Məhkəmə qərarları › İş №1(100)-102/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-102/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-102/2023 26.07.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə, X8, X5, X6 və X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1974-cü il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəmkir Rayon Məhkəməsinin qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının sonlarında məlum olmayan tarixdə Kür çayının Şəmkir rayonu, Qaracəmirli kəndinin ərazisində keçən hissəsindən çətənə (kannabis) kollarının toxumlarını taparaq onları yaşadığı evə daşımış, orada qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin tinglərini 72 (yetmiş iki) ədəd əkməklə onlara aqrotexniki qaydada qulluq etmiş, yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 31 may 2022-ci il tarixdə saat 14 radələrində Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilərkən evin həyətində olan istixanadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin» İİİ siyahısı ilə müəyyən edilmiş 72 (yetmiş iki) ədəd, ümumi təmiz çəkisi 15.900 qram olan bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək, öz müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olmuşdur. Uzun illər 1-ci Qarabağ müharibəsində iştirak etdikdən sonra mütəmadi olaraq narkotik vasitə olan marixuana istifadə etmişdir. 2022-ci ilin mart ayının sonlarında Kür çayının yaşadığı kəndin ərazisindən keçən hissəsində piyada gəzərkən yerdən narkotik tərkibli çətənə bitkisinin toxumlarını tapmış, əkmək məqsədilə götürmüş və 2022-ci ilin aprel ayının əvvəlində həmin toxumları özünə məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qurduğu istixananın içərisində 1 sot torpaq sahəsində gələcəkdə şəxsi istifadəsi üçün əkmiş və 2 ay ərzində diblərini yumşaldıb suvarıb qulluq etmişdir. 31 may 2022-ci il tarixdə saat 15 radələrində polis əməkdaşları ona məxsus olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkisini əkib becərdiyini bldirirərək ona məxsus fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin zəruri olduğunu demişlər. O, etiraz etməməiş və bu barədə Şəmkir RPŞ-nin Kür polis bölməsinə ərizə yazmışdır. Baxış zamanı evin həyətyanı sahəsində yerləşən istixanamın içərisində 1 sot torpaq sahəsində narkotik tərkibli çətənə kollarını əkib becərdiyini etiraf etmiş və yerini göstərə biləcəyimi bildirmişdir. Onun, aqronomun və polis əməkdaşlarının iştirakı ilə istixanamın içərisinə baxış zamanı hündürlüyü 20 sm-dən 200 sm-dək olan cəmi 72 (yetmiş iki) ədəd çətənə kolları aşkar olunmuşdur. O, özü həmin çətənə kollarını şəxsi istifadəsi üçün əkmiş və aqrotexniki qaydada qulluq etmiş onları satmaq niyyəti olmamışdır. Həmin 72 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən video çəkilişlə kökündən çıxardılaraq aqronom alimin iştirakı ilə qablaşdırılmış, baxış protokolu tərtib edilmiş, o protokolu oxuyaraq imzalamışdır. Daha sonra polis əməkdaşları ətraf əraziyə baxış keçirmiş və oradan narkotik vasitə, çətənə kolları aşkar edilməmişdir. Sonra polis əməkdaşları onu həmin tarixdə Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirərək hüquqlarını müdafiə edən vəkil X4 iştirakı ilə üzərinə video çəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə, psixotrop maddə və onun prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. O, törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirir və məhəkmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 31 may 2022-ci il tarixdə Şəmkir RPŞ-nin Kür PB-nə Şəmkir rayonu, Qaracəmirli şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiya etməsinə dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Şahid1 rəhbərliyi ilə onun, əməliyyat müvəkkili Şahid3 Nəriman oğlunun iştirakı ilə Şəmkir rayonu, Qaracəmirli kəndi istiqamətində əməliyyət keçirmişlər. Şəmkir rayonu, Qaracəmirli kəndində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Onlar evin qapısını açan Təqsirləndirilən şəxs özlərini təqdim edərək narkotik tərkibli bitkilərin kultivasiya etməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün yaşadığı evə baxış keçiriləcəyi bildirmiş, Təqsirləndirilən şəxs razılığı ilə təhqiqatçısı Salam Atayevin, aqronom alim Vaqif Dumanovun və polis əməkdaşlarının iştirakı ilə Z. Qocayevin yaşadığı evə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan istixanadan müxtəlif ölçülü cəmi 72 ədəd çətənə kolları aşkar edilmişdir. Aqronom alim Vaqif Dumanov baxış zamanı aşkar edilmiş kolların çətənə kolları olmasını, kollara aqrotexniki qaydada qulluq edildiyini demişdir. Aşkar edilmiş kollar qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus evdən, evin otaqlarında, həyətyanı sahəsindən başqa hər hansı bir narkotik vasitə, onun prekusorları, qanunla qadağan edilmiş predmet və ya əşya aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Z. Qocayev baxışdan sonra Şəmkir RPŞ-nin Kür PBnə gətirilmiş və vəkil Elçin Həsənovun iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, üzərindən hər hansı bir narkotik vasitə, onun prekusorları, qanunla qadağan edilmiş predmet və ya əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 31 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli 31 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 01 iyun 2022-ci il tarixli 16/636 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə yerləşən istixanadan aşkar edilmiş 72 ədəd çətənə kolları” sözləri yazılar və imzalar olan baş-başa keçirilmiş sintetik kisədəki 72 (yetmiş iki) ədəd, ümumi təmiz çəkisi 15.900 qram bitki nümunələri əkibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 1164 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 14 iyul 2022-ci il tarixli, 441 saylı rəyndən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddənin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 31 may 2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə olan istixanadan aşkar edilmiş 72 ədəd çətənə kolları və Təqsirləndirilən şəxs evinə baxış keçirilən vaxt video çəkilişin yazıldığı 1 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş, 17 ədəd çətənə kollarının isə saxlanılması üçün Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 31 may 2022ci il tarixli “baxış keçilməsi” haqqında protokoldan görünür ki, baxış aparılarkən Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən evinin həyətində olan istixanadan 72 ədəd aqrotexniki qaydaya qulluq olunmuş çətənə kolları aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 31 may 2022ci il tarixli “şəxsi axtarış aparılması və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən narkotik vasitə, psixotrop maddə, onların prekusorları, eləcədə dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vadır.Təqsirləndirilən şəxs özünə məxsus evin həyətyanı səhəsində narkotik tərkibli külli miqdarda çətənə kollarını qanunsuz olaraq əkib-becərməklə kultivasiya etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərəkən yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun tələblərini qeyd edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti, qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikasnın Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilməli, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, İ qarabağ müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsu həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 31 may 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmaldır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut 72 ədəd çətənə kolları hökm icraya yönəldikdən sonra məhv edilməldir. Narkotik vasitənin məhv edilməsi Şəmkir RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs evinə baxış keçirilən vaxt video çəkilişin yazıldığı 1 ədəd DVD disk cinayət işinə əlavə edilmədir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi 72 ədəd çətənə kolları hökm icraya ynəldikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Şəmkir RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə 1 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 manat 40 qəpik təşkil Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar