Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-953/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev Ilkin Qismət oğlunun sədrliyi, hakimlər Rəcəbov Ilkin Əblüfəz oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Əbilov Hüseyn Natiq oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Ağstafa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim N.M.Abbasova) SBarəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2026-cı il tarixli qərarı ilə (hakimlər: F.N.Mahmudov (sədrlik edən), S.B.Hüseynov və N.T.Əliyevdən ibarət tərkibdə) xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayəti təmin olunmamış, Ağstafa Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı kassasiya şikayəti vermişdir. IŞIN HALLARI: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun həmkəndlisidir və kənd və rayon ictimaiyyətində mənfi xarakterizə olunan şəxsdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatında şər-böhtan xarakterli, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yaymış, onu təhqir etmiş, şərəf və ləyaqətini nalayiq formada qəsdən və məqsədli şəkildə alçaltmışdır. Belə ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs özünə məxsus “X” adlı TikTok hesabında ## ###### 2026-cı il tarixdə yayımladığı çıxışında Xüsusi ittihamçı barəsində “Xüsusi ittihamçının başı çatmır, onun başı yerində deyil”, onun “ağa-bəy nəslindən” olmadığını, “Tovuzda donuz otaran nəslindən” olduğunu, habelə “Paşinyanın sünnətinin bizim evdə olduğunu və kirvəsinin də atam olduğunu deməklə səhv etdiyini”, “bizi bu kəndə azıdanın goruna nəhlət”, “məhkəməyə müraciət etməsən kişi deyilsən”, “sənin əzrayılın mən olacam” və digər ifadələri işlətməklə onu təhqir etmiş və barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin bildirdiyinə görə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun haqqında həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan böhtan və təhqir xarakterli ifadələr işlətməsi onun toxunulmazlıq hüququnu pozmaqla yanaşı, şəxsiyyətinə toxunmuş, şərəf və ləyaqətini alçaltmışdır. O, həmçinin qeyd etmişdir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində yaydığı böhtan və təhqir xarakterli ifadələr təkcə onun deyil, ailə üzvlərinin və valideynlərinin də şərəf və ləyaqətini alçaltmış, onları kənd və dünya ictimaiyyəti arasında rüsvay etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətində göstərmişdir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən törədildiyini iddia etdiyi cinayət hadisəsi şikayətə əlavə etdiyi videoyazı, habelə Ağstafa Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərarla təsdiq olunur. Onun sözlərinə görə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs eyni ifadələri Ağstafa Rayon Polis Şöbəsinə verdiyi izahatında da təkrar etmiş və əlavə ifadələr bildirmişdir. Xüsusi ittihamçı hesab etmişdir ki, videoyazıda əks olunan və həmin qərarda qeyd edilən ifadələr cinayət hadisəsinin baş verdiyini tam təsdiq edir. Xüsusi ittihamçı həmçinin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qeyd olunan əməlləri nəticəsində ona milyonlarla manat məbləğində mənəvi və 1000 manat maddi ziyan vurulduğunu, həmin çıxışdan sonra səhhətinin pozulduğunu və tibbi müalicə aldığını bildirmişdir. O, əvvəllər də özünün şikayəti əsasında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edildiyini, lakin sonuncunun bundan nəticə çıxarmadığını göstərmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs yuxarıda göstərilənlərə əsasən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində xüsusi ittiham qaydasında vermiş olduğu şikayət birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən əsassız və qanunsuz olaraq icraata qəbul edilməmişdir. Belə ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs sosial şəbəkə üzərindən onu nüfuzdan salmaq üçün qonşular arasında barəsində şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymış, lakin məhkəmələr həmin halı əsassız olaraq cinayət hadisəsi kimi qiymətləndirməmiş və bu səbəbdən də şikayətini icraata qəbul etməkdən imtina etmişlər. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxarkən həyata keçirdiyi hüquqi yoxlamanın hüdudlarını təsbit edən Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Kassasiya instansiyası məhkəməsinin həyata keçirdiyi hüquqi yoxlamanın nəticələri üzrə səlahiyyətləri Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilir. Həmin maddədə nəzərdə tutulmuş əsaslardan ən azı biri müəyyən edildikdə kassasiya instansiyası məhkəməsi məhkəmə aktını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək səlahiyyətinə malikdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilərək qiymətləndirilmədiyini, nəticədə əsassız və qanunsuz olaraq xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsindən imtina olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı tələbini Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin kassasiya şikayəti ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət- Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılsın. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət- Prosessual Məcəllənin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir (“Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, § 11, ## ###### 2014-cü il). Ilk olaraq məhkəmə kollegiyası qeyd edir ki, xüsusi ittiham qaydasında ərizədə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), cinayət qanunda nəzərdə tutulmuş əməlin məhz kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanuni ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o, cümlədən maddi ziyanın məbləği), şikayətin verildiyi tarix (il, ay və gün) və yer barədə məlumatlar, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə, konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Şikayətin konkret olaraq hansı şahid ifadələri ilə təsdiq olunması da ərizədə öz əksini tapmalıdır. Bu tələb Cinayət-Prosessual Məcəlləsinin 293.3, 299.3.3 və 302.1-ci maddələrinin müddəalarından irəli gəlir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 299.3-cü maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında digər məsələlərlə yanaşı həmçinin xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 – 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması məsələsinə də baxılır. Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə görə xüsusi ittiham qaydasında məhkəməyə verilmiş ərizədə aşağıdakılar göstərilməlidir: - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) (CPM, maddə 293.3.1); - törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) (CPM, maddə 293.3.2); - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi (CPM, maddə 293.3.3); - şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi (CPM, maddə 293.3.4); - cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş (CPM, maddə 293.3.5); - şikayətin verildiyi tarix (il, ay və gün) və yer (CPM, maddə 293.3.6); - şikayəti vermiş şəxsin imzası (CPM, maddə 293.3.7). Cinayət-Prosessual Məcəllənin 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəticələrinə görə digər hallarla yanaşı aşağıdakı hallar olduqda da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini tələb edir: - şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə (CPM, maddə 302.1.2); - şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (CPM, maddə 302.1.3); - cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə (CPM, maddə 302.1.4); - cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (CPM, maddə 302.1.6); - şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (CPM, maddə 302.1.7); - şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə (CPM, maddə 302.1.8). Cinayət-Prosessual Məcəllənin 302.2.3-cü maddəsinə görə həmin (CPM-in 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən) hallar olduqda məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Təsvir olunan normalarla müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin ## ### 2026-cı il tarixli qərarına baxdıqda müəyyən olunur ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar əsaslı və yuxarıda qeyd edilən cinayətprosessual qaydaların tələblərinə cavab verən nəticədir. Iş materiallarından göründüyü kimi, birinci və apellyasiya instansiyası məhkəmələri barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin ərizədə göstərilən əməlində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətlərinin mövcud olmadığını müəyyən etmiş və bu əsasla Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin olmadığına görə həmin şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətin məzmununu nəzərdə keçirən məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətdə göstərilən ifadələrin Cinayət Məcəlləsinin 147 və 148ci maddələrində nəzərdə tutulmuş əməllərin ilkin əlamətlərini ehtiva edib-etməməsi qiymətləndirilərkən, onların ayrı-ayrı söz və ifadələr şəklində deyil, təqdim edilmiş materialların ümumi məzmunu və ifadələrin səsləndirildiyi kontekst nəzərə alınmaqla nəzərdən keçirilməsi zəruridir. Bununla yanaşı, şikayətin icraata qəbul edilməsi mərhələsində məhkəmənin vəzifəsi təqdim edilmiş materialları mahiyyəti üzrə araşdırmaq, sübutların mötəbərliyinə və kifayətliliyinə dair yekun nəticəyə gəlmək və mübahisəli faktiki halları müəyyən etmək deyil. Hazırkı halda təqdim edilmiş materialların ilkin məzmunundan xüsusi ittiham şikayətində göstərilən ifadələrin əvvəlki çıxışlarla əlaqəli şəkildə səsləndirildiyi, həmin çıxışda ictimaiyyətə açıqlanmış məlumat və fikirlərə münasibət bildirildiyi, ifadələrin isə əsasən qiymətləndirici və emosional xarakter daşıdığı anlaşılır. Bu baxımdan həmin ifadələrin Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan yalan olduğunu bilə-bilə fakt xarakterli məlumatların yayılması kimi, eləcə də Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan şəxsin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması kimi qiymətləndirilməsinə imkan verən ilkin əlamətlərin mövcudluğu barədə nəticəyə gəlmək üçün əsas görünmür. Birinci və apellyasiya instansiya məhkəməsinin də şikayətin icraata qəbul edilməsi mərhələsinin hüquqi mahiyyətini və təqdim edilmiş materialların ümumi məzmununu nəzərə alaraq gəldiyi nəticə kassasiya şikayətində göstərilən dəlillərlə təkzib olunmur. Kassasiya instansiyası məhkəməsi isə öz növbəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsi mərhələsində aparılmalı olan ilkin yoxlamanın hüdudlarından kənara çıxaraq təqdim edilmiş materiallara mahiyyəti üzrə qiymət verməməli, ayrı-ayrı ifadələrin hansı məqsədlə və hansı niyyətlə səsləndirildiyini müəyyən edən yeni faktiki nəticələr formalaşdırmamalıdır. Bu baxımdan kassasiya şikayətində həmin ifadələrin şikayətçinin şərəf və ləyaqətini ləkələdiyi və alçaltdığı barədə irəli sürülən mülahizələr, ifadələrin ümumi kontekstindən və məhkəmələrin gəldiyi nəticədən fərqli hüquqi qiymətləndirməni zəruri edən əsaslı dəlillərlə müşayiət olunmadığından, həmin məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına almağa kifayət etmir. Şərh olunanlar və cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, həmin qərar qəbul edilərkən Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinin tələblərinə riayət edildiyini, yolverilməz sübutlardan istifadə olunmadığını, habelə məhkəmələr tərəfindən müdafiə tərəfinin irəli sürdüyü əsas dəlillərin araşdırılaraq onlara münasibət bildirildiyini göstərir. Beləliklə, kassasiya şikayətində istinad edilən 416.1.2–416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə aktının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən hallar müəyyən edilmir. Bu baxımdan, məhkəmə kollegiyası qeyd olunan əsaslara görə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı kassasiya şikayətinin təmin edilməməsi, onun barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2026-cı il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənləri rəhbər tutaraq və Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2026-cı il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-953/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-953/2026
11.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver