Məhkəmə qərarları › İş №1(100)-108/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-108/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-108/2024 18.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X6, X7 və İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Samux rayonundan anadan olmuş, olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə, təxminən saat 23:00 radələrində yaşadığı Samux rayonu, Yenikənd kəndində yerləşən və kənddə “Fidayılın maqazini” adlanan mağazanın yaxınlığında həmkəndlisi - Zərərçəkmiş şəxs ilə xx.xx.2022-ci ildə sonuncuya məxsus 1(bir) baş iribuynuzlu heyvanının (inəyinin) itməsində Zərərçəkmiş şəxs ondan və ailə üzvlərindən şübhələnərək inəyinin onlar tərəfindən oğurlanmasını iddia etməsi səbəbindən xx.xx.2022-ci il tarixdən başlayaraq aralarında yaranmış və davam edən şəxsi münasibətlər zəminində münaqişə zamanı Zərərçəkmiş şəxs onun yaxasından tutmasına görə mübahisə edərək dalaşmış və dava zamanı məlum olmayan küt əşya ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq Zərərçəkmiş şəxs sol gicgah-təpə nahiyəsində 1,0x1,0 sm ölçüdə, solğun çəhrayımtıl rəngli, qeyri-müəyyən formalı, köndələn istiqamətli, kənarları hamar, zərif çapıqdan ibarət sol mastoid hücrələrdə yığıntı və beynin sağ gicgah payının hemorragik əzilmə ocaqları ilə müşayiət edilən sol gicgah sümüyünün pullu hissəsinin xətti sınığı ilə müşahidə olunan və yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən Ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Səbuhini uşaqlıqdan tanıyır, həmkəndlisidir, münasibəti həmişə yaxşı olsa da 2022-ci il yanvar ayında inəyi itəndən sonra Səbuhi onlara gəlib qardaşı ilə onu günahkar görüb inəyi oğurladıqlarını demişdir. Həqiqətdə Səbuhinin inəyi qonşu olduqları üçün onların heyvanlarına qarışıb qapıya gəlmiş, öz inəklərini içəri salıb onun inəyini geri qaytarmışlar. Səbuhiyə inəyini görsələr də heyvanı geri qaytardıqlarını demiş, həmin vaxtdan etibarən demək olar ki, hər gün Səbuhi gəlib-gedib inəyini soruşmuş, həm də guya inəyi onunla qardaşının oğurlaması barədə orda-burda danışmışdır. Nəhayət hadisə günü kənddə olan marketin qarşısında gecə Səbuhi onun yaxasından tutub silkələməyə başlamış, inəyini oğurladığını yenidən iddia etmişdir. Səbuhini özündən uzaqlaşdırmaq üçün hər iki əli ilə qəfil onu itələyib geriyə qaçmışdır. Dönüb baxanda isə ətrafda olan həmkəndlilərinin qışqırıb “kömək eləyin, Səbuhini qaldıraq” dedikləri eşitmiş, yaxına gəlib baxanda Səbuhinin başının arxasının qan olduğunu görmüş, Səbuhinin üzünə su vurub kömək eləmiş, Səbuhi özünə gəldikdən sonra isə qardaşını çağırmış, qardaşı da Səbuhini həkimə aparmışdır. Həmin yerdə yolu düzəltmək üçün çaydaşı tökülmüş olduğu üçün Səbuhini itələyəndə sonuncu yerə yıxılıb xəsarət almışdır. Qardaşı Səbuhini kənddəki tibb məntəqəsinin həkiminin yanında aparandan sonra gecə 4-5 radələrində qaytarıb evə gətirmiş, növbəti günlərdə isə Səbuhi Gəncə şəhərində yerləşən Beynəlxalq Xəstəxanada, daha sonra isə Gəncə şəhər 3 saylı Abbas Səhhət adına xəstəxanada müayinə olunub bir müddət müalicə almış, bütün həkim müayinəsi və müalicə xərclərini isə atası Elçin çəkmişdir. Məhkmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, xx.xx.2022-ci ildə Səbuhi ilə mübahisə edərkən əlində heçnə olmamış, Səbuhi sinəsindən tutub sikələmiş, əlindən çıxmaq üçün onu itələyib qaçmışdır. Səbuhini itələyəndən sonra dönüb arxaya baxmışdır ki, görsün arxası ilə gəlir, yoxsa yox. Həmin vaxt Səbuhinin yerə yıxılıb başının daşa dəydiyini və xəsarət aldığını görmüşdür. Marketin yaxınlığında olan Şahid5, Şahid6, Şahid1 adlı şəxslər qışqırıb Səbuhinin başı yarıldığını dediyinə görə kömək üçün geri qayıtmış, Səbuhinin başının həqiqətən yarıldığını görmüş, qaçıb su gətirib üzünə vurmuşdur. Səbuhini itələdikdə bir-iki addım arxaya gedib yerə yıxılmış, Səbuhini itələyəndə onlar üzbəüz dayanmış vəziyyətdə olmuşlar. Səbuhinin müalicəsini atası ilə qardaşı etmiş, sonra da müalicəsinə yardım etmişlər. Hadisədən əvvəl yaxınlıqda olan çay evində domino oynamış, Səbuhi ilə aralarındakı mübahisə olan zamanı onlardan təxminən 5-6 metr məsafədə həmkəndliləri Şahid5, Şahid6 və Şahid1 olmuş və mübahisəni görmüşlər. Səbuhini həkimə aparanda özü orada olmamışdır. Ailə üzvləri tərəfindən Səbuhiyə dəymiş ziyan olaraq 6000 (altı min) manat pul verilsə də iş məhkəmədə olarkən Səbuhi razılaşmadığına görə həmin pulu onlara geri almışlar. Çünki Səbuhi məhkəmədə barışmayacağını və ondan şikayətçi olduğunu demişdir. O, Səbuhiyə qəsdən xəsarət yetirmək istəməmiş və onu özündən kənarlaşdırmaq üçün itələmişdir. Əməlindən peşmandır, cavan olmasını nəzərə alıb məhkəmədən yüngül cəza verilməsini istəyir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxsla həmkəndlisidir. xx.xx.2022-ci ildə inəyi itdiyi və son dəfə də inəyi Eltungil gördüyü üçün onlardan soruşmuş, sonra da heyvanını Eltungilin götürməsinə şübhəsi yaranmışdır. Buna görə dəfələrlə onlara inəyin qaytarılması, yaxud tapılmasına köməklik göstərilməsi üçün müraciət etmiş, dükanların müşahidə kameralarına baxmağı və heyvanı tapmağı demişdir. Lakin Eltungil hər dəfə müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Hadisə baş verən gün kənddə olan marketin qarşısında Eltunla mübahisəsi düşmüş, heç bir günahı olmadan Eltun onu təpiklə vurub yerə yıxmış, sonra da daşla başına vurmuşdur. Bundan sonra olanları xatırlamır. Özünə həkimdə olarkən gəlmişdir. Xəstəxanada müalicə alsa da Eltungilin ailəsi onu tez-bazar xəstəxanadan çıxarıb ev şəraitində müalicə etdirmiş, sonradan isə hər hansı köməklik göstərməkdən imtina etmişlər. Məhkəmədə verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərdi ki, Eltun onu xx.xx.2022-ci ildə daşla başına vurandan sonra huşunu itirmişdir. Müalicəsi üçün həqiqətən Eltungil əvvəlcə ona 6000 (altı min) manat pul vermiş, notariusda barışıq barədə ərizə yazmışdır, ərizə yazılan dövrdə də müalicəsinin davam etdirilməsini bildirmiş, pulu xərcləməmiş, sonradan onu müalicə etmədikləri üçün razılaşmayıb etirazını bildirmiş, Eltungil isə verdikləri pulu ondan geri almışdır. Hazırda da Eltun və ailəsindən şikayətçidir. Eltuna ədalətli cəza verilməsini, özünün də aldığı xəsarətlə bağlı müalicə edilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, hadisə baş verən vaxt sahədə işləyəndə telefonuna Eltunun atası Elçin zəng edib uşaqların dalaşdığını və Səbuhini həkimə aparmaq lazım olduğunu demişdir. Əvvəlcə gələ bilmədiyini demiş, çünki qardaşı da olsa Səbuhi ilə münasibəti yaxşı olmamış, əvvəllər aralarında mülk bölgüsü ilə bağlı mübahisə olmuşdur. Elçinə Səbuhinin işinə qarışmadığını, həkimə aparmaq istəyirsə aparmalarını demişdir. Sonra Elçin ona bir də zəng etmiş, işi qurtarıb evinə qayıdanda isə Elçini küçədə maşını ilə dayanmış, Səbuhini anası ilə arxa oturacaqda oturan vəziyyətdə görmüşdür. Elçinin gəlməsinə irad tutub “niyə gəlmisiz? mən sizə dedim gəlməyəcəm” demiş, Elçin isə ona “Səbuhinin qoca anası ilə ora getmək istəmirəm” demişdir. Yenə getməyəcəyini desə də axırda yumşalıb arvadına onlarla birlikdə getməyi demişdir. Əvvəl arvadı da getmək istəməmiş, amma onu yola gətirmişdir. Yoldaşı da onlarla biryerdə getmişdir. Sonra əlaqə saxladıqda X2 aparsalar da baha olduğu üçün sığorta olduğuna görə Abbas Səhhət adına xəstəxanaya yerləşdirdiklərini demişlər. 3-4 gün Səbuhi orada qalmış, arada bir dəfə özü də yanına getmişdir. Həmin vaxt ona polis şöbəsindən zəng edib Səbuhinin xəstəxanada olub-olmadığını soruşmuş, ikinci dəfə xəstəxanaya gedəndə Elçin ona yuxarı gəlməyi demişdir. Gedəndə Səbuhinin yanında mülki geyimli şəxslər olduğunu görmüş, maraqlandıqda polis əməkdaşları olduqlarını öyrənmişdir. Həmin gün Səbuhinin vəziyyəti pis olmuş, arvadı da orada olmuşdur. Polis əməkdaşı Səbuhidən izahat alanda arvadı “vəziyyəti pisdi, niyə izahat alırsız?” deyə etiraz eləmiş, polislər isə onları videogörüntüyə çəkmişlər. Ondan hadisə barədə soruşanda polislərə orada olmadığını demiş, verdikləri ağ vərəqə imza etmişdir. Sonradan polislərin onun adından demədiyi sözləri - guya Səbuhinin yıxılması barədə izahatında yazdığını öyrənmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid2 göstərmişdir ki, ona ilk dəfə Eltunun atası Elçin zəng vurub Səbuhi ilə uşaqlar dalaşdığını, Səbuhini həkimə aparmaq lazım olduğunu demiş, xəstəxanadan çıxıb gedənə kimi xərcləri Elçin ödəmişdir. Səbuhinin pisləşdiyini biləndə kənarlaşsa da xərclərini ödəmişdir. İttiham aktında qeyd etdiyi ifadəsi müstəntiq tərəfindən yazılmış, məzmunu ilə tanış olmadan imza etmişdir, məhkəmədəki ifadəsinin nəzərə alınmasını xahiş edir, hadisəni görmədiyi üçün polisə məlumat verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Səbuhi ərinin qardaşı, Eltun isə həmkəndlisidir. Hadisə vaxtı ailəsinə məxsus badımcan sahəsində işləmişlər. Eltunun atası Elçin xx.xx.2022-ci ildə əri Elçinə zəng edib uşaqların dalaşdıqlarını demiş, gəlməyi xahiş etmişdir. Yarım saat sonra evə gələndə Elçinin maşınında Eltunun böyük qardaşını və Səbuhini görmüş, Səbuhinin anası da yanlarında olmuşdur. Səbuhinin vəziyyəti tam normal və özündə olmamış, amma üstündə qan izi görməmişdir. Elçin Səbuhini həkimə apardığını, Səbuhinin “ailəsi olmadığını, bir şey olarsa camaatın uşağı tutulacağını, axırının pis olacağını demiş” həkimə apardıqlarını dediyi üçün onlarla biryerdə getmişdir. Səbuhini əvvəlcə 2 nömrəli xəstəxana, oradan isə X3 aparmış, müayinə olunduqdan sonra xəstəxanada qalmalı, lakin ödənişli olduğu bildirdiyi üçün onu Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparmış, Səbuhini orada reanimasiya şöbəsinə yerləşdirmişlər. Kəndə qayıdandan sonra isə Səbuhinin əvvəlcə çayçıda mübahisə etdiyini sonra da dükanın yanında Eltunla aralarındakı münaqişə zamanı xəsarət aldığını öyrənmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid3 göstərdi ki, Eltunun atası Elçin ərinə zəng edib Eltunla Səbuhinin dalaşdığını demiş, Səbuhinin anasının yerinə özü xəstəxanaya getmişdir. Səbuhi başındakı ağrılardan şikayətlənmiş, bacısını onkoloji şöbəyə apardığı üçün Səbuhini ora aparmağı məsləhət görmüşdür. Səbuhi özü nə olması barədə ona heçnə deməmiş, maşında Elçin, Səbuhi, Elçinin o biri oğlu olmuş, xəstəxana xərclərin hamısını isə Elçin ödəmişdir. Hadisə baş verdiyi gün əri ilə Səbuhi küsülü olsalar da Səbuhiyə heçnə olmasın deyə insanlıq xatirinə onun həkimə aparılmasında iştirak etmiş, xəstəxanada problemin başında olduğu bildirilmiş, hadisəyə qədər əvvəllər Səbuhinin başı ilə bağlı problemi olmamışdır. Xəstəxanada olduğu müddətdə daimi yanında qalmasa da gündə 3 dəfə Elçinlə biryerdə Səbuhinin yanına gedib-gəlmiş, xəstəxanadan çıxandan sonra isə olanlardan məlumatı olmamışdır. Hazırda Səbuhi və Eltungil arasında münasibət yaxşı deyil. Səbuhi 16.01.202-ci ildə ona məxsus inəyinin itməsi və tapılmaması ilə bağlı Eltun və ailəsini günahlandırmış, onlara “oğru” demişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 göstərmişdir ki, hadisə baş verməmişdən təxminən 10-15 gün qabaq Səbuhi yolda qabağını kəsib “inəyimi sən oğurlamısan, tövləni aç baxım” demiş, tövləni açıb göstərsə də Səbuhi razılaşmamış, hər yerdə uşaqları Vüqarla Eltunun qabağını kəsib “siz oğrusuz, nəsliniz oğrudur” demişdir. Hadisə günü evdə olmuş, Vüqar Səbuhini xəstəxanaya aparandan sonra Eltun gəlib ona çayçıda olanda Səbuhinin gəlib onu söyərək yaxasından tutduğunu, özünün də Səbuhini itələdiyini Səbuhinin yıxılıb başının daşa dəyib xəsarət aldığını demişdir. Gecə 1-2 radələrində Vüqar gəlib Səbuhini həkimə apardığını, sistem qoyduqlarını, Beynəlxalq Xəstəxanaya aparıb müayinə etməyi demişdir. Səbuhinin anası da getmək istəmiş, lakin O qoymayıb qardaşı Mehmanın getməsini təkid etmiş, xəstəxanada Səbuhini müayinə etdikdə həkim ona başının əzildiyini, yatmağa ehtiyac olmadığını demiş, ona görə X12 adına xəstəxanaya aparmışlar. Orada isə Səbuhinin yanında bir nəfərin qalmalı olduğu bildirilmiş, bir neçə gün Mehmanın arvadı gedib-gəlmiş, həkim müalicə yazdıqdan sonra isə Səbuhini evə aparmışlar. Eyni kənddən olduqları, məsələnin böyüməsini istəmədikləri üçün ilkin olaraq Səbuhinin ailə üzvləri ilə guya onun özünün yıxılması barədə məlumat verilməsinə razılaşmış, Səbuhinin bütün tibbi xərclərini ödəmiş, təxminən 2500 manata yaxın pul xərcləmişdir. İşin gedişatında da dəymiş zərər olaraq barışıq üçün notariusda Səbuhiyə 6000 (altı min) manat ödəyib ondan notarial ərizə alsalar da Səbuhi sonradan razılaşmayıb, pulu geri qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki Eltun qardaşı, Səbuhi isə həmkəndlisidir. Hadisə baş verən vaxt kənddə olmamış, sonradan gələndə camaatın yığıldığını görüb maraqlanmış, əbuhi ilə Eltunun dalaşdığını öyrənmişdir. Axır vaxtlar Səbuhi inəyinin itməsinə görə əl çəkməyib “mənim inəyimi siz oğurlamısız” deyib cəmiyyət içində onları təhqir etmişdir. Sonradan öyrənmişdir ki, hadisə olan gün Səbuhi qardaşı Eltunu təhqir edib yaxasından tutmuş, Eltun da Səbuhini özündən kənara itələmək istəyəndə Səbuhi yerə yıxılıb, deyilənə görə başı daşa dəyib xəsarət almışdır. Hadisəni öyrənəndən sonra lazımi tədbirlər görüb, Səbuhini həkimə aparmış müayinə etdirmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid7 göstərdi ki, hadisə yerinə gələndə Eltun bir az arxada, Səbuhi isə stolda oturmuş vəziyyətdə olmuş, ağrımağını deməsə də Səbuhinin halsız olduğunu görüb kənddə həkim yanına aparmış, Səbuhini razı salmağa çalışmışdır ki, şikayətçi olmasın. Səbuhini tanıdığına, narahat adam olduğuna görə onun şikayətçi olacağını bilib dostunun maşını ilə aparmış, həkimə də Səbuhinin yıxılması barədə məlumat vermişdir. Həkim ilkin tibbi yardım göstərib, yaranı təmizləyib sarğı eləmişdir. Gəncə şəhərində yerləşən 3 nömrəli xəstəxanada isə Səbuhiyə sistem qoyub, təzyiqini ölçmüşlər. Səbuhi xəstəxanada olanda başının ağrıdığını deməmiş, X5 müayinə zamanı isə həkimlər onun ciddi, ölümcül zədəsi olmadığın görə saxlamağa ehtiyac olmadığını demişlər. Abbas Səhhət adına xəstəxanada bir müddət qaldıqdan sonra Səbuhinin özü evə aparılmaq barədə israr eləmiş, evə gəldikdən sonra da bütün müalicə xərcləri atası Elçin tərəfindən ödənilmişdir. Səbuhiyə sonrakı müddətdə notariusda pul versələrə də O, verdikləri pulu geriyə qaytarmış, onlardan şikayətçi olduğunu, barışmayacağını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Samux rayonunda eyni kənddə yaşayır, 2022-ci il aprel ayının 5-i saat təxminən 23 radələrində uşaqları təhsil aldığı və yoldaşı işdə olduğu üçün evdə tək olanda qapı döyülmüş, açanda Səbuhi ilə Elçinin oğlu Vüqarın gəldiyini görmüşdür. Vüqar Səbuhiyə yardım etmək lazım olduğunu, özünü narahat hiss etdiyini demiş, onları içəri buraxıb nə olması ilə maraqlananda Vüqar Səbuhinin ayağının büdrəyib yıxıldığını, başının daşa dəydiyini demişdir. Şübhələnib “burda Sizlik bir şey yoxdu ki?” soruşsa da Vüqar heçnə olmadğını demiş, Səbuhi isə həyətdəki kabinetə gəlib orada oturmuş, onda baş ağrısı, ürək bulanma, qusma kimi hallar olub-olmadığını soruşmuş, Səbuhi inkar etmiş, buna görə Səbuhiyə iynə vurmamış, Səbuhinin əvvəldən qulağı zəif eşitdiyi üçün onunla nisbətən yüksək səslə danışmışdır. Başının təpə nahiyəsinə baxanda həmin hissənin sıyrıldığını görmüş, bir az qan olsa da Səbuhinin qanaxması və açıq yarası olmamışdır. Yaranı təmizləyib üstünə bint qoymuş və rayon xəstəxanasına aparmağı demişdir. Vüqardan Səbuhinin valideynlərinin məlumatlı olub-olmadığını soruşanda Vüqar “indi gedirəm götürəm, yolda gördüm yıxılıb, bura gətirdim” demişdir. Həmkəndliləri, hər iki ailə ilə salam-sağolu olmasına, kənddə belə şeylərə yaxşı baxmamalarına baxmayaraq Zərərçəkmiş şəxs yıxılıb başının daşa dəyməsi və müvafiq tibbi yardım göstərməsini qeydiyyata salaraq dərhal polisə hadisə barədə şifahi məlumat vermişdir. Sonradan müstəntiq onu çağırıb izahat almış, o da olanları danışmış, sonradan Vüqarın qardaşı Eltunla Səbuhi arasında mübahisə olduğunu eşitmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid4 göstərdi ki, Vüqar Səbuhini xx.xx.2022-ci ildə onun yanına gətirəndə yoldan keçəndə Səbuhinin yıxıldığını görüb götürdüyünü demiş, Səbuhi özü isə ona hadisə barədə heç nə deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 gösətrmişdir ki, Samux rayonu Yenikənd kəndində kafedə ofisiant işləyir. Hadisə günü xx.xx.2022-ci ildə işdən gəlib kənddəki çayçıda oturmuş, həmin vaxt Səbuhi gəlib orada olan Eltuna yumruq atmış, aralarında mübahisə yaranmışdır. Çayçıdan çıxanda isə Səbuhinin Eltunun yaxasından yapışıb silkələdiyini və Eltunun da Səbuhini itələdiyini görmüşdür. Səbuhi arxası üstə yerə yıxılmış, başı daşa dəymiş, sonra isə Səbuhi özü qalxmışdır. Dalaşmaqlarına səbəb isə Səbuhi Eltuna şər atıb əvvəllər də “mənim inəyimi sən oğurlamısan” deməyi olmuş, mübahisə buna görə yaranmışdır. Özündən başqa hadisə yerində Şahid5 və digər həmkəndliləri olmuşdur. Hadisədən sonra Eltunla evə getmiş, Səbuhi isə orda qalmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, Səbuhi yıxılandan sonra özü ayağa qalxmış, Eltunla Səbuhini araladıqdan sonra evə getmişlər. Hadisədən əvvəl Səbuhi dükanın qabağında olmuş, Eltunu təhqir edib, inəyini oğurladığını demiş, Eltunun yaxasından tutmuşdur. Eltun isə Səbuhini itələmiş, yer qrabel daşları olmuş, Səbuhinin ayağı ilişib arxası üstə Fidayılgilin ərzaq mağazasının yaxınlığında yerə yıxılmışdır. Hadisə vaxtı Eltunun Səbuhini daş, yaxud başqa nəsə ilə vurduğunu görməmişdir. İbtidai istintaq dövründə verdiyi və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsində isə Şahid1 göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Kənddən bir qədər aralıda yerləşən və kənd camaatı arasında “Xəyyamın kafesi” adlanan kafedə ofisiant işləyir. Şahid7 və Eltun qardaşları onun kəndliləridir, Zərərçəkmiş şəxs da həmkəndlisidir, həm də onlarla eyni küçədə qalır. Aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. 05 aprel 2022-ci il tarixdə axşam saat 23 radələrində o, işdən çıxıb evə gəlmiş, kəndin baş tərəfindən piyada tək evə qayıdarkən kənd mərkəzində yerləşən “Fidayılın maqazini” adlanan mağazaya siqaret almağa getmişdir. Həmin vaxt mağazanın qabağında Eltun, Şahid5, Şahid6 ayaqüstə dayanaraq söhbət edirmiş. Səbuhi isə orada olmamışdır. Onlarla salamlaşdıqdan sonra mağazaya daxil olmuş, mağazada Fidayıl və oğlu Röyalı görmüşdür. Siqareti Fidayıldan almış və mağazadan çıxan zaman mağazanın sağ tərəfində Eltun və Səbuhi ilə mübahisə etdiyini görmüş, Səbuhi Eltunun sinəsindən hər iki əli ilə tutub onun heyvanını Eltun və ailəsinin oğurladığını demiş, Eltun isə ondan əl çəkməyi və buraxmağı tələb etmişdir. Ətrafdakı şəxslər də Səbuhiyə Eltunu buraxmağı demiş, ancaq Səbuhi Eltunu buraxmamış, bu zaman Eltun Səbuhini bərk itələmiş, Səbuhi bir qədər arxaya doğru gedərək asfaltın kənarına, daşlıq olan yerə yıxılmışdır. Yıxılandan sonra Səbuhi ayağa qalxmadığından onlar qorxmuş və Şahid6 onun başından tutub qaldırmışdır ki, birdən dili qatlanar, Səbuhinin başının arxa hissəsi yarılmış və qan gəlmişdir. Onlar Səbuhinin üzünə su vurmuş, Səbuhi özünə gəldikdən sonra isə stulda otuzdurmuşlar. Bir qədər keçmiş hadisə yerinə Eltunun qardaşı Vüqar maşınla gəlmiş, nə olduğunu soruşan zaman ona demişlər ki, Səbuhi qardaşı Eltunla mübahisə edən zaman Eltun onu itələmiş, o da yerə yıxılmış və baş nahiyəsindən xəsarət almışdır. Vüqar isə Səbuhini avtomobilə mindirib həkimə aparacağını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı kənddə gündəlik fəhləliklə məşğul olaraq ailəsini dolandırır. Şahid7 və Eltun qardaşları kəndçiləridir. Zərərçəkmiş şəxs da kəndçisidir. 05 aprel 2022-ci il tarixdə axşam saat 22 radələrində o, evdən çıxaraq piyada kəndin mərkəzində “Fidayılın maqazini” adlanan mağazaya getmişdir. O, mağazaya kirvəsi Şahid6la getmişdir. Mağazanın içərisində oturub yemək yemişlər. Təxminən saat 23 radələrində qəflətən mağazanın sağ tərəfindən səs-küy gəldiyini eşidib küçəyə çıxmış, Səbuhi yerdə uzanıqlı vəziyyətdə yanında isə Eltunu ayaqüstə dayanan görmüşlər. O, kirvəsi Elçinlə Səbuhini yanıüstə çevirəndə Səbuhinin baş nahiyəsinin arxa tərəfindən qan gəlirmiş. Ona su verib köməklik etmiş, bundan sonra Səbuhi bir qədər özünə gələrək həmin yerdə olan stulda əyləşmişdir. Həmin vaxta qədər Eltun onların yanında olmuş, çox qorxmuş, nə etdiyini bilməmişdir. Eltundan Səbuhiyə nə olduğunu soruşan zaman Eltun ona demişdir ki, Səbuhi ona itmiş heyvanının onun tərəfindən oğurlandığını deyib mübahisə edərək söyüş söymüş, bunun üstündə aralarında mübahisəsi yaranmış, o da Səbuhini arxaya tərəf itələyən zaman Səbuhi yerə yıxılmış, yıxılan zaman da başı daşa dəymişdir. Həyəcanlı olduğu üçün Eltuna aralaşmağı və evdəkilərə gəlib Səbuhiyə köməklik etməyi demiş, Eltun çıxıb getmişdir. Eltun və Səbuhinin bir-biri ilə mübahisə etdiklərini birbaşa görməmiş, mağazada içəridə olan zaman səs-küyə çölə çıxmışdır. Çıxanda isə hadisə artıq olub qurtarmış, Səbuhinin yıxıldığı yerdə qan ləkələri olmuşdur. Eltunun Səbuhini itələyərək yerə yıxdığını görməmiş, Eltun ona Səbuhini itələdikdən sonra yerə yıxılıb xəsarət aldığını demişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 və Şahid11, eləcə də ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid10 da eyniməzmunli ifadə verərək hadisəni birbaşa görmədiklərini, dükandan səs-küyə çölə çıxdıqda Səbuhinin yerdə arxası üstə uzanıqlı vəziyyətdə olub xəsarət aldığını, Eltunun deməsinə görə isə onun yaxasından tutub itələdikdən sonra Səbuhinin yerə yıxılıb xəsarət aldığını bildirdiyini demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı kənddə ailəsinə məxsus mağazası “Fidayılın maqazini” kimi tanınır. Şahid7 və Eltun qardaşları və Zərərçəkmiş şəxs onun kəndçiləridir. Aralarında onların heç bir ədavət və düşmənçiliyi olmamışdır. 05 aprel 2022-ci il tarixdə axşam saat 23 radələrində o, evdə olan zaman küçədən səs-küyə gəldiyini eşitmiş, məsələnin nə olduğunu aydınlaşdırmaq üçün o küçəyə çıxanda Səbuhini yolda dayandığını ətrafına da adamların yığıldığını görmüşdür. Nə olduğunu soruşanda ətrafdakılar Səbuhinin Eltunla mübahisə etdiyini, dalaşan zaman Eltunun onu vurduğunu demişlər. Anası Həqiqət də həmin vaxt küçəyə çıxmış və Səbuhinin Eltun tərəfindən vurulduğunu bilib öz mobil telefonu ilə Vüqarın anasına zəng edib xəbər vermişdir. Bundan bir qədər keçmiş Eltunun qardaşı Vüqar gəlmiş və Səbuhini aparıb getmişdir. Eltunla Səbuhinin arasında mübahisə olan zaman O evdə olmuş, Eltunun Səbuhini vurmasını görməmiş, kənd camaatından eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 da Şahid8la eyniməzmunlu ifadə verərək oğlunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının 06 aprel 2023-cü il tarixli 214 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, qeyd edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni Anlaqlı olmuşdur. Məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə, əsəbi psixi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının 06 aprel 2023-cü il tarixli 215 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra hər hansı psixi xəstəlik keçirməmişdir. O, ona qarşı edilən hüquqazidd hərəkətlərin mahiyyətini dərk etmək, həmin əməlin nəticələrini anlamaq, hadisə zamanı və hadisədən sonra öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlər zamanı öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs onunla baş vermiş hadisəni düzgün qavrayıb, hadisə barəsində düzgün ifadə verə bilər. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Səhiyyə Nazirliyinin MTE və PA X9 şəxsdən verilmiş məhkəmə-tibbi ekspertizasının 05 dekabr 2022-ci il tarixli T 554/2022 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol mastoid hücrələrdə yığıntı və beynin sağ gicgah payının hemorragik əzilmə ocaqları ilə müşayiət edilən sol gicgah sümüyünün pullu hissəsinin xətti sınığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın( əşyaların) təsirindən, kənar şəxs tərəfindən həmin nahiyəyə çay daşı ilə zərbə yetirilməsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyə zərərçəkmişin istər itələnərək, istərsə də öz boyu hündürlüyündən sərbəst yıxılması nəticəsində yarana bilməsini inkar edir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışında təyin edilmiş və iş materiallarına əlavə edilərək tədqiq edilmiş Səhiyyə Nazirliyinin MTE və PA X9 Şəxsdən verilmiş xx.xx.2023-cü il tarixli 876/2023 saylı əlavə məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol mastoid hücrələrdə yığıntı və beynin sağ gicgah payının hemorragik əzilmə ocaqları ilə müşayiət edilən sol gicgah sümüyünün pullu hissəsinin xətti sınığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən yaranmış, qərarda göstərilən şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilən çay daşı zərbəsi nəticəsində yarana bilməsi inkar edilmir, müddəti xx.xx.2022-ci ilə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. xx.xx.2022-ci il tarixli T 554/2022 saylı məhkəmə-tibbi ekspertiza rəyinə əsasən olan xəsarətlərin bərk küt əşya (çay daşı) ilə yetirilməsi “Gəncə şəhər Birləşmiş xəstəxanası” PHŞ-in Zərərçəkmiş şəxs adına verdiyi xx.xx.2022-ci il tarixli, 707 saylı arayışında göstərilən “Kəllə-beyin travması, başın sol tərəfinin əzilmiş yarası” diaqnozu, Gəncə Beynəlxalq xəstəxananın tərtib etdiyi xx.xx.2022ci il tarixli epikrizində qeyd edilən sol gicgah nahiyəsində dərialtı hematoma əlamətləri və həmin xəstəxanada çəkilmiş kranial KT müayinəsində sol gicgah sümüyündə yerdəyişməyən sınıq xəttinin olmasına əsasən təyin edilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs baş nahiyəsinəki aşkar edilmiş xətti sınıqda xəsarət yetirilən alətin xüsusi əlamətləri özünü biruzə vermədiyindən bu haqda daha dəqiq fikir söyləmək mümkün olmadı. Lakin, onun çay daşı ilə yetirilə bilməsini də inkar etmək olmaz. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyə zərərçəkmişin digər şəxs tərəfindən əllə qəfil itələnmə nəticəsində müvazinəti itirərək birbaşa yer səthinə təmas etməsi nəticəsində yarana bilməsini inkar edir. Belə ki, bədənin sol yan səthinin qabarıq hissələrində-bazu, dirsək oynaqlarında və dəri örtüklərində hər hansı xəsarət və ya onun izi aşkar edilmədiyindən həmin xəsarətlərin zərərçəkmişin istər itələnərək, istərsə də öz boyu hündürlüyündən sərbəst yıxılaraq alma bilməsi inkar edilir. Vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı almış olduğu ağır kəllə-beyin travması ilə bağlı cərrahi müdaxilə tələb edə biləcək hər-hansı ciddi patomorfoloji dəyişikliklər aşkar edilmədi. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 04 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə”, “qətimkan tədbiri seçilməsi” və “tutulmuş şəxsin azad edilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində xx.xx.2023-cü ildə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Samux RPŞ MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Samux rayon İcra Hakimiyyəti başçısının Samux rayonu Yenikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və O, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs bütün ibtidai araşdırma və məhkəmə baxışında göstərdiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini, hadisənin ehtiyatsızlıqdan baş verməsini, iş üzrə Zərərçəkmiş şəxs qəsdən və hər hansı bərk küt əşya ilə ağır xəsarət yetirmədiyi, 05 aprel 2022-ci il tarixdə aralarında baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs itələyərək yıxmasını və sonuncunun yerə yıxılma nəticəsində baş nahiyəsinin daşa dəyib ağır xəsarət alması ilə bağlı göstərdikləri işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyi, digər sübut növləri ilə inkar edildiyi üçün məhkəmə, Eltun Ələkbərlinin ifadələrini həmin hissədə özünümüdafiə xarakteri və məsuliyyəti yüngülləşdirmək məqsədi daşıdığından həqiqətəuyğun olmayan kimi qiymətləndirir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə baxışında özünümüdafiə üçün gətirdiyi bütün dəlillər yoxlamış, verdiyi vəsatətlər təmin edilərək iş üzrə əlavə məhkəmə tibbi ekspertiza təyin edilib keçirilmiş və ekspertlər qarşısında qoyulmuş suallara cavab olaraq zərərçəkmişin bədən səthinin çıxıntılı hissələrində yerlə təmas etdiyini göstərən hər hansı obyektiv tibb əlamətlər aşkar edilməmişdir. İş üzrə Zərərçəkmiş şəxs də ilkin yoxlama hərəkətlərindən başlayaraq bütün ibtidai araşdırma və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona aralarında baş vermiş münaqişə zamanı daşla qəsdən baş nahiyyəsinə vurub xəsarət yetirdiyini göstərmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə ambulator psixatrik və psixoloji ekspertiza rəyinə əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs özündən uydurmağa, hadisə və halları təhrif etməyə meylli deyil və baş vermiş hadisə ilə bağlı doğru ifadə verə bilər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş əlavə tibbi ekspertiza rəyi təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadəsinə münasibətdə daha obyektiv və qərəzsiz sübut növü olmaqla, ekpsertiza rəyində göstərilən hallar adi düşüncə və normal məntiqlə də dəstəklənir və məhkəmə həmin rəyi tədqiq edib təqsirləndirilən şəxsin ifadəsi ilə müqayisə edərək daha üstün olması və zərərçəkmiş şəxsin ifadəsində göstərdiklərini doğru olması qənaətinə gəlir. Məhkəmə tərkibi ibtidai araşdırma və məhkəmədə dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildə itələməsini görməsini, Zərərçəkmiş şəxs də məhz itələnmədən sonra yerə yıxılaraq başının çaydaşılar olan yer səthinə təmas etməsi nəticəsində xəsarət almasını bildirməsinə münasibətdə qeyd edir ki, həmin hal (Eltunun Səbuhini itələməsi), ümumiyyətlə nə ibtidai araşdırma, nə də məhkəmə baxışında ittiham və müdafiə tərəfindən inkar edilməmiş, əsas mübahisəli məsələ zərərçəkmiş şəxsdə olan olan Ağır xəsarətin yaranma (yetirilmə) mexanizmi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, bütün ifadələrə və işin faktiki hallarına əsasən (zərərçəkmiş təqsirləndirilən və şahidlər) hadisənin havanın qaranlıq vaxtı və işıqlandırılmayan sahədə baş verməsi Şahid1 hadisənin ancaq itələnmə hissəsini görməsini istisna etmir. Məhkəmə Şahid1 ibtidai araşdırmaya nisbətən məhkəmə baxışında təqsirləndirilən şəxsə qarşı daha yumşaq məzmunlu ifadə verməsini isə onların həmkəndli, yaxın yoldaşlıq münasibətlərində olmasından irəli gələn mərhəmət hissi ilə əlaqələndirir. Məhkəmə tərkibi bir daha nəzərə çatdırır ki, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrində göstərdiklərinin əksinə olaraq məhkəmədə iş üzrə dindirilmiş bütün digər şahidlər hadisəni bilavasitə görmədiklərini bildirmiş, istintaq dövründə verdiyi ifadələrində də Təqsirləndirilən şəxs onlara hadisədən dərhal sonra onun Zərərçəkmiş şəxs itələnməsi nəticəsində yerə yıxılıb xəsarət almasını bildirməsini göstərmişlər. Məhkəmə baxışında qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi məhkəməyə daxil olduqdan sonra iş materiallarına əlavə edilməsi üçün göndərilmiş və məhkəmədə tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü ildə Gəncə şəhər 5 saylı notariat ofisində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilməsi ona qarşı iddia şikayət və tələbi olmadığı barədə notarial ərizə vermiş, lakin işin məhkəmə baxışı zamanı dindirilərkən və sonrakı mərhələdə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Eltun Ələkbərlidən şikayətçi olduğunu və ona qarşı törətdiyi əmələ görə ədalətli cəza verilməsini, müalicəsinin davam etdirilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəsə də zərərçəkmiş şəxsin sonradan ondan şikayətçi olmasını, pulu geri verib müalicəsinin davam etdirilməsini tələb etməsini, hadisənin birbaşa zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamasını, hazırda təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsə də əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və ona ittiham olunduğu CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsini qanunverciliyin ədalət və qanunçuluq prinsipinə uyğun hesab edir. Lakin məhkəmə eyni zamanda təqsirləndirilən şəxs X4 törətdiyi cinayət hadisəsini uzun müddət bədbəxt hadisə, yaxud qeyri-cinayət xarakterli əməl kimi göstərməyə (pərdələməyə) çalışmasını, həmçinin hadisədən uzun müddət keçməsinə baxmayaraq Zərərçəkmiş şəxslə barışıq əldə edilməsi üçün kifayət qədər səy və təşəbbüs göstərməməsini, zərərçəkmiş şəxsin hazırki mərhələyə qədər ondan şikayətçi olmasını və cəza verilməsini tələb etməsini onun barəsində Azərbaycan Respublikası CM-nin 62 və 70-ci maddələrinin tətbiqini istisna edən hal olaraq qiymətləndirir. Sosial ədalət və qanunçuluq prinsipinə əsasən də hazırda baxılan iş üzrə törədilən əməl bilavasitə şəxsiyyətin sağlamlığı əleyhinə olduğundan məhkəmə qeyd edir ki, işin digər hallarına münasibətdə təqsirləndirilən şəxsin barəsində daha yüngül cəza növünün, yaxud cəzanın şərti tətbiq edilməsi üçün zərərçəkmiş şəxsin qəti və şərtsiz razılığı mütləqdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal (lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs münasibətdə ilk əvvəl zərərçəkmiş şəxslə barışıq əldə edərək ona dəymiş ziyanı könüllü şəkildə ödəsə də sonradan aralarında yaranmış narazılıqlar olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 2 (iki gün) müddət çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və O, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar