Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-117/2021 06.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Gədəbəy rayonu, Slavyanka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 20 noyabr 2019-cu il tarixdə saat 20 radələrində Gədəbəy rayonu, Slavyanka kəndində qardaşı X4 yaşadığı evin həyətində qardaşı Elvin İsgəndərovun qaynatası eyni zamanda xalasının əri Zərərçəkmiş şəxs Saxladər oğlunun onun atası X6 təhqir etməsi, xalası X5 isə anası İsgəndərova Həsən qızını döyməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı qohumu Zərərçəkmiş şəxs yaxınlaşaraq əlində olan taxta parçası ilə sonuncunun baş nahiyəsinə qəsdən bir dəfə vuraraq ona başın əzilmiş yarası ilə müşayiət olunan qapalı kəllə-beyin travması kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül, həmçinin sağ göz ətrafı yumşaq toxumaların qançırı, hematoması, sağ gözün şüşəvari cisminin bulanması ilə müşayiət oluanan, kəllə əsasına keçən sağ gözün üst divarının xətti sınığı ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, himayəsində iki az yaşlı uşağı var, arvadı işləmir, özü epilepsiya xəstəsidir, hazırda müxtəlif yerlərdə fəhləlik edərək ailəsini dolandırır. 20 noyabr 2019-cu il tarixdə saat 19 radələrində qonşuluqda yaşayan qardaşı Elvini kənd yolunda görmüşdür. Elvin ona “evdə kimsə var, çağırıblar, evimə gedirəm” demişdir. O da Elvinə “elə sizə gedirdim, birlikdə gedək” demişdir. O, Elvin ilə birlikdə yaşadığı evinə gəlmişdir. Onlar evə gəldikdən sonra evə daxil olmaq istəyən zaman içəridə polis əməkdaşlarını, Elvinin qayınatası eyni zamanda xalasının əri Atabəyi və qaynanası həm də xalası Güləndəmı görmüşlər. Atabəy Elvini görən kimi polislərin yanında ona nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları Elvini və onu evin qapısından uzaqlaşdırmışlar. Sonra Elvini izahatı alınması üçün polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları onun oradan uzaqlaşmağını xahiş etdikləri üçün o, çıxıb evin həyətində gözləmişdir. Həmin vaxt atası İlqar və anası Fatma da evin həyətində olmuşlar. Bu zaman Atabəy və arvadı Güləndəm evin həyətinə çıxmışlar. Atabəy və Güləndəm onun valideyinləri ilə münaqişə yaratmışlar. Münaqişə zamanı Zərərçəkmiş şəxs atası İlqarı söyüb təhqir etmiş, Güləndəm isə əlində olan taxta parçası ilə anası Fatmanı vurub ona xəsarət yetirmişdir. Bu səbəbdən də o, əsəsbləşərək əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən vurub ona xəsarət yetirmişdir. Atabəyin yıxıldığını gördükdə isə oradan uzaqlaşmışdır. O, Zərərçəkmiş şəxslə hal-hazırda sonuncuya dəymiş zərəri ödəyərək barışıq əldə etmiş, törətdiyi cinayət əməlindən peşimandır. Bütün bunlara baxmayaraq Zərərçəkmiş şəxs sağalması üçün tibbi xərcləri ödədiyini, hadisədən sonra Atabəy ilə barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Daryurd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Şahid3 onun doğma qızı, X12 isə kürəkəni, həm də baldızı oğludur. Nuranə 10 il olar, Gədəbəy rayonu, Slavyanka kənd sakini X12 ailə qurmuşdur. Onların həmin nigahdan iki azyaşlı uşaqları vardır. Onlar evləndikdən sonra ailə daxili məsələlərə görə sözləri düz gətirmədiyi üçün bir neçə dəfə münaqişələri olmuşdur. Təqsirləndirilən şəxs isə kürəkəni Elvin İsgəndərzadənin qardaşıdır. Elvin İsgəndərov və Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 20 noyabr 2019-cu il tarixdə saat 19 radələrində qızı Nuranə ona zəng edib əri Elvinlə münaqişə etdiyini, Elvinin onu döyməsini deyərək ondan gəlib Nuranəni evinə aparmasını istəmişdir. O, arvadı Güləndəm Əliyeva ilə birlikdə yaşadıqları evdən çıxıb avtomobilinə əyləşərək Gədəbəy rayonu, Slavyanka kəndi istiqamətində getməyə başlamışlar. Yolda olan zaman qızı Nuranə zəng vurduğuna görə DİN-nin 102 xidmətinə zəng edib qızı Nuranənin əri Elvin tərəfindən döyülməsi barədə məlumat vermişdir. Onlar Slavyanka kəndinə Nurənin evinə gəldikdə adlarını sonradan bildiyi Tünhan və Adil adlı polis zabitləri, bir nəfər isə adını bilmədiyi baş serjant olan polis əməkdaşlarının da orada olduqdlarını görmüşlər. Nuranənin evinə çatdıqdan bir qədər sonra isə kürəkəni Elvin qardaşı Eşqinlə evə gəlib ona irad bildirmişlər. Sonra polis əməkdaşları Elvini polis avtomobilinə əyləşdirib polis şöbəsinə aparmaq istədikdə arvadı Güləndəm polis əməkdaşlarına Eşqini də aparmalarını demişdir. Polis əməkdaşları Eşqindən şikayət olmadığına görə onu aparmaq üçün səlahiyyətlərinin olmadığını bildirmişlər. Həmin vaxt polis əməkdaşları təkcə Elvini avtomobilə əyləşdirib aparmışlar. Bundan sonra o, qızının evinə keçmiş, Eşqin isə evin həyətində qalmışdır. Polis əməkdaşları getdikdən sonra qızı Nuranə özünü pis hiss etdiyinə görə təcili yardıma zəng edib həkim çağırmışdır. Bir neçə dəqiqədən sonra təcili yardım maşını ona zəng edib evin yerini soruşduqda evin yerin izah edib onları qarşılamaq üçün azyaşlı nəvəsi Cəsur ilə birlikdə çölə çıxmışdır. Çölə çıxdıqda görmüşdür ki, təcili tibbi yardım maşını ilə birlikdə bacanığı İlqar və baldızı Fatma da oraya gəlmişlər. Bacanağı İlqar və baldızı Fatma onu evin həyətində söyüb təhqir etmişlər. Həmin vaxt İlqar onun sinəsindən tutsa da onu vurmamışdır. Sonra tanımadığı Fəzail adlı bir şəxs gələrək qolundan tutub ona sakit olmağını demişdir. Sonra İlqar və Fatma onunla sözlə mübahisə etmişlər. Bu zaman Eşqin ona tərəf gələrək əlindəki küt alətlə baş nahiyəsindən vurmuşdur. Eşqin onu vurduqdan sonra Cəsur Nuranəni və arvadı Güləndəmi çölə çağırmışdır. Onlar çölə çıxanda orada Eşqini əlində taxta parçası ilə qaçarkən görmüşlər. Eşqinin onun baş nahiyəsinə vurub xəsarət yetirdiyi taxta parçasını artıq istintaqa təqdim etmişdir. Hazırda səhhəti tam sağalmışdır. Sonradan Təqsirləndirilən şəxs ilə baldızının oğlu, həm də kürəkəninin qardaşı olduğuna görə barışmış, onun sağalması üçün tibbi xərcləri ödəmişdir. Eşqinin qohum olmasını, ailəsində ondan başqa işləyən şəxsin olmamasını, onun xəstə olmasını və azyaşlı uşaqlarını nəzərə alıb, ondan şikayət və tələbi olmadığını və onun tutulmasının istəmədiyini bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş azyaşlı Şahid1 ifadəsində göstərdi ki, hazırda Gədəbəy rayonu Slavyanka kəndində yaşayır. Slavyanka kənd tam-orta məktəbinin 3-cü sinifində oxuyur. X12 atası Şahid3 isə anasıdır. 19 noyabr 2019-cu il tarixdə atası ilə anası evdə dalaşmışlar. Atası əsəbləşib əlini stolun üstündə olan çaynikə vurmuş və çaynikin içində olan isti su anasının ayağına tökülmüşdür. Sonra anası onu götürüb babası Atabəyin evinə getmişdir. Bir gün orada qalıb səhəri günü evlərinə qayıtmışlar. Evlərinə gələndən sonra 20 noyabr 2019-cu il tarixdə axşam tərəfi anası babasıyla telefonda danışarkən atası Elvin telefonu anasından alıb babası Atabəylə danışmışdır. Sonra anasının üstünə gedib yumruqla burnundan vurmuş və çıxıb evdən getmişdir. Anası yenidən babası Atabəyə zəng edib atasının onu döydüyünü demiş və babasını ora çağırmış ki, gəlib onları evlərinə aparsın. Sonra evlərinə polislər gəlmişlər. Polislər gələndən sonra babası və nənəsi də onlara gəlmiş və atasını aparmışlar. Anası özünü piss etdiyinə görə babası təcili yardım maşını çağırmışdır. Təcili yardım gəldikdən sonra o, babasının əlindən tutub evin həyətinə çıxmışdır. Onlar evin həyətinə çıxanda babası İlqarı, nənəsi Fatmanı və Fəzaili görmüşdür. Babası İlqar və Fəzail babası Atabəyin qolundan tutub onunla mübahisə etmişlər. Babası Atabəy, babası İlqar və Fəzail ilə mübahisə edərkən əmisi Eşqin birdən əlində olan taxta ilə Atabəyin başından vurmuşdur. O, tez anası Nuranəni çağırıb Eşqin əminin babasını vurduğunu onlara demişdir. Anası Nuranə nənəsi Güləndəm ilə birlikdə çölə çıxmışlar. Sonra əmisi Eşqin evlərinə tərəf qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Gədəbəy rayonu Daryurd kəndində yaşayır. X8 bacısıdır. X12 bacısı oğlu olmaqla həm də kürəkənidir. Şahid3 doğma qızıdır. Elvin ilə Nuranə 2009-cu ildə ailə həyatı qurub evlənmişlər. Onların həmin evlilikdən iki azyaşlı uşaqları vardır. 20 noyabr 2019-cu il tarixdə saat 19 radələrində Daryurd kəndində olan zaman qızı Nuranə əri Atabəyin mobil nömrəsinə zəng etmiş və əri Elvinlə münaqişə etdiyini demişdir. Telefon əlaqəsi zamanı Nuranə əri Atabəydən evinə gəlib onu götürməsini demişdir. Həmin günü əri Atabəyin avtomobilinə əyləşib kənddən çıxıb qızı Nuranənin Slavyanka kəndinə yaşadığı evinə gəlmişdir. Yolda olan zaman əri Atabəy DİN-nin 102 xidmətinə zəng vurub Nuranənin döyülməsi barədə məlumat vermişdir. Onlar oraya çatanda polis əməkdaşları artıq qızı Nuranənin yaşadığı evə gəlmişlər. Bir neçə dəqiqədən sonra kürəkəni Elvin qardaşı Eşqin ilə evə gəlmişlər. Evdə münaqişə olmaması üçün polis əməkdaşları Elvini və Eşqini evdən uzaqlaşdırmışlar. Sonra Elvini polis avtomobilinə əyləşdirmişlər. O, isə polis əməkdaşlarına Eşqinidə polis şöbəsinə aparmalarını demişdir. Polis əməkdaşları Eşiqindən şikayət olmadığına görə apara bilməyəcəklərini demiş, Eşqini evinə göndərmiş, Elvini isə avtomobilə əyləşdirib aparmışlar. Polislər getdikdən sonra Nuranə özünü pis hiss etdiyinə görə onlar təcili yardım çağırmışlar. Bir neçə dəqiqədən sonra təcili yardımın həkimi evin yerini tapa bilmədiyi üçün Atabəyin mobil nömrəsinə zəng vurub evin yerini soruşmuşdur. Atabəy evin yerin izah edib onları qarşılamaq üçün azyaşlı nəvəsi Cəsur ilə birlikdə çölə çıxmışlar. Həmin günü saat 20 radələrində qızı Nuranə ilə evdə olan zaman Cəsurun qışqıraraq “əmim Eşqin babamı vurdu” deməsini eşitmişdir. O, Nuranə ilə birlikdə çölə çıxmış və Atabəyin yerdə uzanmış vəziyyətdə olduğunu, başında qan olduğunu görmüşdür. Evin həyətində təcili yardımın həkimi, bacısının əri İlqarı, bacısı Fatmanı, Eşqini və Fəzaili görmüşdür. Həmin vaxt əlində ağac parçası tutan Eşqin evlərinə tərəf qaçmağa başlamışdır. Nəvəsi Cəsurun deməsindən, bacısı Fatmanın və Eşqinin evlərinə tərəf qaçmasından, Eşqinin əlində taxta parçası olduğundan əri Atabəyə Eşqinin xəsarət yetirdiyini bilmişdir. 20 noyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs, atası İ.İsgəndərov və anası F.İsgəndərova ilə Zərərçəkmiş şəxs arasında mübahisənin baş verməsinə və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs baş nahiyəsinə vurub xəsarət yetirməsinə səbəb həmin günü Elvinin qızı Nuranəni döyüdüyünə görə əri Atabəy 102 xidmətinə məlumat verməsi olmuşdur. Polislər Elvini izahatını almaq üçün apardıqdan sonra İlqar və Fatma yaşadığı evin həyətinə gəlib əri Atabəylə münaqişə etmişlər və münaqişə zamanı Eşqin qəfldən ərinin baş nahiyəsinə taxta parçası ilə vurub xəsarət yetirmişdir. Həmin günü əri Atabəy ilə İlqar, Fatma və Eşqin arasında münaqişə olan zaman qızı Nuranə ilə evdə olmuş və evin həyətində baş verən münaqişəni eşitməmişdir. Münaqişə zamanı səs-küy və nalayiq söyüşlər olmamışdır. Nəvəsi Cəsur evə gəlib babasını Eşqin əmi vurdu deməsindən sonra çölə çıxmışlar. Eşqinin qohum olmasını, ailəsində ondan başqa işləyən şəxsin olmamasını, onun xəstə olmasını və azyaşlı uşaqlarını nəzərə alıb, ondan şikayət və tələbi olmadığını və onun tutulmasının istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 19 noyabr 2019-cu il tarixdə əri Elvinlə arasında münaqişə olan zaman Elvin əsəbləşib əlini stolun üstünə vurmuşdur. Stolun üstündə olan çaynik yerə düşmüş və içində olan isti su ayağına tökülmüşdür. Həmin vaxt ayağından xəsarət alsada Elvin əri olduğuna görə heç bir yerə şikayət etməmiş və küsüb ata evinə getmişdir. O, ata evinə gəldikdən sonra atası Atabəy onu sakitləşdirmiş və əri ilə mehriban dolanmağını izah etmişdir. 20 noyabr 2019cu il tarixdə atası onu evinə yola salmışdır. O, evə gəldikdən sonra axşam saatlarında yemək hazırlamışdır. Elvin evdə olmuşdur. Atası ona zəng vurmuşdur. O, telefonla atası ilə danışan zaman ondan evdə sakitçilik olub-olmadığını soruşmuşdur. Elvin qəfldən yanına gəlmiş və mobil telefonu əlindən alıb atası ilə danışmağa başlamışdır. Elvin atası ilə telefonda münaqişə etməyə başlamışlar. Həmin vaxt Elvin qəfldən yumruqla bir dəfə burun nahiyəsinə vurmuş və evdən çölə çıxıb qardaşı Eşqinin yaşadığı ev istiqamətində getməyə başlamışdır. Elvin çıxıb getdikdən sonra atası ona zəng etmiş və telefon əlaqəsi zamanı Elvin onu söydüyünə görə DİN-nin 102 xidmətinə məlumat verdiyini və hazırda yolda olub onlara gəldiyini demişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmişlər. Polislər gəldikdən sonra atası Atabəy və anası Güləndəmda gəlib çıxmışlar. Polislər Elvini zəng edib çağırdıqlarına görə Elvin qardaşı Eşqinlə birlikdə gəlmişdir. Polis əməkdaşları Eşqini evə buraxmamışlar. Eşqin evin həyətində qalmışdır. O, polisə ərizə və izahat verib əri Elvinin onu necə döyüb bədən xəsarəti yetirdiyini bildirmişdir. Sonra polis əməkdaşları Elvini izahatının alınması üçün polis şöbəsinə dəvət etmişlər. Elvin polislərlə birlikdə avtomobilə əyləşib getmişlər. Elvin polislərlə birlikdə çıxıb getdikdən sonra atası təcili yardıma zəng edib çağırmışdır. Təcili yardım gəlib evin qarşısında gözləmişdir. O, evdə olan zaman oğlu Cəsur qaçaraq evə gəlmiş və “mama babamı Eşqin əmi vurdu” demişdir. Həmin vaxt o, anası Güləndəm ilə birlikdə evdən çölə çıxmışdır. Onlar evin həyətinə düşən zaman qaynatası İlqar və qaynanası Fatma anasının üstünə münaqişə etməyə gəlmişlər. Həmin vaxt evin həyətində qonuşuları Fəzailin və yanında olan tanımadığı təcili yardımın işçisinin yerdə uzanmış vəziyyətdə olan atasının yanında olmalarını görmüşdür. Eşqinin isə evlərinə tərəf qaçmasını görmüşdür. Təcili yardımın həkimi atasının başına sarğı qoymuşdur. Təcili yardımın həkimi atasın başına sarğı qoyduqdan sonra qapılarına gələn Tünhan adlı polis əməkdaşına zəng edib onlar getdikdən sonra evin həyətində baş vermiş dava-dalaşı demişdir. Həmin günü Eşqinin necə və hansı şəraitdə atası Atabəyi vurub xəsarət yetirməsini görməsə də, sonradan evin həyətinə çıxanda orada Eşqini və Fəzaili evin həyətində görmüşdür. Eşqin həmin vaxt evlərinə tərəf qaçmış, Fəzail isə atasının yanında dayanmışdır. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 24.03.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri hadisə yeri Şəmkir-Gədəbəy avtomobil yolunun Slavyanka kəndi ərazisindən keçən hissəsindən 150-200 metr aralıda yerləşən bir mərtəbəli və yarı zirzəmidən ibarət yaşayış evin qarşısıdır. Evin həyətinə daxil olduqda sağ tərəfdə mişar daşları, sol tərəfdə qaya daşları vardır. Mişar daşlarının yaxınlığında yaşayış evi, qaya daşlarının yaxınlığında isə tövlə kimi istifadə olunan yardımçı tikili yerləşir. Bu barədə tərtib edilmiş protokol cinayət işi materiallarına əlavə edilmişdir. “Götürmə aparılması haqqında” 28.12.2019-cu il tarixli protokoldan görünür ki, cinayət işi Zərərçəkmiş şəxs könüllü olaraq istintaqa təqdim etdiyi bir ədəd taxta parçası istintaq üçün əhəmiyyət kəsb ediyindən müvafiq protokol tərtib edilərək götürülmüşdür. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 27 iyul 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Saxladər oğlu ifadəsi yerində yoxlanılan zaman o, 20 noyabr 2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs taxta parçası ilə onun baş nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini bildirərək, həmin yeri əyani şəkildə göstərməklə ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmişdir. "Üzləşdirmə haqqında” 12.03.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onların arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Gədəbəy Rayon Polis Şöbəsinin 07.04.2020-ci il tarixli 190-120/32 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 20 noyabr 2019-cu il tarixdə Gədəbəy rayonu Slavyanka kənd sakini Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən sonuncunun qızı Şahid3 yaşadığı evinin həyətində taxta parçası ilə baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı səs-küy və nalayiq söyüşlər olmamış, kənar şəxslərdən münaqişəni görən şəxslər və şahidlər müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəllər düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə-tibbi ekspertizasının 22 noyabr 2019-cu il tarixli 797 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın əzilmiş yarası ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ göz ətrafı yumşaq toxumaların qançırı, hematoması, sağ gözün şüşəvari cisminin bulanması ilə müaşyiət olunan, kəllə əsasına keçən sağ gözün üst divarının xətti sınığı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 20 noyabr 2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ göz ətrafı yumşaq toxumalarının qançırı, hematoması, sağ gözün şüşəvari bulanması ilə müşayiət olunan, kəllə əsasına keçən sağ gözün üst divarının xətti sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, başın əzilmiş yarası ilə müşayiət olunan qapalı kəllə-beyin travması isə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi mümkün deyildir. Maddi sübutların ekspertizasının 20 iyul 2020-ci il tarixli 501/2020-MTBŞ saylı rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - Balfa/lll/-. Ekspertizaya təqdim olunmuş 01 ədəd taxta parçası üzərində insan qan aşkar olundu. Qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız <<B>> antigeni alındı. Bu qan ləkələri Balfa/lll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Maddi sübutların ekspertizasının 10 avqust 2020-ci il tarixli 368/2020 MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - başın əzilmiş yarası ilə müşayiət olunan qapalı kəllə-beyin travması; sağ göz ətrafı yumşaq toxumaların qançırı, hematoması; sağ gözün şüşəvari cisminin bulanması ilə müşayiət olunan, kəllə əsasına keçən sağ gözün üst divarının xətti sınığı məhdud səthə malik küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Bu xəsarətlərin ekspertizaya təqdim edilən taxta parçası ilə və ya digər küt alətlə yetirilməsi istisna olunmur təqdim edilən taxta parçası ilə və ya digər küt alətlə yetirilməsi istisna olunmur. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 fevral 2020-ci il tarixli, 136/57 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən fizoloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Gədəbəy rayon Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10.02.2020-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, atası X13, anası X8, həyat yoldaşı X3, övladı X9 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Gədəbəy Rayon Poliklinikasının 11.02.2020-ci il tarixli 55 və 56 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon poliklinikasının narkoloji və ruhi xəstəliklər kabinetlərində qeydiyyatda dayanmır. AZ-İV № 369507 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X9 12.10.2019-cu il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r. “Doğum haqqında tibbi şəhadətnamənin” surətindən görünür ki, X10 02.02.2021-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 07.04.2015-ci il tarixli göndərişindən görünür ki, Təqsirləndirilən şəxs epilepsiya xəstəsidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin 29.10.2019-cu il tarixli arayışından görünür ki, X12 Azərbaycan Respublikası Prezdidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikası səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna əsasən 30.09.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 01.10.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. № 109945 saylı vəsiqənin surətindən görünür ki, X8 ikinci qrup əlildir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16.06.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında 16 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli 1(042)-36/2020 saylı qərarından görünür ki, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı ödədiyinə görə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Gədəbəy Rayon Məhkəməsinin 25.06.2020-ci il tarixli 1(042)-30/2020 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı ödədiyinə görə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi barədə” 12.12.2020-ci il tarixli qərardan görünür ki, bir ədəd taxta parçası cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Gədəbəy Rayon Polis Şöbəsinin maddi sübutların saxlandığı yerə saxlanca təhvil verilmişdir. Zərərçəkmiş şəxs səlahiyyətli orqanlara təqdim etdiyi notarial qaydada təsdiq olunmuş 08.12.2020-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona dəymiş 1500 manatı zərəi ödədiyinə və əməlindən peşman olduğuna görə Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş 13.04.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, zərərəçəkmiş şəxsin onun qohumu olmaqla barışmalarını və ondan heç bir şikayət və tələbinin olmamasını, epilepsiya xəstəsi olmasını, anasının ikinci qrup əlil olmasını, qardaşınının ikinci Qarabağ müharibəsində iştirak etməsini, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. «Uşaq hüquqları haqqında» 19 may 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Konstitusiyasına,Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun 1ci maddəsində göstərilir ki, Qanunun təsir dairəsi Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Həmin Qanunun 17-ci maddəsində göstərilir ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, zərərəçəkmiş şəxsin onun qohumu olmaqla barışmalarını və ondan heç bir şikayət və tələbinin olmamasını, epilepsiya xəstəsi olmasını, anasının ikinci qrup əlil olmasını, qardaşınının ikinci Qarabağ müharibəsində işitirak etməsini, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Gədəbəy rayon Polis Şöbəsində saxlanılan, bir ədəd taxta parçası istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut hesab olunan və Gədəbəy rayon Polis Şöbəsində saxlanılan, bir ədəd taxta parçası istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-117/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-117/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver