Məhkəmə qərarları › İş №1(100)-127/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-127/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-127/2025 31.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Qasımov Zaur Zabil oğlunun, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Qəhrəmanov Zabil Köçəri oğlunun və təqsirləndirilən şəxs Mayılov Rüfət Rasim oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 01.07.1981-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, Gəncə şəhəri, Atatürk prospekti 197, ev 3, mənzil 60 ünvanında qeydiyyatda olmaqla, tutulanadək Gəncə şəhəri Natavan qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan - Mayılov Rüfət Rasim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Mayılov Rüfət Rasim oğlu istintaqa məlum olmayan vaxt və mənbədən külli miqdarda, yəni təmiz çəkisi 11,310 qram narkotik vasitə olan heroini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 22 oktyabr 2023-cü il tarixdə saat 16:00-da Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələr istifadə etməkdə, qanunsuz olaraq üzərində gəzdirməkdə və satmaqda şübhəli bilinərək Gəncə şəhəri “Sərçə bazarı”nın yaxınlığında saxlanılıb, Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçəsinin sol yan iç cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 11,310 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Mayılov Rüfət Rasim oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 oktyabr 2023cü il tarixdə həyat yoldaşı və 2 azyaşlı övladı ilə birlikdə özünə məxsus avtomobil ilə Gəncə şəhərində yerləşən “Sərçə bazarı” kimi tanınan bazara meyvə almaq üçün getmişdir. Bazardan meyvə alarkən mobil telefonunu avtomobildə unutduğundan telefonunu götürmək üçün avtomobilə doğru hərəkət etmiş, bu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq heç bir sənəd təqdim etmədən onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getməli olduğunu bildirmişlər. O, həmin şəxslərin kim olduğunu soruşan zaman onlar polis əməkdaşları olduqlarını bildirmiş və həmin şəxslərin adının İlkin və Zaur olduğu ona sonradan məlum olmuşdur. Həmin şəxslər ona yaxınlaşan zaman Araz Hökmalıyev orada olmamış, Rizvan Nuriyev isə kənarda olmuşdur. O, mülki geyimdə olan polis əməkdaşlarından hansı səbəbdən BPİ-yə getməli olduğunu soruşduqda, polis əməkdaşları ona “gəl Gəncə şəhər Baş Polis İdarəsinə gedək, səbəbini İdarədə öyrənəcəksən” deyə bildirərək, onun qolundan tutub gəldikləri avtomobilə əyləşməyini istəmişlər. O, həmin şəxslərə ailəsi ilə birlikdə olduğunu, ailəsini evə apardıqdan sonra onlarla bilrikdə BPİ-yə gedəcəyini bildirmiş, lakin polis əməkdaşları onunla razılaşmayaraq ona fiziki güc tətbiq etməyə başlamışlar. Baş verən hadisə zamanı orada olan arvadı Azmanova Nataliya Sergeyevna iki azyaşlı övladı ilə birlikdə onlara yaxınlaşaraq nə baş verdiyini soruşduqda ona məhəl qoymamışlar, arvadı Nataliya Azmanova ona olunan qanunsuzluqları videoçəkilişlə qeydə alan zaman Gəncə BPİ-nin CAB-ın rəis müavini kimi tanıdığı Musayev Şahin Şakir oğlu da oraya gəlmiş, daha sonra polis əməkdaşları onun arvadının telefonunu əlindən almış, həmçinin qeydə alınan videogörüntülər polis əməkdaşları tərəfindən telefonun parolu sındırılaraq silinmişdir. Bundan sonra özlərini polis əməkaşları kimi təqdim edən şəxslər ona və ailəsinə qarşı fiziki zor tətbiq edərək, onu məcbur özlərinin “Hyundai Tucson” markalı avtomobillərinə əyləşdirib və avtomobildə onu döyə-döyə Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər. O, polis əməkdaşlarından onu hansı səbəbə görə döydüklərini soruşduqda, polis əməkdaşları ona İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini bildirmişlər. Ona Baş Polis İdarəsində də fiziki və psixoloji zor tətbiq etmişlər və Niyaməddin adlı polis əməkdaşı onun üzərinə heç bir baxış həyata keçirmədən, ona məxsus mobil telefonu onun əlindən alaraq müsadirə etmiş, içərisində növünü bilmədiyi narkotik vasitə olan sellofan bükümünü dolabdan çıxararaq, ondan sözügedən narkotik vasitəni cibinə qoymağını və üzərinə videoçəkilişlə baxış keçirilərkən həmin bükümü “Sərçə bazarı” kimi tanına yerdən, evinin yaxınlığından tapdığını söyləməyini tələb etmişdir. Polis əməkdaşları, ona həmin narkotik vasitənin onun olduğunu etiraf etməyəcəyi təqdirdə ailəsini də onun yanına gətirəcəklərini və həmin narkotik vasitələri evindən çıxaracaqlarını bildirmişlər. Bundan sonra onun üzərinə baxış keçirilərkən polis əməkdaşları videoçəkilişdə özlərinin dəvət etdiyi müdafiəçinin israrla iştirak edəcəyini bildirmiş və videoçəkiliş vasitəsi ilə aparılan axtarış və baxış zamanı o, göstərilən təzyiqlər qarşısında məcbur qalaraq sözügedən narkotik vasitələri tapdığını və özündə saxladığını etiraf etmək məcburiyyətində qalmışdır. O, müxtəlif kəşfiyyat qruplarında xidmət etdiyi üçün videoçəkiliş vasitəsi ilə onun üzərinə baxış həyata keçirilərkən, müəyyən jest, əl-qol və mimikalar vasitəsi ilə ona fiziki təzyiqlər olunduğunu, eyni zamanda gödəkcəsinin qarşısının olunan təzyiqlər nəticəsində söküldüyünü göstərmiş və ayaqlarının ağrıdığını göstərmək üçün isə stol-stula söykənmişdir. Təqsirləndirilən şəxs Mayılov Rüfət Rasim oğlu verilən suallara cavab olaraq bildirmişdir ki, O, heç vaxt narkotik vasitə istifadə etməmişdir. O, hərbi xidmət zamanı kəşfiyyatçı olduğu üçün müəyyən döyüş tapşırıqlarında iştirak etmiş və özü də uzun müddət idmanla məşğul olmuşdur. Həmin döyüş tapşırıqlarından sonra əməliyyat olunmuş və həmin əməliyyatdan sonra ona həkimlər tərəfindən “nevroz” diaqnozu qoyulmuşdur. 2008-ci il tarixindən də Nevrologiya şöbəsində qeydiyyatdadır. Bundan sonra ona həkimlər tərəfindən müəyyən əsəb sakitləşdirici dərmanlar tövsiyyə olunmuş və o da, həmin dərmanlardan istifadə etmişdir. Polis əməkaşları onun İran İslam Respublikası xüsusi xidmət orqanları ilə əməkdaşlığının olduğunu və ondan keçmişdə İrana səfər edib-etmədiyini soruşmuşlar, O isə öz növbəsində 2016-cı il tarixdə ailəsi ilə bağlı İran İslam Respublikasına səfər etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun tutulmağının “sifariş” olduğunu ona bildirmişlər. O, eyni zamanda dini inanclarına görə tutulduğunu bildirmişdir. Tutulduqdan təxmini 20 gün sonra onun dövlət qurumlarına şikayət etməyinə şərait yaradılmış. O, 20 gün sonra şikayət edən zaman isə Gəncə şəhər Prokurorunun köməkçisi Allahverdi Abuzərov gəlmiş, onda olan qançırların və zədələrin 5-6 gün əvvəlin zədəsinə bənzədiyini, həmin zədələrin təcridxanada yarana biləcəyini bildirmişdir. O, tutulan gün başı ağrıdığı üçün bazara nar almağa getmiş, həmin vaxt saat 14:00 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nuriyev Rizvan Bahadur oğlu ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinə Mayılov Rüfət Rasim oğlunun külli miqdarda narkotik vasitələri üzərində gəzdirməsi, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən şonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mayılov Rüfət Rasim oğlunun Gəncə şəhəri “Sərçə bazarı”adlanan yerin yaxınlığında olmasını müəyyən edib həmin yerə getmişlər və Rüfət Mayılovu saxlayaraq Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına aparmışlar. Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında qanunamüvafiq qaydada Rüfət Mayılovu müdafiəçi ilə təmin etdikdən sonra Rüfət Mayılovun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış həyata keçirilmişdir. Baxış zamanı Rüfət Mayılov könüllü şəkildə üzərində olan növünü və çəkisini dəqiq xatırlamadığı narkotik vasitəni çıxararaq təqdim etmişdir. Şahid Nuriyev Rizvan Bahadur oğlu verilmiş suallara cavab olaraq göstərmişdir ki, əməliyyat qrupunun tərkibinə o, İlkin Abdullayev və Araz Hökmalıyev daxil edilmişlər və əməliyyat qrupuna rəhbərliyi o həyata keçirmişdir. Təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi təzyiq olmamış və təqsirləndirilən şəxs könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir müqavimət göstərməmiş və əməliyyat tədbrinin həyata keçirilməsi üçün əlavə qüvvə cəlb olunmamışdır. Keçirilmiş əməliyyat tədbirindən sonra prokurorluğa və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə məlumat verilmişdir. Təqsirləndirilən şəxsin üzərinə baxış həyata keçirilən zaman iştirak edən müdafiəçinin kim olduğunu xatırlmadığını bildirmişdir. Bundan başqa ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abdullayev ilkin Hafiz oğlu ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinə Mayılov Rüfət Rasim oğlunun külli miqdarda narkotik vasitələri üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən şonra əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Mayılov Rüfət Rasim oğlu Gəncə şəhəri “Sərçə bazarı” adlanan yerin yaxınlığında müəyyən edilərək, Rüfət Mayılova yaxınlaşıb özlərini təqdim edərək, onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında Rüfət Mayılovu müdafiəçi ilə təmin etdikdən sonra Rüfət Mayılovun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış həyata keçirilmişdir. Baxış zamanı Rüfət Mayılovun üzərindən çəkisini xatırlamadığı narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şahid Abdullayev ilkin Hafiz oğlu verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirəndirilən şəxs Rüfət Mayılovu “Sərçə bazarı” adlanan yerin yaxınlığında tək piyada hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxs ondan aşkar olunan narkotik vasitəni tapdığını bildirmişdir. Bu işlə bağlı prokurorluq orqanlarının əməkdaşlarının onları dindirdiyini, lakin hansı səbəbdən dindirdiyini xatırlamır. Əməliyyat qrupunun tərkibinə o, İlkin Abdullayev və Araz Hökmalıyev daxil edilmişlər. Onlar hər hansı qadını Gəncə şəhər Baş Polis İdarəsinə aparmamışlar. Bundan başqa ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O, bir çox cinayət işi ilə bağlı prokurorluq orqanlarına ifadə verdiyi üçün bu işlə bağlı aparılan araşdırma zamanı prokurorluq orqanlarına verdiyi izahatını xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hökmalıyev Araz Polad oğlu ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinə Mayılov Rüfət Rasim oğlunun külli miqdarda narkotik vasitələri üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən şonra əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Mayılov Rüfət Rasim oğlu Gəncə şəhəri “Sərçə bazarı”adlanan yerin yaxınlığında müəyyən edilərək, Rüfət Mayılova yaxınlaşıb özlərini təqdim edərək, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla Rüfətə Mayılova tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib, Rüfət Mayılovu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında Rüfət Mayılovu müdafiəçi ilə təmin etdikdən sonra Rüfət Mayılovun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış həyata keçirilmişdir. Baxış zamanı Rüfət Mayılova üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet olması soruşulan zaman Rüfət Mayılov üzərindən narkotik vasitə heroinə bənzər kütləni könüllü şəkildə təqdim etmişdir. Şahid Hökmalıyev Araz Polad oğlu verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirəndirilən şəxs Rüfət Mayılovu “Sərçə bazarı” adlanan yerin yaxınlığında tək olan zaman saxlamışlar. Təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi təzyiq olmamış və təqsirləndirilən şəxs də onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitənin çəkisini xatırlamamışdır. Bundan başqa ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxsi saxlayan zaman “Sərçə bazarı”nda olan adamlar onlara müdaxilə etməmişdir. Bu işlə bağlı prokurorluq orqanında aparılan araşdırma zamanı dindirilmiş, lakin hadisənin üzərindən xeyli müddət keçdiyi üçün verdiyi izahatı xatırlamamışdır. Prokurorluqda ifadə verən zaman verilən suallara uyğun olaraq cavablar vermişdir. Təqsirləndirilən şəxsin əməliyyat tədbiri keçirilən zaman onun orada olmadığını iddia etməsinin isə özünümüdafiə xarakteri daşıdığını və yalan olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsi saxlayan zaman 3 nəfər polis əməkdaşı olmuşlar və şəxsi idarəyə məxsus avtomobil ilə aparmışlar. Əməliyyat tədbiri zamanı əlavə qüvvə olaraq Gəncə şəhər BPİ-nin, PPX-nin əməkdaşlarının çağırılmasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Musayev Şahin Şakir oğlu ifadəsində göstərmişdir ki, O, hazırda Gəncə şəhər Baş Polis İdarəsinin CAB-ın rəisi vəzifələrini müvəqqəti icra edir. Təqsirləndirilən şəxs Rüfət Mayılovun saxlanmasında iştirak etməmiş, sadəcə olaraq CAB-ın əməliyyat müvəkkilləri əməliyyat tədbiri həyata keçirərkən orada səsküy yaranmış və CAB-ın keçmiş rəisi Ramin adlı polis əməkdaşı da ona zəng edərək ondan harada olduğunu soruşduqda, onun olduğu ərazinin əməliyyat tədbirinin həyata keçirildiyi əraziyə yaxın olduğu üçün CAB-ın rəisi ona həmin əməliyyat tədbirinin həyata keçirildiyi əraziyə getməsini bildirmişdir. Bundan sonra O, əməliyyat tədbirinin keçirildiyi əraziyə gedən zaman orada sonradan Rüfət Mayılovun arvadı olduğunu bildiyi Natalya Azmanovanın əməliyyat tədbirinin keçirildiyi ərazidə səs-küy yaratdığını görüb ona yaxınlaşaraq özünü təqdim etmiş və orada sakitçiliyi təmin etdikdən sonra həmin yerdən kənarlaşmışdır. Şahid Musayev Şahin Şakir oğlu verilən suallara cavab olaraq göstərmişdir ki, O, təqsirləndirilən şəxsin saxlanıldığı əraziyə gedən zaman orada Rüfət Mayılovun arvadı Natalya Azmanovanın səs-küy yaratdığını görmüşdür. CAB-ın əməliyyat müvəkkillərinin onun orada olmamasını bildirmələri barədə ehtimal edir ki, CAB-ın əməliyyat müvəkkilləri çoxlu sayda əməliyyat tədbirlərində iştirak etdikləri üçün xatırlamaya bilərlər. Təqsirləndirilən şəxsin arvadına qarşı heç bir fiziki və psixi təzyiq olunmamış, sadəcə olaraq həmin şəxs səs-küy yaratdığı üçün ona səs-küy yaratmaması barədə xəbərdarlıq olunmuşdur. Bu işlə bağlı prokurorluq orqanında aparılan araşdırma zamanı izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azmanova Natalya Sergeyeva ifadəsində göstərmişdir ki, 22 oktyabr 2023-cü il tarixdə, əri Rüfət Mayılov və iki azyaşlı övladları ilə birlikdə Gəncə şəhərində yerləşən “Sərçə Bazarı” adlanan yerə getmişlər. Onun əri Rüfət Mayılov avtomobilinə doğru hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşları Rüfət Mayılova yaxınlaşaraq özlərini təqdim etmədən və heç bir sənəd göstərmədən onu güclə maşına əyləşdirməyə çalışmışlar. Polis əməkdaşları Rizvan, İlkin və Zaur olmuşdur. Daha sonra gələn avtomobildə isə sonradan adını bildiyi Şahin Musayev olmuşdur. O, həmin yerə yaxınlaşaraq polis əməkdaşlarından özlərini təqdim etməsini tələb etmiş və hansı səbəbdən Rüfəti maşına əyləşdirdiklərini onlardan soruşmuşdur. Polis əməkdaşları ona əhəmiyyət verməyərək Rüfət Mayılova fiziki güc tətbiq edərək maşına əyləşdirmişlər və o isə olunan qanunsuzluqları mobil telefonu vasitəsi ilə qeydə alan zaman Şahin Musayev ona fiziki zor tətbiq etmiş və onun şəxsi əşyalarını və telefonunu əlindən alıb götürmüşlər. Daha sonra isə onun qeydə aldığı görüntüləri polis əməkdaşları ona məxsus telefonun parolunu sındıraraq silmişlər. Bundan sonra Rüfət Mayılovu və onları da başqa avtomobil ilə Baş Polis İdarəsinə aparmışlar. Gəncə BPİ-də onlar 2 saat gözləmişlər və xeyli müddətdən sonra Şahin Musayev onu təhdid edərək BPİ-dən kənarlaşmasını istəmiş, əks təqdirdə onun oğlunu da tutacağını, eyni zamanda kənarlaşmayacaqları təqdirdə Rüfət Mayılova “sifariş” olduğunu bildirəcəklərini demişlər. O, dəfələrlə şikayət etmiş və onu polis şöbəsinə çağıran zaman Rus dilini bildiyi üçün polis əməkdaşı Samir müəllimi də çağırmışlar, ancaq yenədə onları polis şöbəsində təhdid etmişlər. Rüfət Mayılova polis əməkdaşları tərəfindən fiziki güc tətbiq olunduqdan sonra onun bədənində olan zədələri ekspert və Gəncə şəhər Prokurorunun köməkçisi Allahverdi Abuzərov gizlətmişlər. O, şikayət edən zaman Allahverdi Abuzərov ona buranın Rusiya Federasiyası olmadığını bildirmişdir. Şahid Azmanova Natalya Sergeyeva verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları Rüfət Mayılova yaxınlaşan zaman o, bazarın içərisində olmuş Rüfət Mayılov isə “Oba” marketin yanında avtomobilin yanında olmuşdur. Polis əməkdaşları Rüfət Mayılovu saxlayan zaman o mobil telefonu ilə görüntüləri qeydə almış, lakin Zaur adlı polis əməkdaşı mobil telefonunu əlindən alıb və sonradadan onun qeyd aldığı görüntüləri silmişlər. Rüfət Mayılovu saxlayan zaman polis əməkdaşları fiziki zor tətbiq etmişlər və Şahin Musayev gəldikdən sonra yenidən Rüfət Mayılovun əl-qolunu bağlayaraq ona zor tətbiq etmişlər, onu isə Şahin Musayev fiziki güc tətbiq edərək arxaya çəkmişdir. Hadisənin görüntüləri yaxınlıqda olan marketin kameralarında qeydə alınsa da, onlara həmin görüntüləri verməmişlər, polis əməkdaşları həmin kamera görüntülərini silmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22.10.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Mayılov Rüfət Rasim oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün 22.10.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 24.10.2023-cü il tarixli 4(125)-524/2023 saylı qərarından görünür ki, Mayılov Rüfət Rasim oğlunun barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 22.10.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 oktyabr 2023-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı İsmaylov Gündüz İsrayıl oğlu, Gəncə şəhər Baş Polis İdarəsinin CAİnin baş əməliyyat müvəkkili Nuriyev Rizvan Bahadur oğlu, həmin İdarənin əməliyyat müvəkkili Abdullayev İlkin Hafiz oğlu, həmin idarənin kiçik inspektoru Hökmalıyev Araz Polad oğlu və müdafiəçi Bağırov Siyavuş Qasım oğlunun iştirakı ilə şübhəli şəxs Mayılov Rüfət Rasim oğlunun üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Mayılov Rüfət Rasim şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Mayılov Rüfət Rasim oğlu əynində olan göy rəngli gödəkçənin sol yan iç cibindən 1 ədəd sellofan bükümü təqdim edir. Təhqiqatçı Gündüz İsmayılovun sualına cavab olaraq şübhəli şəxs Rüfət Mayılov bildirir ki, həmin bükümü Gəncə şəhəri, “Sərçə bazarı”nın yaxınlığında yerdən tapdığını, həmin kütləni narkotik vasitə olan heroinə bənzətdiyini, həmin bükümdən istifadə etmədiyini, başqa kiməsə vermədiyini, başqa yerdə saxlamadığını bildirir. Həmin bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli və ilk baxışdan narkotik vasitə olan “heroinə” oxşar kütlə olması müəyyən olunur. Daha sonra şübhəli şəxs Rüfət Mayılovun üzərində şəxsi axtarış keçirilir, şəxsi axtarış zamanı üzərindən başqa dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Götürülmüş “heroinə” oxşar kütlə elektron tərəzidə çəkilir və narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 11,52 qram olmaqla içərisi boş ağ rəngli zərfə qoyulub qablaşdırılır və zərfin üzəri Az.Resp-sı DİNnin 91 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 16/1096 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Mayılov Rüfət Rasim oğlunun üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümdə olan kütlə” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 11,310 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2023-cü il tarixli 1878 nömrəli rəyindən görünür ki, Mayılov Rüfət Rasim oğlu narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Prokurorluğunun 21 noyabr 2023-cü il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Mayılov Rüfət Rasim oğlunun üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalınaraq narkotik vasitənin üzərinə qoyulduğunu, buna görə də özünü təqsirli bilmədiyini bildirməsi xüsusatının araşdırılması üçün Gəncə şəhər prokurorluğuna göndərilmişdir. Gəncə şəhər prokurorluğunda müvafiq araşdırma aparılaraq 21.11.2023-cü il tarixdə cinayət hadisəsinin olması müəyyən edilmədiyi üçün cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 14.11.2023-cü il tarixli 1715 saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü vət. Mayılov Rüfət Rasim oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarət – sol bud nahiyyəsinin qançırı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti müayinə olunan vaxta nəzərən 6-9 gündür. (müayinə olunanın göstərdiyi tarixə, yəni 22.10.2023-cü il tarixə uyğun gəlmir.) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, verilmiş əməliyyat tapşırığına 15 noyabr 2023-cü il tarixli, 3-13-57,1-30640,23 saylı cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Mayılov Rüfət Rasim oğlunun narkotik vasitə olan heroini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Mayılov Rüfət Rasim oğlunun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması müəyyən edilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Mayılov Rüfət Rasim oğlu üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə edərək saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Rusiya Federasiyası, Moskva vil. Baş VVAQ idarəsinin, Yeqoryevski VVAQ şöbəsi tərəfindən verilmiş və Gəncə “ASAN xidmət” mərkəzinin Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 16 avqust 2018-ci il tarixli, VI ИК (İK) 679751 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04.08.2018-ci il təvəllüdlü Aminə Rüfətovna, Mayılov Rüfət Rasim oğlunun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Rusiya Federasiyası, Moskva vil. Baş VVAQ idarəsinin, Solntsevski VVAQ şöbəsi tərəfindən verilmiş və Gəncə “ASAN xidmət” mərkəzinin Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 20 iyul 2013-cü il tarixli, VI МЮ(MY) 696641 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03.07.2013-cü il təvəllüdlü Əli-Hüseyn Rüfətoviç, Mayılov Rüfət Rasim oğlunun oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 25 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Mayılov Rüfət Rasim oğlu 26.08.1999-cu ildə Azərbaycan Respublikası CM-nin 93.3-cü maddəsinin 3-cü hiss maddəsi ilə təqsiləndirilərək 03 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 27.05.2001-ci il tarixdə AR CM-nin 76-cı maddəsinə əsasən 01 il 03 ay 01 gün müddətinə vaxtında əvvəl şərti azad edilib. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21.11.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Mayılov Rüfət Rasim oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 11,260 qram olan narkotik vasitə heroin, həmçinin cinayət işinə əlavə edilmiş 22 oktyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Mayılov Rüfət Rasim oğlunun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxs Rüfət Mayılovun, eləcə də onun arvadı Natalya Azmanovanın məhkəməyə verdiyi ifadələrində ibtidai araşdırma zamanı Rüfət Mayılovun polis əməkdaşları tərəfindən fiziki-psixi təzyiqlərə məruz qalması, ondan aşkar olunan narkotik vasitənin polislər tərəfindən qoyulması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Rüfət Mayılovun özünün ibtidai istintaq zamanı verdiyi ilkin izahatı, videoçəkilişdən istifadə olunmaqla üzərinə keçirilmiş “şəxsi axtarış və baxış keçirilməsi haqqında” protokol, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, ona təzyiqlər olunması ilə bağlı Gəncə şəhər Prokuorluğunda aparılmış araşdırma zamanı sözügedən hala görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ilkin izahatının işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Təqsirləndirilən şəxs Mayılov Rüfət Rasim oğlu ibtidai istintaq zamanı verdiyi ilkin izahatında göstərmişdir ki, 22.10.2023-cü il tarixdə saat 16:00 radələrində Gəncə şəhəri “Sərçə” bazarının yaxınlığında olarkən mülki geyimdə 3 nəfər mənə yaxınlaşıb özlərini ona polis əməkdaşı kimi təqdim etmişlər. Sonra onlar Gəncə şəhər BPİ-yə getməyi üçün onu dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-yə gəlmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O da üzərində olan bir ədəd selofan bükümü təqdim edərək içərisində olan kütlənin narkotik olduğunu bildirmişdir. Həmin bükülünü Sərçə bazarının yaxınlığından yerdən tapdığını, həmin narkotik vasitədən heç kimə satmadığını, həmin bükülüdən istifadə etmədiyini, başqa yerdə saxlamadığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin müdafiəçinin və digər şəxslərin iştirakları ilə elektron tərəzidə çəkilmiş, bir ədəd selofan bükümün çəkisi 11,52 qram olmuşdur. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə olan kütlə qablaşdırılmış, sonra zərfə qoyularaq 91 saylı möhürlə möhürlənmişdir. Daha sonra bu barədə akt tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarla təstiq etmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, heç vaxt narkotik vasitə istifadə etməmiş, üzərindən aşkar edilib götürülmüş bir ədəd sellofan bükümdə olan narkotik vasitəni 22.10.2023-cü il tarixdə səhər saatlarında “Sərçə bazarı”nın yaxınlığında yerdən tapmış və sonra atacağını fikirləşərək üzərində saxlamışdır. Həmin narkotik vasitədən heç kimə verməmiş və heç bir yerdə saxlamamışdır. O, Gəncə şəhər BPİ-yə gətirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir təzyiq olunmamışdır. Məhkəmə-tibb ekspertizasının 14.11.2023-cü il tarixli 1715 saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü vət. Mayılov Rüfət Rasim oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarət – sol bud nahiyyəsinin qançırı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti müayinə olunan vaxta nəzərən 6-9 gündür. ( müayinə olunanın göstərdiyi tarixə, yəni 22.10.2023-cü il tarixə uyğun gəlmir.) Eyni zamanda məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Nuriyev Rizvan Bahadur oğlu, Abdullayev ilkin Hafiz oğlu, Hökmalıyev Araz Polad oğlu və Musayev Şahin Şakir oğlu ifadələrində Rüfət Mayılovun məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən Rüfət Mayılova qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını bildirmişlər. Məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2023-cü il tarixli 1878 nömrəli rəyindən görünür ki, Mayılov Rüfət Rasim oğlu narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Bundan başqa 27 oktyabr 2023-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə Şəhər BPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Mayılov Rüfət Rasim oğlunun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı İsmaylov Gündüz İsrayıl oğlu, Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin baş əməliyyat müvəkkili Nuriyev Rizvan Bahadur oğlu, həmin İdarənin əməliyyat müfəkkili Abdullayev İlkin Hafiz oğlu, həmin idarənin kiçik inspektoru Hökmalıyev Araz Polad oğlu və müdafiəçi Bağırov Siyavuş Qasım oğlunun iştirakı ilə şübhəli şəxs Mayılov Rüfət Rasim oğlunun üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Mayılov Rüfət Rasim şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Mayılov Rüfət Rasim oğlu əynində olan göy rəngli gödəkçənin sol yan iç cibindən 1 ədəd sellofan bükümü təqdim edir. Təhqiqatçı Gündüz İsmayılovun sualına cavab olaraq şübhəli şəxs Rüfət Mayılov bildirir ki, həmin bükümü Gəncə şəhəri, Sərçə bazarının yaxınlığında yerdən tapdığını, həmin kütləni narkotik vasitə olan heroinə bənzətdiyini, həmin bükümdən istifadə etmədiyini, başqa kiməsə vermədiyini, başqa yerdə saxlamadığını bildirir. Həmin bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli və ilk baxışdan narkotik vasitə olan “heroinə” oxşar kütlə olması müəyyən olunur. Daha sonra şübhəli şəxs Rüfət mayılovun üzərinə şəxsi axtarış keçirilir, şəxsi axtarış zamanı üzərindən başqa dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Götürülmüş “heroinə” oxşar kütlə elektron tərəzidə çəkilir və narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 11,52 qram olmaqla içərisi boş ağ rəngli zərfə qoyulub qablaşdırılır və zərfin üzəri Az.Resp-sı DİN-nin 91 saylı möhürü ilə möhürlənərək iştirkçılar tərəfindən imzalanmışdır. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Mayılov Rüfət Rasim oğlunun məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin izahatının işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Mayılov Rüfət Rasim oğlunun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Mayılov Rüfət Rasim oğlunun qanunsuz olaraq əldə edib, saxladığı ümümi təmiz çəkisi 11,310 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Mayılov Rüfət Rasim oğlunun yuxarıda qeyd olunan heroini satış məqsədilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları ifadələrində narkotik vasitənin və psixotrop maddənin istifadəsi ilə bağlı ilkin əməliyyat məlumatının olmasına baxmayaraq, sonradan Rüfət Mayılovun narkotik vasitənin satışı ilə məşğul olması və ya narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə heç bir məlumatın əldə edilmədiyini bildirmişlər. Eyni zamanda verilmiş əməliyyat tapşırığına 15 noyabr 2023-cü il tarixli, 3-13-57,1- 30640,23 saylı cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Mayılov Rüfət Rasim oğlunun narkotik vasitə olan heroini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Mayılov Rüfət Rasim oğlunun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması müəyyən edilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Mayılov Rüfət Rasim oğlu üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə edərək saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Mayılov Rüfət Rasim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Rüfət Mayılovun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə Rüfət Mayılovun heroini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin külli miqdarda olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Mayılov Rüfət Rasim oğlunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik vasitənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmənin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha vurğulayır ki, təqsirləndirilən şəxs Rüfət Mayılov külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Rüfət Mayılovun sözügedən narkotik vasitəni satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahatı ilə yanaşı, videoçəkilişdən istifadə olunmaqla üzərinə keçirilmiş şəxsi axtarış və baxış keçirilməsi haqqında protokoldan, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəməkimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs Mayılov Rüfət Rasim oğlunun əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa təqsirləndirilən şəxs Mayılov Rüfət Rasim oğlunun cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, həmçinin həmin qanuna əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Mayılov Rüfət Rasim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Mayılov Rüfət Rasim oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Mayılov Rüfət Rasim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ilədən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Mayılov Rüfət Rasim oğlunun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Mayılov Rüfət Rasim oğluna törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Mayılov Rüfət Rasim oğlunun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Təqsirləndirilən Mayılov Rüfət Rasim oğlunun himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən Mayılov Rüfət Rasim oğlunun cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Mayılov Rüfət Rasim oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Mayılov Rüfət Rasim oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2023-cü il tarixli 1878 nömrəli rəyindən görünür ki, Mayılov Rüfət Rasim oğlu narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22.10.2023-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Mayılov Rüfət Rasim oğlu 22.10.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 24.10.2023-cü il tarixli 4(125)-524/2023 saylı qərarından görünür ki, Mayılov Rüfət Rasim oğlunun barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 22.10.2023-cü il tarixdən hesablanmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Mayılov Rüfət Rasim oğlunun həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 22.10.2023-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, maddi sübut olan və Mayılov Rüfət Rasim oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 11,260 qram olan narkotik vasitə heroin Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, həmçinin cinayət işinə əlavə edilmiş 22 oktyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Mayılov Rüfət Rasim oğlunun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, Mayılov Rüfət Rasim oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 11,260 qram olan narkotik vasitə heroin məhv edilməli, həmçinin cinayət işinə əlavə edilmiş 22 oktyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Mayılov Rüfət Rasim oğlunun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Mayılov Rüfət Rasim oğlunun hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Qəhrəmanov Zabil Köçəri oğlu həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxs Mayılov Rüfət Rasim oğluna göstərilmiş 62 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi Qəhrəmanov Zabil Köçəri oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 372 manat məbləğində pul köçürülməldir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Mayılov Rüfət Rasim oğlunun maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Mayılov Rüfət Rasim oğlu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Mayılov Rüfət Rasim oğlu yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Mayılov Rüfət Rasim oğluna göstərilmiş 62 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Qəhrəmanov Zabil Köçəri oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 372 manat məbləğində pul köçürülsün. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, Mayılov Rüfət Rasim oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 11,260 qram olan narkotik vasitə heroin məhv edilsin, həmçinin cinayət işinə əlavə edilmiş 22 oktyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Mayılov Rüfət Rasim oğlunun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Mayılov Rüfət Rasim oğlundan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar