Məhkəmə qərarları › İş №1(100)-129/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-129/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-129/2025 07.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibləri: X3, X5 və X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, kiçik ədliyyə müşviri Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, ədliyyə müşviri X8 Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci ildə Gəncə şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2a 28 a, mənzil 6-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, O Azərbaycan Respublikasının şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə kifayət edən narkotik vasitələrin və psxotrop maddələrin miqdarına , habelə onların küllli miqdarna görə siyahılarının təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli qanunda göstərilən külli miqdarda yəni ayrı-ayrılıqda təmiz çəkiləri 6,356 qram və 5,841 qram olmaqla ümumi təmiz çəkisi 12,197 qram olan kustar üsulla hazırlanmış narkitk vasitə olan heorini satış məqsədi ilə qanunsuz əldə edib 2 ədəd şəffaf sellofan kəsiyi bükümlərində əynində olan göy rəngli şalvarın sağ yan cibində daşıyaraq saxlamış, xx.xx.2023-cü ildə saat 14 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşə Xan bağı adlanan parkda Gəncə şəhər PBİ NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əmliyyat axtarış tədbirləri zamanı saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən göy rəngli şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofan kəsiyi bükümündə ayrı- ayrılıqda təmiz çəkiləri 6,356 qram və 5,841 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşakr edilib götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs göstərdi ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir, narkotik vasitələrin ona heçbir aidiyyəti yoxdur. Din xadimidir. 2023-cü ilin sentyabr ayının 16-na qədər Kərbəla ziyarətində olmuş, Azərbaycana qayıtdıqdan sonra Özbəkistana səfər etmək istəmişdir. Bakı şəhərində hava limanında ona gedişlə bağlı məhdudiyyət qoyulduğunu və bununla bağlı polisə müraciət etməyini bildirmişlər. Əvvəlcə hava limanındakı polis məntəqəsinə yaxınlaşmış, ordan isə onu Gəncə şəhər Baş Polis İdarəsinə yönləndirmişlər. Əvvəlcə “102” xidmətinə zəng etmiş, onlar da yaşadığı yer üzrə polisə müraciət etməyi bildirmişlər. Həmin vaxtkı adı ilə Gəncə şəhər Kəpəz rayonu polis Şöbəsinə yaxınlaşıb adına məhdudiyyət qoyulmağının səbəbini soruşduqda məhdudiyyət olmadığını demiş, Gəncə şəhəri, Nizami rayonu polis Şöbəsinə müracət etdikdə də adına məhdudiyyət qoyulmadığını bildirmişlər. Bundan təxminən 5 dəqiqə sonra “Xanbağı” ətrafında polis əməkdaşları onu saxlayıb Gəncə şəhər baş polis idarəsinə aparmış, 2-ci mərtəbədə, üzərində olan şəxsiyyət vəsiqəsi, avtomobilin açarını, cib dəsmalı, darağını götürmüş, onu təxminən 1 (bir) saat nəzarət altında saxlamışlar. Polis əməkdaşlarından namaz qılmaq üçün canamaz və otaq vermələrini istəmiş, namaz qıldıqdan sonra şahid qismində məhkəməyə çağırılan Şahid1 otağa daxil olub əlindəki iki bükümü verərək cibinə qoymağını demiş, imtina etməyə çalışanda isə yolu olmadığını, avtomobilinin açarının onlarda olduğunu, “evinə və avtomobilə qoya bilərik”... demişlər. Polis əməkdaşlarına başqa günahı varsa, cəzasını çəkməyə hazır olduğunu desə də polislər “bu bizə verilən göstərişdir!” demiş, Rəşad Musayev narkotik vasitəni cibinə qoyaraq heroin olduğunu və zibil qutularının yanından yerdən tapdığını deməyini bildirmişdir. Ailə üzvlərini qorumaq üçün məcburiyyət qarşısında dedikləri kimi ifadəsində bildirmiş, şəxsi axtarış prosesi videoçəkilişlə aparılmışdır. Videoçəkiliş vaxtı psixoloji vəziyyəti və polis əməkdaşlarının verdikləri sualları necə cavablandırılması görünür. Onun qanından analiz götürmüş və heç bir narkotik vasitə aşkarlanmamışdır. Buna baxmayaraq cinayət işi materiallarında onun guya narkotik vasitədən epizodik istifadə etməsi barədə qeyd aparılmışdır. İstintaqda guya narkotikin tapıldığı yerə baxış da keçirilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, onu saxlamalarının səbəbi din xadimi olmasıdır. Çünki həmin dövrdə dini camiyyədə olan əksər şəxslər saxlanılmış, sonradan da əsassız olaraq narkotik ittihamı ilə məhkəməyə verilmişlər. Yaxın ətrafında olanların əksəriyyəti eyni ittihamlarla hazırda həbsdədir. Gəncə şəhər PBİ-də ona zor tətbiqi ilə hədələsələr də razılaşdığı üçün zor tətbiq etməmiş, sadəcə psixi təsir göstərmişlər. İlk dəfə ifadə verəndən sonra nədə ittiham olunduğunu bilib ifadəsini dəyişmişdir. Üzərinə keçirilmiş şəxsi axtarış 2 (iki) dəfə aparılmışdır. O din xadimi olsa da digər dövlətlərə meylli din xadimlərini həmişə qəti şəkildə tənqid etmiş, dövlət tədbirlərində bu mövzuda çıxışlar etmişdir. “İrana sevgisi olanlar iranı sevənlər” onun əks münasibətini görüb “Zidd-İnqilab” və İrana qarşı çıxan biri olaraq tanındığı üçün onu narkotiklə şərləyib məhkəməyə çıxarmışlar. xx.xx.2023-cü il tarixində Özbəkistana getmək istəsədə sərhəd nəzarətində biletimi təqdim edəndə çıxışına məhdudiyyət qoyulduğunu bildirmiş, Özbəkistana uça bilməmişdir. Əvvəlcə bunun hansısa vergi öhdəliyi ilə bağlı olduğunu güman etmiş və vergi ilə bağlı məhdudiyyət qoyulmuşsa ödəyəcəyini demiş ancaq həmin şəxs qoyulmuş məhdudiyyət Daxili İşlər Nazirliyi ilə bağlı olduğunu və polisə müraciət etməyi bildirmişdir. Hava limanı yanındakı məntəqəyə yaxınlaşıb olanları bildirdikdə Gəncə Şəhər Baş Polis İdarəsinə yönləndirilmişdir. Gəncə şəhəri Xanbağı ərazisində saxlanılmamışdan əvvəl Kəpəz daha sonra isə Nizami rayon polis şöbəsində olmuş, şifahi formada ona məhdudiyyət olmadığını demişlər. Polis Şöbələrinə də özünə məxsus avtomobillə getmiş, videoqeydiyyat aparılmışdır. Təkrar “102 xidməti” ilə əlaqə saxlayanda Şahid1 və Şahid2 onu zorla qolundan tutub avtomobilə əyləşdirib Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Ümumiyyətlə narktoik vasitələri görməmiş, onunla bağlı heç bir anlayışım yoxdur, axtarış zamanı üzərində aşkar olunan narkotik vasitə isə ona məxsus deyildir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini və azad olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Gəcə şəhər Baş Polis İdarəsinin Narkotiklə mübarizə bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, rəhbərliyə məruzə eləmiş və Təqsirləndirilən şəxs axtarışa çıxmış, həmin şəxsin Gəncə şəhəri “Xan bağı” ətrafında olması müəyyən edilmiş, onu saxlayıb Gəncə şəhər Baş Polis İdarəsinə gətirmiş, təhqiqatçı tərəfindən videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı 2 bükümdə təxminən 10-12 qram heroin adlanan narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs saxlayan zaman heç bir təzyiq və təsir etməmiş, şəxsi axtarış vaxtı Təqsirləndirilən şəxs özü narkotik vasitələri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs əvvəl polisə ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı şikayət etməsi barədə heç bir məlumatı olmamışdır. Onu narkotiklə bağlı şübhəli kimi tutub Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Narkotik vasitələrin satışı ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, daxil olmuş əməliyyat məlumatına əsasən Gəncə şəhər Üzeyr Hacıbəyli küçəsi döngə 4 ev 1 mənzil 71-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklə mübarizə bölmə rəisi Rəşad Musayevə məruzə edilmiş və tədbiri həyata keçiirlmişdir. xx.xx.2023-cü il saat 14 radələrində polis leytenantı Şahid1la Təqsirləndirilən şəxs keçirilmiş tədbir nəticəsində Gəncə şəhər Atatürk prospektində yerləşən “Xanbağı” adlanan parkda saxlanılmış, Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş və bölmə rəisi Rəşad Musayevə məruzə olunmuş, şəxsi axtarış zamanı üzərində qanunla qadağa olunmuş vasitə varsa təqdim edilməsi təklif edildikdən sonra 2 ədəd bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülülərin heroin adlanan narkotik vasitə və özünə məxsus olduğunu, faktiki yaşadığı Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən poçtun yaxınlığındakı zibil qutularının yanından yerdən tapdığını və heçkəsə satmadığını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı narkotiklərin satışı ilə bağlı daxil olmuş, şübhəli şəxsə yaxınlaşıb, Gəncə şəhər Baş Polis İdarəsindən gəldiklərini bildirib Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılma səbəbi barədə məlumat verməsələr də ona qarşı hansısa zorakılıq olmamışdır. Narkotik vasitəni əldə etdiyi mənbə və şəxsi tapmaq isə mümkün olmamışdır. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raport və həmin tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində mütəmadi olaraq satış məqsədilə külli miqdar narkotk vasitə əldə etməsi, üzərində saxlaması, istifadəsi ilə məşğul olması barədə Gəncə ŞPBİ-yə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:00-da Gəncə şəhəri, Atatürk prospektində yerləşn “Xan bağı” adlanan parkda olduğu yer müəyyən edilərək daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə aparılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokol və əlavəsi olan 1 ədəd DVD diskdən görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi 2 ədəd şəffav sellofan bükümündə narkotik vasitə olan heroinə bənzər kütlə, eləcə də 1 ədəd “Samsung” markalı mobil telefon götürülmüş, şifahi olaraq həmin bükümləri yaşadığı yer - poçtun yanındakı zibillikdən tapdığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli 16/936 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki 2 (iki) ədəd şəffav sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 6,356 qram və 5,841 qram ümumi təmiz çəkisi 12,197 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: Heroin təmiz çəkisi: 12,197 qr, tədqiqata sərf edildi: 0,2 qr, qalıq: 11,997 qr. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Məhkəməsinin 4(125)-479/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən DİN BƏSİİ-dən verilən xx.xx.2023-cü il tarixli tələbanmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1480 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər narkoloji dispanserdən verilən xx.xx.2023-cü il tarixli, 6225 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə şəhər psixonevroloji dispanserdən verilən xx.xx.2023-cü il tarixli, 2963 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 1635 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər BPİ-dən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-57/2-34669/2023 saylı məktubdan görünür ki, X9 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini haradan və kimdən nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olsa da narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli “protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən hal, səs yazıları, mesaj, zənglər sms və votsap yazışmaları aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X6 polis əməkdaşları tərəfindən fiziki və psxi zorakılığa məruz qalmasına dair məlumat əsasında Gəncə Şəhər Prokurorluğunda aparılmış 637c-23 №li material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, həmin qərardan şikayət verilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işindən narkotik vasitənin mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,997 qram çəkidə narkotik vasitə olan heroin Gəncə Şəhər BPİ-nə saxlanca verilmiş, şəxsi axtarış görüntüləri olan 1 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmiş. “Samsung” markalı mobil telefon isə ailə üzvlərinə qaytarılmışdır. Müdafiə tərəfindən təqdim edilmiş və tərəflərin iştirakı ilə məhkəmə baxışında tədqiq edilmiş 1 ədəd DVD diskə keçirilmiş baxış zamanı videogörüntünün Gəncə şəhərində müxtəlif ərazilərdə eləcə də “Xan bağı” ətrafında hərəkətdə olan avtomobildən qeydiyyata alındığı görüntülərdəki saatı və tarixin fərqli (qeyri müəyyən) olması müəyyən edilmişdir. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş və tərəflərin iştirakı ilə tədqiq edilmiş 1 ədəd “CD” diskdəki səsyazılarının tədqiqi zamanı Təqsirləndirilən şəxs 18-xx-xx.2023-cü il tarixlərdə DİN 102 xidmətinə ölkədən çıxışa qoyulmuş məhdudiyyətlə bağlı müraciət etmişdir. Müdafiə tərəfindən məhkəmə təqdim edilmiş elektron bilet və məhkəmə informasiya sistemindən əldə edilmiş elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü ildə saat 23:05-də “Azal”ın Bakı-Daşkənd reysi üzrə bileti olmuş, sərhədkeçmə məlumatlarına əsasən xx.xx.2023-cü ildə 22:18-də sərhəd nəzarət məntəqəsindən geri qayıtmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. İş üzrə ibtidai araşdırmanın aparıldığı ilk 48 (qırx səkkiz) saat müddətində, 19.09.xx.xx.2023-cü il tarixlərdə keçirilmiş bütün istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşakr edilmiş narkotik vasitə olan heroini yaşadığı yerdə poçtun yaxınlığından zibil qutularının yanından tapdığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər Pİ-nin NMB-nin polis əməkdaşları da həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrdə göstərmişlər ki, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini satış məqsədilə əldə etməsi və saxlamasını, eləcə də satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı gəldiyi qənaət - ittiham aktında göstərdiyi kimi təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin 2 bükümdə və külli miqdar çəkidə olması öz-özlüyündə (hər hansı əlavə dəlil və sübut ağlabatan meyar olmadan) şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdar heroini əldə edib üzərində saxlaması və daşıması ilə bağlı Azu Məmmədova ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi, sövdələşməsi, alıcı(lar) ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar, narkotik vasitə və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitəni və psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu sair hərəkətlər) hallara dair heç bir sübut əldə edə və satışla bağlı hissədə şəxsin təqsirini sübuta yetirə bilməmişdir. Qeyd etmək yerinə düşər ki, Təqsirləndirilən şəxs ümumiyyətlə telefon danışıqlarına dair məlumatlar istintaq üçün əhəmiyyət kəsb etmədiyindən götürülməmiş, yalnız şəxsdən götürülmüş mobil telefondakı məlumatların araşdırılması ilə kifayətlənilmişdir. Bütün göstərilənlər Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi il deyil, ilkin etiraf ifadəsində də göstərdiyi kimi diqqətini cəlb etdiyi, yaxud sair şəxsi marağa əsasən (məhkəmənin qənaətinə görə digər şəxslərin istifadəsinin qarşısının almaq üçün götürməsi istisna edilmir) qanunsuz əldə edib üzrəində saxlamasını və daşımasını təsdiq edir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq olması əsas götürülmüş, lakin yuxarıda qeyd edilən digər hallara diqqət yetirilməmişdir. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında olan raportda əməliyyat məlumatının mötəbərliyini təsdiq edən heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyil. Cinayət işi materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Belə halda cinayət işində olan təkcə bir raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Təqsirləndirilən şəxs satış məqsədini göstərən yeganə hal narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmasıdır ki, digər təsdiqedici sübutlar olmadan həmin hala şəxsin narkotik vasitənin küllli miqdarda satış məqsədini göstərən sübut kimi qiymət verilməsi məntiqli ədalətli və ağlabatan deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Həmin qərarın 6-cı bəndinin İİ hissəsinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibi əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin məhkəmə baxışıəda göstərdiyi edilmiş psxoloji təzyiq nəticəsində heroini tapıdğını deməsinə münasibətdə qeyd edir ki, həmin hal Təqsirləndirilən şəxs öz ifadəsindən başqa digər hər hansı mötəbər sübutla təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə müdafiə tərəfindən təqdim edilmiş DVD və CD disklərə münasibətdə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məxsus həm elekton aviabilet, həm də səs yazıları ancaq faktların olmasını təsdiq edən dəlilər olmaqla şəxsin üzərindən narkotik vasitələrin aşkar edilməsini birbaşa və qəti şəkildə inkar etmir. H.Əliyev adına Bakı X4 ölkədən çıxışına qoyulmuş məhdudiyyət istənilən səbəbdən (mülki öhdəliklər icra edilməməsi, müvəqqəti təminat tədbiri yaxud vergi borcları ilə bağlı və ya inzibati qaydada məhdudlaşdırma, eləcədə miqrasiya qaydalarının pozulması ilə bağlı) ola bilər və hazırki məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hansı səbəbdən xx.xx.2023-cü ildə ölkədən çıxa bilməməsi, verilən sorğulara aidiyyəti dövlət orqanları müvafiq cavab vermədiyindən müəyyən etmək mümkün deyil. Müdafiə tərəfindən təqdim edilmiş səs yazıları isə şəxsin ona qoyulmuş məhdudiyyəti öyrənməklə bağlı aktiv cəhdləri, videoqeydiyyatla bağlı çəkilişlər isə aparıldığı tarix vaxt və məkan eləcə də çəkilişin aparıldığı avtonəqliyyat vasitəsi görünmədiyindən və bununla bağlı əlavə sübut təqdim edilmədiyindən məhkəmə tərəfindən ancaq hadisə və halın olmasını təsdiq edən sübutlar kimi qiymətləndirilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, vəkilmüdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuş, prosessual hərəkətlər isə videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkilişə məhkəmədə keçirilmi baxış zamanı Təqsirləndirilən şəxs əvvəl yaxud həmin vaxt edilməsi iddia edilən psixi təzyiqə görə qeyri-adi psixi-emosional halda olduğunu göstərən, həmçinin digər adekvat olmayan hal(lar) müəyyən edilməmiş məhkəmə tibbi ekspertizanın rəyinə əsasən isə sonrakı müddətdə bədən səthində hər hansı xəsarət, yaxud izi aşkar edilməmiş, videoçəkilişdə heroini yerdən tapdığını bildirmiş, kifayət qədər imkana malik olmasına baxmayaraq, istintaq hərəkətinə və orada iştirak edən şəxslərə etirazını bildirməmişdir. Odur ki göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə baxışından fərqli olaraq ibtidia istintaqın ilkin mərhələsi olan üzərinə keçirilmiş şəxsi axtarış, şübhəli şəxs qismində ilkin dindirmə zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrin narkotik vasitəni tapması və sair məqsədlə üzərində saxlaması barədə hissəsi daha həqiqətəuyğun və işin halları ilə adekvatdır. Beləliklə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan naməlum çəkidə olan narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü ildə saat 14 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan bağı” adlanan parkda Gəncə ŞPBİ NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş. üzərinə şəxsi axtarış keçirilərkən göy rəngli şalvarın sağ yan cibindən 2 ədəd şəffav sellofan kəsiyi bükümündə ayrı- ayrılıqda təmiz çəkiləri 6,356 qram və 5,841 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, uzun müddət din xadimi kimi fəaliyyət göstərərək cəmiyyətdə mənəvi dəyərlərin təbliğ etməsi, əhalinin dindar qismini kənar təsir və müdaxilələrdən qorumağa çalışması, dini tolerantlıq və dini dözümlülük sahəsindəki maarifləndirici fəaliyyətini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin uzun müddət davam edən məhkəmə baxışı zamanı onun nümunəvi davranışını, yüksək əxlaq və mədəniyyət göstərməsini, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmənin timsalında dövlətə verdiyi dəyər və hörməti təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət xarakterizə edən hallar olaraq qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan külli miqdar narkotik vasitələri....qanunsuz olaraq əldə etmə, saxlama, daşıma 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2, 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədəki davranışı və şəxsiyyətini xarakterizə edən hallar təqsirləndirilən şəxsə ittiham olunduğu və təqsiri məhkəmə baxışında sübuta yetirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı hədd cəza təyin edilməsi yolu ilə islah olunması mümkündür. Qeyd edilməlidir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi də cəzaçəkmə müddətində davranışı ailə vəziyyəti və davranışı nəzərə alınmaqla cəzadan vaxtından əvvəl azad və əfv edilməsini, barəsində amnistiya tətbiqini istisna etmir. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinnə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə ŞBPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 11, 997 qram olan heroin məhv edilməli, şəxsi axtarış istintaq hərəkətinin görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk, eləcə də müdafiə tərəfindən təqdim edilmiş elektron bilet, səsyazıları olan 1 ədəd CD, videogörüntülər olan 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyat alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 11,997 qram olan heroin məhv edilsin, şəxsi axtarış istintaq hərəkətinin görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk, eləcə də müdafiə tərəfindən təqdim edilmiş elektron bilet, səsyazıları olan 1 ədəd CD, videogörüntülər olan 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar