Məhkəmə qərarları › İş №1(100)-108/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-108/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-108/2022 30.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Samux şəhəri, E.Məmmədov küçəsi, ev 62-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 3, mənzil 48-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 3.025 qram olan psixotrop maddə metamfetamini əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri ilə 07.07.2021-ci il tarixdə, saat 16:30 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yol kənarında saxlanılıb Gəncə şəhəri, N.Nərimanov prospekti 8/5 ünvanında yerləşən Kəpəz RPB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla təmiz çəkisi 3.025 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 3, mənzil 48də ailə üzvləri ilə birlikdə yaşayır. “Nəşə” kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuanadan, “kakos” kimi tanıdığı heroindən və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən təxminən 5-6 aydır ki, istifadə edir. Həmin narkotik vasitələri və psixotrop maddələri narkotik vasitə satan şəxslərdən Gəncə şəhərində pul müqabilində əldə edir. Tutulmamışdan bir neçə gün əvvəl Kəpəz RPB-nin Kamran əməkdaşı onun mobil telefonuna zəng edəb onunla görüşmək istəmiş, o nə məqsədlə görüşmək istədiyini soruşduqda iş olduğunu bildirmiş, lakin ona görüşəcəyini deyərək müxtəlif bəhanələr gətirib görüşməkdən imtina etmişdir. Bundan bir neçə gün sonra onu «Dəyirmanın dairəsi» adlanan yerin yaxınlığında polis əməkdaşları tutmaq istəmiş, lakin qaçıb getdiyindən tuta bilməmişlər. 07.07.2021-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində olarkən iki nəfər tanımadığı mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılmış, həmin polis əməkdaşları tərəfindən Gəncə şəhər Kəpəz RPB-nin binasına aparılmışdır. Kamran adlı polis əməkdaşı ona Azərbaycan Respublikası DİN-in BMCMİ-nin, yəni “Bandotdel” adlanan qurumun əməkdaşları tərəfindən axtarışda olduğunu və həmin qurum tərəfindən Kəpəz RPB-yə siyahı göndərildiyini, hansı ki, həmin siyahıda da onun adının birinci qeyd olunduğunu bildirmişdir. Ona görə də Kamran adlı əməliyyat müvəkkilinin ona ya 3 qram “patı” və “şüşə” adları ilə tanınan psixotrop maddə olan metamfetamini götürüb özünə məxsusmuş kimi təqdim etməli olmasını, ya da “Bandotdel” gəlib onu aparacağı barədə şərt qoyulmuşdur. Əvvəlcə razı olmamış, sonra ona fiziki və psixi zorakılıq edilmiş, məcbur olub onların dedikləri ilə razı olmuşdur. Təzyiqlər nəticəsində özünü pis hiss etmiş və təcili tibbi yardım cağırılmışdır. X14 RPB-nin binasında şəffaf rəngli siqaret sellofanına bükülü halda psixotrop maddə olan təxminən 3 qram çəkidə metamfetamini ona vermiş, əynimdə olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra oraya müdafiəçi dəvət edilmiş və müdafiəçinin, eləcə də polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş altında güya üzərində axtarış aparılmış axtarış zamanı polis əməkdaşlarının qeyd etdiyi şərtlərinə görə üzərinə qoyulmuş həmin psixotrop maddə metamfetamin sağ yan cibimdən götürülmüşdür. Həmin vaxt qorxduğu üçün məcbur qalıb yalandan aşkar olunmuş kütlənin özünə məxsus olmasını və həmin maddəni 04.07.2021-ci il tarixdə Ü.Hacıbəyov küçəsində, yaşadığı evin yaxınlığında “El Hotel” adlanan otelin qarşısında yerdən tapdığını qeyd etmişdir. Bundan sonra həmin bükümün elektron tərəzidə çəkilimiş, çəkisi təxminən 3.17 qram olmuşdur. O, qorxduğu üçün bu barədə müdafiəçisinə də bir söz deməmişdir. Bununla belə, bədənində gözlə görünən xəsarəti olmamışdır. Kamran adlı polis əməkdaşının hansı səbəbdən onu döyməsini və üzərinə psixotrop maddə qoymasını bilmir. Özü nə narkotik vasitə, nə də psixotrop maddə satışı ilə məşğul olmamış, hazırda da olmur.Sadəcə olaraq ara-sıra özü istifadəsi üçün narkotik vasitə və psixotrop maddə əldə etmiş, lakin 07.07.2021-ci il tarixdə cibindən aşkar olunmuş psixotrop maddə ona məxsus deyildir. Özü narkotik vasitə qəbul etsə də, heç kimə narkotik vasitə satmadığını və ya vermədiyini, belə məqsədinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Gəncə şəhəri, Ü.Hacıbəyobv küçəsi, ev 3, mənzil 48-də yaşayan Gəncə şəhər sakini Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində, xüsusilə yaşadığı ərazidə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə aldığı əməliyyat məlumatının yoxlanılması üçün 07.07.2021-ci il tarixdə tərəfindən “əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Qəbul edilmiş həmin qərar əsasında, Kəpəz RPB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 07.07.2020-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “El Hotel” adlanan otelin yaxınlığında saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs özlərini təqdim edərək saxlanılmasının səbəbini izah etmişlər və Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz RPB-nin inzibati binasına gətirmişlər. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. İlk öncə təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, bundan sonra isə sonuncunun əynində olan paltarlarında axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının ön sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. İlkin dindirmə zamanı Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olmasını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin kütləni Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində “El Hotel” adlanan otelin yaxınlığında yerdən tapdığını, narkotik vasitə olmasını düşünüb yerdən götürdüyünü və içərisində psixotrop maddə olduğunu görüb özü istifadə etmək üçün götürüb özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs, həmçinin bildirmişdir ki, özü bir neçə aydır narkotik vasitə istifadəçisidir. Həmin bükümün içərisinə baxış zamanı içərisində şəffaf rəngli, kristal formalı, ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu məlum olmuşdur. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 3.17 qram təşkil etmişdir. Sonra həmin kütlə 1 ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin üzərində qeydlər aparıldıqdan sonra axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Hüseynlə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs barəsində daxil olan məlumatda onun narkotik vasitənin qanunsuz dövriyyəsi və satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz istifadəsi və satması və ya satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. Təqsirləndirilən şəxs Kəpəz RPB-yə aparıldıqdan sonra orada özünü narahat hiss etdiyini, “SPİD” xəstəsi olduğunu bildirib təcili-tibbi yardım avtomobili çağırılmasını xahiş etdiyi üçün Kəpəz RPB-yə təcili tibbi yardım üçün həkim dəvət edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə göstərdi faktların həqiqəti əks etdirmədiyini, üzərindən aşkar edilmiş psixotrop maddə onun özünə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir zorakılıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 və Şahid4 şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 07.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə ələd edib satması, qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli 5(043)-142/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxiki İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon polis bölməsindən daxil olmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair 07.07.2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmişdir “Diskə baxış keçirilməsi haqqında” 22.07.2021-ci il tarixli protokoldan görünür ki, diskin içərisində 10 dəqiqə 16 saniyəlik videogörüntü var. Görüntüdə çıxış edən şəxs Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid4, görüntüdə olan digər şəxslər isə həmin X8 cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxsdur. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Şahid4 tərəfindən ona Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edilir, bu barədə ona yazılı bildiriş təqdim edilir.Bundan sonra axtarışda iştirak edən əməliyyat müvəkkilləri tərəfindən təhqiqatçının bildirməsinə əsasən, saat 17:10-da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və həmin vaxt onun əynində olan qara rəngli cins şalvarının ön sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilir. İlkin dindirmə zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin kütlə özünə məxsusdur, belə ki, onu Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində “El Hotel” adlanan otelin yaxınlığında yerdən tapıb, narkotik vasitə olmasını düşünüb yerdən götürüb və içərisində psixotrop maddə olduğunu görüb özü istifadə etmək üçün götürüb özündə saxlayıb. Təqsirləndirilən şəxs, həmçinin bildirir ki, özü bir neçə aydır narkotik vasitə istifadəçisidir. Bundan başqa, müdafiəçi X9 həmin vaxt Təqsirləndirilən şəxs hadisənin həqiqətən də dediyi kimi olub-olmaması, kənar şəxs tərəfindən öyrədilib-öyrədilməməsi barədə sual verir, Təqsirləndirilən şəxs isə hadisənin özünün danışdığı kimi olduğunu, onu heç kimin öyrətmədiyini bildirir. Həmin bükümün içərisinə baxış zamanı içərisində şəffaf rəngli, kristal formalı, ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu məlum olur. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilir və çəkisi 3.17 qram təşkil edir. Daha sonra həmin kütlə 1 ədəd zərfə qoyulub qablaşdırılır və zərfin üzərində qeydlər aparıldıqdan sonra axtarışda iştirak edən şəxslər tərəfindən imzalanır.Şəxsi axtarış təhqiqatçının bildirməsinə əsasən, saat 17:20-də başa çatır. Görüntüdə Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq, qeyri-insanı rəftar, hədə-qorxu olunması, eləcə də onun özünün hər hansı formada narazılığının olması, bədəni üzərində gözlə görünə bilən xəsarətinin olması müşahidə olunmur. "Üzləşdirmə haqqında” 09.07.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs ilə X7 və Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı X7 və Şahid2 ifadələrində göstərdikləri xüsusatları, yəni 07.07.2021-ci il tarixdə Kəpəz RPB-nin inzibati binasında şəxsi axtarış keçirilərkən götürülmüş külli miqdarda psixotrop maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmasını, sonuncunun özünə məxsusluğunu, polis əməkdaşı tərəfindən üzərinə qoyulmadığını, heç bir zorakılıq olunmadığını şübhəli şəxs qismində Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadələrini təsdiq etmişlər. Gəncə şəhər Kəpəz RPİ-nin 30.09.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, əməliyyat tapşırığı əsasında Gəncə şəhər Kəpəz RPİ-nin CAŞın əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması, daşıması, o cümlədən yaşadığı ərazidə mütəmadi olaraq psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması müəyyən edilmiş, lakin qeyd olunan psixotrop maddənin haradan, kimdən, hansı mənbədən əldə etməsini, o cümlədən digər şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Maddə və materialların məhkəmə ekspertizasının 08.07.2021-ci il tarixli 16/650 nömrəli rəyindən görünür ki, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 3,025 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci Siyahısının İİ bəndinə daxildir. Ambulator məcburi-narkoloji ekspertizasının 09.04.2021-ci il tarixli 1225 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tibbi ekspertizasının 09.07.2021-ci il tarixli 1092 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət müəyyən edilməmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 07.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07 iyul 2021-ci ildən hesablanmışdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin 09.04.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin 06.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. "Sübutların qiymətləndirilməsi haqqında ” 15.10.2021-ci il tarixli qərardan görünür ki, ekspertizas tədqiqatından qalıq qalmış 2.825 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut qismində tanınmış və Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılır.Eləcə də üç ədəd DVD disk cinayət işinə əlavə edilmişdir Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Belə ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmiş, məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları isə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsi, üzərində saxlaması və satış məqsədi ilə əldə etməsi barədə məlumat olsa da, bununla əlaqədar əməliyyat axtarış tədbirləri keçirildiyini, lakin qeyd olunan psixotrop maddənin haradan, kimdən, hansı mənbədən əldə etməsini, o cümlədən digər şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadığını bildirmişlər. Təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz istifadəsi və satması və ya satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. Göründüyü kimi 07.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitənin qəbul etməsi, üzərində saxlaması və satış məqsədi ilə əldə etməsi barədə məlumat daxil olmuş və o həmin tarixdə polis əmkdaşları tərəfindən saxlanılmışdır. Gəncə şəhər Kəpəz RPB-nin 30.09.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, kecirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddənin haradan, kimdən, hansı mənbədən əldə etməsini, o cümlədən digər şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə və nə məqsədlə əldə etməsini müəyyən etmək üçün əməliyyat tədbirləri keçirilmiş və 01 ay 23 gün sonra müəyyən edilməsi daha asan olan qeyd olunan psixotrop maddənin haradan, kimdən, hansı mənbədən əldə etməsini, o cümlədən digər şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib-etməməsini müəyyən etməyin mümkün olmadığı göstərir. Müəyyən edilməsi daha çətin olan istintaq təcridxanasında saxlanılan şəxsin məqsədini psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq saxlamasını müəyyən etməsi isə həqiqi və möhtəbər sübut hesab edilə bilməz, ehtimaldan və subyektivlikdən başqa bir şey deyildir. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyi göstərilmişdir. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni özü qəbul etmək üçün əldə etmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X2 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkən şəxs üçün aşkar olunmuş narkotik vasitənin çəkisi o qədər də çox deyildir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin satış məqsədi ilə əldə edib saxlamasına dair möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç şübhəli sübut belə yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Bütün bunlar birmənalı olaraq onu təsdiq edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X5 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halların və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 2.825 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X5 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də üç ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 07 iyul 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 2.825 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X5 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də üç ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar