Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-93/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Məmmədov Elçin Qüdrət oğlu (sədrlik edən), Hüseynli Nurəddin Nizami oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət məhkəmə tərkibində) 23 avqust 2024-cü il tarixli 1(124)-308/2024 nömrəli hökmü ilə ##.##.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 01.02.2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, həmin hökmlə təyin edilmiş cəzası azaldılmış və həmin tarixdə cəza müddəti bitdiyindən cəzasını çəkmiş hesab edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla xxx ünvanında kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 234.4.3 və 238.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 234.4.3-cü maddəsi ilə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 238.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplanılmaq yolu ilə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 9 fevral 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov Ilqar Kamal oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət məhkəmə tərkibində) 4 dekabr 2024-cü il tarixli 1(105)-700/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. IŞIN HALLARI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2024-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni əldə etmə, saxlama, daşıma və narkotik vasitələrin, psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etmə cinayətlərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil edilmiş 2318,814 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxil edilmiş 2 ədəd şəffaf polietilen torbacıqda ayrı ayrılıqda təmiz çəkiləri 25,963 qram və 24,165 qram olmaqla, ümumi təmiz çəkisi 50,128 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, üzəri yapışqanlı lentlə bağlanmış qara rəngli polietilen bağlamada 2 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 510,0 qram və 500,0 qram tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 1010,0 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı kirayədə yaşadığı ünvan 1 ünvanına daşıyaraq saxlamış, kirayədə yaşadığı həmin evdə narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil edərək 9 fevral 2023-cü il tarixdə tanışları şahid7, X1, şahid3 və şahid4 narkotik vasitə qəbul etmələrinə şərait yaratmış, bu məqsədlə əldə etdiyi narkotik vasitə olan heroinin 0,665 qram hissəsini şahid7, 0,783 qram hissəsini X-ə, 0,594 qram hissəsini şahid3 və 0,252 qram hissəsini şahid4 təşkil etdiyi tiryəkxanada qəbul etməsi üçün satmış, 9 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon polis idarəsinin Narkotiklərlə mübarizə qrupunun və Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, x kəndində keçirilən əməliyyat axtarış tədbirləri zamanı o, kirayədə yaşadığı həmin evdə saxlanılaraq üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əlində olan 1 ədəd bükümdə 0,224 qram çəkidə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin, yaşadığı evə baxış keçirilərkən mətbəx mebelinin içərisindən 2 ədəd şəffaf polietilen torbacıqda ayrı-ayrılıqda çəkiləri 25,963 qram və 24,165 qram olan ümumi çəkisi 50,128 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə 1,296 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və yataq otağındakı dolabdan 1 ədəd bağlamada 2315 qram çəkidə, ümumi çəkisi 2316,52 qram (2 kq 316,52 qram) olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, yataq otağındakı dolabdan 2 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 510,0 qram və 500,0 qram olan ümumi çəkisi 1010,0 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, qonaq otağındakı masanın üzərindən içərisində narkotik vasitə heroin izləri olan 3 ədəd 1 ml-lik şpris və 1 ədəd şüşə ampul, mətbəx mebelinin içərisindən isə üzərində narkotik vasitə heroin izləri olan bir ədəd 1 ml-lik şpris və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇISININ ÇIXIŞI: Məhkum Məhkum kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, aşkar edilmiş narkotik vasitə ona aid olmamış, işgəncə və təzyiqlərə məruz qalmış, döyülmə faktı və aldığı xəsarətlər araşdırılmamışdır. Məhkəmə ilkin ifadənin təzyiq altında verilmiş olması olduğu halda bu xüsusata tənqidi yanaşmış, o cümlədən şahidlərin məhkəməyəqədərki icraatda verdikləri ifadələrlə məhkəmədəki ifadələri arasında yaranan ziddiyyətlərin səbəbini müəyyənləşdirməmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə nəticəyə gələrkən cəzanı yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olması, onu təkbaşına böyütməsi, hal-hazırda onun sığınacağa yerləşdirilmiş olması kimi halları nəzərə almamış və barəsində CM-in 79-cu maddəsini tətbiq etməmişdir. Odur ki, göstərilənlərə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarının ləğv edilərək barəsində daha yüngül maddələrlə ədalətli cəzanın təyin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya baxışına təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin (bundan sonra “kassasiya şikayəti”) dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, o cümlədən təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmə, saxlama və daşıma, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 234.4.3 və 238.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin onun özünün verdiyi izahat və ifadələri, şahid qismində dindirilmiş şahid2, şahid6, şahid5, şahid1, şahid7, şahid4 və şahid3 ifadələri, 9 fevral 2023-cü il tarixli raportlar, “şəxsi axtarış, evə baxış keçirilməsi və götürmə aparılması haqqında” 9 fevral 2023-cü il tarixli protokol, həmin istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən disk, 13 fevral 2023-cü il və 22 avqust 2023-cü il tarixli üzləşdirmə protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 fevral 2023-cü il tarixli 6/823 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 10 fevral 2023-cü il tarixli 7/202 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 6 mart 2023-cü il tarixli 1294 nömrəli rəyi, maddi sübutlar, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Qeyd olunanlara əsasən, məhkum tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma, o cümlədən onların istehlakı üçün tiryəkxana təşkil etmə cinayətlərini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “ ..narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 959-IIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edibetməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 234.4.3 və 238.1-ci maddələri ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən detallı sadalamağa zərurət görmür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda satış məqsədilə əldə etməsini və saxlamasını, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsini təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Məhkum kassasiya şikayətinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən “fiziki təsir və təzyiqlərə məruz qalaraq etirafedici ifadələr verməsinə” dair dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qeyd olunan hallara əsasən kassasiya şikayətində təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı guya təzyiqə məruz qalması barədə dəlillər əsassız hesab edilir. Kassasiya şikayətində göstərilən dəlillər cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edildikdə onların əsassız olduğu müəyyən edilir. Belə ki, məhkum tərəfindən narkotik vasitələrin ona məxsus olmaması barədə irəli sürülmüş iddia iş üzrə toplanmış obyektiv sübutlarla təkzib olunur. Iş materiallarından görünür ki, onun üzərindən və yaşadığı evdən narkotik vasitələr aşkar edilərək götürülmüş, bu proses videoçəkilişlə qeydə alınmışdır. Bundan əlavə, o, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində narkotik vasitəni özü əldə etdiyini etiraf etmişdir. Bu səbəbdən sonradan verilmiş inkaredici ifadə müdafiə xarakterli hesab olunur və inandırıcı sayıla bilməz. Məhkumun ilkin ifadəsinin guya təzyiq altında alınması barədə iddiası da öz təsdiqini tapmır. Belə ki, həmin ifadə qanunvericiliyin tələblərinə uyğun olaraq müdafiəçinin iştirakı ilə alınmış, ona hüquq və vəzifələri izah edilmiş və bu hal müvafiq prosessual sənədlərlə təsdiqlənmişdir. Iş materiallarında həmin ifadənin qeyri-qanuni üsullarla əldə olunmasını göstərən hər hansı mötəbər sübut mövcud deyildir. Buna görə də məhkəmənin həmin ifadəni sübut kimi qəbul etməsi əsaslıdır. Belə ki, məhkum məhkəmədə verdiyi ifadəsində polis əməkdaşlarının onun evinə narkotik vasitə yerləşdirdiyini iddia etsə də, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində o, 09.02.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, x qəsəbəsi ərazisində tanımadığı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi məqsədilə 2 büküm heroin aldığını, həmin bükümlərdən birini üzərində saxladığını, digərini isə yaşadığı evin mətbəxindəki mebelin içərisində gizlətdiyini açıq şəkildə etiraf etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən əlində olan bir büküm heroini polis əməkdaşlarına təqdim etmiş, evə baxış zamanı isə mətbəx mebelinin içərisindən digər büküm heroin aşkar edilərək götürülmüşdür. Bu etirafedici ifadələr onun sonradan narkotik vasitələrin ona məxsus olmaması barədə verdiyi ifadələrlə ziddiyyət təşkil edir. Bundan əlavə, iş materiallarından görünür ki, yaşadığı evə baxış zamanı yalnız heroin deyil, həm də 2 ədəd bükümdə psixotrop maddə metamfetamin, yataq otağındakı dolabdan 1 ədəd bağlamada heroin və 2 ədəd bağlamada qurudulmuş marixuana, eləcə də istifadə üçün nəzərdə tutulmuş şprislər və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkum diskə baxış zamanı da bu halları təsdiq etmiş, yəni üzərindən və evindən qeyd olunan narkotik vasitələrin aşkar olunmasını inkar etməmişdir. Bu hallar onun evində narkotik vasitələrin mövcud olmadığını bildirməsi barədə məhkəmədə verdiyi ifadənin həqiqətə uyğun olmadığını göstərir. Işgəncə və fiziki təzyiqə məruz qalması barədə iddialara gəldikdə isə, məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan, yüngül xarakterli xəsarətlər olmuş və onların əmələ gəlmə şəraiti polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi ilə əlaqələndirilməmişdir. Eyni zamanda, bu xüsusat üzrə aparılmış araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu hallar məhkumun işgəncəyə məruz qalması barədə iddialarını təkzib edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 16 fevral 2023-cü il tarixli 282 nömrəli rəyindən görünür ki, Məhkum bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ kürək nahiyəsinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 9-11 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Şahid ifadələri arasında ziddiyyətlərin olması barədə kassasiya şikayətində göstərilənlər də əsaslı hesab edilə bilməz. Məhkəmə şahid ifadələrini digər sübutlarla birlikdə qiymətləndirmiş, mövcud cüzi uyğunsuzluqların işin mahiyyətinə təsir etmədiyi qənaətinə gəlmişdir. Cinayət-prosessual qanunvericiliyə əsasən, sübutların qiymətləndirilməsi məhkəmənin daxili inamına əsaslanır və bu zaman sübutların məcmusu nəzərə alınır. Odur ki, kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyaları haqlı olaraq şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə görə, ifadənin zor tətbiq edilməklə alınmasına dair iddia konkret faktlar və sübutlarla əsaslandırılmalıdır. Iş üzrə isə belə sübutlar mövcud deyildir. Əksinə, istintaq hərəkətlərinin protokolları, videoçəkiliş materialları və digər sübutlar ifadələrin qanuni qaydada və könüllü verildiyini təsdiq edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 27.02.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Məhkum polis əməkdaşları tərəfindən fiziki təsirlərin göstərilməsi xüsusatı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin saxlanılmasında və şəxsi axtarışın aparılmasında bilavasitə iştirak etmiş polis əməkdaşları məhkəmədə şahid qismində dindirilərkən Məhkum nə saxlanılarkən, nə də polis idarəsində olarkən hər hansı fiziki və ya psixi təsirə məruz qalmadığını qəti şəkildə bildirmişlər. Iş materiallarında zor tətbiqini təsdiq edən hər hansı tibbi sənəd, ekspertiza rəyi və ya digər mötəbər sübut da mövcud deyildir. Beləliklə, müdafiə tərəfinin fiziki təsirə dair irəli sürdüyü dəlillər subyektiv mülahizələrə əsaslanır, iş üzrə toplanmış sübutlarla təsdiqini tapmır və buna görə də əsassız hesab edilməlidir. Bu səbəbdən kassasiya şikayətində Məhkum təzyiqə məruz qalması barədə irəli sürdüyü dəlillər iş materialları ilə təsdiq olunmadığından əsassız hesab edilir və həmin arqumentlər kassasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.4.3 və 238.1-ci maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkum vermiş olduğu kassasiya şikayətində həmçinin, ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (himayəsində azyaşlı uşağının olması) və ağırlaşdıran (əməlində cinayətlərin residivinin olması) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı da Məhkum cəzasını yüngülləşdirən əlavə hər hansı hal müəyyən edilməmişdir. Cəzanın yüngülləşdirilməsi və CM-in 79-cu maddəsinin tətbiqi ilə bağlı dəlillərə münasibətdə isə qeyd olunmalıdır ki, məhkumun himayəsində azyaşlı uşağın olması kimi hallar nəzərə alınsa belə, onun üzərindən və yaşayış yerindən müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin aşkar olunması, həmçinin evində narkotik vasitələrin istifadəsi üçün şərait yaradılması faktları törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsinin yüksək olduğunu göstərir. Bu səbəbdən məhkəmə tərəfindən əlavə yüngülləşdirici normanın (CM-in 79-cü maddəsi) tətbiqi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-93/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-93/2026
14.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver