Məhkəmə qərarları › İş №1(100)-107/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-107/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-107/2025 30.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4, X6 və Həsənov Hüseyn Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri X13 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı ildə Şəmkir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cazsına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Şəmkir rayonu Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O, 2023-cü il iyul ayında istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən yaşayış evinin həyətində yabanı halda bitmiş çətənə kollarını toplayıb qurudaraq Şəxsin Cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi sitehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş İ siyahısı, həmçinin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Aəzrbaycan Respublikası ərazisində idxalına ixracına tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsui icazə tələb edilən prekursorların siyahılarının təsdiq edilməsi haqqında xx.xx.2006-cı il tyarixli Azərbaycan respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan respublikası ərzisində dövriyyəsi qadağan edilən anrkotik vasitələr və psixotrop maddələrin “ İ siyahısı ilə müəyyən edilən narkotik vasitə olan marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib yaşadığı evdə saxlamış, Şəmkir RPŞ X17 daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 17:00 radələrində Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evi yaxınlığında saxlanılmış, yaşadığı evə baxış keçirilərkən yaşayış binasına bitişik yarımtikilin içəridində 1 ədəd tünd boz rəngli polietilen torbada tərkibində narkotik maddə olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış külli miqdar 1000,5 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiahmla özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü ildə yaşadığı evdə olarkən evin həyətində səs-küy eşitdiyinə görə çölə çıxmış, polis əməkdaşları hasardan onun həyətinə keçib nəsə axtardıqlarını görmüşdür. Onlara gəlmələrinin səbəbini soruşduqda külli miqdar marixuana (nəşə) olması barədə məlumat olduğunu və təqdim etməyi tələb etmişlər. Narkotik vasitədən istifadə etsə də özündə hansısa miqdar olmadığını bildirmiş və etiraz etmişdir. Polis əməkdaşları boğazından tutaraq həyətə doğru aparmış ailə üzvlərindən heçkimə çölə çıxmağa imkan verməmiş, dediyi ilə razılaşmayacağı təqdirdə ailəsinin gözü qarşısında ona zorakılıq edəcəklərini deyib döymüşlər. Uşaqların qorxmaması, ailəsinin narahat olmaması üçün polislərlə razılaşmış, özlərinin yaşadığı evə bitişik yardımçı tikiliyə qoyduğu və yerini bildirdikləri qara rəngli sellofan torbada olan marixuananı aparılmış çəkiliş zamanı təqdim etmiş, polislər tərəfindən hədələndiyi üçün guya bitkiləri yabanı halda olarkən yığıb istifadə etmək üçün saxladığını bildirmişdir. Ona yüngül maddə ilə az iş veriləcəyini dedikləri üçün razılaşsa da sonradan külli miqdar narkotik vasitə olan nəşə (marixuana) qoyduqlarını və cəzasının ağır olacağını başa düşmüş, hazırki məhkəmədə həqiqəti açıb söyləmək qərarına gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, işinə Gəncə ağır Cinayətlər Məhkəməsində baxılacağı barədə ona məhkəmədən bildiriş gələndən sonra polislər tərəfindən aldadıldığını başa düşmüş, həm narkotik vasitəyə aidiyyəti olmaması, həm də polislərin onu ailəsinin gözü qarşısında vurduqları üçün məhkəmədə ifadə verən zaman həqiqəti olduğu kimi söyləmişdir. Narkotik vasitə istifadəçi olsa da evinə axtarış zamanı götürülən marixunanın ona heç bir aidiyyəti yoxdur, həmin narkotik vasitəni polislər özləri qoymuşlar. Azyaşlı uşaqları və heç bir günahı olmadığı üçün ona bəraət verilməsini istəyir. Məhkəmə baxışından fərqli olaraq ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki.....yaşadığı evdən aşkar edilmiş narkotik tərkibli çətən bitkisi yabanı halda həyətyanı sahəsinə bitmiş və baxış keçirilməmişdən təxminən 10 gün əvvəl həmin bitkilərdən toplayıb özü istifdə etdiyi üçün qurutmuş və evinə bitişik yardımçı tikilidə saxlamışdır. Həmin narkotik vasitədən heç kimə verməmiş və satmamış, məqsədi şəxsi istifadəsi üçün saxlamaq olmuşdur...xx.xx.2023-cü ildə polis əməkdaşları yaşadığı evdə gəlib onda narkotik vasitə olub-olmamasını soruşulduqda könüllü olaraq yardımçı tikilidə saxladığı marixuananı təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, əvvəllər məhkum edilmiş Şəmkir rayonu, Seyfəli kənd sakini Təqsirləndirilən şəxs külli miqdar nakotik vasitələrin dövriyyəsi ilə bağlı ona daxil olmuş əməliyyat məlumatını şöbə rəhbərliyinə məruzə etmiş, bununla bağlı əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin əməliyyat-axtarış tədbirində özü Şahid2 və krminalsit iştirak etmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvan gedib onu çağırmış və evində yaxud hər hansı yerdə narkotik vasitə saxlayıb saxlamaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heçbir müqavimət göstərmədən və polis əməkdaşlarına tabesizlik etmədən yaşadığı eviə bitişik yardımçı tikilidə yeşiyin altında saxladığı sellofan torbanı təqdm edib içində marixuana(nəşə) olduğunu bildirmişdir. Təqdim etdiyi sellofan torba çəkilmiş və götürülüb qablaşdırılmış, bundan sonra Ömər Vahidov polis şöbəsinə aparılıb təhqiqatçıya təhvil verilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs qarşı özü və axtarışda iştirak edən digər şəxslər polis əməkdaşları tərəfindən hansısa zorakılıq edilməmiş, təqsirləndirilən şəxs özü könüllü olaraq narkotik vasitəni təqdim etmişdir. Məhkəmədə göstərdiyi guya narkotik vasitənin ona məxsus olmaması, eləcə də polislər tərəfindən fiziki zorakılıq göstərilərək onun yüngül maddə ilə cinayət məsuliyyətinə cəlb edilib azadlıqdan mıəhrumetmə ilə bağlı olmayan cəza alacağı barədə göstərdikləri əsassızdır, təqsirləndirilən şəxs bununla cəzadan yayınmaq məqsədi daşıyır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 da Şahid1la eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmiş, keçirilmiş əməliyyat axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs qarşı hansısa zorakılıq fiziki və psixi zorakılıq olmadığını göstərmişlər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 göstərdi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə həmkəndli və yaxın qonşudur. Evlərinin arasında təxminən 100 metr məsafə var. Vahid saxlanılan günü qonşuları Kamal və Cahidi köməyə çağırdığı üçün birlikdə olmuş, həyətdə iş görmüşlər. Günorta olduğu üçün mətbəxə keçib yemək yemiş, pəncərədə durub həyətə baxaraq siqaret çəkəndə Vahidin məhləsinin ayağında kiminsə dalaşdığını görmüş, yaxşı görmədiyi üçün Cahid və Kamala gəlib baxmalarını demişdir. Onlar baxanda polislər olduğunu demiş, Cahidlə Kamal evdən Vahidgilə tərəf qaçmış əynində ancaq mayka olduğu üçün həyətə çıxa bilməmiş, sonradan geyinib getmişdir. Vahidgilə gedəndə polis əməkdaşları ona yaxınlaşmağa icazə verməmiş, şəhid ailəsi olduğunu desə də icazə verməmişlər. Təxminən 8-10 nəfər polis əməkdaşı olmuş, dairəvi formada dayanmışlar. Polis əməkdaşı Yasin onunla görüşmüş, nə olduğunu soruşanda Yasin əlindəki sellofan paketi göstərib narkotik vasitə olduğunu demiş, xəbəri olub-olmadığını soruşmuşdur. Polislər narkotik vasitəni çıxarıb şəklini çəkmiş, Yasindən dəqiq Vahidin evindən çıxdığını soruşanda sonuncu təsdiq etmiş, bundan sonra Vahidi maşına qoyub aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, dalaşanların kim olmasını bilməmiş, gedəndə 8-10 nəfər polis əməkdaşı olduğunu görmüşdür. Yasin Vahiddən ekspertizaya vermək adı ilə 500 manat pul almışdır. Polislər Vahidin evindən çıxan narkotik vasitə olduğunu dedikdə Vahiddən soruşsa da sonuncu ona heçnə deməmiş, sonradan narkotik vasitənin ona aid olmadığını demişdir. Vahid sərbəst şəkildə ayaqüstə olmuş, üzündə hər hansı xəsarətlər görməmiş, ailə üzvləri isə evdə olmuşdur. Dövrəyə alınan şəxsin Vahid olmasını sonradan bilmiş, onları təxmini 100-150 metr məsafədən görmüşdür. Məhkəmədə dindirilmiş digər əlavə şahid X11 göstərmişdir ki, qonşunun məhləsində Kamal və Rövşənlə moruq kollarına dəmir setkaya toxumuşlar. Hava isti və günorta olduğu üçün Rövşən yemək yeməyə onları evə dəvət etmiş, yeməkdən sonra pəncərədən durub siqaret çəkəndə Vahidin məhləsindən səs gəldiyini eşitmiş və pəncərədən baxanda polis əməkdaşlarının Vahidi döydüyünü görmüşlər. Rövşən maykada olduğu üçün dərhal gedə bilməsə də özü və Kamal birlikdə Vahidgilə tərəfə getmiş, çatmağa 50 metr almış polis əməkdaşları onları yaxına buraxmamışlar. Sonradan Rövşən gəlib şəhid ailəsi olduğunu demiş və polislər onu həyətə buraxmışlar. Rövşən çıxandan sonra nə olduğunu soruşanda Rövşən Vahidin evindən sellofanda narkotik çıxdığını demiş, sellofanın rəngini soruşmuş, rəngini dedikdən sonra Rövşənə həmin sellofanı polislərin aparıb Vahidin evinə aparıb qoyduğunu demiş, sonradan çıxıb getmişlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, ağ paketi polis əməkdaşları ağ maşından düşürtmüş, polislər onları yaxına qoymamış, aralarında 60-70 metr məsafə olmuşdur. Polislərin ortaya alıb vurduqları şəxsin Vahid olduğunu sonradan bilmişdir. Rövşən gəlməmişdən bir neçə dəqiqə əvvəl polislər ağ sellofanı maşından götürüb Vahidin evinə aparmış, Rövşən gələnə qədər polislər içəridə olmuşdur. Sellofan torbanı aparan sarışın oğlan olmuşdur, lakin həmin şəxsi tanımır, dəqiqliyi ilə yadında qalmamışdır. Rövşən çıxıb yanlarına gələndə Vahidin evində sellofanda narkotik vasitə olduğunu demiş o isə həmin sellofanı polislərin biraz əvvəl apardığını demişdir. Paketin içərisini görə bilməmiş, sellofan torba şəffaf olmamışdır. Rövşən Vahidin evində “nəşə” çıxdığını demiş, Rövşəndən nəşənin nədə olduğunu soruşduqda o, ağ sellofanda olduğunu demiş, bundan sonra ağ paketin polislərin çöldən içəri apardığı paket olduğunu demişdir. Məhkəmədə dindirilmiş digər əlavə şahid X9 da eyniməzmunlu ifadə verərək göstərmişdir ki, Rövşəngildə Cahidlə birlikdə moruq kollarını dəmirlərini yığmış, evdə nahar vaxtı siqaret çəkərkən, Vahidin məhləsindən səs gəlmiş, pəncərədən baxanda polis əməkdaşlarının Vahidi döydüyünü görmüş, Rövşən maykada olduğu üçün gedə bilməmiş, Cahidlə birlikdə Vahidgilə getmiş ancaq onları Vahidin evinin yaxınlığına buraxmamış, Rövşən gəlib şəhid ailəsi olduğunu dedikdə Polis əməkdaşları Rövşəni həyətə buraxmış, çıxandan sonra Rövşəndən nə olduğunu soruşduqda Rövşən Vahidin evindən sellofanda narkoltik vasitə çıxdığını demişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raport və qərardan görünür ki, Şəmkir rayonu Seyfəli kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkib becərməsi barədə Şəmkir RPŞ X17 əməliyyat məlumatı daxil olmuş və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri (yaşayış evi və həyətyanı sahəyə baxış) keçirilməsi qərara alınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023cü il tarixli “baxış keçirilməsi” haqqında protokol, əlavəsi olan DVD disk və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Aşağı Seyfəli kəndində həyata keçirlmiş baxış zamanı yaşadığı evə bitişik yardımçi tikilidə 1 ədəd qara rəngli sellofan torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilib götürülüş, şifahi sorğu-sual zamanı həmin narkotik vasitəni şəxsi istifadəsi üçün həyətyanı sahədə yabanı halda bitmiş kollardan yığıb qurutduğunu göstərmişdir. İş materiallarına olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:20 radələrində Şəmkir RPŞ-yə gətirilmiş, saat 18:40-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokol, əlavəsi olan DVD disk və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə bioloji ekpsertizasının xx.xx.2023-cü il tarxili 16/767 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evinə bitişik yarımtikilidən aşkar edilmiş narkotik vasitə olan maruixuanaya bənzər kütlə “sözləri və imzalar olan tünd boz rəngli polietilen torbada təmiz çəkisi 1005 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuanının təmiz çəkisi 1005 qr, tədqiqata sərf edildi 0,2 qr qalıq 1004,8 qr İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 5(076)-192/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X16 qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuni sayılmışdır. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4 (076)- 163/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(104)-147/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəmkir rayon məhkəməsi tərəfindən seçilmiş qətimkan tədbiri “ev dustaqlığı” ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Şəmkir RMX PHŞ-dən verlmiş xx.xx.2023-cü il tarixli 308 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin psixatrik və narkoloji kabinetlərində qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən BƏSİİ-dən verilən xx.xx.2023-cü il tarixli tələbanmədən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərərncamı ilə əfv edilərək cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən, Şəmkir RPŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-110/2-33113/2023 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması, lakin heçkimə satmadığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarxili protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıq və sms mətnlərdə işə aidiyyəti məlumatlar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir RİHB-nin Seyfəli İƏD üzrə nümayəndəlikdən verilmiş xx.xx.2023-cü il tarixli 5-76-6/2-55/2023 saylı arayış və xasiyyətnamədən görünür ki, Ömərov X8 rayonu Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 554 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, və kəmağıllıq xəstəliyi keçirmir. Ona istinad edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakter və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur, tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə narkoloji ekpsertizasının xx.xx.2023-cü il tarixli 1761 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən sui-istifadə edir. Narkotik vasitə olan kannobionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən AZE 11353506 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011ci il təvəllüdlü azyaşlı Sima Qurbanəliyeva adlı övladı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış məhkəməbioloji ekspertizasının 01 avqust 2023-cü il tarixli 16/767 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəmkir rayon Aşağı Seyfəli kəndində yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evinə bitişik yarımtikilidən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə.” Yazılar və imzalar olan tünd boz rəngli polietilen torbada, təmiz çəkisi 1005 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Məhkəmə təqsirləndirilən şəxsin polis tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı öz təşəbbüsü ilə verdiyi sorğuya əsasən Şəmkir RPŞ-yə sorğu edərək aidiyyəti sənədlərin surəti iş materiallarına əlavə edilmişdir. Şəmkir RPŞ-dən daxil olmuş tarixli, saylı məktub “gətirilmiş şəxslərin qeydiyyatı”, “MSY-də saxlanılan şəxslərin tibbi müayinədən keçirilməsi” barədə olan kitablardan görünür ki,Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə MSY-yə daxil olarkən tibbi müayinədən keçirilmiş və bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Həmçinin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına verilmiş sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli. 3-16-17/41/2-1373/2023 saylı məktubla təqdim edilmiş tibbi kitabçasından görünür ki, hər hansı xəsarət yaxud xəsarət izi olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa məruz qalması, edilmiş psixoloji təzyiq nəticəsində ailə üzvlərinin qızlarının incidilməməsi üçün polislərin onu aldadaraq guya az cəza veriləcəyini dediyi sonradan isə külli miqdar olmasını bildiyi özlərinin gtirdiyi qara rəngli sellofan torbanı aparılmış videoçəkiliş vaxtı təqdim etməsini öz ifadəsindən başqa digər sübutlarla təsdiqini tapmadığı üçün məhkəm sübut kimi qəbul etmir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Məhkəmə qeyd edir ki, videoçəkilişlə keçirilən istintaq hərərkəti zamanı Təqsirləndirilən şəxs iddia etdiyi kimi narkotik vasitə olan qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən yaşadığı evə qoyularaq ona məxsus olmasını tələb etməsi ilə bağlı həmin istintaq hərəkətində iştirak edən şəxslərə aparılan, yaxud keçirilmiş istintaq hərəkətlərinə etirazını bildirmək, narkotik vasitənin ona məxsus olmadığını bildirmək üçün kifayət qədər imkana malik olmuşdur. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü ildə keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs aparılan istintaq hərəkəti və qərarlara etraz etmək üçün onun göstərdiyi polis təzyiqi altında olması iddiası qəbul edilsə belə, sonrakı dövrdə yəni Şəmkir Rayon Məhkəməsində xx.xx.2023-cü ildə barəsində “həbs” qətimkan tədbiri seçilərkən artıq mənfi təcrübəyə malik olan təqsirləndirilən şəxs kimi (əvvəl CM-nin 126.1-ci maddəsi ilə məhkum olunduğu üçün kifayət qədər təcrübəyə malik olmuşdur) polis tərəfindən aldadıldığını başa düşməli və İ instansiya məhkəməsində məhkəmə baxışında göstərdiyi qanunsuzluqları bildirməli idi. Nəhayət xx.xx.2023-cü ildə Gəncə Apellyasiya Məhkəməsində alternativ qətimkan tədbiri olan “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərkən də hadisələrin psixoloji təsirində olmasını iddia edən Təqsirləndirilən şəxs kifayət qədər imkana malik olmasına baxmayaraq bunu etməmiş cinayətlə bağlılığını səmimi etiraf edərək əməlindən peşman olduğunu demişdir. Bundan sonra işin ibtidai istintaqı zamanı barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən polis əməkdaşları tərəfindən psixi və fiziki zorakılıq göstərilməsi barədə kifayət qədər vaxt və imkana malik olsa da hər hansı səlahiyyətli orqana müraciət (şikayət) etməmişdir. Məhkəmə müdafiə tərəfinin vəsatəti əssında dindirilmiş şahidlərin ifadələrinə də qiymət verməyi məqsədəmüvafiq hesab edir. Qedy edilməlidir ki, şahid X1 Ömərova qarşı zorakılıq edilməsini (səs-küy olmasını) öz yaşadığı evin eyvanından gördüyünü, hadisə yeri olan Təqsirləndirilən şəxs həyətyanı sahəsi ilə evi arasındakı məsafənin təxminən 100-150 metr olduğunu göstərmişdir. Onun gözlərində olan zəiflik (uzağı görməyə) münasibətdə məhkəmə baxışı zamanı da aşkar müşahidə edilmişdir ki, məhkəmə iclasında baxış keçirilmiş videoçəkilişdə Təqsirləndirilən şəxs narkotik vasitənin olduğu toplandığı yeri görməsi mümkündür. Şahidin ifadəsində göstərdiyi digər xüsusat-Yasin adlı polis əməkdaşının aşkar edilmiş narkotik vasitənin ekspertizadan keçirilməsi adı ilə ondan 500 manat pul istəyib almasına isə məhkəmənin təşəbbüsü ilə CPM-nin 207.6-cı maddəsinə əsasən ayrıca araşdırma aparıldığından həmin hissədə münasibət bildirilməsini ədalətli və qanuni hesab etmir. Digər şahid X7 məhkəmə baxışında ifadəsində göstərdiyi yaxınlaşarkən sarışın polis əməkdaşının əlində ağ görünməz polietilen torbanı içəri aparması və həmin torbanın məhz içində narkotik vasitə olan torba olmasına münasibətdə qeyd edilməlidir ki, sellofan torba yəni içində qurumuş marixuana (kannabis) olan sellofan torba şahid ifadələrinin əksinə olaraq qara rəngli sellofanda olmuşdur. Məhkəmənin qənaətinə görə şahidin israrla bildirdiyi və dövlət ittihamçısının bilə-bilə onun yalan məlumat verməsini iddia etdiyi görünməz ağ rəngli sellofan torbanın xx.xx.2023-cü ildə keçirilən axtarış zamanı aşkar edilmiş maddi sübutun qablaşdırılması üçün, yaxud da sair məqsədlə istifadə edilən sellofan torba olması daha ağlabatan və inandırıcıdır. Şahidin həmin ağ rəngli sellofan torbanı müşahidə etməsi istisna edilməməklə narkotik vasitənin sonradan məhz həmin torba içinə qablaşdırılması mümkündür. Məhkəmə dindirilmiş hər üç əlavə şahidin fərdi yaşayış evinin həyətyanı sahəsində polis əməkdaşları tərəfindən döyülməsini görmələrini bildirməsini isə daha çox qonşuluq və tanışlıq münasibətlərindən irəli gələn, kömək etmək məqsədi daşıyan hal olaraq qiymətləndirir. Şahidlərin göstərdiyi kimi keçirilən istintaq hərərkəti zamanı Təqsirləndirilən şəxs əhatəyə alınaraq və kənar şəxslərin müdaxiləsinə imkan verməmək yaxud təhlükəzsizlik baxımından istintaq hərəkətinin keçirilməsi, məhkəmə baxışında da göstərdiyi kimi evdə olan ailə üzvlərini qorumaq, narahat etməmək istəyinə görə polis əməkdaşlarına irad bildirməsi, yaxud bununla bağlı onlarla mübahisə etməsi daha inandırıcıdır. Beləliklə hökmün təsvir əsaslandırıcı hissəsində göstərilənlərə əsasən məhkəmə, əməliyyat-axtarış fəaliyyətinin gedişini və nəticələrini əks etdirən protokol və videoçəkilişi, narkoloji ekspertiza rəyini, təqsirləndirilən şəxsin ibtdai araşdırma dövründə verdiyi ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrini daha mötəbər işin məhkəmə baxışında araşdırılan faktiki halları ilə üst-üstə düşdüyündən Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi təqsirsizliyinə dair dəlilləri mötəbər sübut kimi qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.). Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitə hesab edilən qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 500 qram göstərilmişdir. Cinayət əməli törədildiyi dövrdə CM-nin 234.1.-1-ci maddəsi cinayət qanunverciliyinə əlavə edilmədiyindən və həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulduğundan məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində əsasən isə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı övladı olması və Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal isə cinayətlərin təhlükəli residivin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 18.2.2.-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin təhlükəli residivi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. İş materiallarında olan tələbnamə və hökm və əfv sərəncamının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuş, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə əfv edilərək cəzasının qalan hissəsini çəkməkdən azad edilmiş, məhkumluğun ödənilmə müddətinin axımı başlanmış, hazırki cinayət hadisəsi törədildiyi dövrdə isə həmin müddət bitməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı və növü, əməlinin xarakteri və ictimai təhlükəliliyi, eləcə də cəzasını yüngülləşdirən hallar - himayəsində azyaşlı övladı olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və məhkəmə baxışı zamanı nümunəvi davranışı təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş qanunvericiliyin təhlükəli residivə görə müəyyən etdiyi, imperativ (məcburedici) xarakter daşıyan, ən aşağı həddə cəza təyin edilməsini mümkün edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs qanunvericiliyin müəyyən etdiyi hədlər və məcburi göstərişlər əsas götürülməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsə də ailə vəziyyəti və cəza çəkəcəyi dövrdə davranışı nəzərə alınmaqla təqsirləndirilən şəxsin barəsində amnistiya tətbiq edilməsini, əfv olmasını islah olacağı təqdirdə isə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ...cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdəsaxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı ev dustaqlığında olduğu müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-də məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1004,8 qram narkotik vasitə olan marixuana məhv edilməli, baxış əməliyyat tədbiri və şəxsi axtarış istintaq hərəkətlərinin qeydə alındığı 2 ədəd DVD disk, eləcə də telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Şəmkir rayon polis şöbəsində saxlanılan 1004,8 qram narkotik vasitə olan marixuana məhv edilsin, baxış və şəxsi axtarış istintaq hərəkətlərinin qeydə alındığı 2 ədəd DVD disk, eləcə də telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və O ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar