Məhkəmə qərarları › İş №1(1-8)-97/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-97/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-97/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Məmmədli Rəşad Təvəkkül oğlunun, bəraət almış şəxs Bəraət almış şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, 24 iyul 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1894/2025 nömrəli 8 oktyabr 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-142/2025 nömrəli 22 iyul 2025-ci il tarixli hökmü ilə (hakimlər Ş.A.Həsənova (sədrlik edən), V.E.Quliyev və A.H.Əliyeva) Bəraət almış şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1894/2025 nömrəli 8 oktyabr 2025-ci il tarixli qərarı ilə (hakimlər F.Ə.Qəniyev (sədrlik edən), İ.A.Ibrahimli və Ə.Q.Ələkbərov) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Bəraət almış şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə aşağıdakı məzmunda ittiham elan edilmişdir ki, o istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 22,461 qram çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 13 sentyabr 2022-ci il tarixdə saat 09:30-da ünvan 1 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon Polis Idarəsindən 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nəsimi rayon Polis Idarəsindən 20-ci Polis Bölməsinə aparılmış və orada barəsində şəxsi axtarış keçirilən zaman üzərindəki qadın kosmetika çantasının içərisindən 5 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,245 qram, 1,825 qram, 2,048 qram, 1,480 qram və 1,863 qram olmaqla, ümumi təmiz çəkisi 22,461 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə olan heroin və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, cinayət işi üzrə əldə edilmiş hər bir sübutun mümkünlük, aidlik və mötəbərliyi ayrıca dəyərləndirilməli və hər hansı bir ittiham sübutu (məsələn, ifadə, ekspertiza rəyi, şəxsi axtarış və götürmə protokolu və sair) gəbul olunmadıqda onun rədd edilməsinin ağlabatan motivləri əsaslandırılmalıdır. Əks hal çıxarılmış yekun məhkəmə qərarının özünün əsassız olmasına dəlalət etmiş olur. Narahat edici məqam ondan ibarətdir ki, son dövrlərin məhkəmə təcrübəsində hüquq-mühafizə orqanları əməkdaşlarının "qanunsuz davranışları" barədə bildirən bir çox təqsirləndirilən şəxslərin iddialarının məhkəmələr tərəfindən həqiqət hesab olunması, belə şəxslərin bədəni üzərində saxlanıldığı vaxta uyğun gələn hər hansı xəsarətin aşkar edilməsi halında, məhkəmələrin onun şəxsə qarşı qanunsuz rəftarın göstəricisi kimi qəbul etməsi halları artmış və bir sıra hallarda konkret işlərin obyektiv hallarına baxılmadan (əsaslı tədqiqat və qiymətləndirmə aparılmadan) təqsirləndirilən şəxslər barəsində bəraət hökmləri çıxarılmışdır. Halbuki, belə iddialar üzrə məhkəmənin qiymətləndirməsi hərtərəfli araşdırmanın nəticələrinə əsaslanmalı və işin faktiki hallarına uyğun olmalıdır. Mütləq nəzərə alınmalıdır ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsinin göstəricisi sayılmamalıdır. Nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digərinə aparılarkən, yəni istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması mümkündür və bu hallar hər hansı bir şəxsin adi gündəlik həyatında da yarana bilər. Ona görə də, təqsirləndirilən şəxs ona fiziki təzyiq göstərilməsi yolu ilə sübutların toplanmasını iddia edirsə, məhkəmələr belə iddiaların doğruluğunu işin digər faktiki halları və toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edib qiymətləndirilməlidirlər. Bu, həm də ona görə olmalıdır ki, həmin xüsusatla bağlı aparılmış araşdırmanın nəticələrini nəzərə almayan və ya onları düzgün hüquqi prosedurla və ağlabatan dəlillərlə inkar edə bilməyən "istisnasız" (ümumi) yanaşma cinayətkarlıqla mübarizə aparan hüquq-mühafizə orqanlarının cəmiyyətdəki nüfuzunun aşağı düşməsinə, eləcə də onların əməkdaşlarının saxladıqları şəxsə zor tətbiq edərək ona işgəncə verməsi "ittiham"ının altında qalmalarına səbəb olur. Belə məzmundakı araşdırma ədalət mühakiməsinin mənafeyi baxımından da zəruri şərtdir və bu mənafe həqiqətin müəyyənləşdirilməsini mütləq şərt kimi tələb edir. Ona görə də, məhkəmənin yalnız təqsirləndirilən şəxsin ifadələrinə istinad edərək, onu digər sübutlardan üstün tutması, hərtərəfli araşdırmaya və obyektiv əsaslara söykənməyən qiymətləndirmə aparması ədalət mühakiməsinin şərtlərinə uyğun qənaət sayıla bilməz. Belə yanaşma həmçinin, məhkəmənin cinayət prosesinin tərəfləri arasında tarazlığı pozması, müdafiə tərəfinin dəlillərinə üstünlük verməsi, çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxması ilə nəticələnmiş olar. Tibbi ekspertizadan keçməyə lüzum görməyən şəxsin bədəni üzərində yaranma vaxtı məlum olmayan xəsarətlərin aşkar olunmasını məhkəmənin hansı əsasla ilkin ittiham sübutlarının mümkünlük şərtlərinin pozulmasına yönələn dəlil kimi qəbul etməsi ittiham tərəfinə aydın olmamışdır. Bəraətin Bəraət almış şəxs 13.09.2022-ci il tarixdə saat 09:30-da saxlanılıb Nəsimi RPI-nin 20-ci PB-nə aparılıb saat 14:06-ya kimi həmin bölmədə saxlanılıb, müdafiəçinin iştirakı olmadan faktiki saxlanıldığı vaxtdan 4 saatdan artıq müddət keçdikdən sonra üzərinə baxış keçirilməsi barədə dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, həmin hal CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş dörd əsasdan heç birinə aid deyil və bu fakt yalnız pozuntuya yol vermiş vəzifəli şəxsin məsuliyyət məsələsinin həll edilməsində hüquqi əhəmiyyət kəsb edə bilərdi. Ilk növbədə məhkəmə nəzərə almamışdır ki, Bəraət almış şəxs 13.09.2022-ci il tarixdə, saat 09:30-da saxlanılıb Nəsimi RPI-nin 20-ci PB-nə aparılması, orada üzərinə şəxsi axtarış və götürmənin aparılması, qeyd olunan istintaq hərəkətlərinin aparılması üçün müdafiəçinin dəvət olunması müəyyən vaxt tələb etdiyindən, yəni bu aralıqda müəyyən zaman kəsiyi şübhəli şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə gözlənilmişdir. Nəzərə alsaq ki, həm milli qanunvericiliyimiz, həm də tərəfdar çıxdığımız beynəlxalq konvensiyalar bu hüququn təminatına həssas yanaşır və heç də təsadüfi deyil ki, CPM-nin təkcə 90-cı maddəsində şübhəli şəxsin 24 hüququ və 7 vəzifəsi təsbit olunmuşdur. Bu baxımdan, yalnız bu hüquq və vəzifələrin vəkilinin iştirakı ilə şübhəli şəxsə elan edilməsi, vəkilin təqdimatı və təyin olunması, ona şübhənin mahiyyətinin bildirilməsi və cinayət prosesini həyata keçirən orqana və ya vəzifəli şəxslərə etiraz etmək hüququnun izah olunması şəxsi axtarış aparılana qədər müəyyən müddətin keçməsini müdafiə hüququnun təminatı baxımından labüd və zəruri etmişdir. Ikincisi, məhkəmə 4 saatdan artıq müddət barədə qənaətə əsası olmayan mülahizə əsasında gəlmişdir. Həmin zaman fərqini təhqiqatçı Nazim Qədirovun qol saatında göstərilən vaxtla əsaslandıran məhkəmə, qeyd olunan xüsusatın yoxlanması istiqamətində addım atmamış, obyektivlik naminə onu məhkəməyə dəvət edib dinləmək zərurətini belə görməmiş, müdafiəçinin müdafiə nitqində göstərilən həmin dəlilini əsaslı arqument kimi qəbul edərək yekun məhkəmə aktının əsasına qoymuşdur. Halbuki, iş materiallarından göründüyü kimi, şəxsi axtarış 13.09.2022-ci il tarixdə saat 12:10-da keçirilmiş, müvafiq protokol iştirakçılar tərəfindən, o cümlədən əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş, ilk dəfə cinayət törədən şəxslərə münasibətdə təcrübəsi olan Bəraət almış şəxs tərəfindən də imzalanmaqla doğruluğu təsdiq edilmişdir. Göründüyü kimi, məhkəmələr Bəraət almış şəxs üzərindəki şəxsi axtarışın müəyyən müddət sonra keçirilməsinə tənqidi yanaşmalarını düzgün əsaslandırmamış, nəzərə alınmamışdır ki, həmin zaman kəsiyi hüquqları məhdudlaşdırılan, saxlanılan şəxsin səmərəli, keyfiyyətli, real olaraq müdafiə hüququndan istifadəsini təmin etmək üçün gözlənilmişdir. Bundan başqa, məhkəmələrin bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, video çəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsinə tənqidi yanaşması anlaşılan olmamış, həmin hərəkətə münasibətdə CPM-nin 92.3-cü maddəsində qeyd edilən müdafiəçinin iştirakını məcbur edən hallar mövcud olmamışdır. Hazırkı iş üzrə müdafiəçinin iştirak etməməsi məhkəmələrin qeyd etdiyi kimi təqsirləndirilən şəxsin xahişi ilə deyil, müdafiəçinin iştirak etmək arzusunda olmaması və təqsirləndirilən şəxsin də buna etiraz etməməsi əsasında baş vermişdir ki, bu da qanunvericiliyin tələbinə zidd deyildir. Iş materiallarına əlavə edilmiş, 13.09.2022-ci il tarixli ərizədən görünür ki, Bəraət almış şəxs müdafiəçisi X2 ərizə ilə müraciət edərək, müdafiə etdiyi şəxsin üzərinə onun iştirakı olmadan şəxsi axtarış keçirilməsin xahiş etmiş, Bəraət almış şəxs isə öz ərizəsində müdafiəçisi C.Bayramovun iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan başqa axtarışın və götürmənin aparılmasında iştirak edən şəxslərin dairəsini müəyyən edən, prosessual qanunvericilikdə ümumi norma kimi nəzərdə tutulmuş CPM-nin 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. CPM-nin 244.2-ci maddəsinin tələblərindən görünür ki, müdafiəçinin şəxsi axtarış və götürmədə iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək arzusunu bildirsin. Məhkəmələr əsassız olaraq belə nəticəyə gəlmişlər ki, Bəraət almış şəxs ittihamda göstərildiyi kimi ünvan 2 ünvanın qarşısında deyil, yaşadığı ünvanda, yəni ünvan 2, mənzil 32 ünvanın həyətində saxlanılaraq polis bölməsinə aparılmışdır. Şəxsin saxlanılma yerinin məhkəmənin qeyd etdiyi kimi, mənzil olması yalnız müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Bəraət almış şəxs yaxın qohumları olan anası, qardaşı, arvadı, həmçinin onlara məxsus həyətdəki evdə kirayədə yaşayan qonşu və şəxsi tanışlıq münasibətində olduğu şahid E.Bayramovun məhkəmədəki ifadələrinə əsaslanır. Qeyd etmək lazımdır ki, bu ifadələr məhz tərəflər arasında yaxın qohumluq və şəxsi tanışlıq mövcud olduğu üçün qərəzsizlik prinsipinə cavab vermir və istintaqın obyektivliyi baxımından təhlil edilməli idi. Məhkəmələrin həmin şəxsləri "əlavə şahid" kimi dindirərək onların ifadələrinə istinad etməsi, lakin həmin ifadələrin formalaşmasında yaxın qohumluq və şəxsi münasibətlərin mümkün təsirini nəzərə almadan nəticə çıxarmaları, obyektiv qiymətləndirmə standartlarına ziddir. Məhkəmələr göstərilən ifadələri birtərəfli analiz etmiş, ifadələrin təqsirləndirilən şəxsin maraqlarına uyğun səciyyə daşıya biləcəyini, Taleh Yusifov (qardaşı), Rəmziyyə Yusifova (anası), Afət Yusifova (arvadı), Nailə Axverdiyeva (qonşusu) və şahid5 (dostu) onunla yaxın qohumluq və dostluq münasibətlərinə malik olduqlarını və dolayısı ilə ifadələrinin qərəzli ola biləcəyini nəzərə almamış, onların məhkəmə istintaq zamanı verdikləri həmin ifadələrini qeyri-səmimi, qeyriobyektiv olmaqla təqsirləndirilən şəxs Bəraət almış şəxs müdafiə etmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirməli olduğu halda, bütün bunlara tənqidi yanaşmamış və həmin ifadələri düzgün tədqiq etməyərək iş üzrə əsassız nəticəyə gəlmişlər. Nəhayət, məhkəmələrin Bəraət almış şəxs istintaqda göstərildiyi şəraitdə deyil, yaşadığı ünvanın həyətində saxlanılması barədə qənaəti belə, özlüyündə (nəzərə olaraq hətta düz sayılsa), ona verilmiş ittihamı təkzib etməyə yetərli dəlil sayıla bilməzdi, ona görə ki, saxlanılma yerinin hara olması yalnız saxlanılma yeri ilə bağlı hissədə ittihamın həllinə təsir edəcəyi halda, yəni yalnız saxlanılma yeri ilə bağlı hissəni ittihamdan xaric etməyə əsas olardı. Bu aspektdən onun bütün ittihamına əsassız qiymət verilmişdir. Işdən görünür ki, Bəraət almış şəxs ünvan 1 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığına görə ərazidə xidmətdə olan Nəsimi RPI-nin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, onun saxlanılması həmin andakı şəraitə görə təxirəsalınmaz olmuşdur. Ikincisi, tədbir keçirilmiş olsaydı belə, hökmdə göstərilən əsaslar hazırki işdəki ittiham sübutlarını inkar etməyə əsas verməmişdir. Belə ki, əməliyyat tədbiri və istintaq hərəkətləri tamamilə fərqli anlayışlardır (biri tədbir, digəri cinayətprosessual qanunla tənzimlənən prosessual hərəkətlərdir), hətta keçirilmiş tədbir qanunsuz sayılsa belə, bu məhkəməni cinayət işindəki istintaq hərəkətlərini araşdırmasına, sübutları qiymətləndirməsinə maneə yarada bilməz. Çünki qanunsuz hesab edilmiş tədbir yalnız onun nəticəsində əldə edilmiş sübutla münasibətdə həlledici əhəmiyyət daşıyır. Mərhələsində hüquqlarını müdafiə etmiş vəkil X2 və polis əməkdaşı şahid2 məxsus mobil telefon nömrəsi üzrə götürülmüş anten məlumatları təşkil etmişdir. Bu hissədə məhkəmələr öz mövqeyini belə əsaslandırmışlar ki, vəkil C.Bayramovun istifadəsində olan mobil telefon nömrəsinin anten dairəsinə dair məlumatlara əsasən, onun 13.09.2022-ci il tarixdən 14.09.2022-ci il tarixədək olan müddət ərzində Nəsimi rayon Polis Idarəsinin 20-ci Polis Bölməsini əhatə edən anten dairəsində deyil, fərqli, kifayət qədər uzaq (Qobustan və Şamaxı rayonları) ərazilərdə olması müəyyən edilmiş, yalnız təqsirləndirilən şəxs Bəraət almış şəxs barəsində "həbs" qətimkan tədbiri seçilən zamana uyğun Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin inzibati binasına yaxın ərazidə anten məlumatları qeydə alınmışdır. Iş materiallarından və yekun məhkəmə aktlarından aydın olur ki, məhkəmələr adıçəkilən şəxslərin mobil anten məlumatlarını qiymətləndirərkən ciddi hüquqi və faktiki səhvlərə yol vermiş, sübutların analizini birtərəfli və natamam aparmışdır. Ilk növbədə işə baxan məhkəmələr müdafiəçi Ceyhun Bayramovu məhkəmə iclasına dəvət edib istifadəsində hansı mobil nömrənin olması, onun 13.09.2022-ci il tarixdən 14.09.2022-ci il tarixədək olan müddət ərzində həqiqətən təqsirləndirilən şəxs Bəraət almış şəxs yanında olub-olmamasını araşdırmamış, həmin vaxta onun adına qeydiyyata alınmış mobil telefon və həmin telefonda olan nömrədən digər şəxslərin istifadə edib-etməməsini yoxlamamışdır. Məhkəmə mobil anten məlumatlarına dair yuxarıda qeyd edilən hallarla yanaşı, vəkil Ceyhun Bayramovun hansı mobil nömrələrdən, xüsusilə də adıçəkilən istintaq hərəkətləri aparılan zaman hansı mobil nömrədən istifadə etməsini araşdırmamış, internet resurslarında göstərilən mobil nömrəsinə istinad etməklə qeyd edilən istintaq hərəkətlərinin aparılması zamanı məhz həmin mobil nömrədən istifadə etməsinə dair şəxsi fərziyyələrinə əsaslanaraq, əldə edilmiş anten məlumatlarına əsasən vəkilin həmin istintaq hərəkətlərində iştirak etməməsi kimi əsassız nəticəyə gəlmişdir. Mübahisələndirilən yekun qərardan görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya protestində gətirilmiş dəlilləri lazımınca araşdırmadan, protestdə göstərilmiş dəlillərə müvafiq hüquqi qiymət vermədən, irəli sürülmüş arqumentlərə qarşı yetərli əsaslandırma aparmadan iş üzrə mövcud olan, ittihamı təsdiq edən sübutların ətraflı və obyektiv araşdırılmasını təmin etmədən hökmü dəyişdirmədən saxlamış, bununla da birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları təkrarlamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs Bəraət almış şəxs və onun müdafiəçisi müdafiəçi1, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması” əməli nəzərdə tutulmuşdur və həmin əməl səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi). Beləliklə, kassasiya məhkəmə kollegiyası hazırkı iş üzrə aşağı instansiya məhkəmələrinin hökm və qərarını, işdə olan digər sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, Teymur Səfərovun bədəni üzərində xəsarətlərin olmasını və onun 4 saatdan artıq vaxt müddətində müdafiəçisi olmadan polis şöbəsində polisin nəzarətində qalmasını nəzərə alaraq təqsirləndirilən şəxs Bəraət almış şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirafedici ifadələr sübut növü kimi qəbul edilib Bəraət almış şəxs qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. Əlavə olaraq məhkəmələr müəyyən etmişdir ki, tutulmazdan əvvəl Bəraət almış şəxs üzərində heç bir xəsarət olmasa da, o, polisin MSY-nə və Istintaq Təcridxanasına daxil olarkən onun bədən səthində çoxsaylı xəsarətlər aşkar edilmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, Bəraət almış şəxs bədən səthində olan xəsarətlərlə bağlı müvafiq prokurorluq tərəfindən aparılan araşdırma da səmərəsiz olmuşdur. Belə ki, prokurorluq yuxarıda qeyd olunan, yəni Bəraət almış şəxs Bakı ŞPŞ-nə qəbulu zamanı aşkar edilmiş xəsarətlər barədə aktı, ümumiyyətlə, əldə edib tədqiq etməmiş, müvafiq təcridxanadan xəsarətlərlə bağlı daxil olmuş məlumata isə lazımi əhəmiyyət verməmişdir. Bakı şəhər prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19.07.2023-cü il tarixli qərarından görünür ki, Bəraət almış şəxs tutulduqdan sonra onun üzərində xəsarətlər yaranması faktı inkar edilməsə də, həmin xəsarətlərin Bakı ŞPŞ-nin əməkdaşları tərəfindən yetirilməsi sübuta yetməmişdir. Beləliklə, Bəraət almış şəxs tutulmazdan əvvəl heç bir xəsarətinin olmaması, tutulduqdan sonra isə onda xəsarətlər aşkar edilməsi faktı araşdırma aparan prokurorluq tərəfindən inkar edilməmişdir. Bu hissədə prokurorluğun fəaliyyəti, yalnız polis əməkdaşlarının bu xəsarətləri yetirib-yetirməməsi ilə bağlı olmuşdur ki, prokurorluq həmin polis əməkdaşlarını dindirib cinayət işinin başlanmasını rədd etməklə kifayətlənmişdir. Aşağı instansiya məhkəməsinin gəldiyi nəticələr digər sübutlarla da təsdiq olunur. Belə ki, iş materiallarından görünür ki, “cinayət işinin materiallarında olan protokolda şəxsi axtarış aparılması və maddi sübutun götürülməsinə 13 sentyabr 2022-ci il tarixdə saat 12:10-da başlanması, saat 13:20-də qurtarması qeyd edilsə də, CD diskə baxış zamanı təhqiqatçı Nazim Qədirovun qolunda olan saatın əqrəblərinin baxışın başlanması zamanı saat 14:06da, baxışın qurtarması zamanı 14:50-da olması müəyyən edilmişdir. Bundan əlavə, baxışın sonunda təqsirləndirilən şəxs Bəraət almış şəxs məxsus mobil telefonun söndürülərək qablaşdırılması görüntüdə öz əksini tapır”. Bu hissəyə münasibətdə apellyasiya kollegiyası onu da qeyd etmişdir ki, “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi ilə bağlı aparılmış videoçəkilişdən həm də o aşkar müəyyən olunur ki, cinayət işinin materiallarında olan həmin protokol əslində qabaqcadan kompüterdə tərtib olunmuş, yalnız saatlar göstərilməli olan hissələr boş qoyulmuşdur. Videoçəkiliş zamanı da təhqiqatçı məhz həmin protokolu – şəxsi axtarışdan sonra tərtib edilməli olan protokolu üzündən oxuyur və saatla bağlı hissədə qeydləri həmin hissələrə çatanda əl ilə icra edərək tamamlayır. Videoçəkilişdə müşahidə olunan bu xüsusat aşkardır və mübahisələndirilməsi faktiki mümkünsüzdür. Təqsirləndirilən şəxs Bəraət almış şəxs məxsus mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərə, anten dairələrinə dair müvafiq operatorlardan məhkəməyə təqdim edilmiş məlumatlar tədqiq edilən zaman Bəraət almış şəxs məxsus 070-734-64-34 nömrəli mobil telefon ilə arvadı Afət Yusifovanın istifadəsində olan 050-706-64-44 nömrəli mobil telefon arasında 13 sentyabr 2022-ci il tarixdə saat 13:18:48 radələrində 748 saniyəlik, qardaşı Taleh Yusifovun istifadəsində olan 051-215-32-15 nömrəli mobil telefon arasında 13 sentyabr 2022ci il tarixdə saat 13:32:12 radələrində 25 saniyəlik danışıq qeydə alınmış, həmçinin həmin mobil nömrə üzrə 13 sentyabr 2022-ci il tarixdə saat 13:54:35 radələrindən sonra hər hansı məlumat qeydə alınmamışdır. Qeyd olunanlar təqsirləndirilən şəxs Bəraət almış şəxs üzərinə saxlanıldığı vaxtdan təxminən 4 saatdan artıq müddətdən sonra, cinayət işinin materiallarına əlavə edilmiş prosessual sənədlərdə qeyd olunan vaxtdan fərqli saatda axtarış aparılması nəticəsinə gəlməyə əsas verir”. Aşağı instansiya məhkəmələri öz qərarlarını belə əsaslandırmışlar ki, iş üzrə “videogörüntüdə təqsirləndirilən şəxs Bəraət almış şəxs təqdim etdiyi və üzərindən aşkar edilmiş bütün əşyaların (pul qabının içərisinə bir ədəd ABŞ dolları və üç ədəd bank kartının yerləşdirilərək həmin pul qabı, bir ədəd plastik qab, bir ədəd elektron tərəzi, bir ədəd tibbi iynə, iki ədəd maqqaş, bir ədəd qırmızı rəngli şüşə kəsən, bir ədəd qayçı, bir ədəd kağız kəsən (rezak), bir ədəd kağız kəsən üçün içlik, iki ədəd dəmir metal borular, bir ədəd “Bakcell” GSM nömrə kart qadın kosmetik çantasının içərisinə yerləşdirilməklə, bir ədəd mobil telefonla birlikdə iri ölçülü zərfdə, beş ədəd şəffaf sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli bükümlər bir ədəd kiçik ölçülü zərfə qoyulmaqla möhürlənir) qablaşdırılmaqla götürülməsi öz əksini tapsa da, 2 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla beş ədəd bükümdə, ümumi təmiz çəkisi 22,461 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin, bir ədəd elektron tərəzinin, bir ədəd şprisin, bir ədəd borunun maddi sübut kimi tanınması və Bakı şəhəri, Nəsimi rayon Polis Idarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi, 7 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla beş ədəd bükümdə, ümumi təmiz çəkisi 22,461 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, bir ədəd elektron tərəzinin, bir ədəd şprisin, iki ədəd metal borunun maddi sübut kimi tanınması və Nəsimi rayon Polis Idarəsinin Növbətçi Hissəsinə təhvil verilməsinin nəzərə alınması, təqsirləndirilən şəxsdən aşkar olunmuş üç ədəd plastik kartın yaxın qohumlarına qaytarılması üçün Nəsimi rayon Polis Idarəsinin Növbətçi Hissəsində saxlanılmasının nəzərə alınması, 18 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla beş ədəd bükümdə, ümumi təmiz çəkisi 22,461 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, bir ədəd elektron tərəzinin, bir ədəd şprisin, iki ədəd metal borunun maddi sübut kimi tanınmasının və Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin Növbətçi Hissəsinə təhvil verilməsinin, təqsirləndirilən şəxsdən aşkar olunmuş üç ədəd plastik kartın yaxın qohumlarına qaytarılması üçün Nəsimi rayon Polis Idarəsinin Növbətçi Hissəsində saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Iş üzrə keçirilmiş 13 sentyabr 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, tədqiqat obyektləri Mərkəzə üzərində “Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Zərflər üçün № 188” dairəvi möhür əksi, “Vət. Bəraət almış şəxs aşkar olunmuş maddə....” yazı və imzalar olan bir ədəd ağ rəngli kağız zərfdə təqdim edilmiş, zərf açıldıqda içərisində beş ədəd şəffaf sellofan kəsikləri bükümü aşkar edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin Növbətçi Hissəsində saxlanılan maddi sübutların məhkəməyə təqdim edilməsi təmin edilmiş və həmin maddi sübutlara baxış zamanı yalnız beş ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və elektron tərəzinin Növbətçi Hissəyə təhvil verilməsi və orada saxlanılması müəyyən edilmişdir. Digər maddi sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, Bəraət almış şəxs barəsində Nəsimi rayon Polis Idarəsinin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hər hansı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi müəyyən edilmədiyini, dindirilmiş şahid şahid5 latın qrafikası ilə yazıb oxuya bilmədiyinin müəyyən edildiyini, sonuncunun istintaq orqanında ifadə vermədiyini, istintaq orqanına barəsində olan inzibati işlə bağlı dəvət edilərək oxumadığı sənədlərə imza etdiyini bildirdiyini qeyd etmişdir. Həmçinin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, Bəraət almış şəxs ittihamda göstərildiyi kimi ünvan 2 saylı ünvanın qarşısında deyil, yaşadığı ünvanda, yəni ünvan 2, mənzil 32 ünvanın həyətində, şahid5lə birlikdə saxlanılaraq Polis Bölməsinə aparılmış, 13 sentyabr 2022-ci il tarixdə saat 14:06-ya kimi həmin bölmədə saxlanılmış, müdafiəçi ilə təmin edilməmiş, müdafiəçinin iştirakı olmadan faktiki saxlanıldığı vaxtdan 4 saatdan artıq müddət keçdikdən sonra üzərinə baxış keçirilməklə sonuncunun satış məsqədi ilə üzərində saxlamaqda ittiham olunduğu narkotik vasitənin aşkar edilməsi rəsmiləşdirilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs Bəraət almış şəxs və qardaşı verdikləri ifadələrində 20-ci Polis Şöbəsinin əməkdaşı şahid2 Bəraət almış şəxs saxlanılmasında iştirak etdiyini, məhkəmədə dindirilmiş şahid2 isə belə bir halın olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid2 Bəraət almış şəxs saxlanılmasında iştirak etmədiyini, Bəraət almış şəxs saxlanıldığı ünvanı isə ümumiyyətlə tanımadığını bildirsə də müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş şahid2 məxsus mobil telefon nömrəsi üzrə anten məlumatları tədqiq edilərkən sonuncunun 13 sentyabr 2022-ci il tarixdə saat 09:20:19 radələrində telefon danışığının təqsirləndirilən şəxs Bəraət almış şəxs yaşadığı ünvan üzrə, yəni LBBK107107/LBBK1071 MASHZAVOD/Narimanov/(40.40159/49.83017) ünvanda anten dairəsi üzrə qeydə alındığı müəyyən edilmişdir. Həmçinin apellyasiya məhkəməsinin qərarında istinad olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasının 20 may 2023-cü il tarixli 3-16-17/38/2-3464/2023 nömrəli məktubundan və ona əlavə edilmiş 16 sentyabr 2022-ci il tarixdə açılmış, 47-518246/2022 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, həbs edilmiş şəxs Bəraət almış şəxs 15 sentyabr 2022 ci il tarixdə Bakı Istintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Tibbi müayinə zamanı Bəraət almış şəxs həbs olunan zaman xəsarət aldığını bildirir. Baxış zamanı hər iki yuxarı ətrafda trafiki yaralar aşkarlanıb. Lakin ibtidai istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, Bəraət almış şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Belə ki, cinayət işinin rədd edilməsi barədə qərarın tarixindən də görünür ki, Bakı Istintaq Təcridxanasına gətirildikdən bir neçə ay keçdikdən sonra - 2023-cü ilin aprel ayında müvafiq məsələyə münasibət bildirilmişdir. Ilkin təhqiqat materiallarından görünür ki, 13 sentyabr 2022-ci il tarixdə saat 09:30-da ünvan 1 ünvanın qarşısında olan zaman saxlanılaraq Polis Bölməsinə gətirilmiş, sonuncunun saxlanılması barədə sənədlərdə xəsarətlərinin olması, yaxud da Bəraət almış şəxs saxlanılan zaman polis əməkdaşlarından qaçması, yıxılması və s. formada xəsarət alması barədə hər hansı qeyd olmamışdır. Apellyasiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, Bəraət almış şəxs zor tətbiq edilməsi ilə bağlı Nəsimi rayon prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində cinayət işinin başlanılması rədd edilmişdir. Lakin bu formal olmuş, zorakılıqla bağlı ibtidai araşdırmanın formal və səthi olması araşdırma nəticəsində qəbul edilmiş qərarın məzmunu ilə də aydın olmuşdur. Belə ki, 143-C-23 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda sözügedən xəsarətlərin hansı şəraitdə yaranması araşdırılmadan, eləcə də müayinə nəticələri ilə ziddiyyət təşkil etməsinə baxmayaraq polis əməkdaşlarının izahatlar ilə kifayətlənməklə şikayət üzrə faktın öz təsdiqini tapmaması qənaətinə gəlmiş və material üzrə cinayət işinin başlanılmasını rədd edilmişdir. Halbuki həmin araşdırma materialında Bakı Istintaq Təcridxanasına 15 sentyabr 2022-ci il tarixdə daxil olan zaman tibbi müayinədən keçirilmiş və müayinə zamanı hər iki yuxarı ətrafda trofiki yaralar aşkar edilmiş, Bəraət almış şəxs həmin bədən xəsarətlərini həbs olunan zaman aldığını bildirməsinə baxmayaraq, sadəcə izahatları göstərilməklə kifayətlənilmiş, prokurorluq orqanı məhz hansı səbəbdən bu qənaətə gəlməsini əsaslandıra bilməmişdir. Bəraət almış şəxs müxtəlif bədən xəsarətlərinin yetirilməsi ilə bağlı hissədə birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon prokurorunun böyük köməkçisi vəzifəsi üzrə stajoru tərəfindən qəbul edilmiş 04 aprel 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Bəraət almış şəxs polis əməkdaşları tərəfindən qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalması, ona hər hansı xəsarət yetirilməsi, ona işgəncə verilməsi xüsusatları öz təsdiqini tapmadığından 143-C-23 nömrəli material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilsə də, təqsirləndirilən şəxs Bəraət almış şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasına 15 sentyabr 2022-ci il tarixdə daxil olan zaman tibbi müayinədən keçirilmiş və müayinə zamanı hər iki yuxarı ətrafda trofiki yaralar aşkar edilmiş, Bəraət almış şəxs həmin bədən xəsarətlərini həbs olunan zaman aldığını bildirmişdir. Lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan Bəraət almış şəxs xəsarətləri ilə bağlı hər hansı araşdırma aparılması və aldığı xəsarətlərlə bağlı tibbi ekspertizanın keçirilib-keçirilməməsi və bunlara hüquqi qiymət verilməsi müəyyən edilmir. Təqsirləndirilən şəxs Bəraət almış şəxs tutulana qədər hər hansı xəsarət almasına dair məhkəməyə sübut təqdim olunmadığından, əksinə sonuncunun məhz tutulduqdan sonra üzərində xəsarətlərin yaranması tibbi müayinə zamanı aşkar olunduğundan və bu hal tibbi kitabla öz təsdiqini tapdığından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Bəraət almış şəxs həqiqətən də tutulduqdan sonra, yəni faktiki olaraq dövlətin nəzarətində olduğu vaxt zorakılığa, işgəncəyə, qəddar və qeyri-insani rəftara məruz qalmışdır. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəmələri tərəfindən tam əsaslı olaraq, Bəraət almış şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “Mürrey Birləşmiş Krallığa qarşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo Ispaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Bəraət almış şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2025-ci il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Dövlət ittihamçısı Ilkin Yusifov tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs Bəraət almış şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1894/2025 nömrəli 8 oktyabr 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar