Məhkəmə qərarları › İş №1(100)-114/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-114/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-114/2021 18.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X2, X7 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngə, 1-ci dalan ev 4-də qeydiyyatda olmaqla və ünvan 1 ünvanda yaşayan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 1(100)-114/2021 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, tanışı və yaxın dostu olan Zərərçəkmiş şəxs ilə 2020-ci ilin mart ayının əvvəllərində yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində Zərərçəkmiş şəxs onunla söyüşlə zarafat etdiyi üçün aralarında sözlə mübahisə yaranmış, həmin vaxt ətrafda olan şəxslər onların dalaşmasına mane olaraq sakitləşdirdikləri halda Zərərçəkmiş şəxs onunla bu məsələni aydınlaşdıracağını deyərək bir-birindən ayrılmış, bundan sonra onlar görüşməmiş, 10 mart 2020-ci il tarixdə saat 23 radələrində ünvan 3 ünvanla üzbəüz yerləşən ağaclıq olan yerdə təsadüfən qarşılaşdıqları vaxt Zərərçəkmiş şəxs onu saxlayıb 2020-ci ilin mart ayının əvvəllərində aralarında olmuş, Zərərçəkmiş şəxs ona söyüş söyməsi ilə başlanılmış sözlə mübahisəni davam etdirmək üçün yenidən aralarında yaranmış mübahisə zamanı, şəxsi münasibətlər zəminində sonuncunu istintaq zamanı əldə edilməsi mümkün olmayan kəsici və deşici xassəyə malik bıçaqla bir dəfə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthində sağda 6-cı qabırğa səviyyəsində bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyatı və sağlamlığı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2 ilə yaxındır ki, tanımış, Ramillə dostluq münasibətləri olmuşdur. 10 mart 2020-ci il tarixindən təxminən 10 gün əvvəl o, yaşadığı küçədə dayandığı zaman Ramil ona söyüşlə “get mənə enerji içkisi al gətir” demiş, o da sonuncu ilə yaxın olsa da belə Ramillə söyüşlü zarafat etmədiyi üçün ona düzgün danışmasını, söyüş söyməməsini bildirmişdir. Ramil isə səhvini etiraf etmək yerinə ona yenə söyüş söymüş, o isə əsəbləşib Ramillə mübahisə etmişdir. Həmin vaxt onların dalaşmaqlarına ıtrafdakı insanlar imkan verməmişlər. O da bundan sonra Ramildən ayrılmışdır. Lakin bundan bir neçə gün sonra Ramil ona zəng edib danışmaq istədiyini demişdir. O telefonla danışarkən Ramilə səhv olduğunu və ondan üzr istəməli olduğunu bildirmiş, lakin Ramil onu hədələmiş və onu vuracağını demişdir. O isə dalaşmaq istəmədiyi üçün onu çağırışına getməmişdir. 10 mart 2020-ci il tarixdə saat 23 radələrində o, Gəncə şəhərində yerləşən Qaraçılar adlanan küçədə təsadüfən Ramillə rastlaşmış, bu vaxt Ramil onu qolundan tutub ağaclıq olan yerə aparmıç, ona yenə də söyüş söymüşdür. O isə Ramili yumruqla vurmaq istəmiş, bu zaman Ramil cibindən bıçaq çıxarmış və onun üstünə getmişdir. O, Ramilin əlindən bıçağını alıb Ramili bir dəfə sinəsindən vurmuşdur. Bu zaman Ramil sinəsini tutmuş, o, Ramilə xəsarət yetirdiyini bilib Ramili buraxmışdır. Bundan sonra o, Ramili vurmamışdır. Ramil həmin vaxt ona söymüş və onu yaraladığını demişdir. Bundan sonra o həmin yerdən qaçıb uzaqlaşmışdır. Ramil isə hadisə yerində qalmışdır. O, qaçarkən bıçağı yolun kənarına dəqiq xatırlamadığı yerə tullamışdır. O, yaşadığı evə gedib üzərini dəyişmiş və gecə olduğu üçün yatmışdır. Səhəri gün o, Ramili vurduqdan sonra sonuncunun ağır xəsarət aldığı üçün Gəncə şəhər 3 saylı X13 xəstəxanasına getməsini, orada Ramili əməliyyat edilməsini eşitmişdir. Ramillə aralarındakı mübahisəyə səbəb Ramilin sərxoş halda onu söyməsi və daha sonra öz səhvini etiraf etməyərək onunla dalaşmaq istəməsi olmuşdur. O, Ramilə bir neçə dəfə xəbərdarlıq edib söyüş söyməməsini bildirsə də Ramil əhəmiyyət verməyərək onu söymüşdür. O, Ramilin əlindən bıçağı alıb Ramilin özünü vurmuşdur. Hadisə zamanı orada ondan və Ramildən başqa heç kim olmamışdır. Hadisədən sonra o bu barədə heç kimə danışmamış, hadisədən heç kimin məlumatı olmamışdır. O, hadisə zamanı Zərərçəkmiş şəxs bir dəfə Ramildən aldığı bıçaqla sinəsindən vurmuşdur. Həmin vaxt qaranlıq olduğu üçün o, bıçağın dəqiq ölçülərini xatırlamamışdır. Ramili vurduğu bıçağı daha sonra atdığı üçün necə bir bıçaq olduğunu görə bilməmişdir. O, Ramilin dayısı qızı Ayşəni tanımamış və Ramillə bağlı hər hansı əxlaqsız təklif verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10 mart 2020-ci il tarixindən bir neçə gün öncə Samirin yaşadığı küçədə onunla aralarında sözlə mübahisə olmuş, həmin vaxt o, sərxoş olduğundan Samirin ünvanına söyüş söymüşdür. Həmin vaxt onlar dalaşmaq istəyərkən oradakı adamlar onları aralamışlar. Səhəri gün o, Samirə zəng edib onunla görüşmək istədiyini bildirsə də o, görüşə gəlməmişdir. 10 mart 2020-ci il tarixdə o, Samiri Qaraçılar adlanan yerdə görmüş və onları heç kim görməsin və rahat söhbət etsinlər deyə Samiri ağaclıq olan yerə aparmışdır. Samirlə ağaclığın altında söhbət edən zaman o, cibindən bıçağı çıxarıb Samiri qorxutmaq istəmiş, həmin vaxt Samir bıçağı onun əlindən alıb sonuncunun döş qəfəsinin sağ hissəsindən bir dəfə vurub qaçıb getmişdir. O isə yaralı halda yaşadığı evə getmişdir. Qardaşı Rauf onu 3 saylı X13 xəstəxanasına aparmış və o, orada əməliyyat olunaraq tibbi yardım almışdır. Hadisə vaxtı hadisə yerində Samirlə ondan başqa heç kim olmamışdır. Hazırda o, Samirlə barışmışdır və sonuncuya həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə oğlu Samirin dostu olmuşdur. Samir və Ramil yaxın olduğu üçün Ramil bir neçə dəfə onların evində qonaq olmuşdur. 11 mart 2020-ci il tarixdə günorta saatlarında polis əməkdaşları yaşadığı evə gələrək Samiri soruşmuşlar. Həmin vaxt Samir evdə olmadığı üçün o, polis əməkdaşlarına Samirin evdə olmadığını demişdir. Bundan sonra o, Samiri axtarmış və Samirlə əlaqə yaratmağa çalışmışdır. Samir ona hazırda xatırlamadığı nömrədən zəng edərək dostu Ramillə dalaşdığını və onun narahat olmamasını bildirmişdir. O daha sonra hadisə barədə maraqlanmış və 10 mart 2020-ci il tarixdə saat 23 radələrində X6 adlanan yerdə qarşılaşdıqlarını və həmin vaxt aralarında sözlə mübahisə yarandığını, Ramilin cibindən bıçaq çıxarıb Samiri qorxutmaq istəyərkən Samirin bıçağı onun əlindən alıb sinəsindən bir dəfə vurduğunu, Samirin Ramili vurduqdan sonra həmin yerdən çıxıb getdiyini, Ramil yaralandıqdan sonra piyada yaşadığı evə getdiyini öyrənmişdir. O, hadisənin hansı şəkildə baş verməsi ilə maraqlandıqda hadisədən təxminən 10 gün əvvəl Samirlə Ramil arasında söyüşlə zarafat olduğu üçün sözlə mübahisə yaranmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin 24.03.2020-ci il tarixli keçirilmiş əməliyyat tapşırıqları nəticəsi barədə məktubdan görünür ki, 10 mart 2020-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Qaraçılar adlanan yerdə Zərərçəkmiş şəxs ilə qarşılaşmış, həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ağacların olduğu yerə çəkərək onunla mübahisə edib özü ilə gətirdiyi bıçaqla Təqsirləndirilən şəxs qorxutmaq istəmiş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən bıçağı alıb sonuncunun döş qəfəsindən bir dəfə vuraraq xəsarət yetirmişdir. Hadisə yerindən uzaqlaşarkən Təqsirləndirilən şəxs bıçağı naməlum istiqamətdə atmışdır. Təqsirləndirilən şəxs bıçağı hara, hansı istiqamətə atmasını və bıçağın hal-hazırda harada olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 20 aprel 2020-ci il tarixli 567 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthində sağda 6-cı qabırğa səviyyəsində bir ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi, yara döş qəfəsinin daxilinə nüfüz edərək, ağciyərin zədələnməsi ilə nəticələnmişdir, deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 11.03.2020-cu il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş hadisə zamanı zərərçəkmiş şəxsin əynində olmuş 1 ədəd köynəyin üzərində zədələrin olub olmaması, həmin zədələrin hansı şəkildə əmələ gəlməsi və Zərərçəkmiş şəxs barəsində olan məhkəmə tibb ekspertizasının rəyində göstərilən xəsarətlərlə həmin zədələrin üstüstə düşüb düşməməsinin müəyyən edilməsi üçün təyin edilib keçirilmiş məhkəmə trasoloji ekspertizasının 12 noyabr 2020-ci il tarixli 16/703 nömrəli rəyindən görünür ki, təqdim olunan köynəyin üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədəsidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin 20.04.2020-ci il tarixli 567 saylı ekspert rəyindən görünür ki, göstərilmiş bədəndə yerləşən xasarət ilə təqdim edilmiş köynəyin olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin ön səthində sağda 6-cı qabırğa səviyyəsində bir ədəd deşilmiş-kəsilmiş yara” xəsarətləri ilə köynəyin səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 16.10.2020-ci il tarixli 44 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B(İİİ) alfa-dır. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B(İİİ) alfa olduğundan onun özünə məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 1(100)-114/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhəri Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin 20.04.2021-ci il tarixli 121-12642-1221 saylı məktubundan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdə Gəncə şəhəri BPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İİ № 117067 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19.12.2020-ci il tarixdə ağciyər ödəmi səbəbindən ölmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə müalicə diaqnostika mərkəzindən keçilmiş epikrizdən görünür ki, Şahid1 qoyulmuş diaqnoz əsas Xroniki venoz çatışmazlıq. Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsidir. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, ailənin yeganə qazanc gətirən şəxs olması, anasının xroniki venoz çatışmazlığı xəstəliyindən əziyyət çəkməsi və onun himayəsində olması, yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini (müsbət xarakterizə olunmasını, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ailənin yeganə qazanc gətirən şəxs olması, anasının xroniki venoz çatışmazlığı xəstəliyindən eziyyət cəkməsi və onun himayəsində olması, yaşayış yerindən müsbət xarakterizə olunmasını) məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini (müsbət xarakterizə olunmasını, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını), cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını) nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Gəncə şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş üzrə Gəncə şəhər BPİ-nə saxlanılan maddi sübut 1 ədəd köynək sahibinə qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31 manat 50 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 15 (on beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdən 18 may 2021–ci il tarixədək “həbsdə” saxlandığı müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 02 (iki) gün azadlıqdan məһrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs qətimkan» tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Gəncə şəhər BPİ-də saxlanılan maddi sübut 1 ədəd köynək sahibinə qaytarılsın, imtina edildikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 31 manat 50 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X7 həyata keçirdiyindən 90 (doxsan) manat pul dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar