Məhkəmə qərarları › İş №1(100)-128/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-128/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-128/2022 12.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu, Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X4 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, Kəpəz rayon Məhkəməsinin 14.11.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci, 177.2.1-ci və 177.2.3cü maddələri ilə şərti maliyyə vahidinin min misli miqdarında cərimə edilmiş, Samux Rayon Məhkəməsinin 20.008.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci və 177.2.3-cü maddələri ilə 1000 manat miqdarında cərimə edilmiş, Kəpəz rayon Məhkəməsinin 19.12.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 04 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş və 1000 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 20.07.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci və 317.2.2-ci maddələri ilə 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 1000 manat cərimə cəzasına məhkum edilmiş, 27.02.2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir, orta təhsilli, Gəncə şəhər, S.Nizami küçəsi, Şöbə-1-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Z.Hacıyev küçəsi ev 56-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 3,110 qram narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 12 avqust 2021-ci il tarixdə saat 17:10 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Gəncə şəhəri, Mübariz İbrahimov küçəsində, yolun kənarında saxlanılaraq, Kəpəz RPİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın, sol ön cibindən 1 ədəd “Prime” markalı siqaret qutusu içərisində şəffaf sellofana bükülmüş 3,110 qram maddə, kustar üsulla hazırlanmış, narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər müxtəlif yerlərdə oğurluqlar etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum edilmişdir. Hadisə olan gündən təxminən 1 ay əvvəl polis əməldaşları əllərində sellofon torba ilə onun yaşadığı evə gəlib ona “sən bu cəmiyyət üçün yararlı adam deyilsən, bu paketi evə qoyub çəkilişlə götərəcəyik” demiş, o da narazı şəkildə cavab olaraq polis əməkdaşlarına 5 aydırki Rusiya Federasiyasından Azərbaycana gəldiyini və evdən bayıra çıxmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları çıxıb getmişlər. Hadisə olan günü polis əməkdaşları onu Dəmir yolunun altı deyilən yerdə saxlayıb polis İdarəsinə dəvət etmişlər. O, polis idarəsində olan zaman ona adını bilmədiyi polis əmədaşları tərəfindən təyziq və təsirlər göstərmiş, ona xəsarət yetirilmişdir. Bundan sonra polis idarəsində ona narkotik vasitəni boynuna alacağı tədqirdə onun buraxılacağını bildirmişlər. O da zaminə buraxılacağını fikirləşib narkotik vasitə olan heroinin ona məxsus olmasını bildirmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, narkotik vasitə olan heroindən isə istifadə etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, lakin gündəlik olaraq Gəncə şəhəri ərazisində dəmir yığaraq özünü dolandırır. O, əvvəllər müxtəlif yerlərdə oğurluqlar etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum edilmiş, təxminən 5 aydır ki, narkotik vaistə istifadə etməyə başlamışdır. O, adətən ağrıları olduğuna görə narkotik vasitə olan heroindən istifadə edir. Heroindən istifadə etdiyinə görə də həmin narkotik vasitəni tanıyır. Ağrıları olduğu vaxtlarda isə əvvəllər tanımadığı müxtəlif şəxslərdən narkotik vasitəni öz istifadəsi üçün alaraq istifadə edir. Polis əməkdaşları tərəfindən 12.08.2021-ci il tarixdə tutulmamışdan bir neçə saat əvvəl saat təxminən 13 radələrində Gəncə şəhəri Şeyx Zamanov qəsəbəsində dəmir yı]an zaman yerdən büküm tapmış, o. həmin kütlənin narkotik vasitə olan heroin olduğunu dərhal anlamış və istifadə etdiyi üçün üzərində gizlədərək saxlamışdır. 12.08.2021-ci il tarixdə saat 17:10 radələrində Gəncə şəhəri Mübariz İbrahimov küçəsində yolun kənarında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və birlikdə Kəpəz RPİ-nə getməyini istəmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etmədən birgə Kəpəz RPİ-nə gəlmiş, polis idarəsində olan zaman ona narkotik vasitələri istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər, şübhəli şəxs qismində saxlanıldığını ona izah etmişlər. Bundan sonra müdafiəçi tutmaq hüququnun olmasını ona izah edib, şəxsi vəkilinin olub-olmadığını soruşmuşlar. Onun şəxsi vəkili olmadığına görə ona Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkillərinin siyahısını təqdim etmişlər. O, həmin siyahıda əvvəllər məhkum olunan zaman tanıdığı müdafiəçi X2 ona müdafiəçi təyin etmişlər. Həmin müdafiəçi Yusif Hüseynov polis idarəsinin inzibati binasına gəldikdən sonra o, bir qədər konfidensial söhbət etmiş və bundan sonra müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol ön cibindən bir ədəd “Prime” markalı siqaret qutusunun içərisində şəffaf sellofana bükülmüş ilk baxışdan narkotik vasitə olan “heroin”-ə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi sellofan büküm ilə birlikdə 3,22 qram olmuşdur. Həmin kütlə ağ kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imza edilmişdir. Sorğu zamanı o, həmin narkotik vasitəni yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-in CAŞ-in əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində daşıması, satması və narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və Kəpəz RPİ-in CAŞ-in əməliyyat müvəkkili Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12.08.2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Mübariz İbrahimov küçəsində yolun kənarında saxlanılaraq Kəpəz rayon polis idarəsinə gətirilmişdir. Daha sonra Kəpəz rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol ön cibindən 1 ədəd “Prime” markalı siqaret qutusunun içərisində şəffaf sellofana bükülmüş ilk baxışdan narkotik vasitə olan “heroin”ə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə aptek tərəzisində çəkilmiş, həmin kütlənin çəkisinin şəffaf sellofan ilə birlikdə təxminən 3 qramdan artıq olduğu aşkar edilmişdir. Həmin bükülüdə olan narkotik vasitə olan heroinə bənzər kütlələr zərfə qoyulub, qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satması barədə ilkin əməliyyat məlumatı daxil olsa da, sonradan keçirilmiş əməliyyat tədbirləri zamanı onun narkotik vasitəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadəni özünə aid hissədə təsdiq etdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 12 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol ön cibindən 1 ədəd “Prime” markalı siqaret qutusunun içərisində şəffaf sellofana bükülmüş ilk baxışdan narkotik vasitə olan “heroin”ə bənzər kütlə aşkar olunaraq götürülmüş və aşkar olunan “heroin”ə bənzər kütlə terəzidə çəkilərək, sellofan ilə birlikdə məkisi 3,22 qram müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 13 avqsut 2021-ci il tarixli 16/841 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə....” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,110 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 3,110 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 3,010 qram. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 15 noyabr 2021-ci il tarixli 1377 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2022-ci il tarixli, 4/527 nömrəli rəyindən görünür ki,ekspertizaya təqdim olunmuş, 1(100)-399/2021 nömrəli cinayət işinin 1-ci cildinin 9-cu vərəqində olan 12.08.2021-ci il tarixli qərarda; 11-ci vərəqində olan 12.08.2021-ci il tarixli protokolda; 18-ci, 19-cu vərəqlərində olan 12.08.2021-ci il tarixli protokollarda; 22-23-cü, 24-cü, 25-ci, 26-27-ci vərəqlərində olan 12.08.2021-ci il tarixli protokollarda; 28-29-cu vərəqlərində olan 12.08.2021-ci il tarixli izahatında; 31-ci vərəqində olan 12.08.2021-ci il tarixli protokolda; 44-cü, 45-ci, 46-48-ci vərəqlərində olan 13.08.2021-ci il tarixli protokollarında; 50-51-ci vərəqlərində olan 14.08.2021-ci il tarixli qərarda; 52-ci vərəqində olan 14.08.2021-ci il tarixli protokolda; 53-54-cü vərəqlərində olan bildirişdə; 55-ci, 56-cı, 57-59-cu vərəqlərində olan 14.08.2021-ci il tarixli protokollarda; 66-cı vərəqində olan 14.08.2021-ci il tarixli protokolda; 102-ci vərəqində olan 04.11.2021-ci il tarixli protokolda; 104-105-ci vərəqlərində olan 04.11.2021-ci il tarixli qərarda; 106cı vərəqində olan 04.11.2021-ci il tarixli protokolda; 107-108-ci vərəqində olan bildirişdə; 109-cu, 110-cu, 111-112-ci vərəqlərində olan 04.11.2021-ci il tarixli protokollarda; 138-ci vərəqində olan 12.11.2021-ci il tarixli protokollarda; 147-ci vərəqində olan 16.11.2021-ci tarixli protokolda; 166-ci vərəqində olan 17.11.2021-ci il tarixli protokolda; 168-ci vərəqində olan 19.11.2021-ci il tarixli protokolda Təqsirləndirilən şəxs adından olan imzalar-Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 17 avqust 2021-ci il tarixli 4067 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər 18 avqust 2021-ci il tarixli 3014 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin 13 oktyabr 2021-ci il tarixli, 122-28641-1121 nömrəl məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri alan şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Həmçinin qeyd olunan vaxtlarda Təqsirləndirilən şəxs istifadəsində hər hansı mobil nömrənin olması müəyyən olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 16 noyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 3,010 qram heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübüt kimi tanınmış, saxlanılması üçün Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmiş və Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 07 yanvar 2022-ci il tarixli 120- 554-1222 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasının 09 yanvar 2022-ci il tarixli 17/3975 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs həkim müayinəsindən keçirilmiş və bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 12 avqust 2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokoldan və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 24 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kəpəz rayon Məhkəməsinin 14.11.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci, 177.2.1-ci və 177.2.3-cü maddələri ilə şərti maliyyə vahidinin min misli miqdarında cərimə edilmişdir. Bundan başqa o, Samux Rayon Məhkəməsinin 20.008.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci və 177.2.3-cü maddələri ilə 1000 manat miqdarında cərimə edilmişdir. Bundan başqa o, Kəpəz rayon Məhkəməsinin 19.12.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 04 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 20.07.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci və 317.2.2-ci maddələri ilə 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. 27.02.2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Qərarının 1.7-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 1000 manat cərimə cəzasından azad edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittihamla əlaqədar, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin satışını həyata keçirmək üçün onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 1 ədəd “Prime” markalı siqaret qutusu içərisində şəffaf sellofana bükülmüş 3,110 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik vasitə heroinin külli miqdar olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitənin çəkisinin külli miqdar olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasına əsas vermir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Belə ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə edib üstündə saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin haradan əldə etməsinə, narkotik vasitəni hər hansı şəxsə satıbsatmamasına, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kömək edən şəxsin olubolmamasına, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən yaşadığı evində, yaxud, digər yerlərdə gizlədərək saxlayıb-saxlamamasına, Təqsirləndirilən şəxs rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinə, onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması ilə bağlı hər hansı bir məlumatın daxil olub-olmamasına dair verilmiş əməliyyat tapşırığına cavab məktubundan da məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri alan şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Həmçinin qeyd olunan vaxrtlarda Təqsirləndirilən şəxs istifadəsində hər hansı mobil nömrənin olması müəyyən olunmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə saxlaması haqqında da heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə sübutların qiymətləndirməsi qərarında da onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamaqla daşıması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, özü qəbul etmək üçün əldə edib saxlamasını təsdiq ediyi halda, əsassız olaraq onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamaqla daşıması qənaətinə gəlmişdir. Həmçinin məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zaman üzərində hər hansı narkotik vasitə olmaması, narkotik vasitə olan marixuanadan istifadə etsə də, narkotik vasitə olan heroindən istifadə etməməsinə dair ifadəsini, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntülərinə özündə əks etdirən diskə baxış zamanı və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlərlə qarşılıqlı şəkildə tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünü müdafiə məqsədilə verilmiş ifadələrdir və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 15 noyabr 2021-ci il tarixli 1377 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımaqla saxladığı 1 bükümdə narkotik vasitə olan heroini satış məqsədi ilə deyil, öz istifadəsi üçün qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayaraq, təqsirləndirilən şəxsin həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmasını qanuni və əsaslı hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını bu günkü tarixə qədər çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs hazırki iş üzrə təqsirləndirildiyi cinayət əməli onun barəsində Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin hökmü çıxarılmamışdan əvvəl törənmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəalarına əsasən hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən təyin edilmiş və çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1- 1-ci maddəsinin tələbinə əsasən iki günə bir gün hesablamaq yolu ilə 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökm üzrə təyin ediləcək azadlıqldan mıhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə, yuxarıda tədqiq edilən «Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokola əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı, bu iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni 12 avqust 2021-ci tarixdən hesablanmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olaraq Gəncə şəhər BPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3,010 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskin cinayət işinin materialında saxlanılmaları nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 15 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il, 11 (on bir) ay, 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən iki günə bir gün hesablamaq yolu ilə 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hazırki hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olaraq Gəncə şəhər BPİ-də saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 3,010 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 1 ədəd “DVD” diskin cinayət işinin materiallında saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar