində çətənə bitkisinə məxsus kannabinol (CBN), kannabidiol (CBD) və tetrahidrokannabinolun (THC) olduğu aşkar edilmişdir. Bununla yanaşı, sonuncu ekspertiza rəyində Məhkəmə Ekspertizası Mərkəzində etalon nümunələrin olmaması səbəbindən THC-nin faizlə miqdarının müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Müdafiə tərəfi kassasiya şikayətində məhz bu halı əsas götürərək bildirmişdir ki, THC-nin faizlə miqdarının müəyyən edilməməsi bitkilərin narkotik, psixoaktiv, tibbi və ya sənaye təyinatının müəyyənləşdirilməsinə imkan vermədiyindən, onların Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin predmetini təşkil etməsi barədə qəti nəticəyə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası müdafiə tərəfinin bu dəlili ilə razılaşmır. Belə ki, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, qanunverici həmin cinayətin predmetini xarakterizə edərkən bitkinin tərkibində narkotik maddənin mövcudluğunu əsas götürmüş, həmin maddənin faizlə miqdarının müəyyən edilməsini isə cinayət tərkibinin mövcudluğu üçün ayrıca şərt kimi nəzərdə tutmamışdır. Bu baxımdan, həmin norma üzrə əməlin tövsif edilməsi üçün hüquqi əhəmiyyət kəsb edən hal kultivasiya edilmiş bitkinin tərkibində narkotik maddənin mövcudluğunun müəyyən edilməsidir. Baxılan iş üzrə isə təkrar məhkəmə-bioloji ekspertizası ilə tədqiqata təqdim edilmiş 32 ədəd bitki nümunəsinin çətənə (kannabis) bitkisi olması ilə yanaşı, onların tərkibində THC-nin də mövcudluğu müəyyən edilmişdir. THC-nin faizlə miqdarının müəyyən edilməsinin mümkün olmaması ekspertiza rəyində bunun üçün etalon nümunələrin mövcud olmaması ilə izah edilmiş və bu hal THC-nin bitki nümunələrində mövcudluğunun müəyyən edilməsinə maneə yaratmamışdır. Deməli, ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmiş hal bitkilərin tərkibində THC-nin olub-olmaması deyil, onun kəmiyyət göstəricisinin müəyyən edilməsi ilə bağlı məhdudiyyətə aiddir. Bu səbəbdən, THC-nin faizlə miqdarının müəyyən edilməməsi, özlüyündə, tədqiqata təqdim edilmiş bitkilərin Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin predmetinə aid olmadığını və ya həmin predmetin mövcudluğunun sübuta yetirilmədiyini göstərən hal kimi qiymətləndirilə bilməz. Əksinə, iş üzrə mövcud ekspertiza rəyləri ilə bitkilərin çətənə (kannabis) olması və onların tərkibində THC-nin mövcudluğu müəyyən edilmişdir ki, bu da həmin maddənin dispozisiyasında nəzərdə tutulan predmetin müəyyən edilməsi baxımından kifayətdir. Beləliklə, məhkəmə kollegiyası müdafiə tərəfinin THC-nin faizlə miqdarının müəyyən edilməməsinin Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə əməlin tövsifinə mane olması barədə dəlilini əsassız hesab edir və həmin dəlil üzrə məhkəmələrin gəldiyi nəticədən fərqli hüquqi nəticəyə gəlmək üçün əsas görmür. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun apellyasiya instansiyası məhkəməsində əməlini etiraf etməsi və törətdiyi əməldən səmimi peşman olduğunu bildirməsinin cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmaması ilə bağlı digər dəlilinə münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və həmin əməldən səmimi peşman olduğunu bildirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almamış, müdafiəçi isə kassasiya şikayətində həmin halın cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmamasını mübahisələndirmişdir. Bununla bağlı ilk olaraq qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsində cəza təyin edilərkən nəzərə alına biləcək cəzanı yüngülləşdirən halların dairəsi yalnız həmin maddənin 59.1-ci hissəsində sadalanan hallarla məhdudlaşdırılmamış, məhkəməyə həmin hissədə göstərilməyən digər halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə almaq imkanı verilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1-ci maddəsində göstərilməyən digər hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Bu baxımdan, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və həmin əməldən səmimi peşman olduğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirməməsi ilə yanaşı, həmin halların cəzanın təyin edilməsinə təsiri məsələsini ümumiyyətlə müzakirə etməməsi əsaslı hesab edilə bilməz. Belə ki, təqsirkarın törətdiyi əmələ münasibəti onun şəxsiyyətini xarakterizə edən və cəzanın fərdiləşdirilməsi baxımından əhəmiyyət kəsb edən hallardan biri olmaqla, konkret işin hallarından asılı olaraq Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Qeyd olunan halların cəzanın məqsədləri ilə qarşılıqlı əlaqəsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsi onun törətdiyi əməli könüllü olaraq etiraf etməsini hüquqi əhəmiyyətdən məhrum etmir. Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Cinayət-Prosessual Məcəlləsinin 91.7-ci maddələrinə əsasən, heç kəs özünə qarşı ifadə verməyə məcbur edilə bilməz və qanunda nəzərdə tutulmuş istisna hallardan başqa, təqsirləndirilən şəxsin verdiyi ifadə və izahata görə onun üzərinə məsuliyyət qoyula bilməz. Bu hüquqi təminatın mövcudluğu şəraitində şəxsin öz iradəsi ilə törətdiyi əməli etiraf etməsi onun törətdiyi əmələ münasibətini, hüquqi məsuliyyətini dərk etdiyini və ədalət mühakiməsi qarşısında məsuliyyət daşımağa hazır olduğunu göstərən hal kimi qiymətləndirilə bilər. Təqsirləndirilən şəxs da apellyasiya instansiyası məhkəməsində törətdiyi əməli etiraf etməsi onun özünə qarşı ifadə verməkdən imtina etmək hüququnun mövcud olduğu şəraitdə əks davranış nümayiş etdirdiyini və törətdiyi əmələ münasibətinin dəyişdiyini göstərən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda, şəxsin törətdiyi əməldən səmimi peşman olması onun cinayət törətdikdən sonrakı davranışını xarakterizə edən mühüm haldır. Səmimi peşmanlıq şəxsin törətdiyi əmələ tənqidi münasibət bəslədiyini, həmin əməlin hüquqi və sosial nəticələrini dərk etdiyini və islah olunması baxımından müsbət istiqamətdə dəyişiklik nümayiş etdirdiyini göstərən hal kimi cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alına bilər. Cəzanın məqsədlərindən birinin məhkumun islah edilməsi olduğu nəzərə alındıqda, şəxsin cinayət törətdikdən sonrakı müsbət davranışının bu məqsədlə əlaqəli şəkildə qiymətləndirilməsi zəruridir. Beləliklə, Cinayət Məcəlləsinin 58.3 və 59.2-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsi və həmin əməldən səmimi peşman olduğunu bildirməsi onun şəxsiyyətini və törətdiyi əmələ münasibətini xarakterizə edən, konkret işin halları nəzərə alınmaqla cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilə bilən hallardır. Lakin apellyasiya instansiyası məhkəməsi həmin halları cəzanın fərdiləşdirilməsi zamanı nəzərə almamış və onların məhkumun şəxsiyyətinə, eləcə də islah olunmasına təsirini qiymətləndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət qanununun cəzanın fərdiləşdirilməsinə dair tələbləri baxımından cəzanı müəyyən edərkən iş üzrə əhəmiyyət kəsb edən halların məcmu halında qiymətləndirilməsi tələb olunur. Bu qiymətləndirmə zamanı cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun törədilmə halları, cəzanı ağırlaşdıran halların olub-olmaması, təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatlar, habelə təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, onun törətdiyi əmələ münasibəti də nəzərə alınmalıdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və həmin əməldən səmimi peşman olduğunu cəzanın fərdiləşdirilməsi zamanı nəzərə almamasını Cinayət Məcəlləsinin 58.3 və 59.2-ci maddələrinin tələblərinə uyğun hesab etmir və həmin pozuntunun aradan qaldırılması zərurətini qeyd edir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, qeyd olunan halların cəzanın müəyyən edilməsinə təsiri yalnız ayrı-ayrılıqda deyil, Cinayət Məcəlləsinin 58.3-cü maddəsində nəzərdə tutulmuş digər hallarla birlikdə qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs əməlini etiraf etməsi və törətdiyi əməldən səmimi peşman olması, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, cəzanı ağırlaşdıran halın olmaması, təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatlar, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə birlikdə nəzərə alındıqda, ona Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının həmin maddənin sanksiyası daxilində 4 (dörd) il müddətinə azaldılmasını əsaslı edən halların məcmusunu təşkil edir. Məhkəmə kollegiyasının qənaətinə görə, Təqsirləndirilən şəxs 4 (dörd)il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsində müəyyən edilmiş cəzanın məqsədlərinə, o cümlədən sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkum, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq mümkündür. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini təsdiq etsə də, baxılan işdə təyin olunmuş cəzaya münasibətdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Cinayət- Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit edilmiş halların, yəni məhkumun müdafiəçisinin kassasiya şikayətlərinin qismən təmin edilməsi üçün əsasların mövcud olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının, kassasiya şikayətinin təmin olunmasına dair məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının # #### 2026-cı il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənləri rəhbər tutaraq və Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan # #### 2026-cı il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 8 (səkkiz) aydan 4 (dörd) ilədək endirilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-923/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-923/2026
11.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver