Məhkəmə qərarları › İş №1(100)-115/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-115/2021

24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-115/2021 24.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X6 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X2 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olunmayan, işsiz, Gəncə şəhəri, Təbriz küçəsi ev 154-də qeydiyyatda olmaqla, Gəncə şəhər 4-cü mikrorayon 2 saylı yataqxana 117 saylı otaqda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 3 kiloqram 129.004 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxx 2020-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhər Məmməd Xələfov küçəsində yerləşən Abbas Səhhət adına xəstəxananın yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nə gətirilmiş, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 3 kiloqram 129.004 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuanadan 1030 qramı üzərində olan boz rəngli pencəyin qoltuq alt hissəsindən bir ədəd politelin sellofan torbadan aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhər 4-cü mikrorayon 2 saylı yataqxana 117 saylı otağa baxış keçirilən zaman isə ağ rəngli torbadan ümumi çəkisi 2090 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana və 4 ədəd müxtəlif kibrit qutularında, hər birinin çəkisi ayrı-ayrılıqda 2.173 qram, 2.441 qram, 2.038 qram və 2.352 qram, ümumi çəkiləri 9.004 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ağ ciyər xəstəsidir, bu səbəbdən də ağrıları olduğu üçün mütəmadi olaraq siqaret çəkmək yolu ilə narkotik vasitə olan marixuana qəbul edir. xx xxxxx 2020-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhər Məhsəti Gəncəvi qəsəbəsində yaşayan anası evinə gedərkən Gəncə şəhəri, Məhsəti qəsəbəsi adlanan yerin yaxınlığındakı «2705»in dairəsi kimi tanınan yerin yaxınlığında kolların arasında ağ rəngli, üzəri cızıqlı torba olduğunu görüb həmin torbanın içərində nə olduğuna baxmaq üçün oraya yaxınlaşmış, yaxınlaşıb torbanın içərisinə baxanda torbanın içərisində əvvəllər də istifadə etdiyi üçün qurudulmuş marixuana olduğunu görmüşdür. O, özü də həmin qurudulmuş marixuanadan istifadə etdiyi üçün torbanı oradan götürərək yaşadığı Gəncə şəhər 4-cü mikrorayon 2 saylı yataqxanada yerləşən 117 saylı otağa aparmışdır. Evə gətirərkən həmin qurudulmuş marixuanadan özü istifadə etməyi düşünsə də, lakin sonradan istifadə etmək fikrindən yayınaraq məhv etmək qərarına gələrək xx xxx 2020-ci il tarixdə, saat 14 radələrində qurudulmuş marixuananın təxminən 1 kiloqrama yaxın hissəsini, yaşadığı evin yaxınlığında olan peşə məktəbin həyətinə atmaq məqsədi ilə başqa torbaya yığmış və yaşadığı evdən çıxmışdır. O, bir qədər getdikdən sonra Gəncə şəhər Məmməd Xələfov küçəsində yerləşən Abbas Səhət adına xəstəxananın yaxınlığında olan zamanı mülki geyimli 3 nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və əynindəki qış gödəkçəsinin qoltuq altı hissəsində saxladığı içərisində qurudulmuş marixuana olan sellofanla birlikdə onu Gəncə şəhər BPİ-nə aparmışlar. Orada onun üzərinə baxış keçirilən zamanı o, əynindəki qış gödəkçəsinin sağ qoltuqaltı hissəsində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra ondan hər hansı bir yerdə narkotik vasitə olub-olmaması soruşulan zamanı o, yaşadığı Gəncə şəhər 4-cü mikrorayon 2 saylı yataqxanada yerləşən otaqda da marixuananın olduğunu demişdir. Bundan sonra o, vəkil və polis əməkdaşlarının iştirakı ilə yaşadığı Gəncə şəhər 4-cü mikrorayon, 2 saylı yataqxanada 117 saylı otağa getmişlər, onun evinə baxış keçirilmişdir. Otağa baxış keçirilən zamanı o, otaqda olan çarpayının altındakı ona məxsus, ağ rəngli, üzəri cızıqlı torbanın içərisindəki təxminən 2 kiloqramdan artıq çəkidə olan qurudulmuş marixuananı və həmin torbanın içərisindəki 4 ədəd kibrit qutusunda qurudulmuş marixuananı polis əməkdaşlarına çıxardıb təqdim etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq heç vaxt narkotik vasitə satmadığını, o, narkotik vasitəni kibrit qutularının içərisinə qoymadığını, 4 ədəd kibrit qutusunun da Poçt qəsəbəsi istiqamətinə gedən yolun sağ hissəsindəki kanalın yanından tapdığı həmin torbanın içərisində olduğunu, əvvəllər narkotik vasitə istifadəçisi olsa da daha sonra uzun müddət istifadə etmədiyini, son zamanlar isə ağrıları olduğuna görə bəzi vaxtlarda marixuanadan istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “O, həmin tapdığı təxminən 3 kiloqram çəkisi olan qurudulmuş marixuanadan təxminən 1 kiloqramını ayrılıqda götürüb anasının yaşadığı Gəncə şəhər Məhsəti Gəncəvi qəsəbəsində yerləşən evinə aparıb anasının xəbəri olmadan gizlətmək istəsə də o, evdən çıxdıqdan 1-2 dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlandığı üçün niyyətinə çata bilməmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin X3 rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. xx xxx 2020-ci il tarixdə Gəncə şəhəri Abbas Səhhət adına Xəstəxananın yanında yerləşən 2 saylı Yataqxanada, otaq 117də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. X3 əməliyyat müvəkkili Şahid3 və X3 kiçik inspektoru Şahid2 ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs adətən Gəncə şəhəri Abbas Səhhət adına Xəstəxananın yaxınlığında olması müəyyən olunduğu üçün həmin gün, saat 14 radələrində adlarını yuxarıda qeyd etdiyi X3 əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri Abbas Səhhət adına Xəstəxananın yaxınlığında müəyyən edib sonuncuya yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirmişlər. Onun və digər polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya və ya predmet varsa çıxardıb təqdim etməsi təklif olunanda sonuncu əynindəki boz rəngli pencəyin içərisinin qoltuq altından rəngli politilen sellofan torbanı çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin torbanın içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni xx xxxxx 2020-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində «2705»-in dairəsi kimi tanınan yerin yaxınlığındakı ərazidən ağ rəngli, üzəri cızıqlı politilen torbanın içərisindən tapdığını bildirmişdir. Bundan sonra müdafiəçi və onunla yanaşı digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üstündən aşkar olunub götürülmüş həmin politilen sellofan torbanın içərisinə baxış keçirilən zamanı orada yaşıl rəngli, spesifik iyə malik qurudulmuş ot kütləsinin olması müəyyən edilmişdir. Həmin narkotik vasitədən istifadə edibetmədiyi soruşulanda Təqsirləndirilən şəxs həmin narkotik vasitədən istifadə etmədiyini bildirsə də tapdığı həmin narkotik vasitənin bir hissəsini yaşadığı evdə gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunub götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra müdafiəçi və onunla yanaşı digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri 4-cü mk/r 2 saylı Yataqxana, otaq 117 ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı həmin otağa daxil olmuşlar. Təqsirləndirilən şəxs otaqdakı yatdığı çarpayının altından bir ədəd politilen torbanı çıxardıb onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin torbanın içərisindəki açıq vəziyyətdə və kibrit qutularında narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri xx xxxxx 2020-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində «2705»-in dairəsi kimi tanınan yerin yaxınlığındakı ərazidən ağ rəngli, üzəri cızıqlı politilen torbanın içərisindən tapdığını bildirmişdir. Həmin politelin torbanın içərisinə baxış zamanı oradan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, spesifik iyə malik açıq vəziyyətdə qurudulmuş kütlə və içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 4 (dörd) ədəd kibrit qutusu aşkar edilmiş və aşkar edilmiş kütlə və 4 ədəd kibrit qutusu qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 özlərinə dair hissədə Şahid1 ifadəsinə oxşar ifadələr verdilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxx 2020-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki boz rəngli pencəyin içərisinin qoltuq altından rəngli politilen sellofan torbada 1 kq, 092 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxx 2020-ci il tarixli “yaşayış evinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhər 4-cü mikrorayon 2 saylı yataqxanada yerləşən 117 saylı otağa baxış keçirilən zamanı otaqdakı çarpayının altından politilen torbanın içərisindən açıq halda bitki kütləsi və 4 ədəd kibrit qutularında bitki kütlələri aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin X3 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 oğlunun xx xxx 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin xx xxx 2020-ci il tarixli 16/306 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə» sözləri yazılmış politilen torbadakı, digər bir ədəd politilen torbada təmiz çəkisi 1030 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmçinin rəydə təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs evindən aşkar edilmiş içərisində qurudulmuş ot kütləsi olan 4 ədəd kibrit qutusu» sözləri yazılmış kağız paketdəki 4 (dörd) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,173 qram, 2,441 qram, 2,038 qram, 2,352 qram, ümumi təmiz çəkisi 9,004 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Bundan başqa, təqdim olunmuş üzərində «Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş kütlə» sözləri yazılmış bazar çantasında, təmiz çəkisi 2090 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd olunan tədqiqata təqdim olunmuş bir ədəd polietilen torbada, bir ədəd kağız paketdə və bir ədəd bazar çantasında olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 1030 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, onun yaşadığı evdə yatdığı çarpayının altından aşkar olunub götürülmüş təmiz çəkisi 2090 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, ayrı-ayrılıqda təmiz çəkiləri 2,173 qram, 2,441 qram, 2,038 qram, 2,352 qram olmaqla 4 (dörd) ədəd kibrit qutularında ümumi təmiz çəkisi 9,004 qram olan narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs və müdafiəçisi X4 cinayət işinin materialları ilə yanaşı maddi sübutlar hesab edilən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunub götürülmüş narkotik vasitələrin ekspertizadan qaytarılmış qalıqları, yəni ayrı-ayrılıqda 1029,95 qram, 8,804 qram, 2089,95 qram narkotik vasitə olan qurudulmuş marixuanalar ilə tanış olduqdan sonra həmin çəkilərdə olan narkotik vasitələr Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis idarəsinin xx xxxx 2020-ci il tarixli, 120-13256-1220 nömrəli məktubundan görünür ki, zəruri olan əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, narkotik vasitələri həmin əraziyə atmış şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmasa da Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə edib üzərində saxlaması, əldə etdiyi narkotik vasitələrin bir qismini açıq vəziyyətdə, bir hissəsini işə kibrit qutularına doldurub yaşadığı Gəncə şəhəri Abbas Səhhət adına Xəstəxananın yanında yerləşən 2 saylı Yataqxana, otaq 117-də gizlətməsi, o cümlədən satışı həyata keçirmək üçün müştəri axtarması müəyyən olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserinin xx xxxxxx 2020-ci tarixli, 3566 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx xxxxxx 2020-ci tarixli, 4013 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış arayışdan görünür ki, X1 ağ ciyərin ocaqlı vərəmindən əziyyət çəkir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin xx xxx 2020-ci il tarixli, 419 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan və “Təqsirləndidrilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilərək saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə şəhər Nizami rayon Xalq Məhkəməsinin xx xxx 1993-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli qərarı ilə 01 il 02 ay 24 gün müddətinə şərti azad edilmişdir. Onun bu məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmadığından məhkuluğu olmayan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuananı satış məqsədi ilə deyil yalnız şəxsi istifadəsi üçün saxlamasına, tapdıqdan sonra evə gətirərkən həmin qurudulmuş marixuanadan istifadə etməyi düşünsə də, lakin sonradan istifadə etmək fikrindən yayınaraq məhv etmək qərarına gəlməsinə bu məqsədlə həmin qurudulmuş marixuananın bir hissəsini özü ilə götürüb evlərinə yaxın ərazidə yerləşən məktəbin həyətinə atmaq üçün üzərində daşıyaraq saxlamasına dair ifadə versə də, məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq tapdığı qurudulmuş marixuananı bütövlükdə deyil, yalnız bir hissəsini özü ilə götürüb evdən aparmasının səbəbini izah edə bilməmiş, həmçinin məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində tamamilə fərqli olaraq 3 kiloqram çəkisi olan qurudulmuş marixuanadan təxminən 1 kiloqramını ayrılıqda götürüb anasının yaşadığı Gəncə şəhər Məhsəti Gəncəvi qəsəbəsində yerləşən evinə aparıb gizlətmək istəməsinə dair ifadə verməsi məhkəmə tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin həmin hissədə yalan ifadə kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Həmçinin məhkəmədə təqsirləndirilən şəxsin həmin ifadəsi şahid ifadələri, yuxarıda tədqiq edilmiş cinayət işinin digər materialları ilə də birbaşa və tam olaraq təkzib olunduğuna görə məhkəmə həmin ifadəni daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirərək Təqsirləndirilən şəxs ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, ittiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi, iş üzrə olan şahid ifadələri, istintaq hərəkəti protokolları, maddi sübutlar və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsinə göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 3-cü bəndinə əsasən, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında, (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və sair) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətlər saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram göstərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsə məxsus olan qurudulmuş marixuananın külli miqdarda olmasına, aşkar edilmiş qurudulmuş marixuananın bir hissəsinin 4 ədəd müxtəlif kibrit qutularında, müxtəlif bükümlərə ayrılmış şəkildə saxlanılmasına əsasən də təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşının 57 olmasını, sağ ağ ciyərin ocaqlı vərəmindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulması ilə bağlı xx xxx 2020-ci il tarixli «şübhəli şəxs qismində tutma haqqında» protokolu və xx xxx 2020-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə qərarı araşdırıb və Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmasına və CMnin 158.6-cı maddəsində göstərilən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddətinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsinə dair tələbini rəhbər tutmaqla hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək ümumi cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı hökm çıxarıldığı gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olaraq Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılan ekspertizadan sonra qalıq hissəsi 1029,95 qram, 8,804 qram, 2089,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 20 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 120 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin edilən ümumi cəzaya daxil edilməklə ona qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olaraq Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılan ekspertizadan sonra qalıq hissəsi 1029,95 qram, 8,804 qram, 2089,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xandmir qızı həyata keçirdiyindən 120 manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X9 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar