Məhkəmə qərarları › İş №1(100)-124/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-124/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-124/2022 26.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçilər – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X2 həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs 09 avqust 2021-ci il tarixdə, saat 12 radələrində Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən “Ağ Saray” şadlıq sarayının avtomobil dayanacağında nəzarətçi işləyən vaxt saraya gələn qonaqların nəqliyyat vasitələrinin dayanacağa yerləşdirilməsinə istiqamət göstərmək üçün istifadə etdiyi rezin çubuğun (dubinkanın) həmin restoranda ofisiant kimi işləyən Zərərçəkmiş şəxs tərəfindən götürülərək onun ələ salındığını zənn etdiyindən aralarında yaranmış mübahisə zamanı sonuncunun onun ailəsinin ünvanına nalayiq söyüşlər söydüyündən, qisas almaq niyyəti ilə restoranın binasının giriş hissəsində olan pilləkənin üzərində əvvəlcədən əldə edib üzərində saxladığı soyuq silah hesab edilməyən, tiyəsi 65 mm, dəstəyi 90 mm olmaqla ümumi uzunluğu 155 mm olan, qatlanmayan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsi nahiyyəsinə qəsdən 1 dəfə zərbə endirərək sonuncuya pnevmotoraksla müşayiət olunan döş qəfəsinin ön divarının daxilə keçən kəsilmiş deşilmiş yarasından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs restoranın foyesinə itələyərək yerə yıxıb əlində olan bıçaqla onun boğaz nahiyyəsindən təkrarən xəsarət yetirmək istəyərkən, ətrafda olan Şahid4 və Şahid2 müdaxilə edərək onu ayırdığından, eləcə də Şahid6 və Şahid5 tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdən adam öldürməkdə ifadə olunan cinayət əməlini başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona ittiham elan edilmiş Azərbaycan Respublikasının CM-nin 29, 120.1-ci maddəsi deyil, CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 09 avqust 2021-ci il tarixdə işlədiyi şadlıq sarayına gələn şəxslərin avtomobillərini dayanacaqda yerləşdirən zaman istiqamət göstərmək üçün istifadə etdiyi rezin çubuğu (dubinkanı) tapa bilməyib əsəbiləşmiş və şadlıq sarayının işçilərindən rezin çubuğun harada olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs əlində rezin çubuq ilə yanına gələrək dubinkanı onun götürdüyünü deyib əl-qol hərəkətləri etmiş və ailəsinin ünvanına nalayiq söyüşlər söymüşdür. O, Zərərçəkmiş şəxs söyüşlərini götürə bilməyib cibində gəzdirdiyi bıçaqla onun sol döş qəfəsi nahiyyəsindən bir dəfə vurmuş, lakin Zərərçəkmiş şəxs söyüş söyməyə davam etdiyindən o, sonuncunu itələyib şadlıq sarayının foyesinə yıxmış və üzərinə çıxaraq əlində olan bıçaqla yenidən onu vurmaq istəmiş, ətrafda olan şəxslər ona mane olaraq oradan uzaqlaşdırmışlar. Bundan başqa o, ifadəsində Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, söyüş söydüyü üçün onu qorxutmaq istədiyini və əməlindən peşman olduğunu bildirirək ona kömək edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, mübahisə zamanı Zərərçəkmiş şəxs onun ailəsinin ünvanına nalayiq söyüşlər söymüş, o, söyüşləri dayandırmasını desə də, sonuncu ona məhəl qoymayaraq söyüşlərini davam etdirmişdir. O, qardaşının şəhid olduğu üçün bu söyüşləri götürə bilməmiş və cibində gəzdirdiyi bıçağı onun sol döş qəfəsi nahiyyəsindən qəsdən bir dəfə vurmuşdur. Həmin vaxt onun yanında adlarını xatırlamadığı şəxslər olmuş, həmin şəxslərin yanında bıçağı ona vurduqdan sonra Hafiz onun ünvanına yenidən söyüşlər söydüyündən onu itələyərək foyeyə yıxmış və arxasıyla özü gələrək Hafizin üzərinə çıxıb əlində olan bıçaqla yenidən onun bədən nahiyyəsindən, hətta boğzından bıçaq vurmaq istəmişdir. Hafizin söydüyü söyüşlərə görə gözünü qan bürüdüyü üçün ondan yalnız qisas almağı düşünmüşdür. Belə olduqda ətrafda olan şəxslər Hafizi bıçaqla yenidən vurmağına mane olaraq onu kənara itələmişlər. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09 avqust 2021-ci il tarixdə, səhər saat 11 radələrində restoranın mətbəxində Anarla birlikdə yemək yedikdən sonra Anar rezin çubuğunu (dubinkasını) onun yanına qoymuş, o da Anarla zarafat etmək üçün rezin çubuğu gizlətmişdir. Anarın rezin çubuğu axtararaq onu gizlədən şəxsin ünvanına söyüş söydüyündən o da Anarın ünvanına söyüş söymüş və onlar şadlıq sarayının pilləkənin üstündə mübahisə etmişlər. Sonra o, şadlıq sarayının foyesinə daxil olarkən qapıya dəyib yıxılmış, yıxıldıqdan sonra Anarın onun üstündə olduğunu və kömək etmək istədiyini görmüşdür. Ayağa qalxanda oradakı şəxslər onun sinəsindən qan axdığını görüb xəstəxanaya aparmışlar. Bundan başqa o, ifadəsində Anarın əlində bıçaq görmədiyini, onunla barışdığını və ona qarşı şikayət və ya tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxslə mübahisə edib bir-birlərinin ünvanına söyüş söydükdən sonra Anar cibindən çıxardığı bıçaqla qəflətən onun döş qəfəsindən bir dəfə vuraraq itələyib şadlıq sarayının foyesinə yıxmış, daha sonra üstünə çıxaraq boğazından tutub bıçaqla vurmaq istəmişdir. Həmin vaxt hadisənin şahidi olan şəxslər Anarı onun üzərindən kənara çəkərək foyedə olan divana uzatmışlar. Köməyə gələn şəxslər olmasaydı, Anar onu öldürmək istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 09 avqust 2021-ci il tarixdə işlədiyi Ağ Saray şadlıq sarayının həyətində olarkən pilləkəndə insanların toplaşdıqlarını və restoranın foyesinə doğru qaçdıqlarını görmüb foyeyə tərəf qaçmış, içəriyə daxil olan zaman Zərərçəkmiş şəxs yerə yıxıldığını və Təqsirləndirilən şəxs əlindəki bıçağı yerə atıb Hafizi başından tutub qaldırmaq istədiyini görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs sinəsindən qan axdığını görüb ətrafdakı şəxslərin köməyi ilə onu xəstaxsanaya aparmışlar. Şahid2 məhkəmə istintaqı zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, şadlıq sarayının pilləkənənin üzərində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub restoranın foyesinə itələdiyini və yenidən Zərərçəkmiş şəxs üstünə gedərək onu öldürmək istədiyini görmüş, Elçin və tanımadığı digər şəxslərlə birlikdə Anarı oradan kənarlaşdıraraq Hafizi öldürməsinin qarşısını almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 09 avqust 2021-ci il tarixdə, təxminən saat 11-12 radələrində şadlıq foyesindən çıxan zaman Anarla Hafizin rezin çubuğun (dubinkanın) üstündə mübahisə edib bir-birini söydüklərini, Anarın qəfildən piləkənlə yuxarı qalxaraq cibindən çıxardığı bıçaqla Hafizin sol tərəfindən vurduğunu, Hafizin şadlıq sarayının foyesində yerə yıxıldığını və Anarın ona yaxınlaşdığını görmüşdür. Sonra ətrafda olan şəxslərin köməyi ilə Anarı oradan uzaqlaşdırmışlar. Bundan başqa o, ifadəsində Anar Hafizə ikinci dəfə yaxınlaşan zaman onun əlində bıçaq görmədiyini bildirmişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o şadlıq sarayının pilləkənində olan zaman Təqsirləndirilən şəxs foyedən çıxaraq pilləkəndən aşağı düşüb bir anlıq gözləmiş və qəfildən pilləkənlə yuxarı qalxaraq cibindən çıxardığı bıçaqla Hafizin sol tərəfindən ürəyinin altından vurmuşdur. Daha sonra onun yaxasından tutaraq itələyib foyeyə yerə yıxmış və üzərinə hücum edərək yenidən bıçaqla vurmaq istəmişdir. O dərhal içəriyə daxil olaraq Anarın Hafizi bıçaqla yenidən vurmaq istəməsinin qarşısını almışdır. Anar Hafizin yaxasından tutaraq onu özünə tərəf çəkib boğazını kəsmək istəmiş, o və ətrafda olan şəxslərin köməyi ilə Anara mane olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 09 avqust 2021-ci il tarixdə saat təxminən 12 radələrində xadimə işlədiyi şadlıq sarayının foyesini təmizləyən zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs restoranın pilləkənlərində dalaşdıqlarını, Anarın Hafizi restoranın içərisinə doğru itələyib şadlıq sarayının foyesinə yıxdığını və onun üstünə gedərək yenidən dalaşdığını görmüşdür. Həmin vaxt foyedə olan şəxslər Anarı oradan uzaqlaşdırmış, Hafizin döş qəfəsindən qan axdığından onu xəstəxanaya aparmışlar. Bundan başqa o, ifadəsində Anarın Hafizi bıçaqla vurmasının şahidi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 09 avqust 2021-ci il tarixdə saat təxminən 11 radələrində ofisiant işlədiyi “Ağ Saray” şadlıq sarayının zalında olan zaman səs - küy eşidərək çölə çıxmış, Zərərçəkmiş şəxs divanda uzandığını, sonuncunun sol döş boşluğundan qan axdığını görmüş və onu restoranda fotoqraf olan Şahid6 ilə birlikdə öz avtomobili ilə xəstəxanaya aparmışdır. O, ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasının şahidi olmadığını, Anarın Hafizi bıçaqla vurmasını sonradan eşitdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilən 15 sentyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs şadlıq sarayının giriş qapısını göstərərək həmin yerdə Təqsirləndirilən şəxs ilə mübahisə etdiklərini, mübahisə zamanı Təqsirləndirilən şəxs onu açıq qəhvəyi rəngli bıçaq ilə döş qəfəsi nahiyəsindən vuraraq xəsarət yetirdiyini, daha sonra hərəkətinə davam edərək, şadlıq sarayının foyesində onun boğaz nahiyəsinə xəsarət yetirmək istədiyini bildirmişdir. Məhkəmədə tədqiq edilən “diskə baxış keçirilməsi haqqında” 19 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi “Ağ Saray” şadlıq sarayından götürülmüş 1 ədəd DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs həmin şadlıq sarayının giriş qapısında Zərərçəkmiş şəxs bir dəfə bıçaqla vurması, zərbənin təsirindən Zərərçəkmiş şəxs şadlıq sarayının foyesinə yıxılması, Təqsirləndirilən şəxs hərəkətlərini davam edərək Zərərçəkmiş şəxs boğaz nahiyyəsindən tutaraq yenidən xəsarət yetirmək istəməsi, lakin ətrafda olan şəxslərin müdaxilə etməsi səbəbindən istəyini başa çatdıra biləməməsi aşkar görünmüşdür. Məhkəmədə tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” 09 avqust 2021cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən “Ağ Saray” şadlıq sarayının giriş hissəsində baş vermişdir. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji Dispanserinin 20 avqust 2021-ci il tarixli 489/161 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə anlaşmaya çətin daxil olma fərdi - psixi xasiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs qeyd oluan cinayət əməlini törədərkən fiziolojipsixoloji affekt halında olmamışdır. Məhkəmədə tədqiq edilən Məhkəmə Psixiatrik Ekspertiza X9 Şəxsinin 11 aprel 2022-ci il tarixli, 894 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “isterik tipli şəxsiyyət pozuntusu” aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş “isterik tipli şəxsiyyət pozuntusu” onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilyini dərk etmiş və öz hərəklərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan “isterik tipli şəxsiyyət pozuntusu” anlaqlığı istisna etməyən psixi pozuntu kimi qiymətlənirilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olsa da, hərəkətlərini tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də onun əməli CMnin 22-ci maddəsinin təsiri altına düşür. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və X3 20 oktyabr 2021-ci il tarixli, 896 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-pnevmotoraksla müşayət olunan döş qəfəsinin öz divarının daxilə keçən kəsilmiş– deşilmiş yarası deşici–kəsici əalətin təsirindən törənmişdir, ola bilsin ki, bıçaqla, müddəti qərarda göstərilən 09.08.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və X3 məhkəmə-tibbi kriminalistik ekspertizasının 05 noyabr 2021-ci il tarixli 645-MTKŞ/2021 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədəd aşkar olundu. Bu zədə küpü kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (bıçağın) təsirindən törənə bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd dəlib keçən zədə xətti ölçülərinə görə iz törədən alətin (bıçağın) eni daxil olma səviyyəsində 2.0 sm-ə qədər ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və X3 01 noyabr 2021-ci il tarixli, 787/2021-MTBŞ saylı maddi sübutların ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi Oalfa, beta (ı), ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigenləri alındı. “H” antigeni O(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş 1 ədəd bıçaq üzərində qan aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilən “götürmə aparılması haqqında” 09 avqust 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli uzun qollu köynək baxış keçirilərək götürülmüş, baxış zamanı köynəyin üzərində sol tərəf aşağıdan 3 sm yuxarıda 15 sm aşağıda 3 sm uzunluğunda zədə yeri vardır. Məhkəmədə tədqiq edilən “götürmə aparılması haqqında” 09 avqust 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi, cinayət hadisəsi zamanı istifadə etdiyi sarımtıl qəhvəyi dəstəkli bıçaq baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən Yevlax şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası SHXÇDX-nın Yevlax rayon şöbəsinin 23 may 2022-ci il tarixli sorğuya cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs qardaşı X1 Qarabağ müharibəsində iştirak etmiş və 03.07.1992-ci il tarixdə Kamiravan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Məhkəmədə tədqiq edilən Ağdam rayon İcra Hakimiyyəti başçısının Birinci Dördyolqəsəbə İƏD üzrə nümayəndəsinin 08 oktyabr 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması haqqında” 09 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 4(021)-88/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 avqust 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs 26 avqust 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəyən ziyan ödənilmiş, təqsirləndirilən şəxslə ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən xəstəlik kağızlarından görünür ki, Təqsirləndirilən şəxs 02.04.2016-cı il tarixdən “Kəskin ifadəli şəxsiyyətin isterik pozuntusu, nəzərə çarpan davamlı davranış pozuntusu və tez-tez baş verən dekompensasiyalar” diaqnozu ilə X11 Dispanserində dispanser müşahidəsindədir və müxtəlif tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə almışdır. Məhkəmədə tədqiq edilən “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında“ 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd disk, təqsiləndirilən Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq, zərəçəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş ağ köynək iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona ittiham elan olunmuş Azərbaycan Respublikasının CM-nın 29, 120.1-ci maddəsi ilə təqsirli bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, onu və ailəsini nalayiq ifadələrlə təhqir etdiyi üçün qorxutmaq istədiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu həmin xüsusatlara tənqidi yanaşır, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək, eləcə də xüsusilə ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, eləcə də ekspert rəyləri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Belə ki, ibtidai istintaq zamanı 09.08.2021-ci il tarixdə şübhəli şəxs qismində, 11.08.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söydüyü üçün əsəbləşərək Zərərçəkmiş şəxs yaxasından tutub cibində gəzdirdiyi bıçaqla onun döş qəfəsindən zərbə endirmiş və Zərərçəkmiş şəxs zərbənin təsirindən şadlıq sarayının foyesinə yıxılandan sonra əsəbi soyumadığından onun üzərinə hücum edərək yenidən zərbələr endirmək istəmiş, lakin orada olan şəxslər imkan verməmişlər. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən Təqsirləndirilən şəxs əlində bıçaq görmədiyini, yerə yıxılmasından sonra Təqsirləndirilən şəxs onun üstünə hücum etmədiyini, kömək etmək istədiyini bildirmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin ifadəsində göstərmiş olduğu həmin xüsusatlara tənqidi yanaşaraq onun ifadəsini təqsirləndirilən şəxsi müdafiə xarakterli ifadə kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı verdiyi ifadəsi və ifadəsinin yerində yoxlanılması haqqında protokol işin faktiki halları ilə uyğun gəldiyindən həmin ifadəni sübut kimi qəbul edib qiymətləndirir. Belə ki, zərəçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində, eləcə də ifadəsinin yerində yoxlanılması zamanı mübahisə edərkən təqsirləndirilən Təqsirləndirilən şəxslə bir-birlərinin ünvanına söyüş söydüklərini, sonuncunun cibindən çıxardığı bıçaqla qəflətən onun ürək nahiyyəsinin altından vurduğunu, foyeyə itələyərək yerə yıxdıqdan sonra üzərinə çıxaraq boğazından tutub yenidən bıçaqla vurmaq istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid2 ifadələrində təqsirləndirilən Təqsirləndirilən şəxs zərəçəkmiş Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, ikinci dəfə onun üstünə gedərkən onu yerdən qaldırmaq istədiyini və həmin vaxt onun əlində bıçaq görmədiklərini bildirmişlər. Məhkəmə, adları çəkilən şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq onların ifadələrini təqsirləndirilən şəxslə tanış olduqlarından onu müdafiə xarakterli ifadə kimi qiymətləndirir və onların ibtidai istintaq zamanı verdikləri ifadələri işin faktiki halları ilə uyğun gəldiyindən həmin ifadələri sübut kimi qəbul edib qiymətləndirir. Belə ki, şahidlər Şahid4 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şadlıq sarayının pilləkəninin üstünə bıçaqla vurub foyeyə doğru itələdiyini, Zərərçəkmiş şəxs şadlıq sarayının foyesində yerə yıxıldığını, Anarın Ağayevin onun üstünə gedib yenidən vuraraq öldürmək istədiyini və orada olan şəxslərin buna məne olduğunu göstərmişlər. Bundan başqa məhkəmə istintaqı zamanı nümayiş etdirilən, hadisənin baş verdiyi “Ağ Saray” şadlıq sarayının təhlükəsizlik kameralarına düşmüş, hadisənin baş vermə anını əks etdirən video görüntüdən aşkar şəkildə görünür ki, zərəçəkmiş Zərərçəkmiş şəxs şadlıq sarayının foyesinə yıxıldıqdan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs yenidən onun üstünə hücum edir və ətrafdakı şəxslərin köməyi ilə onları ayırmaq mümkün olur. Yuxarıda qeyd olunan hallar təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin məhkəmədə qeyri-səmimilik göstərərək özünü müdafiə xarakterli ifadə verməsini bir daha təsdiq edir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə edilərək göstərilmişdir ki, qəsdən adam öldürmə işlərinin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmçinin həmin qərarda göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Göründüyü kimi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin həyatı üçün təhlükə yarada biləcək mühüm orqanına xəsarət yetirməsi, həmçinin zərəçəkmiş şəxs yerə yıxılandan sonra onun üzərində hücum edərək yenidən xəsarət yetirməyə cəhd etməsi və zərərçəkmiş şəxsə heç bir yardım etmədən hadisə yerindən çıxıb getməsi təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrumetmə məqsədinin olmasını birmənalı olaraq təsdiq edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini cinayət təqibi orqanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə düzgün tövsif etmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsində göstərilir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasının yuxarı həddi 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə məhdudlaşdırıldığından, həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət etməyə cəhdə görə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təyin edilə biləcək cəzanın yuxarı həddi 10 (on) il 6 (altı) aydan artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəmkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, anlaqlığı istisna etməyən psixi pozuntusunun olması CM-nin 59.1.9-cu maddəsinə əsasən, qardaşı X5 Birinci Qarabağ müharibəsi zamanı şəhid olması isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 9-cü maddəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, CM-in 60-cı maddəsində göstərilən əsaslar olduqda başa çatmış cinayətlərə görə cəza təyin edilərkən bu müddət müvafiq maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən artıq olmayan müddətlə məhdudlaşmalı, cinayət etməyə cəhdə görə isə dörddə üçün dörddə üçündən çox olmayan müddətə bərabər olmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3 və 60-cı maddələrinə, eləcədə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarına əsasən hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 120.1-ci maddəsinin saksiyasında nəzrədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin, yəni 14 (on dörd) ilin dörddə üçünün dörddə üçündən yəni, 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gündən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bərdə rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 4(021)-88/2021 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 avqust 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut qismində Bərdə rayon prokurorluğunda saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd ağ köynək onun özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə məhv edilməli, cinayətin aləti olan bir ədəd bıçaq istifadəyə yararsız olduğundan məhv edilməli, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 07 (yeddi) il 10 (on) ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 09 avqust 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində Bərdə rayon prokurorluğunda saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd ağ köynək onun özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin, cinayətin aləti olan bir ədəd bıçaq istifadəyə yararsız olduğundan məhv edilsin, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 150 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar