Məhkəmə qərarları › İş №1(100)-124/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-124/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-124/2021 30.03.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Kərimov Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bərdə rayonu, Samux kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Samux kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan Kərimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Kərimov Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kültivasiya etmə (əkmə, yetişdirmə və ya onları toplama) məqsədi ilə 2020-ci ilin aprel ayının əvvəllərində Bərdə rayonu, Samux kəndi ərazisində meşə sahəsində yabanı halda bitmiş çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib xx xxxxx 2020-ci il tarixdə həmin kəndin ərazisində yerləşən Şahid9 məxsus pay torpağı sahəsində əkib yetişdirməklə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİİ siyahısına əsasən külli miqdarda, yəni ümumi sayı 42 (qırx iki) ədəd, ümumi təmiz çəkisi 1800 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edərək kultivasiya etmiş, xx xxxx 2020-ci tarixdə saat 13 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan sahədən külli miqdarda, yəni ümumi sayı 42 (qırx iki) ədəd, ümumi təmiz çəkisi 1800 qram əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Kərimov Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2009-cu il tarixdə ailə həyatı qurmuş, 2015-ci il tarixdə ailəsindən ayrılmış, həmin evlilikdən 1 azyaşlı övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, ağır dərəcəli QİÇS və Siflis xəstəsidir, rəsmi olaraq Bakı şəhərində QİÇS xəstəsi kimi qeydiyyatdadır. O, 2011-ci il tarixdə işləmək üçün Qazaxıstan Respublikası Palvadar şəhərinə getmiş, orada olan zaman narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 2017-ci il tarixdə sənədləri qaydasında olmadığına görə onu Qazaxıstan Respublikasından deportasiya etmişlər və bundan sonra o, yenidən Samux kəndinə qayıtmışdır. Samux kəndində yaşadığı müddət ərzində o, narkotik vasitələrdən istifadə etməyə davam etmişdir. Şahid9 həmkəndlisi kimi tanımış, aralarında düşmənçilik və ya ədavət olmamışdır. O, 2020-ci ilin aprel ayının əvvəllərində yaşadığı kəndin ərazisində yerləşən meşəlik sahədə gəzən zaman yabanı halda bitən çətənə bitkisinin olduğunu görmüş, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etdiyinə görə həmin bitkinin çətənə olduğunu bilmiş və həmin bitkinin toxumlarından yığaraq özü üçün götürmüş və toxumları götürdükdən sonra əkməyə yer axtarmağa başlamışdır. Onun özünə məxsus pay torpağı olmamış, evinin həyətyanı sahəsində isə tez aşkar olunacağını fikirləşdiyindən əkməmişdir. Bundan sonra evindən təxminən 700-800 metr məsafədə kənd qəbirstanlığının yaxınlığında boş əkin sahəsi olduğunu fikirləşmiş, belə ki, həmin sahədə heç kim əkin işləri görmədiyindən sahədə böyük vəhşi kollar yaranmış və o, toxumları məhz həmin yerdə əkmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxx 2020-ci il tarixdə toxumları həmin yerdə kolların arasında əkmiş, mütəmadi olaraq bir neçə gündən bir həmin yerə gələrək toxumların bitib-bitmədiyinə baxmış və həmin toxumlardan 42 ədəd çətənə kolu əmələ gəlmişdir. Onun hesabına görə həmin bitkilər sentyabr ayında tam hazır olacaq və bundan sonra o, həmin çətənə bitkilərinin yarpaqlarını yığıb qurudacaqmış. O, bitkilərin dibində yetişən digər alaqları təmizləmiş, kolların dibini belləmiş, artıq bitkilərin uzunluğu 50 sm-lə 1 metr arasında olmuşdur. O, sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə sahəyə gedib çətənə kollarının vəziyyətinə baxmışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində o, yaşadığı evdən çıxıb çətənə bitkilərinin vəziyyətinə baxmaq üçün həmin bitkiləri əkdiyi yerə doğru getməyə başlamış, kənd içərisi yolla hərəkət edən zaman o, həm dayısıoğlu, həm bibisioğlu olan Şahid11 ilə rastlaşmış, o, Rövşənlə görüşüb söhbət etməyə başlamış, Rövşənlə söhbət edə-edə çətənə kollarını əkdiyi yerə tərəf getmiş, həmin sahəyə 40-50 metr məsafə qaldıqda o, Rövşənə burada gözləməsini, onun sahədə işi olduğunu, 5 dəqiqə ərzində qayıdacağını demişdir. Lakin, o, Rövşənə sahədə nə işi olması barədə heç nə deməmiş, o, Rövşəndən aralaşıb sahəyə doğru getmişdir. Kolların olduğu yerə çatan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, o, polis əməkdaşlarına çətənə kollarını əkdiyini və qulluq etdiyini etiraf etmişdir. Daha sonra təhqiqatçı və aqronom həmin yerə gəlmiş, həmin şəxslərin, hal şahidlərinin və onun iştirakları ilə həmin yerə baxış keçirilmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, hazırda Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Şahid1 Bərdə rayonu, Samux kənd sakini Kərimov Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisində yerləşən torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik vasitələr olan bitkiləri əkərək kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də, Şahid1 tərəfindən xx xxxx 2020-ci il tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmiş, bundan sonra Şahid1 rəhbərliyi altında əməliyyat-axtarış qrupu yaradılmış və Bərdə RPŞ-nin digər əməkdaşları, eləcə də o, həmin qrupa daxil edilmiş, həmçinin, əkilmiş bitkilərin kultivasiya edilib-edilməməsini müəyyən etmək məqsədilə aqronom da dəvət edilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə saat təxminən 12 radələrində qrupun üzvləri ilə birlikdə Bərdə rayonu Samux kəndi ərazisinə getmiş, Təqsirləndirilən şəxs Kərimovun Samux kənd qəbirstanlığının yaxınlığında olduğunu görmüş və ona yaxınlaşıb özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri kultivasiya etməsi barədə məlumatları olduğunu bildirib bitkiləri əkdiyi yeri könüllü olaraq göstərməsini bildirmiş, Təqsirləndirilən şəxs Kərimov narkotik tərkibli bitkiləri kultivasiya etməsini etiraf edərək həmin yeri göstərəcəyini demiş, bundan sonra Təqsirləndirilən şəxs Kərimov kənd qəbirstanlığının arxa tərəfindən təxminən 200-300 metr məsafədə əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan su arxının yaxınlığında vəhşi kol-kosla əhatələnmiş yeri göstərib bitkiləri həmin yerdə əkərək qulluq etdiyini bildirmiş, həmin yerə onun, digər iştirakçıların, aqronomun, hal şahidlərinin iştirakı ilə təhqiqatçı tərəfindən baxış keçirilməyə başlanmış, baxış zamanı Təqsirləndirilən şəxs Kərimovun sıra ilə əkdiyi ilkin görünüşündən narkotik tərkibli çətənə bitkisinə bənzəyən bitkilərin ümumi sayının 42 ədəd olması müəyyən edilmiş, baxışda iştirak edən aqronom bitkilərə və əkildiyi yerə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini qeyd etmiş, bundan sonra Təqsirləndirilən şəxs Kərimovun qanunsuz olaraq kultivasiya etdiyi çətənə bitkisinə bənzəyən bitkilər əkildiyi yerdən çıxarılmış, həmin bitkilərin uzunluqları və çəkiləri təhqiqatçı tərəfindən ölçülmüş, aşkar edilmiş bitkilər təhqiqatçı tərəfindən 1 ədəd ağ rəngli sintetik kisənin içərisində qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8, Şahid4, Şahid5 və məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 verdiyi ifadəsinə oxşar ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, o, 1992ci il tarixdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini aqronom ixtisası üzrə bitirmiş, 2017-ci il tarixdən hal-hazıradək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və X1 regional X5 şöbəsinin müdiri vəzifəsində çalışır. xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları rəsmi məktubla ona müraciət edərək Bərdə rayonu Samux kəndində yaşayan bir nəfər şəxsin tərkibində narkotik vasitə olan bitkiləri kultivasiya etməsi barədə məlumatları olduqlarını, həmin yerə baxış keçirəcəklərini bildirib onun da mütəxəssis kimi baxış keçirilməsində iştirak etməyini xahiş etmiş, o, polis əməkdaşları ilə razılaşmış və birlikdə Bərdə rayonu Samux kəndinə getmiş, kəndin içərisində yerləşən qəbirstanlığın arxası ilə hərəkət etdikdən sonra əkin sahələrinə çıxmış, əkin sahələrinin suvarılması üçün nəzərdə tutulmuş su arxının kənarında yerləşən yerə çatdıqda sonradan adının Kərimov Təqsirləndirilən şəxs olmasını bildiyi bir nəfər cavan oğlan su arxının yanında kol-kosların arxasında yerləşən yeri göstərib həmin yerdə tərkibində narkotik vasitə olan bitkiləri əkdiyini bildirmiş, Təqsirləndirilən şəxs Kərimovun özünün, polis əməkdaşlarının, hal şahidlərinin və onun iştirakı ilə həmin yerə baxış keçirilmiş, baxış zamanı qeyd olunan sahədə 42 ədəd tərkibində narkotik vasitə olan çətənə bitkisinə bənzəyən bitkilər aşkar edilmiş, o, həmin bitkilərin əkildiyi yerin torpaq örtüyünə və bitkilərə baxdıqda bitkilərin hamısının sıra ilə əkilməsindən, dibinə gübrə əvəzinə peyin şirəsinin verilməsindən və təmizlənib səliqəyə salınmasından həmin bitkilərə aqrotexniki qaydada qulluq edərək becərildiyini müəyyən etmiş, bundan sonra həmin bitkilər olduqları yerdən çıxarılmış, təhqiqatçı tərəfindən hündürlükləri və çəkiləri ölçülmüş, daha sonra onların iştirakları ilə qablaşdırılaraq həmin 42 ədəd bitki götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, o, 2014cü yanvar ayından etibarən Bərdə RİHB-nin Samux İƏD üzrə icra nümayəndəsi vəzifəsində işləyir, Kərimov Təqsirləndirilən şəxs əvvəldən kəndin sakini kimi tanımış, Təqsirləndirilən şəxs uzun müddət Rusiya Federasiyasında yaşamış, arabir Samux kəndinə gəlib qalmış, Təqsirləndirilən şəxs anası isə daimi kənddə yaşamış, Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 14 radələrində yaşadığı Bərdə rayonu Samux kəndi ərazisində kəndin Bələdiyyə sədri Şahid8 ilə birlikdə olmuş, həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq kəndin sakini Kərimov Təqsirləndirilən şəxs Bərdə rayonu Samux kəndi ərazisində tərkibində narkotik vasitə olan bitkiləri əkib-becərməsi barədə məlumatları olduqlarını, Təqsirləndirilən şəxs Kərimovun həmin bitkiləri əkdiyi yerə baxış keçirəcəklərini bildirib onların da baxış keçirilməsində hal şahidi kimi iştirak etməyini xahiş etmiş, o və Seymur müəllim polislərlə razılaşmış və birlikdə Bərdə rayonu Samux kəndinin içərisində yerləşən qəbirstanlığın arxası ilə hərəkət etdikdən sonra əkin sahələrinə çıxmış, əkin sahələrinin suvarılması üçün nəzərdə tutulmuş su arxının kənarında yerləşən yerə çatdıqda Təqsirləndirilən şəxs Kərimov su arxının yanında kolkosların arxasında yerləşən yeri göstərib həmin yerdə tərkibində narkotik vasitə olan bitkiləri əkdiyini bildirmiş, Təqsirləndirilən şəxs Kərimovun özünün, polis əməkdaşlarının, aqronomun və onun iştirakı ilə həmin yerə baxış keçirilmiş, baxış zamanı qeyd olunan sahədə 42 ədəd tərkibində narkotik vasitə olan çətənə bitkisinə bənzəyən bitkilər aşkar edilmiş, aqronom tərəfindən həmin bitkilərə baxıldıqda bitkilərə xüsusi qaydada qulluq göstərildiyi müəyyən edilmiş, bundan sonra həmin bitkilər olduqları yerdən çıxarılmış, təhqiqatçı tərəfindən hündürlükləri və çəkiləri ölçülmüş, daha sonra onların iştirakları ilə qablaşdırılaraq həmin 42 ədəd bitki götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid7 verdiyi ifadəsinə oxşar ifadələr verdi. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, “o, Kərimov Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamış, düşmənçilik və ya ədavət yoxdur. 1990-cı illərin sonlarında pay torpaqları bölünən zaman yaşadığı Bərdə rayonu Samux kəndində kənd qəbirstanlığın arxa hissəsində ona da pay torpağı verilmiş, o, əvvəllər həmin torpaqda əkin işləri aparmış, lakin, sonradan həyat yoldaşı böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyinə görə o, yoldaşı ilə birlikdə Xaçmaz şəhərinə köçmüşdür. Ona görə də, təxminən 2 ildir ki, ona məxsus pay torpağında heç bir əkin işi aparmamış, torpaq sahibsiz qalmaqla vəhşi ot və alaqlarla dolmuşdur. xx xxxx 2020-ci il tarixdə o, Xaçmaz şəhərində olan zaman yaşadığı kənddən ona Bərdə rayonu Samux kənd sakini Kərimov Təqsirləndirilən şəxs ona məxsus olan pay torpağında su arxının yaxınlığında 42 ədəd tərkibində narkotik vasitə olan bitkiləri əkdiyi, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs Kərimovun əkdiyi bitkilərin ona məxsus sahədən aşkar edilərək götürüldüyü barədə məlumat verilmiş, lakin, o, Təqsirləndirilən şəxsı ümumiyyətlə tanımamış, Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsində narkotik tərkibli bitkilər əkməsindən məlumatı olmamışdır”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, “Kərimov Təqsirləndirilən şəxs onun dayısı oğludur. Təqsirləndirilən şəxsla arasında xoş münasibətlər olmuş, düşmənçilik və ya ədavət olmamışdır. 2020-ci ilin iyun ayının 10-u və ya 11-i tarixdə o, kənd ərazisində olan zaman ona kənd sakinlərindən yadında qalmayan biri Təqsirləndirilən şəxs tərkibində narkotik vasitə olan bitkilər əkdiyini demiş, o, dərhal bu barədə Təqsirləndirilən şəxs özündən soruşmuş, Təqsirləndirilən şəxs ona şəxsi istifadəsi üçün sadəcə 1-2 ədəd tərkibində narkotik vasitə olan bitki əkdiyini, həmin bitkiləri də bu yaxın günlərdə məhv edəcəyini demiş, o, Təqsirləndirilən şəxs narkotik aludəçisi olduğunu bildiyindən bir daha bu işlərlə yekunlaşmasını, gec-tez onun tutulacağını demiş və Təqsirləndirilən şəxs ayrılmış, lakin, Təqsirləndirilən şəxs dəqiq harada və nə qədər tərkibində narkotik vasitə olan bitki əkməsini bilməmiş, xx xxxx 2020-ci il tarixdə o, yaşadığı kənddən çıxıb müalicə almaq məqsədilə Bərdə şəhərinə gəlmiş, həmin gün Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dayısıoğlu Təqsirləndirilən şəxs bitkilərə qulluq edən zaman tutulduğunu, Bərdə RPŞ-yə gətirildiyini eşitmiş, bu zaman Təqsirləndirilən şəxs əslində 42 ədəd tərkibində narkotik vasitə olan çətənə bitkisi əkdiyini bilmiş, lakin, onun Təqsirləndirilən şəxs konkret olaraq harada və nə qədər çətənə bitkisi əkməsini bilməmiş, bu barədə məlumatı olmamışdır. O, məlumat aldıqdan sonra Təqsirləndirilən şəxs özündən soruşmuş, Təqsirləndirilən şəxs ona özünün istifadə etməsi üçün cəmi 1-2 ədəd çətənə bitkisi əkdiyini demiş, lakin, harada əkməsi barədə heç nə deməmiş, sonradan Təqsirləndirilən şəxs bitkiləri kəndin qəbirstanlığından bir qədər məsafədə boş torpaq sahəsində vəhşi kol-kosun arasında əkdiyini eşitmiş, ancaq, o, həmin yerə heç vaxt getməmiş, nə də Təqsirləndirilən şəxsla birlikdə bitkilərə qulluq etməmişdir”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, “Kərimov Təqsirləndirilən şəxs onun dayısı oğludur. Təqsirləndirilən şəxs Kərimov Bərdə rayonu Samux kəndində ata eviylə qonşuluqda yaşayır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Bakıdakı işləri dayandığı üçün 2020-ci ilin may ayında Bərdə rayonu Samux kəndinə gəlmiş, hadisə vaxtı yəni, xx xxxx 2020-ci il tarixdə günorta saatlarında dayısı oğlu Təqsirləndirilən şəxs Kərimov ona birgə kəndin qəbirstanlıq yerləşən hissəsində yerləşən örüş sahəsinə gedib danaları sulamağı təklif etmiş, bekar olduğu üçün Təqsirləndirilən şəxs Kərimov ilə birlikdə kəndin örüş sahəsinə yola düşmüş, elə təzəcə çatan kimi Təqsirləndirilən şəxs ondan sahəlikdə 5 dəqiqə gözləməyini bildirmiş, o, siqaret yandırıb Təqsirləndirilən şəxsı gözləməyə başlamış, həmin vaxt 4 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, həmin 4 nəfər şəxsdən 2-si ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, digər 2 polis əməkdaşı isə Təqsirləndirilən şəxs Kərimovun arxası ilə getmiş, daha sonra hadisə yerinə təhqiqatçı və aqronom gəlmiş, həmin vaxt ona Təqsirləndirilən şəxs Kərimovun Bərdə rayonu Samux kəndində örüş sahəsində 42 ədəd çətənə kolu əkməsi, qulluq etməsi məlum olmuşdur. Onun əvvəllər Kərimov Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisini əkməsindən və qulluq etməsindən xəbəri olmamış, yalnız xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları sahəlikdə ona yaxınlaşdıqdan sonra ona məlum olmuş, Təqsirləndirilən şəxs Kərimovun əvvəllər narkotik tərkibli çətənə kollarını əkməsi və qulluq etməsi barədə məlumatı olmamış, yalnız onun Təqsirləndirilən şəxs Kərimovun narkotik vasitələrin aludəçisi olması barədə məlumatı olmuşdur”. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış xx xxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Kərimov Təqsirləndirilən şəxs Bərdə rayonu Samux kəndi ərazisində yerləşən torpaq sahəsində ümumilikdə 42 ədəd tərkibində narkotik vasitə olan çətənə bitkisi qanunsuz olaraq əkərək onları kultivasiya etmiş və həmin bitkilər aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Təsərrüfat Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Labaratoriya, Ekspertiza və X1 Regional X5 şöbəsinin müdiri tərəfindən tərtib edilmiş rəydən görünür ki, Bərdə rayonu, Samux kəndinin ərazisində aşkar olunan 42 ədəd çətənə kollarına baxış keçirilmiş və məlum olmuşdur ki, narkotik tərkibli çətənə kollarına aqrotexniki qulluq edilərək becərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 bölməsinin xx xxxx 2020-ci il tarixli, 16/415 saylı məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Kərimov Təqsirləndirilən şəxs sahədə əkib-becərdiyi 42 ədəd maddi sübut olan çətənə koluna bənzər bitki” sözləri yazılmış 1 (bir) ədəd sintetik kisədə, ümumi sayı 42 (qırx iki) ədəd, ümumi təmiz çəkisi – 1800 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Bərdə rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Bərdə rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli 1/239 saylı məktubundan görünür ki, Kərimov Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının Ruhi əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx xxxxxx 2020-ci il tarixli, 733 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2020-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib becərdiyi sahədən aşkar edilərək götürülmüş içərisində ümumi təmiz çəkisi 1800 qram, tədqiqatdan sonrakı qalıq çəkisi 1791,6 qram, ümumi sayı 42 ədəd tərkibində narkotik vasitə olan çətənə bitkiləri maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin saxlancına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon Samux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli, 378 saylı arayışından və xasiyyətnamədən görünür ki, Kərimov Təqsirləndirilən şəxs Bərdə rayonu, Samux kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış xx xxxx 2020-ci il tarixli «cinayət törəkməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan və Bərdə rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Kərimov Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, göstərilən sübut növlərinə əsasən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkiləri kultivasiya etmə cinayətini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Buna görə də, təqsirləndirilən şəxsin əməli həmin maddə ilə düzgün tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Kərimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Kərimov Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx xxxxxx 2020-ci il tarixli, 733 nömrəli ekspert rəyinə əsasən hesab edir ki, Kərimov Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Kərimov Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Bərdə RPŞ-də saxlanılan Kərimov Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib becərdiyi sahədən aşkar edilərək götürülmüş içərisində ümumi təmiz çəkisi 1800 qram, tədqiqatdan sonrakı qalıq çəkisi 1791,6 qram, ümumi sayı 42 ədəd tərkibində narkotik vasitə olan çətənə bitkiləri olan 1 ədəd sintetik kisə məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Kərimov Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Bərdə rayon Vəkil Bürosunun vəkili X4 prosessual hərəkətlərdə 10 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Kərimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Kərimov Təqsirləndirilən şəxs oğlunun barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olaraq Bərdə RPŞ-də saxlanılan içərisində tədqiqatdan sonrakı qalıq çəkisi 1791,6 qram, ümumi sayı 42 ədəd tərkibində narkotik vasitə olan çətənə bitkiləri olan 1 ədəd sintetik kisə məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X3 vəkil işlədiyi Bərdə rayon Vəkil Bürosunun hesabına 60 manat, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Kərimov Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar