Məhkəmə qərarları › İş №1(100)-112/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-112/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-112/2022 30.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu, Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və onun nümayəndəsi X6, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X17 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Daşkəsən rayonu, Alaxançallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi təsərrüfatla məşğul olan, Daşkəsən rayonu Qaraqollar kəndində qeydiyyatda olmaqla, Daşkəsən rayonu, Alaxançallı kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qisas almaq niyyətilə X8 qəsdən öldürmüş yəni, qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 25.07.2021-ci il tarixdə dəvət olunduğu, uzaq qohumluq münasibətlərində olduğu X5 Daşkəsən şəhərində yerləşən “Elnur” restoranında nəzərdə tutulmuş toy mərasimində, bir neçə ay əvvəl onun anası Şahid5 və bacısı Şahid6 ilə yaxın münasibətlərdə olduğunu, yəni onlarla vaxtilə cinsi əlaqədə olduğunu ona deməsi səbəbindən aralarında konflikt yaranmış uzaq qohumluq münasibətlərində olduğu Daşkəsən rayonu Alaxançallı kəndində qeydiyyatda olmaqla, Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yaşayan X7 da iştirak edəcəyini bilərək, sonuncu ilə aralarında qeyd olunan konfliktə görə yenidən baş verə biləcək mübahisə zamanı ona qarşı tətbiq etmək məqsədilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd soyuq silah hesab edilməyən, kustar üsulla hazırlanmış, dəstəyinin uzunluğu 90 mm, tiyəsinin uzunluğu 75 mm, maksimal eni 20 mm, maksimal qalınlığı 2,2 mm, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağını da toya dəvət olunmuş atasına məxsus “Lada-Niva 21214” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlədib 25.07.2021-ci il tarixdə, saat 14 radələrində toy mərasiminin keçirildiyi Daşkəsən şəhərində yerləşən “Elnur” restoranının həyətinə gətirmiş, orada qeyd olunan toy mərasimində iştirak etmiş, həmin tarixdə saat 17 radələrində qeyd olunan bıçağı “Elnur” restoranının həyətində dayanmış həmin avtomobildən götürüb şalvarının sağ yan cibində gizlətdikdən sonra toy mərasimində iştirak edən X8 onun anası Şahid5 və bacısı Şahid6 haqqında dediyi sözlərlə əlaqədar məsələni aydınlaşdırmaq məqsədilə toy mərasiminin keçirildiyi “Elnur” restoranının arxasına dəvət etmiş, orada söhbət zamanı ondan anası və bacısı ilə yaxın münasibətlərdə olduğunu sübutlarla təsdiq etməsini tələb etmiş, bu zaman Eldəniz Namazov açıq şəkildə onun anası və bacısı ilə intim münasibətlərdə olduğunu təkidlə bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı əlbəyaxa olarkən Eldəniz Namazov onun sifət nahiyyəsinə dalbadal yumruq zərbələri vuraraq ona sağ və sol gözün alt nahiyələrinin qançırları və boyunun sıyrığı kimi bir neçə zərbənin təsirindən yaranmış, qarşılıqlı əlabəyaxa dava zamanı əmələ gələn, hər biri ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, Eldəniz Namazovun onun anası və bacısı barəsində nalayiq ifadələr işlətməsi və onu döyərək xəsarət yetirməsi səbəbindən Eldəniz Namazovdan qisas almaq niyyətilə onu qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətlə üzərində olan qeyd olunan bıçağı cibindən çıxarıb Eldəniz Namazovun döş qəfəsinə qəsdən bir dəfə zərbə vuraraq ona döş qəfəsinin sol yarısının ön hissəsindən döş boşluğuna keçən kəsilmiş-deşilmiş yara, ürəyin yaralanması, plevra boşluğunda iki litrə qədər duru qanın olması kimi, dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid, döş qəfəsi daxilinə keçən və ürəyin zədələnməsi ilə müşayət olunan, daxili və xarici qanaxma ilə nəticələnərək ölümünə səbəb olan xəsarətlər yetirib onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Daşkəsən rayonu Alaxançallı kəndində yaşayır. 2018-ci ildə ailə qurmuş, 2 azyaşlı övladı var. O və mərhum X2 rayonu Alaxançallı kəndində yaşamış həmin kənddə birlikdə böyümüşlər. Onun Eldənizlə qohumluq əlaqəsi olmuş, belə ki, Eldənizin əmisi onun bibisinin əri olmuşdur. X3 ilə əvvəllər münasibəti yaxşı olsa da, son vaxtlar aralarında narazılıq və söz-söhbət yaranmışdır. Buna səbəb hadisədən təxminən 2-3 ay əvvəl söhbət zamanı Eldənizin onu təhqir etməsi olmuşdur. Hadisədən təxminən 2-3 ay əvvəl o, Eldənizlə “Whatsapp” proqram vasitəsi ilə yazışan vaxt Eldənizdən onu “bazlıq” etmək üçün qadın yanına aparmasını istəmiş, Eldəniz ona kobud formada onun kişi olmadığını demiş və aralarında narazılıq yaranmış, bir-birilərini təhqir etmişlər. Həmin vaxt Eldəniz ona “Whatsapp” proqram vasitəsilə zəng edərək guya onun anası və bacısı Gülnarə ilə “gəzdiyini” deyərək “peysər” olduğunu bildirmişdir. Eldənizin bu sözü ona pis təsir etmiş, o, bir qədər sonra Eldənizlə arasında olan söhbəti tamamlayıb evə getmiş, anası və bacılarına Eldənizin belə bir söz dediyini danışmış, onlar isə Eldənizin yalan dediyini bildirmişlər. Bundan sonra o, Eldənizlə görüşərək bu məsələni aydınlaşdırmaq qərarına gəlmiş, lakin həmin vaxtdan sonra hadisə gününə qədər Eldənizlə rastlaşmamışdır. 25 iyul 2021-ci il tarixdə o, Rəsmiyyənin toy məclisinə dəvət olunmuş, toy şənliyinin keçirilməsi Daşkəsən şəhərində yerləşən “Elnur” kafesində (restoranında) nəzərdə tutulmuşdur. O, 25.07.2021-ci il tarixdə saat 14 radələrində toy şənliyinə valideynləri və həyat yoldaşı ilə birlikdə atasına məxsus “Lada Niva 21214” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, əvvəllər Gəncə şəhərindən, xatırlamadığı yerdən aldığı bıçağı da avtomobildə gizlədib, toy mərasiminin keçirildiyi yerə gətirmiş və toyda iştirak etmişdir. Onun avtomobildə bıçaq gizlətməsindən atasının və digər ailə üzvlərinin xəbəri olmamışdır. Həmin bıçağı o, təxminən 2 ay əvvəl Gəncə şəhərindən almış, bıçaq qatlanan olmuş, dəstəyi qara, tiyəsinin uzunluğu təxminən 6-7 sm olmuşdur. O, həmin bıçağı özü ilə götürməkdə məqsədi Eldənizin toyda ona qarşı bir neçə gün əvvəl davrandığı kimi, yəni onun anası və bacısı ilə “gəzməsi” barədə ifadələr işlətdikdə, aralarında dava-dalaş olacağı təqdirdə sonuncuya qarşı istifadə etmək olmuşdur. O, toyda masada həmkəndliləri Mayis, Dilqəm, atası Şükür, yeznəsi Samir, əmisi oğlanları Asif, Aqşin, qonşusu Elvin, Elçin adlı şəxslərlə birlikdə oturmuşdur. O, toyda Eldənizi görmüş və Eldənizlə söhbət etmək qərarına gəlmişdir. O, “Elnur” restoranının həyətində olan atasına məxsus “Niva” markalı avtomobildə gizlətdiyi həmin bıçağı götürüb cibində gizlətdikdən sonra Eldənizi bayıra çağırmışdır. O, Eldənizlə birlikdə toy mərasiminin keçirildiyi restorandan çıxıb, əvvəlcə həmin restoranın yan tərəfində tualet olan yerə getmiş, oradan isə restoranın arxa tərəfinə keçmişlər. O, orada Eldənizə anasının və bacısının barəsində dediyi sözləri sübut etməsini tələb etmiş, sonuncu isə ona yenidən nalayiq söyüşlər işlədərək, anası və bacısı ilə gəzdiyini təkidlə sübut edə biləcəyini, anası və bacısı ilə cinsi əlaqədə olduğunu demişdir. Bundan sonra onların arasında əlbəyaxa dava başlamış, Eldəniz onu boğazından tutaraq burnuna yumruq zərbəsi vurmuşdur. Həmin vaxt onların yanında heç kim olmamışdır. Daha sonra onların səs-küyünə 5-6 nəfər şəxs toplaşmışdır. Bu zaman həmin şəxslərdən bir neçəsi onları aralamağa başladılar. Belə ki, onu qayınatasının qardaşı Elsevər tutmuşdur. Elsevər və digər şəxslər kənara çəkildikdə Eldəniz yenə də onun boğazından tutaraq sifət nahiyəsinə yumruq zərbələri vurmağa başlamış və ona xəsarətlər yetirmişdir. O, Eldənizə gücü çatmayacağını görüb, Eldənizin onun anası və bacısı ilə intim münasibətdə olmasını dediyinə, həmçinin onu yumruqla vurduğuna görə Eldənizdən qisas almaq üçün sonuncunu qəsdən öldürmək qərarına gəlmiş və bu niyyətlə əynindəki göy rəngli cins şalvarın kiçik ölçülü sağ cibinə qoyduğu, dəstəyi və tiyəsi qara rəngli, dəstəyi dəmir materialından olan, qatlanan tipli bıçağı çıxarıb və Eldənizin ürək nahiyəsindən qəsdən bir dəfə bıçaqla vurmuşdur. O, bıçaq zərbəsi vurduqdan sonra Eldəniz ona yenə yumruq atmış və onu öldürəcəyini deyib kənara çəkilmişdir. Həmin vaxt o, həyəcanlı olduğundan kiminsə onun əlindən bıçağı aldığını və ya bıçaq orada onun əlindən yerə düşdüyünü xatırlamır. Daha sonra atası onun yanına gəlmiş və onu danlayaraq nə üçün belə bir hadisə törətdiyini soruşmuşdur. O, Eldənizin yaxınlarının onu öldürəcəklərindən qorxaraq oradan yaxınlıqda yerləşən dağlıq-meşəlik əraziyə tərəf gedərək oradan uzaqlaşmışdır. Daha sonra o, atasının xalası oğlu Elmana zəng vuraraq bir nəfər şəxsi bıçaqladığını, həmin şəxsin yaxınlarının onu öldürəcəklərindən qorxduğu üçün dağlıq ərazidə olduğunu bildirib, polisə könüllü təslim olmaq üçün ona kömək etməsini xahiş etmişdir. Elman da ona bir yerdə gözləməsini, gəlib onu aparacağını demişdir. O, Elmana dağ yolu ilə Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsinə gedəcəyinii, oradan sonuncunu götürməsini xahiş etmişdir. O, razılaşdıqları kimi Yuxarı Daşkəsən qəsəbəsinə getmiş və oradan Elmanın avtomobili ilə Daşkəsən rayon prokurorluğuna gələrək könüllü təslim olmuşdur. Daşkəsən rayon prokurorluğuna gəldikdən sonra Eldənizin ölməsi barədə xəbər tutmuşdur. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X12 onun doğma oğlu olmuşdur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. Təxminən bir il əvvəl Şakirlə oğlu Eldəniz arasında telefonda mübahisə düşmüş və bir-birilərinə nalayiq söyüşlər söymüşlər. Bu barədə ona Şakirin atası demiş və o, oğlu Eldənizi danlamışdır. X22 sonuncunun anası və bacısı haqda nalayiq ifadələr işlətməmişdir. 25.07.2021-ci il tarixdə Daşkəsən şəhərində yerləşən “Elnur” kafesinə həmkəndlisi Samirənin qızının toy məclisinə dəvət olunmuşdur. Oğlu Eldənizin toya getmək planı olmasa da, ona məxsus avtomobilin gəlin avtomobili kimi istifadə olunması nəzərdə tutulduğundan o avtomobili bəzətdirib bəyin yaşadığı evə getmiş, oradan isə toya gəlmişdir. Toyda oğlu Eldəniz digər oğlu Mayılla birlikdə eyni masada oturmuşlar. O, Eldənizin toy zalından çıxmasını görməmişdir. Təxminən saat 17 radələrində toy mərasimində restoranın içərisində oturan zaman toydakı qonaqlar yüksək səslə çöldə dava-dalaş olduğunu demişlər. Bundan sonra o, qonaqlarla birlikdə çölə çıxmışdır. O, kafenin arxa qapısının yanında Eldənizin yerdə uzandığını, Eldənizin sinə nahiyəsindən qan axdığını, anasının Eldənizi qucaqladığını və orada çoxlu sayda insanların toplaşdığını görmüşdür. Eldəniz çox qan itirdiyi üçün o, sonuncudan heçnə soruşmamışdır. O, Eldənizi xəstəxanaya aparmaq üçün avtomobilinin yanına getmiş, avtomobili kafenin giriş hissəsinə gətirəndə qardaşı oğlu Elburusun Eldənizi avtomobilinə əyləşdirdiyini görüb onların arxasınca xəstəxanaya getmişdir. Eldəniz xəstəxanaya çatmamış, yolda vəfat etmişdir. Bundan başqa o, həmkəndlsi Elsevərlə danışan zaman Elsevər ona Şakirlə Eldənizin dalaşmalarını görüb onları araladığını bildirmişdir. O, Eldənizin bir neçə nəfər şəxs tərəfindən öldürüldüyünü güman edir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X12 onun doğma oğludur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. Təxminən bir il əvvəl Şakirlə oğlu Eldəniz arasında telefonda mübahisə düşmüş və bir-birilərinə nalayiq söyüşlər söymüşər. Bu barədə ona Şakirin atası Şükür demiş və o, oğlu Eldənizi danlamışdır. 25.07.2021-ci il tarixdə Daşkəsən şəhərində yerləşən “Elnur” kafesinə həmkəndlisi Samirənin qızının toy məclisinə dəvət olunmuşdur. Oğlu Eldəniz də toyda iştirak etmişdir. Toyda Eldəniz digər oğlu Mayılla birlikdə eyni masada oturmuşdur. O, Eldənizin toy mərasiminin keçirildiyi restorandan çıxdığını görməmişdir. Təxminən saat 17 radələrində toy zalında olan zaman qaynının gəlini Sevda onun yanına gələrək qolundan tutub tez çölə çıxmasını istəmiş, onu dartaraq toy zalından çölə çıxarmış və kafenin arxa qapısının yanına gətirmişdir. O, həmin yerə çatanda Eldənizin kafenin hasarına söykənmiş vəziyyətdə oturduğunu görmüşdür. O, Eldənizə yaxınlaşıb Eldənizi qucaqlamış, qaynının oğlu Elbrus isə tez avtomobilini Eldənizin olduğu yerə gətirmişdir. O, Şükürün bacısı Tamara ilə birlikdə Eldənizi avtomobilə əyləşdirmişlər. O, arxa oturacaqda Eldənizin yanında əyləşmişdir. O, yolda Eldənizdən kimin onu bıçaqla vurduğunu soruşduqda Eldəniz ona Şakirin onu bıçaqladığını demişdir. O, Eldənizdən yenidən bu barədə soruşduqda Eldəniz cavab verə bilməmişdir. Bundan o, əri ilə birlikdə həmkəndliləri Elsevərlə danışan zaman Elsevər onlara Şakirlə Eldənizin dalaşmalarını görüb onları ayırdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X3nu uzun müddətdir ki, tanımışdır. Eldəniz Namazov onun əmisi oğlu olmuşdur. 25.07.2021-ci il tarixdə Daşkəsən şəhərində yerləşən “Elnur” kafesinə həmkəndlisi Samirənin qızının toy məclisinə dəvət olunmuşdur. O, 25.07.2021-ci il tarixdə saat 14 radələrində atası, anası, həyat yoldaşı və övladları ilə birlikdə toy məclisinə getmişdir. O, toy məclisində dayısı oğlu Rizvan və tanımadığı digər şəxslərlə birlikdə oturmuşdur. Həmin gün təxminən saat 17 radələrində o, kafenin girişində atası, anası və həyat yoldaşı Sevda ilə birlikdə atasına məxsus avtomobilin yanında ailəsini yola salmaq üçün dayanarkən kafenin arxa tərəfində səs-küy gəldiyini eşitmişdir. O, toy zalının qarşısına tərəf gələndə Eldənizin əlini sinə nahiyəsinə tutduğunu, sinə nahiyəsindən qan axdığını görmüşdür. O, Eldənizdən onu kimin bıçaqla vurduğunu soruşanda Eldəniz ona “ölürəm, məni xəstəxanaya çatdır” sözlərini demişdir. Bundan sonra o, dərhal avtomobilinə tərəf qaçıb avtomobilini Eldənizin yanına sürmüşdür. Toy zalının qarşısında olan xatırlamadığı şəxslərlə birlikdə Eldənizi avtomobilə qoyduqdan sonra Eldənizi anası ilə birlikdə sonuncunu xəstəxanaya aparmışdır. Lakin xəstəxanaya çatana qədər Eldəniz yolda vəfat etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X3nu uzun müddətdir ki, tanımışdır. Eldəniz Namazov onun əri Elbrusun əmisi oğlu olmuşdur. Təqsirləndirilən şəxs isə həmkəndlisi kimi tanımışdır. 25.07.2021-ci il tarixdə Daşkəsən şəhərində yerləşən “Elnur” kafesinə həmkəndlisi Samirənin qızının toy məclisinə dəvət olunmuşdur. O, 25.07.2021-ci il tarixdə saat 14 radələrində həyat yoldaşı Elbrus, qayınatası və qayınanası ilə birlikdə toy məclisinə getmişdir. Həmin gün təxminən saat 17 radələrində kafenin girişində Elbrus onu yola salmaq istəyərkən kafenin arxa tərəfində səs-küy gəldiyini eşitmişdir. O və Elbrus toy zalının qarşısına tərəf gələndə Eldənizin əlini sinə nahiyəsinə tutduğunu, sinə nahiyəsindən qan axdığını görmüşdür. O, Eldənizdən onu kimin bıçaqla vurduğunu soruşanda Eldəniz “ölürəm, məni xəstəxanaya çatdırın” sözlərini demişdir. O, Eldənizdən başqa heç bir söz eşitməmişdir. O, bundan sonra toy zalına girərək Eldənizin anası Lətifəyə və qardaşı Mayıla bu barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, əri, oğlu Şakir, qızı və gəlini ilə birlikdə 25.07.2021-ci il tarixdə həmkəndlisi Rəsmiyyənin toy məclisinə dəvət olunmuşdur. O, masada xatırlamadığı şəxslərlə birlikdə oturmuşdur. Təxminən saat 17 radələrində toyda olarkən qonaqların səs-küylə çölə çıxdığını görmüşdür. O, çölə Eldəniz Namazovun anası Lətifə ilə birlikdə çıxmış və Eldənizin yerdə uzanıqlı vəziyyətdə olduğunu, sonuncunun üst-başının qanlı olduğunu görmüşdür. Eldənizi kimə məxsus olduğunu bilmədiyi avtomobilə qoyub xəstəxanaya aparmışlar. Daha sonra əri Şükür onu, qızını və gəlininin bacısı Tamaranın yaşadığı evə aparmışdır. Sonradan oğlu Şakirin orada Eldənizi öldürməsi ona məlum olmuşdur. Həmçinin oğlu Şakirlə Eldəniz arasında bir müddət əvvəl mübahisə olduğunu bilmişdir. Belə ki, Şakir bir müddət əvvəl Eldəniz Namazovun guya onunla və qızı ilə cinsi əlaqədə olması barədə bildirdiyini demişdir. O, Şakirə Eldənizin yalan danışdığını, belə bir şeyin olmadığını demişdir. Bundan sonra isə əri Şükür Eldənizin atası Mustafanın yanına gedərək ona Eldənizin Şakirə dediyi sözləri demiş, Mustafa da buna görə oğlu Eldənizə sərt irad bildirmişdir. Hətta sonralar da Şakir bir neçə dəfə də ona Eldənizin onunla və qızı ilə cinsi əlaqədə olması barədə bildirdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, X8 həmkəndlisi kimi tanımışdır. O, qardaşı Şakir, atası Şükür, anası Dilbər və Şakirin arvadı ilə birlikdə 25.07.2021-ci il tarixdə həmkəndlisi Rəsmiyyənin toy məclisinə dəvət olunmuşdur. O, ailə üzvləri ilə birlikdə saat 14:00-da toya getmişdir. O, masada anası, gəlinləri və tanımadığı digər şəxslərlə birlikdə oturmuşdur. O, saat 17 radələrində toyda olarkən qonaqların səs-küylə çölə çıxdıqlarını görmüş, anasından nə baş verdiyini soruşduqda, anası ona Eldənizin bıçaqlandığını, sonuncunun avtomobilə qoyulubb xəstəxanaya aparıldığını demişdir. Sonradan qardaşı Şakirin Eldənizi bıçaqla vurub öldürməsi ona məlum olmuşdur. Həmçinin qardaşı Şakirlə Eldəniz arasında bir müddət əvvəl mübahisə olduğunu bilmişdir. Belə ki, bir müddət əvvəl anası ona Şakirlə Eldəniz arasında mübahisə olduğunu, mübahisənin səbəbinin isə Eldənizin Şakirə nalayiq sözlər deməsi, yəni guya onunla və bacısı ilə cinsi əlaqədə olması barədə bildirməsi olmuşdur. Eldənizin bu hərəkətləri barədə atası Şükür Eldənizin atası Mustafaya demiş, Mustafa isə oğlu Eldənizə buna görə iradını bildirməklə mübahisənin sonlanacağını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Daşkəsən şəhərində yerləşən “Elnur” kafesinin sahibi olmuşdur. Qeyd olunan toy məclisi 25.07.2021-ci il tarixdə saat 14:30 radələrində ona məxsus restoranda başlamışdır. Təxminən saat 17 radələrində o, kabab bişirmək üçün istifadə olunan şişləri götürmək üçün kafenin arxa hissəsinə getmiş, həmçinin kafenin içərisinə tüstü dolmaması üçün kabab bişirmək üçün istifadə olunan manqalı kafenin arxa hissəsinə qoymuşdur. O, oraya çatanda kafedən təxminən 20 metr məsafədə toyun qonaqlarından adlarını bilmədiyi iki şəxsin əlbəyaxa dalaşdığını, bir-birilərinə nalayiq söyüşlər söydüklərini görmüşdür. Həmin şəxslərdən biri orta hündürlükdə, sarışın bənizli, arıq bədən quruluşlu, digəri isə alçaq boylu, qara saçlı şəxslər olmuşlar. O, həmin şəxslərə yaxınlaşaraq dalaşmamalarını demiş və onları ayırmışdır. Həmin vaxt onların yanına mübahisə edənlərin 5-6 nəfər kişi qohumları gəlmiş və qohumları onların hər ikisini tutub saxlamağa başlamışlar. Lakin həmin şəxslər yenə də bir-birilərinə nalayiq söyüşlər söyməyə davam etmişlər. O, mübahisə edən şəxsləri orada olan şəxslərin aralaşdırdığını görüb kafeyə tərəf getmişdir. O, kafenin arxa tərəfdə olan qapısından içəri girən vaxt bir nəfər şəxsin yüksək səslə “bıçaqla vurdu bunu” sözlərini dediyini eşitmiş və dərhal həmin yerə getmişdir. O, mübahisə edənlərdən alçaq boylu, qara saçlı olan şəxsin qoluna qohumlarının girdiyini, həmin şəxsin köynəyinin qarın nahiyəsindən qan axdığını görmüşdür. Həmin şəxsi kafenin toy zalının qarşısına gətirmişlər. Həmin vaxt toy zalının giriş hissəsinə toplaşmış şəxslər, həmçinin bıçaqlanan şəxsin qohumları bıçaqlanan şəxsdən kimin onu bıçaqla vurduğunu soruşsalar da, həmin şəxs cavab verə bilməmişdir. Bundan sonra bıçaqlanan şəxsin qohumları həmin şəxsi avtomobilə əyləşdirmişlər. Avtomobilə əyləşdirən zaman artıq bıçaqlanan şəxsin zorla nəfəs aldığını, danışacaq halı olmadığını görmüşdür. Çünki bıçaqlanan şəxs verilən sualların heç birinə cavab verməmişdir. O, hadisənin həyəcanından hadisəni törədən şəxsin hansı istiqamətə getdiyini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Mən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən “Narzan” kafesində kababçı işləyirəm. Təqsirləndirilən şəxs və X3nu uzun müddətdir ki, həmkəndlilərim kimi tanıyıram, onlarla heç bir ədavət və düşmənçiliyi olmayıb. 25.07.2021-ci il tarixdə həmkəndlimiz Vasilin bacısının Daşkəsən şəhərində yerləşən “Elnur” kafesində təşkil olunmuş toy məclisində kababçı kimi iştirak etmişəm. Toyda olarkən, həmin günü təxminən saat 17 radələrində manqalda kabab bişirən vaxt tanımadığım şəxs “dalaşdılar” sözünü dedi, mən kafenin dəmir barmaqlıq formasında olan hasarından arxa tərəfə baxanda Şakir və Eldənizin əlbəyaxa dava etdiklərini gördüm. Həm çoxsaylı adamın onların yanına getməsi, həm də manqalda kababın olmasına görə mən oraya getmədim və kababı bişirməyə davam etdim. Mən bir neçə dəfə onların davasına boylanıb baxdım. Şakir və Eldəniz dalaşa-dalaşa kafenin hasarının yaxınlığına kimi gəldilər. Təxminən 5-6 dəqiqə sonra mən oraya toplaşan şəxslərdən birinin “Eldəniz bıçaqlandı” sözlərini dediyini eşitdim. Bir dəqiqə keçməmiş Eldənizin kafenin qapısından içəri girdiyini, Eldənizin əlini sinə nahiyəsinə tutduğunu və sinə nahiyəsindən qan axdığını gördüm. Mən Eldənizdən nə baş verdiyini soruşduqda Eldəniz mənə Şakirin onu bıçaqla vurduğunu dedi. Eldəniz bir neçə metr irəliyə getdikdən sonra yerə yıxıldı və toyda olan şəxslər Eldənizi avtomobilə qoyub xəstəxanaya apardılar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşının kürəkəni, Eldəniz Namazovun babası Nəsir isə onlarla kirvə olmuşdur. 25.07.2021-ci il tarixdə Daşkəsən şəhərində yerləşən “Elnur” kafesinə həmkəndlisi Samirənin qızının toy məclisinə dəvət olunmuşdur. O, 25.07.2021-ci il tarixdə saat 14 radələrində həyat yoldaşı Mətanət ilə birlikdə toy məclisinə getmişdir. O, toy məclisində Samirənin atası Murad, həmkəndlisi Əlimanaf və tanımadığı digər şəxslərlə birlikdə eyni masada oturmuşdur. O, toyda spirtli içki qəbul etmişdir. Təxminən saat 17 radələrində toyda olan qonaqların kafenin arxa tərəfinə getdiklərini görmüşdür. Həmin vaxt qonaqlardan biri “dalaşırlar” sözünü dedi və buna görə o da qonaqlara qoşulub kafenin arxa tərəfinə getmişdir. O, kafenin arxa tərəfinə çatanda kafenin arxa tərəfində olan avtomobil yolunda Eldəniz və Şakirin əlbəyaxa dalaşdıqlarını, bir-birilərinə yumruq zərbələri endirdiklərini görmüşdür. Bundan sonra o və tanımadığı şəxslər Eldənizlə Şakirə yaxınlaşmış və onları ayırmışlar. O, Eldənizi tutub ayırmışdır. O, Eldəniz və Şakirdən nə üçün dalaşdıqlarını soruşduqda sonuncu ona Eldənizin nalayiq söyüşlər söydüyünü demişdir. O, daha sonra Eldənizi kənara çəkib kafenin hasarına tərəf aparmışdır. O, Eldənizi kənara çəkəndə də Şakir və Eldəniz bir-birilərinə nalayiq söyüşlər söymüşlər. Həmin vaxt Şakir Eldənizin üstünə gəlməyə başlamış, Eldəniz də onun əlindən çıxıb Şakirə tərəf getmiş və onlar yenidən əlbəyaxa dalaşmağa başlamışlar. O, Eldəniz və Şakirin arasına girib onları ayırmağa çalışsa da Eldəniz Şakiri yumruq zərbələri ilə vurmuşdur. Eldəniz Şakirə yumruq zərbəsi vurduqdan sonra Şakir arxa-arxaya səndələmiş, o, Eldənizin qarşısına keçib Eldənizi saxlamağa çalışmış, Şakir isə onun arxa tərəfində qalmışdır. Lakin, Şakir zərbədən sonra yenidən Eldənizin üstünə gəlmiş, o, həmin anda ayağında ağrı hiss etmiş və ayağına baxanda sol ayağının dizinin yuxarı hissəsində şalvarının kəsildiyini, həmin yerdən qan axdığını görmüşdür. O, ayağının bıçaqla kəsildiyini bilib kənara çəkilmişdir. Həmin vaxt o, Eldənizlə Şakiri aralaşdırarkən xəsarət alsa da, necə xəsarət aldığını, həmçinin Şakirin Eldənizi bıçaqla vurduğu məqamı görməmişdir. Həmin anda Şakirlə Eldənizin arasındakı dava qurtarmışdır. Bundan sonra o, hadisə yerindən uzaqlaşdım. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 25.07.2021-ci il tarixdə əri Mahir ilə birlikdə qardaşı Muradın nəvəsi Rəsmiyyənin toy məclisinə getmişdir. Təxminən saat 17 radələrində evə getmək üçün toy zalının qarşısında gözləyərkən Eldənizin toy zalına tərəf gəldiyini, əlini sinə nahiyəsinə tutduğunu və sinə nahiyəsindən qan axdığını görmüşdür. Həmin vaxt Eldənizin arxasınca restoranın sahibi Fərmayıl və tanımadığı digər şəxslər gəlmişdir. O, qışqıraraq Eldənizə tərəf getmişdir. Eldəniz toy zalının qarşısına çatanda dizlərini yerə qoyub oturmuşdur. O, Eldənizdən onu kimin bıçaqla vurduğunu soruşsa da, Eldəniz ona cavab verə bilməmişdir. Daha sonra Eldənizin anası Lətifə gəlmiş, Eldənizi qohumu Elbrusa məxsus avtomobilə qoyub xəstəxanaya aparmışlar. X23 bıçaqla öldürdüyü məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 25.07.2021ci il tarixdə Daşkəsən şəhərində yerləşən “Elnur” kafesinə nəvəsi Elşanın toy məclisinə getmişdir. O, toy məclisində həmkəndliləri Arif, Arzu, Arzunun kürəkəni və tanımadığı digər şəxslərlə birlikdə oturmuşdur. O, toyun sonlarına yaxın təxminən saat 16:30 radələrində toya nəmər yazdırmış və onu oynamağa dəvət etmişlər. O, bir qədər oynadıqdan sonra toy zalının qarşısında yerləşən ağacların yanında dayanıb siqaret çəkməyə başlamışdır. Az müddət sonra o, toy zalından qonaqların kütləvi şəkildə çölə çıxıb restoranın giriş qapısının yanında dayandıqlarını görmüşdür. O da qonaqların dayandığı yerə yəni, toy zalının giriş hissəsinə getmiş və orada olan stolun yanında dayanmışdır. Orada toplaşmış şəxslərdən xatırlamadığı şəxs ona bıçaqlanma hadisəsi olduğunu, Eldənizin dalaşdığını, Elsevərin də bıçaq xəsarəti aldığını demiş, o da Elsevəri Eldənizin bıçaqladığını zənn etmişdir. O, qonaqların yanına çatana kimi Eldənizi artıq avtomobilə əyləşdirib aparmışlar. O, giriş qapısının yanına çatdıqdan sonra toy zalından Eldənizin atası Mustafa çıxmış və o, sonuncudan Elsevərin kim tərəfindən bıçaqlandığını soruşmuş və Mustafaya Eldənizə tərbiyə verməsini, Elsevəri qan apardığını, Elsevəri xəstəxanaya çatdırmağını demişdir. Çünki o, Elsevəri Eldənizin bıçaqladığını zənn etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, 25.07.2021-ci il tarixdə ailəsi ilə birlikdə arvadının dayısı nəvəsi olan Rəsmiyyənin toy məclisinə getmişdir. O, toyda adlarını bilmədiyi şəxslərlə birlikdə oturmuşdur. Eldəniz Namazov isə onun oturduğu stolun yanındakı stolda tanımadığı şəxslərlə birlikdə oturmuşdur. Toyda olarkən xatırlamadığı saatda övladının toy zalından çölə çıxdığını görüb övladını gətirmək üçün oturduğum stoldan durmuşdur. Eldəniz stolun zalın kolidoru tərəfə olan hissəsində oturmuşdur. O, Eldənizin yanından keçəndə Eldənizlə salamlaşmış və Eldənizlə söhbət etməyə başlamışdır. Eldəniz ona birlikdə onun masasının arxasında əyləşməsini təklif etmiş, lakin Eldənizə övladının arxasınca getdiyini deyib Eldənizin yanından aralaşıb toy zalından çölə çıxmışdır. O, övladını çöldən toy zalına gətirmiş, ailəsi ilə birlikdə bəy-gəlin əyləşən stolun qarşısında şəkil çəkdirmək üçün dayanmış və fotoqrafın gəlməyini gözləmişdir. O, Eldənizin toy zalından nə zaman çıxdığını görməmişdir. Bir müddət sonra toyda olan qonaqların toy zalından çölə çıxdıqlarını, çöldən səs-küy gəldiyini görmüş, o da arvadını və övladlarını götürüb toy zalından çıxmışdır. O, çölə çıxanda artıq camaatın dağılışdığını görmüşdür. O, övladlarını və arvadını öz avtomobilinə əyləşdirib restorandan getmişdir. Sonradan bacanağı Təqsirləndirilən şəxs Eldəniz Namazovu bıçaqla vurub öldürdüyünü eşitmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 25.07.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Daşkəsən şəhərində “Elnur” restoranının arxasında yerləşir. Baxış zamanı hadisə yerində altı yerdə aşkar edilmiş qanabənzər ləkələr iş üçün əhəmiyyət kəsb etdiyi üçün 12 ədəd çubuqlu pambıq tampon vasitəsilə götürülərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “meyitin xarici müayinəsinə dair” 25.07.2021-ci il tarixli protokoldan görünür ki, meyitin xarici müayinəsi zamanı onun əynində olan üzərlərində qanabənzər ləkələr olan 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd göy-boz rəngli trusik və 1 cüt qara rəngli corab götürülərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25.07.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Daşkəsən Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli 4(030)-10/2021 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25.07.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “könüllü təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 25.07.2021-ci il tarixli protokoldan görününür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd boz rəngli cins şalvar, 1 cüt qara rəngli ayaqqabı, 1 ədəd uzunqol bluza (kofta) baxış keçirilərək götürülmüş və protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 26.07.2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı hadisə yerindən bir ədəd qara rəngli dəstəyi olan turist bıçağı aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinin 25.07.2021-ci il tarixli 6 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində döş qəfəsinin sol yarısının ön hissəsindən döş boşluğuna keçən kəsilmiş-deşilmiş yara, ürəyin yaralanması, plevra boşluğunda iki litrə qədər duru qanın olması kimi xəsarətlər müəyyən edilmişdir. X1 döş boşluğuna keçən və ürəyin yaralanması ilə nəticələnən yara kəsici-deşici alətin təsirindən törənib, eləcədə göstərilən şəraitdə əmələ gəlməsi mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir, həyati olub Eldəniz Namazovun ölümündən az əvvəl törənib və ekspertizaya təqdim olunmuş bıçaqla yetirilməsi istisna olunmur. X7 ölümünə səbəb döş qəfəsi daxilinə keçən və ürəyin zədələnməsi ilə müşayət olunan daxili və xarici qanaxma olmuşdur, ölüm müayinədən 2-3 saat əvvəl baş vermişdir, müayinə 25.07.2021-ci il tarixdə saat 20:00-da aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinin 26.07.2021-ci il tarixli 191 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş sağ əlin dırnaq falanqasının uc hissəsinin yarası kəsici alətin təsirindən törənib, sağ və sol gözün alt nahiyələrinin qançırları, boyunun sıyrığı bərk küt əşyanın təsirindən törəniblər, törənmə müddətləri göstərilən 25.07.2021-ci il tarixə uyğun gəlir, hər biri ayrıayrılıqda eləcə də, hamısı birlikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Həmin xəsarətlər-qançırlar və sıyrıq bir neçə zərbənin təsirindən, qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, qarşılıqlı əlbəyaxa dava zamanı əmələ gəlmələri mümkündür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-lifli materiallar ekspertizasının 06.09.2021-ci il tarixli 6/3372 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X7 və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında, Eldəniz Namazovun şalvarının üzərindən aşkar olunmuş göyümtül-boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər, Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş açıq göy rəngli pambıq liflər isə cinsi əlamətlərinə görə Eldəniz Namazovun şalvarının tərkib liflərinə uyğun gəlirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kompleks traoloji və məhkəmə-soyuq silah ekspertizasının 13.09.2021-ci il tarixli 3/1362, 3/1363 nömrəli rəyindən görünür ki, hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, dəstəyinin uzunluğu 90 mm, tiyəsinin uzunluğu 75 mm, maksimal eni 20 mm, maksimal qalınlığı 2,2 mm, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, bıçağın üzərində sonradan təyinatını dəyişdirəcək hər hansı düzəliş edilməmişdir. Tədqiqata təqdim edilmiş X9 məxsus köynəyin və maykanın üzərində olan zədələr öz formasına, quruluşuna və sairə ümumi əlamətlərinə görə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin üzərində olan zədə öz formasına, quruluşuna görə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədəsidir. Həmin zədənin qarşılıqlı mübarizə nəticəsində yaranması istisna edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 24.09.2021-ci il tarixli 664/2021-MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, X7 şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən onun qan qrupu B /İİİ/-dür.Ekspertizaya təqdim olunmuş 12 ədəd çubuqlu pambıq tampon, Təqsirləndirilən şəxs məxsus 1 cüt ayaqqabı, kofta, şalvar, Eldəniz Namazova məxsus şalvar, alt mayka, qısaqol mayka, trusik, 1 cüt corab, onun ovucundan silinməklə 2 ədəd tənzif kəsiyinə götürülmüş ləkələrdə insan qanı ləkələri aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda “B” antigeni, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa/İİİ/ qruplu şəxsə, o cümlədən X9 məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin 31 avqust 2021-ci il tarixli, 515/167 nömrəli kompleks məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli törətməmişdən əvvəl emosional halından asılı olaraq əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur, həmin vəziyyət onun zərərçəkmişlə münaqişəsi nəticəsində ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26.10.2021-ci il tarixli qərarla 12 ədəd çubuqlu pambıq tampon, X3na məxsus 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd göy-boz rəngli trusik və 1 cüt qara rəngli corab, Təqsirləndirilən şəxs məxsus 1 ədəd boz rəngli cins şalvar, 1 cüt qara rəngli ayaqqabı, 1 ədəd uzunqol bluza (kofta) və 1 ədəd soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış turist bıçağı maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İV № 119915 və AZ-İV № 065753 saylı doğum haqqında şəhdətnamələrin surətlərindən görünür ki, 06.10.2018-ci il təvəllüdlü Rəqsanə Tağıyevın və 01.10.2019-cu il təvəllüdlü Rəvanə Tağıyevin atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 iyul 2021-ci il tarixli “təqsirini boyununa aknaqka könüllü gəlmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs könüllü gələrək 25.07.2021-ci il tarixdə saat 17 radələrində əvvəldən tanıdığı X8 aralarında şəxsi münasibətlər zəminində yəni, Eldəniz Namazovun onun anası və bacısı ilə cinsi əlaqədə olduğunu deməsi səbəbindən yaranmış mübahisə zamanı Eldəniz Namazova həmkəndlisi Rəsmiyyənin toy məclisinin keçirildiyi “Elnur” restoranının arxa tərəfində ürək nahiyəsindən bir bıçaq zərbəsi vuraraq onu qəsdən öldürməklə qəsdən həyatdan məhrum etmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli iş üzrə tərtib edilmiş istintaq hərəkətlərinin protokolları, o cümlədən hadisə yerinə və meyitə baxış keçirilməsi barədə protokollar, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanılması protokolları, cinayət işinə əlavə olunmuş videogörüntülər və digər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenimunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarının 3-cü bəndinin izahını da nəzərə alır. Həmin qərarın 3-cü bəndinin izahına görə təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün haları o, cümlədən cinayətin üsulu, aləti, yetirilən xəsarətlərin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi həmçinin təqsirkarın və zərəçəkmişin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri) nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında doqquz ilədən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması, Azərbaycan Respublikasının CMnın 59.1.10-ci maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması və könüllü gəlib təqsirini boynuna alması məhkəmə istinaqı zamanı Azərbaycan Respublikasının CM-nin 59.1.4 və 59.1.10-ci maddələrinə əsasən cəzanı yüngülləşdirilən hal kimi qəbul edilmiş, eləcə də onun əməlində Azərbaycan Respublikasının CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 9-cü maddəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, CM-in 60-cı maddəsində göstərilən əsaslar olduqda başa çatmış cinayətlərə görə cəza təyin edilərkən bu müddət müvafiq maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən artıq olmayan müddətlə məhdudlaşmalı, cinayət etməyə cəhdə görə isə dörddə üçün dörddə üçündən çox olmayan müddətə bərabər olmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə, eləcə də Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarına əsasən hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 120.1-ci maddəsinin saksiyasında nəzrədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin, yəni on dörd ilin dörddə üçünün dörddə üçündən atıq olamamlıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan o, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinin tələbləri qaydasında cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 25.07.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar- Daşkəsən rayon prokurorluğunda saxlanılan 12 ədəd çubuqlu pambıq tampon 1 ədəd soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış turist bıçağ hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X3na məxsus 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd göy-boz rəngli trusik və 1 cüt qara rəngli corab, Təqsirləndirilən şəxs məxsus 1 ədəd boz rəngli cins şalvar, 1 cüt qara rəngli ayaqqabı, 1 ədəd uzunqol bluza (kofta) yaxın qohumlarına qaytarılmalı, imtina etdikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 244 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsini Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X17 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 15 (on beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 15 (on beş) saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X13 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu 25.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- Daşkəsən rayon prokurorluğunda saxlanılan 12 ədəd çubuqlu pambıq tampon 1 ədəd soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış turist bıçağ hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, X3na məxsus 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd göy-boz rəngli trusik və 1 cüt qara rəngli corab, Təqsirləndirilən şəxs məxsus 1 ədəd boz rəngli cins şalvar, 1 cüt qara rəngli ayaqqabı, 1 ədəd uzunqol bluza (kofta) yaxın qohumlarına qaytarılsın, imtina etdikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 244 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X17 həyata keçirdiyindən 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar