Məhkəmə qərarları › İş №1(100)-104/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-104/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-104/2025 02.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycalı, orta təhsilli, evli, əvvəl məhkum olunmamış, işsiz, Tərtər şəhəri, E.Hüseynov küçəsi ev 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Gəncə şəhərində tanış olduğu şəxsiyyəti məlum olmayan digər şəxs(lər)lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan narkotik vasitəni götürdükdən sonra öz aralarında böləcəkləri barədə razılaşmaya əsasən qrupun naməlum digər üzvləri tərəfindən Goranboy rayonu Borsunlu kəndi ərazisinə qoyulmuş narkotik vasitə olan külli miqdar naməlum çəkidə olan qurudulmuş marixuananı xx.xx.2023-cü ildə saat 22 radələrində həmin əraziyə gedərək satış məqsədi ilə əldə edərək daşımış, xx.xx.2023-cü il saat 22:30 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirtdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Borsunlu kəndi ərazisində saxlanılaraq Goranboy RPŞ-yə gətirilmiş, üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı 1 ədəd göy rəngli sellofan torbada qablaşdırılmış, təmiz halda çəkisi 3005 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifdəçisi olsa da, üzərindən aşkar edilmiş narkotik vasitəni bir yerdən götürüb başqa yerə tanışlarının təkidi ilə aparmağa boyun olmuşdur. Belə ki, tutulmamışdan təxminən 1 (bir) ay əvvəl tanış olduğu və bir yerdə narkotik vasitə istifadə etdiyi Gəncə şəhər sakini Natiq və hadisə günü Goranboy rayonu ərazisinə qoyulmuş marixuananın götürməsi ilə bağlı danışıqlar olan təxminən 30 yaşlarında Elcan adlı şəxslə narkotik vasitə götürmək barədə razılaşıb Borsunlu kəndinə getmiş, kənddə tanımadığı Elcanın apardığı kimsə olmayan evdə yeyib içdikdən sonra Bakı-Qazax avtomobil yolunun Borsunlu kəndi ərazisindəki yolayrıcı yaxınlığında əkin sahəsində olan transformatorun yaxınlığında əvvəlcədən qoyulan paketi götürərkən mülki geyimli polis əməkdaşları olduğunu görüb qaçmağa cəhd etmiş, Şahin adlı polis əməkdaşı arxası ilə 7-8 dəfə rezin güllələr atmışdır. Polislər onu saxlasa da, Elcan və Natiq adlı şəxslərin arxası ilə belə getməmiş və sonuncular cinayət məsuliyyətə cəlb edilməmişlər. Əkin sahəsi və Goranboy rayon polis şöbəsinə gətirildikdən sonra da qeyd edilən çantanı götürməsi və çəkilişdə təqdim etməsi ilə bağlı ona fiziki və psixi zorakılıq göstərilmiş, polis əməkdaşları tərəfindən döyülmüş, dediklərini eləməyəcəyi təqdirdə daha artıq zorakılığa məruz qalacağını demişlər. Şamxal və Şahin adlı Goranboy rayon polis əməkdaşlarının onu döymüş, narkotik vasitəni götürüb etiraf edərsə, qısa müddətə tutulacağını sonra isə buraxılacağını demişlər. Fiziki və psixoloji təzyiq nəticəsində etmədiyi əməlini etiraf etmiş və çəkilişdə də bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Goranboy rayonu Borsunlu kəndinə tanışları ilə birlikdə ancaq 1 kibrit qutusu “nəşə” arxası ilə getmiş, onun orada bir neçə kilo marixuana olmasından məlumatı olmamışdır. Onunla gəlsələr də, Elcan və Natiq adlı şəxslər məsuliyyətdən kənarda qalmışlar. Belə ki, o bir müddət narkotik vasitənin yerini qaranlıq olduğu və ərazidə sıx otluq olduğu üçün tapa bilməmiş geri qayıdıb tapa bilmədiyini dedikdə, bir yerdə gəldiyi şəxslər təkrar gedib ərazidəki transformatorun yaxınlığına qoyulduğunu və oradan götürməyi demişlər. Transformatorun yanında çantanı götürüb gələndə isə mülki geyimli şəxslər polis əməkdaşları saxlayanda onlardan qaçmağa cəhd etmiş, arxası ilə rezin güllələr atmış sonra isə onu yerə yıxıb saxlamışlar. Məhkəmədən təqsiri olmadığı üçün bəraət verilməsini xahiş etmişdir. Məhkəmədən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs göstərmişdir ki, ... o son 7-8 il müddətində arabir narkotik vasitə olan marixuana istifadə etmiş, ailəsi ilə Tərtər şəhərində yaşamışdır. xx.xx.2023-cü ildə Gəncə şəhərində 2 nəfər əvvəl tanımadığı Elcan və Natiq adlı şəxslə görüşüb yeyib içərək spirtli içki qəbul etmiş, onlar ona İran İslam Respublikasından gətirib Borsunlu kəndinə narkotik vasitə “nəşə” qoyulacağını demiş və həmin narkotik vasitəni götürüb istifadə etməyə razılaşmışlar ... Həmin şəxslərlə razılaşıb Goranboy rayonu, Borsunlu kəndinə getmiş və orada olan transformatorun yaxınlığındakı göy çantanı götürüb evə aparmaq sonra isə öz aralarında bölmək istəmişdir. Lakin çantanı götürdüyü yerdən çıxanda onu mülki geyimli polis əməkdaşları saxlayıb Goranboy RPŞ-yə gətirmiş, orada vəkil çağırılmış və keçirilmiş şəxsi axtarış zamanı aparılan videoçəkilişdə narkotik vasitənin tanımadığı şəxs tərəfindən qoyulduğunu və tanışları ilə birlikdə bölüb istifadə etmək üçün qeyd edilən ərazidən götürdüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, ona daxil olmuş əməliyyat məlumatı əsasında Elnur Ağayarlı ilə birlikdə Goranboy rayonu, Borsunlu kəndi ərazisinə gəlmiş və şəxsin yəni Təqsirləndirilən şəxs əlində çanta transformator olan tərəfdən gəldiyini görüb onu saxlayaraq Goranboy RPŞ-yə gətirmişlər. Orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı çantadan miqdarını və növünü xatırlamadığı narkotik vasitə aşkar edilib götürülmüşdür. Məhkəmə verilən suallara cavab olaraq göstərdi ki, saxlanılarkən şəxsin ətrafında digər şəxs(lər) olmamış, şəxs həmin ərazi yaxınlığında yaşadığı üçün onun ərazini tanımasını istisna etmir. Şəxsə qarşı polis tərəfindən hansısa zorakılıq, psixi və fiziki təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da eyniməzmunlu, ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əkin sahəsi yaxınlığında piyada gələrkən saxlamış və Goranboy RPŞ-yə aparmışlar. Orada şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt üzərindən dəqiq çəkisini xatırlamadığı təxminən bir neçə kiloqram narkotik vasitə olan marixuana aşkar edilib götülümüşdür. Məhkəmə verilən suallara cavab olaraq göstərdi ki, saxlanılan vaxt tək olsa da, şəxsi axtarışda Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni Natiq və Elcan adlı şəxslərlə istifadə etmək üçün onların göstərdiyi yerdən götürdüyünü bildirmişdir. Əməliyyat axtarış tədbirində özü və Əli iştirak etmiş digər şəxslər isə Goranboy polis şöbəsində aparılan çəkilişdə olmuşlar. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, Tərtər rayonu, E.Hüseynov küçəsi ev 3-də qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 22:30-da Goranboy rayonu, Borsunlu kəndi ərazisində saxlanılaraq Goranboy RPŞ-yə gətirilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 23:40-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokol və 1 ədəd DVD diskdən görünür ki, keçirilmiş şəxsi axtarış Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanın içərisindən üzəri sarı rəngli yapışqanlı leltlə sarınmış qara rəngli içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olan polietilen torbanı təqdim etmişdir. Şifahi sorğu- sual zamanı 2 gün əvvəl Gəncə şəhərində tanımadığı 2 nəfərlə razılaşaraq həmin narkotik vasitəni götürməyə gəldiyini və ərazidən götürüb gələrkən saxlanıldığını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış məhkəməbioloji ekspertizasının 30 iyul 2023-cü il tarixli 16/761 nömrəli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə.” yazı və imzalar olan sintetik kisədəki 1 (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 3005 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuanının təmiz çəkisi 3005 qram, tədqiqata sərf edildi 0,2 qram qalıq 3004,8 qram İş materiallarında olan Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(045)43/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, X2 aşkar edilmiş və qalıq çəkisi 3004,8 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Goranboy RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Goranboy RPŞ-dən verilən xx.xx.2023-cü il tarixli, ********* saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs mobil telefon istifadə etmədiyi üçün əlaqədə olduğu şəxsləri müəyyən etmək mümkün olmamışdır. Əməliyyat tapşrıığında göstərilən Natiq və Elcan adlı şəxsləri isə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1739 №li rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən verilən xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Tərtər RİHB-nin Tərtər şəhəri üzrə nümayəndəliyindən verilən 1625 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər şəhəri, E.Hüseynov küçəsi ev 3-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmədə araşdırılan AZ-İİ № 568641 saylı, AZ-İV№ 071185 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Cavidan İbrahimli və xx.xx.2018-ci il təvəllüdlü Sevgi İbrahimli adlı azyaşlı övladları var. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-13- 17/4/41/2-5721/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə 2 saylı İstintaq Təcridxanasına qəbul olunmuş, keçirilmiş ilkin tibbi baxış zamanı bədən səthində xəsarət izləri aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Baş Prokurorluğun xidməti araşdırmlar idarəsindən verilmiş xx.xx.2024-cü il tarixli, 2-2110/2/181928/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qsimində saxlanılarkən Goranboy RPŞ əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi, işgəncəyə, qeyri-insani rəftara məruz qalması barədə məhkəmənin verdiyi məlumat əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə “cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş və məhkəmədə tədqiq edilən Goranboy RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13/75/2-24251/2024 saylı məktub və əlavə edilmiş kitabların surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək MSY-də saxlanıldığı müddətdə bədən səthində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmənin sorğusuna əsasən təqdim edilən Goranboy RPŞ MSY-də saxlanılan şəxslərin qeydiyyatı, tibbi müayinədən keçirilmə və gətirilmiş şəxslərin qeydiyyatı kitablarının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 01:50-də Goranboy RPŞ-yə gətirilmiş, xx.xx.2023-cü il saat 11:51-də 2 saylı İstintaqTəcridxanasına təhvil verilmiş, bədən səthində hansısa xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərmişdir ki, o saxlanıldığı yerə tək yox 2 nəfər özlərini Natiq və Elcan kimi təqdim edən saxlanılmamışdan bir neçə gün əvvəl tanış olub yeyib içdiyi şəxslərlə birlikdə getmiş, əvvəlcə çantanın qoyulduğu yeri tapa bilməyib maraqlananda onunla gələn şəxslərdən biri ərazidəki trasnformatorun yanına getməyi demiş, sonradan oradan çantanı götürüb qayıdarkən yanındakı şəxslər müxtəlif tərəflərə qaçmış, polis əməkdaşları isə məhz onun arxasınca düşüb rezin güllələr atmış, güllələr ona dəyməmiş, saxlanılıb Goranboy RPŞ-yə gətirilmiş, polis əməkdaşlarına tək olmadığını bildirsə də, onunla birlikdə gəlmiş şəxsləri yox onu cinayət məsuliyyətinə cəlb etmiş, həm də fiziki zorakılıq edərək döymüş və etmədiyi əməli etiraf etməyə məcbur olmuşdur. Məhkəmə tərkibi Ruslan Məmmədovun məhkəmə baxışında göstərdikləri xüsusatlarla bağlı aidiyyəti üzrə məlumat verildiyini nəzərə alaraq hesab edir ki, həmin hallar Təqsirləndirilən şəxs öz ifadəsindən başqa digər sübutlarla təsdiqini tapmadığından məhkəmə ifadələri həmin hissədə sübut kimi qəbul etmir və özünümüdafiə hüququndan irəli gələn hal kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin göstərdiyi digər şəxslərin vaxtında cinayət məsuliyyətinə cəlb edilməməsinə dair hissədəki xüsusatların məhkəmənin təşəbbüsü ilə Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinə verilmiş məlumat əsasında araşdıralacağını nəzərə alır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi (vəkillə) təmin olunmuş, hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada ona izah olunmuş, prosessual istintaq hərəkəti olan şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Şəxsi axtarışla bağlı görüntülərin məhkəmədə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi xüsusatların heç birini həmin istintaq hərəkəti zamanı qeyd etməmiş, edilən prosessual hərərkətlərə və qərarlara etirazını hər hansı formada bildirməmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitənin ona məxsus olmasını bildirmiş və qeyd edilən narkotik vasitəni bir yerdən götürüb başqa yerə aparmaq istədiyini, özünə də müəyyən hissə narkotik vasitə veriləcəyini bildirmişdir. Məhkəmə proses tərəflərinə kifayət qədər bərabər imkan, müddət və əlçatanlıq təmin etsə də, cinayət işinin uzun müddət və bir neçə tərkibdə davam edən məhkəmə baxışı zamanı başqa hər hansı sübutun(ların) təqdim edilməməsi və bununla bağlı vəsatət verilməməsi məhkəmənin işə verilən ittiham daxilində təqdim edilən sübutlar əsasında baxmasına mane olmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 8 №li qərarın 12-ci bəndinin İİİ hissəsinə əsasən CM-in 34.2-ci maddəsinin mənasına görə, CMin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. İşin məhkəmə baxışı zamanı müəyyən edilmiş faktiki hallara əsasən təqsirləndirilən şəxsin digər naməlum şəxs(lər)lə birlikdə əvvəlcədən qoyulmuş narkotik vasitə qurudulmuş marixuananı götürməküçün Goranboy rayonu, Borsunlu kəndi ərazisinə getməsi və oradan narkotik vasitə götürməsi işin mübahisəsiz halıdır. Yəni şəxsin iş üzrə əməlinin faktiki xarakteri ibtidai istintaq zamanı ilkin ifadələrində göstərdiyi və məhkəmənin gəldiyi yekun qənaətə görə narkotik vasitə əldə etmək məqsədilə kuryerlik olmuşdur. Hazırki cinayət işi üzrə digər əlbir olduğu şəxslərin müəyyən edilib-edilməməsi, məsuliyyətə cəlb edilib-edilməməsindən asılı olmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı bir hissəsinin özünə verilməsi müqabilindı külli miqdar olan çəkidə əldə edib götürərək daşıması məhkəmə baxışında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Şəxsin göstərdiyi narkotik vasitəni götürməyə digər 2 nəfər şəxslə birlikdə getməsi onların polis əməkdaşları tərəfindən saxlanılmayaraq ancaq özünün cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də saxlanılarkən polis əməkdaşları tərəfindən ona xidməti silah vasitəsilə rezin güllələr atılması ilə bağlı məsələlər isə məhkəmə tərəfindən göndərilmiş məlumat üzrə araşdırma və iş üzrə narkotik vasitənin mənbəyi ilə bağlı hazırki cinayət işi materiallarından ayrlmış cinayət işi üzrə ibtidai araşdırmanın predmeti olduğundan məhkəmə həmin hissədə müvafiq araşdırma aparılmasını və münasibət bildirməsini aidiyyət və təqsirsizlik prezumpsiyasına zidd hesab etdiyi üçün ancaq təqsirləndirilən şəxsin özünə aid hissədə hazırki hökmün təsviri əsaslandırıcı hissədə kifayətə qədər münasibət bildirdiyindən əlavə əsaslandırmanı qanuni və zəruri hesab etmir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, himayəsində 2 (iki) azyaşlı övladı olması isə CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrin sanksiyasına əsasən satış məqsədi ilə külli miqdar narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs oğlunun cəza məsələsini müzakirə edərək hesab edir ki, islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, aşkar edilmiş narkotik vasitənin növünü və miqdarını və şəxsi cinayət əməlini törətməyə sövq edən motivi və məqsədi nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı hədd cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ilk dəfə ağır cinayət törtəməyə görə məhkum edilmiş şəxslərin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə məhkəmə narkoloji ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Goranboy RPŞ-də saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3004,8 qram olan narkotik vasitə marixuana məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətinin olduğu 1 ədəd “DVD” disk, eləcə də telefon danışıqlarına dair məlumatlar olan 1ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-də saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3004,8 qram olan narkotik vasitə-marixuana məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 32,40 ( otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar