Məhkəmə qərarları › İş №1(100)-131/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-131/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-131/2021 02.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyməsi və bununla bağlı Gəncə şəhər Nizami RPİ-də aparılmış araşdırmadan sonra onun barəsində nalayiq ifadələr işlətməsi ilə əlaqədar aralarında olan narazılığı aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxsla birlikdə 17 iyul 2020-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Nizami rayonu Qəmərli küçəsində yerləşən “Köhnə erməni qəbirstanlığı” adlanan əraziyə gələrək orada aralarında yenidən baş vermiş mübahisədən doğan qarşılıqlı dalaşma zamanı əldə edilməsi mümkün olmayan kəsici və deşici xasəyə malik bıçaqla bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən iki ədəd sol bud nahiyəsinin, bir ədəd isə sağ bud nahiyəsinin yarası, eləcə də insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarın nahiyəsinin sol tərəfində daxilə keçməklə, köndələn-çənbər bağırsağı və döş qəfəsinin sol tərəfində X qabırğanı zədələyən bir ədəd yara xəsarətləri yetirməklə sonuncunun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsla qonşuluqda yaşamaqla onu uzun müddətdir ki tanımışdır. 31 dekabr 2019-cu il tarixdə o, qonşuları ilə birlikdə küçədə söhbət edən zaman Zərərçəkmiş şəxs onların yanına gələrək uşaqlara kart oynamağı təklif etmiş və pul ilə kart oynamağa, yəni qumar oynamağa başlamışlar. Həmin vaxt o, qumar oynamaqda uşaqlara səhv yol göstərdiyini Ceyhuna irad tutmuş, Ceyhun isə ona nalayiq sözlər deməyə başlamışdır. Buna görə də o, Ceyhunun sifətinə yumruq vurmuş, sonra isə uşaqlar onları aralamışlar. Zərərçəkmiş şəxs onun barəsində Gəncə şəhər Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, bir müddət sonra isə barışdıqlarından barəsində toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Təxminən 10 gün sonra Ceyhunun onun barəsində hamının yanında alçaldıcı sözlər dediyini eşitmiş, bir müddət səbr edərək Ceyhunun onun barəsində alçaldıcı sözlər deməyəcəyini gözləsə də, lakin, hər gün Ceyhunun onun ünvanına nalayiq sözlər dediyini eşitmişdir. Bu səbəbdən də o, Ceyhunla görüşüb söhbət etmək qərarına gəlmişdir. Lakin, o, yenə də Ceyhunla aralarında mübahisə baş verməsindən ehtiyat etmişdir. 17 iyul 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evdən bazarlıq etmək məqsədilə bayıra çıxmış, özünə məxsus avtomobillə yaşadığı küçə ilə gedərkən qonşusu Elyarı görmüşdür. Avtomobilini Elyarın yanında saxlayıb hara getdiyini soruşanda, Elyar qonşuları Ceyhun, Xəyyam, Elcan və İsa ilə söhbət etməyə getdiyini bildirmişdir. Təklifi ilə Elyar onun avtomobilinə əyləşmiş və onu həmin şəxslərin yanına aparmışdır. Elyar avtomobildən düşmüş, o, isə oradan marketə getmişdir. Marketdən ehtiyac olan əşyaları alıb aparıb evinə vermiş, yolda olan zaman Ceyhunla da görüşüb söhbət etməyi də fikirləşmişdir. Ceyhun ondan yaşca böyük olduğuna görə evdən bıçaq götürmüşdür ki, əgər onu vursa, bıçaqla Ceyhunu qorxutsun. Yenidən Ceyhungilin yanına getmiş, avtomobildən düşüb Ceyhuna «səninlə söhbət etmək istəyirəm» demiş, Ceyhuna tərəf gedib sakit bir yerdə söhbət etməyi təklif etmişdir. Ceyhun da razılaşmış və onun avtomobilinə əyləşmişdir. Həmin vaxt Elyar da onun avtomobilinin arxa oturacağına əyləşmişdir. Avtomobilini Gəncə şəhəri Qəmərli küçəsində yerləşən “Köhnə erməni qəbirstanlığı” adlanan əraziyə tərəf sürmüşdür. Avtomobildə olan zaman Ceyhundan nə üçün onun ünvanına hamının yanında nalayiq sözlər dediyini soruşanda, sonuncu «yaxşı edib deyirəm» deyə ona cavab vermişdir. “Köhnə erməni qəbirstanlığı” adlanan əraziyə çataraq avtomobildən yerə düşmüşlər. Həmin vaxt saat 22 radələri olmuşdur. Bir daha Ceyhuna ünvanına nalayiq sözlər deməməyi bildirmiş, Ceyhun isə anidən onun sifətinə yumruq vurmuş və onun anasının, bacısının ünvanına nalayiq sözlər deməyə başlamışdır. Ceyhun onun sifətinə yumruq vurduğu üçün özünü itirmiş və yerə yıxılmışdır. Yerdə olan zaman evdən götürdüyü bıçağı belindən çıxartmış və Ceyhunun onu vurmaması üçün onun ayağının bud hissəsinə vurmuşdur. Lakin, Ceyhun onu buraxmamış və həmin vaxt əynində olan köynəyini çıxardıb onun üzərinə gəlmişdir. O, yerdə olduğu üçün Ceyhun da aşağı əyilib onu vurmaq istəmiş və həmin vaxt bıçaqla Ceyhunu bir neçə dəfə vurmuşdur. Bıçaqla Ceyhunun bud hissəsinə vurmaq istəmiş, lakin Ceyhun aşağı əyildiyindən bıçaq onun qarın nahiyəsinə dəymişdir. Həmin vaxt Elyar onları araladıqdan sonra qorxduğu üçün avtomobilinə minib oradan uzaqlaşmışdır. İfadəsinə əlavə olaraq törətdiyi əmələ görə səmimi olaraq peşmançılıq çəkdiyini, Zərərçəkmiş şəxsla barışıq əldə etdiyini, ona dəymiş ziyanı tamamilə ödədiklərini, həbs edilənə qədər taksi fəaliyyəti ilə məşğul olaraq ailəyə yeganə qazanc gətirən şəxs olduğunu bildirərək barəsində daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 31 dekabr 2019-cu il tarixdə Rəşadla onun arasında mübahisə olmuş və Rəşad yumruqla onun gözünə vurmuşdur. Lakin, sonradan onların arasında barışıq olduğundan Gəncə şəhər Nizami RPİ-də aparılmış araşdırmaya xitam verilmişdir. Rəşad həmin hadisədən sonra ona kinli qalmışdır. Buna görə də 17 iyul 2020-ci il tarixdə saat 22 radələrində qonşuları Xəyyam, Elcan və İsa ilə birlikdə yaşadıqları küçənin aşağı hissəsində oturub söhbət edən vaxt Xəyyamın telefonuna tanışı Elyar zəng etmiş, Xəyyam telefonda Elyara “əgər təksənsə gəl, tək deyilsənsə gəlmə” sözlərini demişdir. Təxminən 5 dəqiqədən sonra Elyar, Təqsirləndirilən şəxs məxsus avtomobillə ikisi də birlikdə onların yanına gəlmişlər. Elyar avtomobildən düşüb onların yanında əyləşmiş, Rəşad isə evə gedib bir azdan gələcəyini deyərək avtomobili ilə oradan çıxıb getmişdir. Təxminən 3-4 dəqiqə keçdikdən sonra Rəşad onların yanına geri qayıtmışdır. Rəşad avtomobildən düşüb onunla söhbət etmək istədiyini demişdir. Sonra Rəşad ona yaxınlaşıb «avtomobilə əyləş gedək, səninlə işim var» sözlərini demiş, o da Rəşadın avtomobilinin qabaq sərnişin oturacağına əyləşmişdir. Həmin vaxt Elyar da avtomobilin arxa oturacağına əyləşmişdir. Yolda olan zaman Rəşad ona qarşı etdiklərində haqsız olmasınına dair ona iradını bildirmiş, avtomaşında aralarında mübahisə olmuş, həmin mübahisəni Gəncə şəhərində yerləşən “köhnə erməni qəbirstanlığı” adlanan yerdə davam etdirmişdir. Rəşaddan onunla mübahisə etməyinin səbəbini soruşanda, mübahisə guya onun Rəşada qarşı əvvəllər etdiyi hərəkətlərdən ibarət olduğunu bildirmişdir. Həmin vaxt Rəşadla mübahisə olmuş və onunla tutaşmışlar. Tutaşan zaman Rəşad bıçaqla onu bir neçə dəfə vurmuşdur. Hava qaranlıq olduğu üçün Rəşadın əlində nə olmasını görə bilməmiş, lakin Rəşad onu vurduqdan sonra sol qarın nayihəsindən qan axdığını görmüş, həmçinin ayaqlarında da bərk ağrılar olduğunu hiss etdikdən sonra Rəşadın onu bıçaqla vurmasını başa düşmüşdür. Həmin vaxt Elyar, Rəşadı arxa tərəfdən qucaqlayıb tutaraq onları aralaşdırmışdır. Bu vaxt qonşuları Xəyyam, İsa və Elcan da həmin yerə çatmışlar. İsa onu öz avtomobili ilə Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya aparmış və xəstəxanada onu əməliyyat etmişlər. Rəşad isə həmin yerdə qalmışdır. Hadisə zamanı onların yanında Elyar olmuş, sonradan isə ora Elcan, Xəyyam və İsa adlı şəxslər gəlmişlər. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı il tarixədək Gəncə şəhərində yaşamış, 2016-cı il tarixdən isə ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. 17 iyul 2020-ci il tarixdə Bakı şəhərindən Gəncə şəhərindəki evinə gəlmişdir. Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur. Həmin gün saat 21 radələrində dostu Xəyyamla telefonla əlaqə saxlamış və görüşüb söhbət etmək istədiyini bildirmişdir. Xəyyam da qonşusu İsa ilə birlikdə sonuncunun evinin yaxınlığında söhbət etdiklərini bildirmişdir. Xəyyamgilin yanına getmək üçün yaşadığı evdən çıxmış və küçədə olan zaman Rəşadın özünə məxsus “Mercedes” markalı avtomobili ilə onun yanında dayandığını görmüşdür. Rəşadla salamlaşmış, Rəşad ondan hara getdiyini soruşanda, Xəyyam və İsa ilə söhbət etməyə getdiyini bildirmişdir. Rəşad isə marketə getdiyini, yolüstü onu da uşaqların yanına aparmağı təklif etmişdir. Sonra Rəşadın maşınına əyləşmiş və sonuncu onu Xəyyamın yanına aparmışdır. Xəyyamgilin yanına çatanda avtomobildən düşmüş, həmin vaxt Xəyyam, İsa, Ceyhun və Elcan da orada olmuşlar. Rəşad onu düşürtdükdən sonra bir azdan özü onların yanına gələcəyini deyib çıxıb getmişdir. Təxminən 5-10 dəqiqədən sonra Rəşad avtomobili ilə onların yanına gəlmişdir. Onlara yaxınlaşıb Ceyhunla işi olduğu üçün birlikdə gedib söhbət etməsini bildirmişdir. Ceyhun da Rəşadın avtomobilinə əyləşmişdir. Ceyhun və Rəşadın əvvəllər dalaşdıqlarını, bir-birlərindən xoşları gəlmədiyini bildiyi üçün Rəşadla, Ceyhunun dalaşacaqlarını fikirləşmiş və dalaşmağa qoymaması üçün Raşadın avtomobilinin arxa oturacağında əyləşmişdir. Rəşad avtomobili “köhnə erməni qəbirsanlığı” adlanan əraziyə sürmüşdür. Yolda olan zaman Rəşad və Ceyhun əvvəlki dalaşmalarından ötrü bir-birlərinə narazılıqlarını bildirmişlər. Rəşad nəyə görə ünvanına başqalarının yanında nalayiq sözlər işlətdiyini Ceyhundan soruşmuşdur. Saat 22 radələrində onlar Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən “köhnə erməni qəbirsanlağı” adlanan əraziyə çatmış və avtomobildən yerə düşmüşlər. Rəşadla, Ceyhun ona bildirmişlər ki, avtomobilin yanında dayansın və özləri isə bir az kənarda yalnız söhbət edəcəklər. Buna görə də Rəşadın avtomobilinin yanında dayanmışdır. Rəşad və Ceyhun ondan təxminən 15-20 metr aralıda dayanıb söhbət etməyə başlamışlar. Həmin vaxt Rəşadın Ceyhuna “bir də mənim ünvanıma nalayiq sözlər demə” dediyini eşitmişdir. Bu sözdən sonra Rəşadla Ceyhunun dalaşmağa başladıqlarını görmüşdür. Aralamaq üçün Rəşadgilin yanına getmişdir. Hadisə yerinə çatanda Ceyhunun köynəyinin əynində olmadığını və bud nahiyəsindən qan axdığını görmüşdür. Dərhal Rəşadı tutub Ceyhundan kənarlaşdırmışdır. Ceyhuna isə xəstəxanaya getməsini bildirmişdir. Bundan sonra Xəyyama zəng edib, Rəşadın Ceyhunu bıçaqla vurduğunu və gəlib Ceyhunu xəstəxanaya aparmalarını demişdir. Özü isə Rəşadı saxlamışdır ki yenidən Ceyhunla dalaşmasın. Xəyyam, Elcan və İsanın sonuncuya məxsus “Niva” markalı avtomobillə onların olduqları yerə gəldiklərini və Ceyhunu götürüb xəstəxanaya apardıqlarını görmüşdür. Sonra Rəşad qaçıb öz avtomobilinə oturub oradan uzaqlaşıb getmişdir. Özü isə Ceyhunu görmək üçün xəstəxanaya getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qonşularıdır. 17 iyul 2020ci il tarixdə saat 21 radələrində yaşadığı evin yaxınlığında tanışları Ceyhun, Xəyyam və Elcanla söhbət edən vaxt Elyar Xəyyamın mobil telefonuna zəng edib Gəncə şəhərində olduğu üçün onlarla görüşmək istədiyini bildirmişdir. Xəyyam da birlikdə onun evinin qarşısında dayanıb söhbət etdiklərini Elyara bildirərək oraya gəlməsini təklif etmişdir. Təxminən 15 dəqiqədən sonra Rəşad özünə məxsus “Mercedes” markalı avtomobillə onların yanına gəlmişdir. Lakin, Rəşad avtomobildən yerə düşməmiş, Elyar avtomobildən yerə düşüb onların yanına gəlmişdir. Rəşad isə avtomobilini sürüb getmişdir. Təxminən 5- 10 dəqiqədən sonra Rəşad avtomobili ilə onların yanına gəlmişdir. Rəşad onlara yaxınlaşıb Ceyhunla işi olduğu üçün onunla birlikdə gedib söhbət etmək istədiyini demişdir. Ceyhun da Rəşadın avtomobilinə əyləşmişdir. Həmin vaxt Elyar da Rəşadın avtomobilinə əyləşmişdir. Bundan sonra Rəşad özünə məxsus avtomobili sürüb onların yanından çıxıb getmişdir. Təxminən saat 22:00 radələrində Elyar, Xəyyamın telefonuna zəng edib Rəşadın Ceyhunu bıçaqla vurduğunu və Gəncə şəhəri Qəmərli küçəsində yerləşən “köhnə erməni qəbirsanlağı” adlanan ərazidə olduqlarını bildirmişdir. Dərhal özünə məxsus “Niva” markalı avtomobillə həmin yerə getmişlər. Onlar Ceyhunun bud nayihəsindən qan axdığını, Rəşad və Elyarın isə bir az aralıda dayandıqlarını görmüşdür. Dərhal Ceyhunu götürüb xəstəxanaya aparmışlar. Elyardan eşitdiyinə görə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs bud hissəsinə bıçaqla iki və ya üç dəfə xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə qonşudurlar. 17 iyul 2020-ci il tarixdə saat 21 radələrində İsanın yaşadığı evin yaxınlığında Ceyhun, İsa və Elcanla birlikdə dayanıb söhbət edərkən Elyar onun telefon nömrəsinə zəng edib Gəncə şəhərində olduğu üçün onlarla görüşmək istədiyini bildirmişdir. Elyara birlikdə İsanın evinin qarşısında dayanıb söhbət etdiklərini bildirmiş və onun da oraya gəlməsini təklif etmişdir. Təxminən 15 dəqiqədən sonra Rəşad özünə məxsus “Mercedes” markalı avtomobillə onların yanına gəlmiş, Elyar avtomobildən yerə düşüb onların yanına yaxınlaşmış, Rəşad isə avtomobilini sürüb getmişdir. Təxminən 5-10 dəqiqədən sonra Rəşad avtomobili ilə onların yanına gəlmiş, onlara yaxınlaşıb Ceyhunla işi olduğu üçün sonuncu ilə birlikdə gedib söhbət etmək istədiyini bildirmişdir. Ceyhun da Rəşadın avtomobilinə əyləşmişdir. Həmin vaxt Elyar onların dalaşa biləcəklərindən ehtiyat edərək onlarla birlikdə getmək üçün avtomobilə əyləşmişdir. Belə ki, Ceyhun və Rəşad əvvəllər bir dəfə dalaşmışlar. Sonra Rəşad özünə məxsus avtomobili sürüb onların yanından çıxıb getmişdir. Təxminən saat 22:00 radələrində Elyar onun telefonuna zəng edib Rəşadın Ceyhunu bıçaqla vurduğunu və Gəncə şəhəri Qəmərli küçəsində yerləşən “köhnə erməni qəbirstanlağı” adlanan ərazidə olduqlarını demişdir. Onlar da İsaya məxsus “Niva” markalı avtomobillə həmin yerə getmişlər. Onlar Ceyhunun bud nayihəsindən qan axdığını, Rəşad və Elyarın bir az aralıda dayandıqlarını görmüşlər. Onlar dərhal Ceyhunu götürüb xəstəxanaya aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Elyardan eşitdiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bud hissəsinə bıçaqla iki və ya üç dəfə xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Vəfadar oğlu Şahid3 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Gəncə şəhər şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 23.07.2020-ci il tarixli, 1075 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində dörd ədəd deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş yaralar müəyyən edildi: bu yaralardan biri qarın nahiyəsində sol tərəfdə yerləşir, daxilə keçərək, köndələn-çənbər bağırsağı və döş qəfəsinin sol tərəfində X qabırğanı zədələmiş, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Digər üç ədəd yaradan iki ədəd yara sol bud nahiyəsində, bir ədəd yara isə sağ bud nahiyəsində yerləşir: bu xəsarətlərdən hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 17.07.2020-ci il tarixə uyğun gəlir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- X1 Regional bölməsi tərəfindən təqdim edilmiş məhkəmə trasoloji ekspertizasına dair 31 avqust 2020-ci il tarixli, 16/544 saylı rəyindən görünür ki, təqdim olunan şalvarın üzərində olan 03 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqdim olunan qısaqol köynəyin üzərində trasoloji zədə aşkar edilmədi. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 23.07.2020-ci il tarixli, 1075 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarların səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən «iki ədəd yara sol bud nahiyəsində, bir ədəd yara isə sağ bud nahiyəsində yerləşən» xəsarətləri ilə şalvarın üzərində olan zədələr («a», «b», «c» zədələri) yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədələr və xəsarətlər üst-üstə düşür. Lakin, bədəndə yerləşən «Qarın nahiyəsində sol tərəfdə yerləşən, daxilə keçən, köndələn-çənbər bağırsağı və döş qəfəsinin sol tərəfində X qabırğanı zədələyən» xəsarəti ilə qısaqol köynəyin üzərində trasoloji zədə olmadığından zədə ilə onun bədəni üzərində aşkar edilmiş xəsarətin üst-üstə düşməsini müəyyən etmək mümkün olmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsi tərəfindən təqdim olunmuş 12 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10.10.2020-ci il tarixdə könüllü olaraq Gəncə şəhər Nizami RPİ-nə gəlmiş və həmin tarixdə də Gəncə şəhər BPİ-nin MSYnə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş «axtarışda olan şəxsin tutulması barədə» 10 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Gəncə şəhər Nizami RPİ-nə gəlmiş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 oktyabr 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 20 noyabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda ailə üzvləri yəni, atası X6, anası X2, bacıları X3 və X5 ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 25 iyul 2020-ci il tarixli 2549 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkaloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 25 iyul 2020-ci il tarixli 2553 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş 07.11.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş 30.04.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olmaqla taksi fəaliyyəti göstərərək ailəsini saxlamışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi şəxsin könüllü gəlib təqsirini boynuna almasını; 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini; 59.1.13-cü maddəsi dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini nəzərdə tutur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən, yəni CM-in 126.1-ci maddəsində nəzərdə tutulan daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd qısaqol köynək sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 31 (otuz bir) manat 50 (əlli) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-cimaddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 10 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd qısaqol köynək sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 31 (otuz bir) manat 50 (əlli) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar