Məhkəmə qərarları › İş №1(100)-110/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-110/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-110/2023 09.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxx 1994-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Uğurbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 935 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, sərnişin qismində əyləşdiyi həmkəndlisi cinayətdən məlumatı olmayan Şahid3 etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxlamış, 24 iyun 2022-ci il tarixdə, saat 21:30-da Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində şübhəli şəxs qismində saxlanılaraq sərnişin qismində əyləşdiyi avtomobil ilə birlikdə polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və avtomobildə baxış aparılan zaman sərnişin qismində əyləşdiyi “VAZ 21074” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağının alt hissəsindən satış məqsədi ilə saxladığı 3 (üç) ədəd iç-içə keçirilmiş qarışıq rəngli polietilen torbada və digər 3 (üç) ədəd iç-içə keçirilmiş şəffaf polietilen torbada külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 480 qram və 455 qram olmaqla ümumi təmiz çəkisi 935 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Uğurbəyli kəndində yaşayır, heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində taksi ilə gedən zaman Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Bərdə rayon polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğu ona izah edilmişdir. O, müdafiəçi ilə təmin edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı qeyriqanuni əşya aşkar edilməmişdir. O, şəxsi axtarış zamanı verilən suallara cavab olaraq sərnişin kimi əyləşdiyi avtomobildə ona məxsus narkotik vasitənin olmasını bildirmişdir. Bundan sonra sərnişin kimi əyləşdiyi avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, ona elan edilmiş ittihamda sərnişin kimi əyləşdiyi avtomobilə baxış keçirilən zaman avtomobildə əyləşdiyi ön oturacağın alt hissəsindən iki ayrı-ayrı torbada qurudulmuş marixuana aşkar edildiyi göstərilsə də, əslində o, həmin avtomobilin ön oturacağının alt hissəsində iki torbada yox, bir torbada qurudulmuş marixuana gizlətmişdir və baxış zamanı da yalnız bir torbada qurudulmuş marixuana aşkar edilmişdir. Həmin bir torbada qurudulmuş marixuana aşkar edildikdən sonra qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, sərnişin kimi əyləşdiyi avtomobildən aşkar edilmiş, ona məxsus bir ədəd torbada olan narkotik vasitə qurudulmuş marixuananı sosial şəbəkədə tanış olduğu tanımadığı İran vətəndaşından almışdır. O, həmin narkotik vasitəni onun narkotik vasitələrdən asılılığı olduğundan özü istifadə etmək məqsədilə üzərində saxlayıb daşımışdır. Onun həmin narkotik vasitəni kiməsə vermək və ya satmaq məqsədi olmamışdır. Həmçinin şəxsi axtarış və avtomobilə baxış zamanı polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında ondan aşkar edilmiş narkotik vasitəni əgər sosial şəbəkədə tanış olduğu İran vətəndaşından istifadə etmək məqsədilə almışdırsa, onun istifadə etdiyi sosial şəbəkədə onun profilinə daxil olunarsa həmin narkotik vasitəni özünün istifadəsi üçün almasına dair həmin İran vətəndaşı ilə olan yazışmalarını göstərə bilib-bilməməsinə dair suallara cavab olaraq, onun istifadə etdiyi sosial şəbəkəyə daxil olunarsa həmin yazışmalarını göstərə bilməyəcəyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışında cinayət işinin materiallarında onun barəsində olan məhkəmə-narkoloji ekspertizasının rəyində onun narkomaniya xəstəliyindən əzab çəkmədiyi göründüyü halda, ifadəsində narkotik vasitələrdən asılılıqdan əziyyət çəkdiyindən narkotik vasitə qurudulmuş marixuananı istifadə etmək üçün əldə etməsini və daşımasını bildirməsinin səbəbinə dair verilmiş suala cavab verə bilməmişdir. Göstərilənlərdən başqa, həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq, ibtidai istintaqda ilkin araşdırma zamanı xx.xx.2022-ci il tarixdə verdiyi izahatında, daha sonra xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi dindirilərkən sərnişin kimi əyləşdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilərkən onun əyləşdiyi ön oturacağın alt hissəsində gizlətdiyi iki büküm olmaqla 1 (bir) kiloqram qurudulmuş marixuananın aşkar edilib götürüldüyünü, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu tanımadığı İran vətəndaşından aldığını və həmin narkotik vasitəni İran vətəndaşının dediyi Bakı şəhərində olan şəxsə verməli olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh.33, 50-51). Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən də eyni məzmunlu ifadə verərək sərnişin kimi əyləşdiyi həmin avtomobilə baxış zamanı onun əyləşdiyi ön oturacağın altında gizlətdiyi iki büküm olmaqla 1 (bir) kiloqram qurudulmuş marixuananın aşkar edilib götürüldüyünü və həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu tanımadığı İran vətəndaşından alıb sonuncunun dediyi Bakı şəhərində olan şəxsə verməli olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh. 62- 64). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili işləyir. 24 iyun 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələr saxlaması, gəzdirməsi və satması barədə məlumatlar daxil olmuşdur. Ona görə də Bərdə rayon polis şöbəsinin İstintaq tə təhqiqat bölməsinin polis nəfəri Şahid4 və Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməyə başlanmış və 24 iyun 2022ci il tarixdə saat 21:30-da Təqsirləndirilən şəxs Bərdə rayonu, Qaradəmirçi kəndində “VAZ 21074” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində hərəkətdə olarkən saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək, hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmetlərin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin üzərindən hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində gəzdirdiyi narkotik vasitə hal-hazırda rayon polis şöbəsinin inzibati binasının həyətində saxlanılmış taksi kimi əyləşdiyi avtomobilin ön oturacağının alt hissəsindədir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs saxlanıldığı və Bərdə rayon polis şöbəsinin inzibati binasının həyətində dayanıqlı vəziyyətdə olan “Vaz 2107” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə baxışın keçiriləcəyi bildiərək proses iştirakçılarına həmin avtomobilə baxışın keçrilməsi üçün polis şöbəsinin həyətinə dəvət etmişdirlər. Proses iştrakçıları ilə birlikdə Bərdə rayon polis şöbəsinin həyətində dayanıqlı vəziyyətdə olan “Vaz 2107" markalı **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmişlər. Həmin vaxt avtomobilin sürücüsü avtomoblin yanında dayanmışdır. Sorğu zamanı sürücü özünü Bərdə rayonu, Uğurbəyli kəndində yaşayan Şahid3 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Aqşinin üzərində gəzdirdiyi narkotik vasitəni həmin avtomobilin ön sağ oturacağının alt hissəsində gizlədiyini bildirdiyi Şahid3 nəzərinə çatdırılmışdır. Şahid3 özünə məxsus olan avtomobilə baxışın keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitəni harada gizlətməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs avtomobilin qarşı tərəfinə yaxınlaşaraq qarşı oturacağın alt hissəsini göstərib üzərində daşıdığı narkotik vasitələri həmin oturacağın alt hissəsində gizlədiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdyi oturacağın alt hissəsi yoxlanılarkən iki bağlamada kütlələr aşkar edilmişdir. Həmin bağlamalara baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, birinci büküm 500 qram, ikinci büküm isə 450 qram olduğu müəyyən edilmişdir. Sonra avtomobilə baxış keçirilmiş, lakin baxış zamanı avtomobildən digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş iki bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr şəffaf rəngli sellofana qablaşdırılmış və ümumi qabla birlikdə təkrarən elektron tərəzidə çəkilmiş, çəkisinin cəmi 1010 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş özünə məxsus olan həmin kütlələri haradan əldə etdiyi suruşulduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran vətəndaşından aldığını bildirmişdir. Baxış zamanı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hadisə ilə əlaqədar olaraq hər hansı bir məlumatının olub-olmaması soruşulduqda sürücü baş verənlərlə hər hansı bir əlaqəsinin olmadığını bildirmişdir. Daha sonra **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş markotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırılmış, bütün iştirakçılar tərəfindən imzalanmış və möhürlənərək müvafiq ekspertizanın aparılması üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdikdən sonra sonuncunun yaşadığı Bərdə rayonu, Uğurbəyli kəndində yaşadığı evinə baxış keçirilmişdir. Baxış zamanı Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. İdarə etdiyi “VAZ 21074” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Uğurbəyli kəndindən Bərdə şəhərinə və əks istiqamətə sərnişin daşıyaraq pul qazanır. Təqsirləndirilən şəxs sonuncu tutulmamışdan təxminən 1 aydan çox müddət idi tanısa da, Aqşinin anası İradə onun əmisinin baldızıdır. İradə ona “sən buraları yaxşı tanıyırsan, Aqşin maşını vurub onu ustaya apar, maşını düzəldək” demişdir. O, Aqşin ilə birlikdə Bərdə rayonunun girəcəyində yerləşən Polis postuna getmişdir. Orada Aqşinin rentakardan icarəyə götürdüyü “Kia Optima” markalı avtomobili evakuatora qoyaraq onun tanıdığı, Bərdə rayonu Dəymədağıldı kəndində yaşayan Razi adlı ustanın qapısına aparmışlar. Həmin gündən sonra o, Aqşini görməmişdir. 24 iyun 2022-ci il tarixdə saat 21 radələrində Aqşin ona zəng edərək, “gedək şəhərdə pul var, onu götürək, sonra anamı ustanın qapısına apararıq” demişdir. O, Aqşini yaşadığı ünvandan götürmüşdür. Bərdə rayonu, Şirvanlı kəndinin girəcəyində dayanacaqda iki nəfər şəxs əl edərək maşını saxlatmışlar. O avtomobili saxlamış və əvvəllər tanımadığı 2 nəfər şəxs arxa oturacaqda oturub, Bərdə şəhəri istiqamətinə getdiklərini bildirmişlər. Həmin sərnişinlərdən biri Bərdə şəhəri, H.Əliyev prospektində düşmüş, digəri isə “sarayın dairəsi” adlanan yerdə avtomobildən enmişdir. Həmin vaxt Aqşin ona Qaradəmirçi yolundan pulu götürəcəyini demişdir. O, hərəkətinə davam edib, ünvan 3 ünvana, aralıq küçəyə getmişlər. Aqşin avtomobildən düşüb həyətə daxil olmuşdur. Saçı ağarmış bir şəxs Aqşinə 2 ədəd sellofan torba vermişdir. Aqşin həmin torbaları götürüb qabaq oturacaqda oturmuşdur. Avtomobil ilə asfalt yola çatan zaman ağ rəngdə “VAZ 2107” markalı avtomobil qabaqlarında saxlamışdır. Aqşin avtomobildən düşüb qaçmaq istəmiş, lakin özlərini polis əməkdaşı kimi təqdim edən iki nəfər şəxs Aqşini tutmuşdurlar. Daha sonra polis əməkdaşları Aqşini və onu idarə etdiyi avtomobil ilə birlikdə Bərdə rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində onun razılığından sonra idarə etdiyi avtomobilə baxış keçirimişdir. Avtomobildə sağ qabaq oturacaqda 2 ədəd sellofan aşkar edilmişdir. Həmin sellofan paketlərdə narkotik vasitə olmasından onun məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 iyun 2022-ci il tarixli “şəxsi axtarış və baxış haqqında protokol”dan, həmçinin 04 iyul 2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, 24 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs sərnişin kimi əyləşdiyi “VAZ 21074” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs əyləşdiyi sağ qabaq oturacağın alt hissəsində iki bağlamada kütlələr aşkar edilmiş, həmin bağlamalara baxdıqda qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmiş, sonra həmin bükümlər tərəzidə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri sosial şəbəkədə tanış olduğu İran vətəndaşından aldığını bildirmişdir (iş vərəqə: cild İ, səh.23-25, 87-88). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/712 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs sərnişin kimi əyləşdiyi **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş iki bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr.” sözləri və imzalar olan polietilen torbadakı 3 (üç) ədəd iç-içə keçirilmiş qarışıq rəngli polietilen torbada və digər 3 (üç) ədəd iç-içə keçirilmiş şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 480 qram, 455 qram, ümumi təmiz çəkisi 935 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.43-45). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 1428 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkotik vasitələrdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.105). Cinayət işinin materiallarına əlavə edilmiş 28 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı İran vətəndaşından alması barədə cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs barəsində 234.4.1, 234.4.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, bundan başqa Təqsirləndirilən şəxs sərnişin kimi əyləşdiyi “VAZ 21074” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağının alt hissəsindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 935 qram olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 934,9 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanca verilmiş, həmçinin 02 (iki) ədəd “DVD” diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.160-169). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 iyul 2022-ci il tаriхli tələbnаməsindən, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş hökmlərin və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186, 228.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilərək 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmiş və həmin cəzalar ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir (iş vərəqə: cild İ, səh.102-103, 108-156). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.22). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.73-78). Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərarı əsasında təyin edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 Gəncə regional Şöbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 46 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verərkən və halhazırda hər hansı bir xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq xəstəliyi keçirmir. Cinayət hadisəsi baş verərkən və hal-hazırda Təqsirləndirilən şəxs “nevrasteniya, nevrotik reaksiyalarla xbt 10” xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 22ci maddələrinin təsiri altına düşmür (cinayət işinin materialları). Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və əyləşdiyi avtomobilə baxış keçirilməsinin əks olunduğu video görüntü nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, 24 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilərkən onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs özü sərnişin kimi əyləşdiyi “VAZ 21074” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə qurudulmuş marixuana gizlətdiyini etiraf etmiş, onun əyləşdiyi həmin avtomobilə müdafiəçisinin iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs əyləşdiyi sağ qabaq oturacağın alt hissəsində iki bağlamada narkotik vasitəni gizlətdiyi yeri özü şəxsən bildirmiş, həmin avtomobilə baxış zamanı həqiqətən də Təqsirləndirilən şəxs əyləşdiyi sağ qabaq oturacağın alt hissəsində iki bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmiş, sonra həmin bükümlər tərəzidə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri sosial şəbəkədə tanış olduğu İran vətəndaşından aldığını və Bakı şəhərində başqa şəxsə verməli olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh.25). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “qurudulmuş marixuana” narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş külli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ondan aşkar edilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satmaq məqsədi ilə deyil, istifadə etmək üçün üzərində saxlayıb daşımasına dair vermiş olduğu, həmçinin əyləşdiyi avtomobilə baxış keçirilən zaman avtomobildə əyləşdiyi ön oturacağın alt hissəsindən iki torbada deyil, bir torbada qurudulmuş marixuananın aşkar edilməsinə dair verdiyi ifadəsində göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və əyləşdiyi avtomobilə baxış video çəkiliş vasitəsilə, həmçinin müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş və həmin video çəkiliş məhkəmə baxışı zamanı nümayiş etdirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əyləşdiyi avtomobilə baxış keçirilən zaman avtomobildə əyləşdiyi ön oturacağın alt hissəsindən iki torbada qurudulmuş marixuana aşkar edilir və Təqsirləndirilən şəxs həmin maddələrin ona məxsus olduğunu etiraf edir, aşkar edilmiş həmin maddələrdən hansınınsa ona aid olmamasına dair hər hansı etirazını bildirmir, bundan başqa cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs ilkin araşdırma başlandığı vaxtdan verdiyi izahatında, şübhəli şəxs kimi dindirilərkən, habelə sonradan təqsirləndirilən şəxs kimi ifadə verərkən əyləşdiyi avtomobilin ön oturacağının alt hissəsində gizlətdiyi iki bükümdə qurudulmuş marixuananın aşkar edildiyini etiraf etmiş və həmin iki bükümdə olan qurudulmuş marixuananı İran vətəndaşından aldığını bildirmişdir. Yəni, təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində ilkin araşdırma başlandığı andan, müdafiəçisinin iştirakı ilə və heç bir təsir, təzyiq olmadan aparılan bütün istintaq hərəkətləri keçirilərkən əyləşdiyi avtomobilin ön oturacağının alt hissəsində gizlətdiyi iki bükümdə qurudulmuş marixuananın hər hansı bir hissəsinin ona məxsus olmamasını ümumiyyətlə bildirməmiş, sonda isə müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən də heç bir etirazının olmadığını göstərmişdir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 25 iyun 2022-ci il tarixli, 16/712 saylı rəyindən də görünür ki, tədqiqata təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər, yəni bütün qeyd edilən hallar aşkar edilmiş marixuanaların bir bükümünün Təqsirləndirilən şəxs məxsus olması, digər bükümün isə ona məxsus olmamasına dair təqsirləndirilən şəxsin ifadəsində göstərdiklərini tamamilə təkzib edir. Bundan başqa, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda qurudulmuş marixuananı yalnız istifadə etmək üçün saxlayıb daşıması inandırıcı olmadığı kimi, cinayət işinin faktiki hallarına da uyğun deyil. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən və uzun müddətdir narkotik vasitələrdən istifadə etdiyindən ondan aşkar edilmiş həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlayıb daşımışdır. Lakin cinayət işinin materiallarında Təqsirləndirilən şəxs barəsində olan məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 1428 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, həmçinin həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən yalnız epizodik hallarda istifadə etmişdir. Narkomaniya xəstəliyindən heç bir asılılığı olmayan, narkotik vasitələrdən yalnız epizodik hallarda istifadə edən şəxsin külli miqdarda qurudulmuş marixuana əldə edib saxlayaraq daşıması, həmin külli miqdarda olan narkotik vasitəni istifadə məqsədilə saxlayıb daşımasına dair ifadəsinin inandırıcı olmadığını bir daha təsdiq etməklə və onun inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin inkaredici ifadələrini sübut növü kimi qəbul etmir. Göstərilənlərlə yanaşı, qeyd edilməlidir ki, cinayət işinin materiallarından və təqsirləndirilən şəxsin ifadəsindən də görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ev Bərdə rayonu, Uğurbəyli kəndində yerləşir və o, həmin evdə yaşayır, həmçinin cinayət işinin materiallarından və təqsirləndirilən şəxsin ifadəsindən eyni zamanda görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində taksi ilə gedən zaman polis əməkdaşları tərəfindən onun daşıdığı külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin iki ayrı-ayrı torbada olan narkotik vasitəni istifadə etmək məqsədi ilə əldə etmişdirsə, həmin torbalarda olan qurudulmuş marixuananı Bərdə rayonu, Uğurbəyli kəndində özünün yaşadığı fərdi yaşayış evində saxlaması imkanı olduğu halda, külli miqdarda, ayrı-ayrı torbalarda həmin narkotik vasitəni üzərində saxlayıb daşıması, həmin torbalarda olan narkotik vasitəni istifadə məqsədilə saxlayıb daşımasına dair ifadəsinin inandırıcı olmayan, heç bir sübutlarla təsdiq olunmayan, yalan məlumatlar olduğunu bir daha təsdiq edir. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş həmin narkotik vasitələri məhz satış məqsədilə üzərində saxlayıb daşıdığını təsdiq edən hallar sırasında həmçinin göstərilməlidir ki, cinayət işinin məhkəmə baxışı zamanı, habelə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadə verərkən aşkar edilmiş narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşından aldığını bildirmiş, ibtidai istintaq zamanı hətta bütün verdiyi ifadələrində İran vətəndaşından aldığı həmin külli miqdarda qurudulmuş marixuananı Bakı şəhərində həmin şəxsin dediyi başqa şəxsə verməli olduğunu bildirmiş, eyni zamanda onun əyləşdiyi avtomobilə baxış keçirildiyi video görüntü nümayiş etdirilərkən də müəyyən edilmişdir ki, o, həmin narkotik vasitəni İran vətəndaşından aldığını və həmin maddələri Bakı şəhərində həmin şəxsin dediyi başqa şəxsə verməli olduğunu bildirmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs həmin narkotik vasitələri yalnız istifadə etmək məqsədilə sosial şəbəkədə tanış olduğu İran vətəndaşından aldığını bildirsə də, sosial şəbəkədə onun profilinə daxil olunarsa, İran vətəndaşından istifadə etmək məqsədilə almasına dair həmin yazışmalarını göstərə bilməsi ilə bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin yazışmalarını göstərə bilməz. Qeyd edilənlər də Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi inkaredici halların qeyri-səmimi, həqiqətə uyğun olmayan və yalan məlumatlar olduğunu, özünü müdafiə edərək daha ağır cinayət məsuliyyətindən yayınmaq üçün bu cür ifadələr verdiyini bir daha təsdiq edir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı cinayət işinin materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində ilkin araşdırma başlandığı vaxtdan hər dəfə dindirilərkən, onun üzərində şəxsi axtarış və əyləşdiyi avtomobilə baxış keçirilərkən ona məxsus olan daşıdığı narkotik vasitələr aşkar edildikdən sonra həmin vaxt ilkin olaraq sorğu-sual edilərkən, sonra izahat verərkən, daha sonra şübhəli şəxs kimi dindirilərkən, bundan sonra isə təqsirləndirilən şəxs qismində ifadə verərkən o, İran vətəndaşından aldığı narkotik vasitələri həmin İran vətəndaşının dediyi Bakı şəhərində olan şəxsə verməli olduğunu hər dəfə etiraf etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin dövriyyəsi ilə məşğul olmasına dair, narkotik vasitələrin dövriyyəsi ilə bağlı sövdələşməsinin olması ilə bağlı özünün hər hansı təsir, təzyiq olmadan, müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi qeyd edilən həmin etirafedici ifadələri ilə, məhkəmə araşdırması zamanı isə verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, “şəxsi axtarış və baxış aparılması haqqında” protokollar, “video çəkilişə baxış keçirilməsinə dair” protokol, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, şəxsi axtarış və baxış keçirilməsinin əks olunduğu video disklə, digər maddi sübutlarla, həmçinin cinayət işinin obyektiv halları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi sübuta yetirilmiş və qeyd edilən əsaslılığı heç bir şübhə doğurmayan, mötəbər sübutların məcmusu ilə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi inkaredici hallar tamamilə təkzib edilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186, 228.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, daha sonra Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünün dəyişdirilərək 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilməsi, bundan başqa onun Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən isə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilməsi ilə bağlı qeyd edir ki, cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə təyin edilmiş 3000 manat cərimə cəzası xx.xx.2014-cü il tarixdə tam şəkildə ödənilmişdir (iş vərəqə: cild İ, səh.136). Məhkəmə Təqsirləndirilən şəxs əvvəlki bütün məhkumluqları ilə bağlı qeyd edir ki, onun həmin məhkumluqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs əvvəlki bütün məhkumluqları ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab olunur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 24 iyun 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 1428 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkisi ümumilikdə 934,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 24 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bərdə rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi ümumilikdə 934,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar