Məhkəmə qərarları › İş №1(100)-134/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-134/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-134/2022 27.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1989-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Divanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs qətimkan tədbiri” seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 2021-ci ilin aprel ayında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda ümumi təmiz çəkisi 9,680 qram narkotik vasitə olan heroini və kulli miqdarda ümumi təmiz çəkisi 5,431 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 16.05.2021-ci il tarixdə saat 22 radələrində Tərtər RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon Yeni qəsəbə ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman bir ədəd polietilen kəsiyi bükümündə və 1(bir) ədəd kibrit qutusunun içərisində 5(beş) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,907 qram, 0,384 qram, 0,316 qram 0,342 qram, 0,341 qram, 0,390 qram olmaqla ümumi təmiz çəkisi 9,680 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1(bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 5,431 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulanadək Bərdə rayon Təhsil şöbəsində gözətçi vəzifəsində işləmişdir. Ailəlidir, üç azyaşlı övladı var. Özü 3-cü qrup əlildir. Əvvəllər məhkum olunmamışdır. Həbs edilməmişdən 8 ay əvvəl bədənində olan ağrılar olması səbəbindən yaranmış narahatçılıqla bağlı narkotik vasitə olan heroindən və metamfetamindən istifadə etməyə başlamışdır. 2021-ci ilin aprel ayının sonlarında şəxsi işi ilə bağlı Bakı şəhərinə getmiş, Bakı şəhərində işlərini həll etdikdən sonra xatırlamadığı yerdə gəzən zaman seloffan büküm görmüş, həmin seloffan büküm onun diqqətini cəlb etdiyi üçün yerdən əyilib götürmüşdür. Həmin seloffan bağlamanı açıb içərisinə baxan zaman içərisində narkotik vasitəyə bənzər iki ədəd seloffan bağlama və 1(bir) ədəd tərəzi görmüş, həmin 1 ədəd seloffan bağlamanın içərisindəki iki ədəd seloffan bükümlərin əvvəllər narkotik vasitə istifadəçisi olduğu üçün bir ədədinin içərisində olan kütlənin heroin, digər bükümün içərisindəki kütlənin isə metamfetamin olduğunu bilmişdir. Tapdığı 1 ədəd seloffan bükümdə olan 1 ədəd tərəzini və iki ədəd bükümü seloffana büküb cibinə yerləşdirmiş və özündə saxlayıb Bərdə şəhərinə gətirmişdir. Sellofan bükümdə olan narkotik vasitələri ayrı və 1 ədəd tərəzini ailəsi bilməsin deyə özünə məxsus “Renault Megane“ markalı avtomobilinin saxlanc yerinə yerləşdirmişdir. 16 may 2021-ci il tarixdə saat 17 radələrində özünə məxsus “Renault Megane” markalı avtomobilə əyləşib evdən çıxmış, evdən çıxdıqdan sonra Bərdə rayon dəmiryol xəttinə yaxın heç kimin olmadığı yerə getmişdir. Həmin yerdə avtomobili saxlamış və saxlanc yerindən narkotik vasitəni götürmüşdür. Avtomobilində həmişə gəzdirdiyi saxlanc yerindən narkotik vasitənin ayrılmasında, seloffanın və kağızın kəsilməsində istifadə etdiyi 1 ədəd qayçını və 2 ədəd bıçağı götürüb avtomobilində olan seloffanı qayçı ilə kəsmişdir. Bükümdə olan ümumi heroindən 5 ədəd seloffan bükümdə ayrı-ayrı qablaşdırıb hərdən istifadə üçün kibrit qutusuna yerləşdirib əynindəki şalvarın cibinə yerləşdirmişdir. Qalan 1 (bir) büküm heroni və 1 (bir) büküm metamfetamini isə pul kisəsinə yerləşdirib cibinə əlavə etmişdir. Sonra 2 ədəd bıçağı və 1 ədəd qayçını avtomobilinin ayaqaltısının alt hissəsində olan gizli saxlanc yerində gizlətmişdir. Onun evdən çıxmaqda məqsədi narkotik vasitə istifadə etmək olmuş, bu məqsədlə cibindəki narkotik vasitələrin müəyyən hissəsini harada istifadə edə biləcəyi barədə fikirləşmiş və sakit yer üçün Tərtər şəhəri Yeni qəsəbə ərazisini seçmişdir. O, avtomobili idarə edib Tərtər şəhəri Yeni qəsəbəyə getmiş və avtomobili idarə edib həmin ərazidə yerləşən Ağdərə kafesinin yaxınlığında saxlamışdır. Avtomobildə olan zaman polis əməkdaşları onun yanına yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhələrinin olduğunu bildirib onu Tərtər rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməyib onlarla birlikdə Tərtər rayon polis şöbəsinə getmiş, polis şöbəsinə gəldikdən sonra iki nəfər mülki şəxsin və müdafiəçinin itirakı ilə üzərində axatrış aparılmış və axtarış aparılanda əynində olan qəhvəyi rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd 100 manatlıq əskinas, 1 ədəd 50 manatlıq əskinas, 18 ədəd 20 manatlıq əskinaslar, 6 ədəd 10 manatlıq əskinaslar, 10 ədəd 1 manatlıq əskinaslar, sağ arxa cibindən 3 ədəd 1 manatlıq əskinaslar, 10 ədəd 5 manatlıq əskinaslar aşkar olunmuş, həmçinin əynindəki şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu aşkar olunmuş və həmin kibrit qutusunun içərisində 5 ədəd seloffan bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. Həmçinin sol yan cibindən isə 1 ədəd pul kisəsi aşkar olunmuş və həmin pul kisəsinin içərisində iki büküm aşkar olunmuşdur. Həmin 5 ədəd içərisində narkotik vasitə heroin olan bükümlərin hər biri ayrıayrılıqda olmaqla 0,5 qram, cəmisi 2,5 qram, digər iki ədəd, yəni bir bükümün içərisində narkotik vasitə olan heroin 13,4 qram, digər bükümün içərisində narkotik vasitə olan metamfetamin 6,7 qram olmuşdur. Həmin narkotik kütlələr ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq rayon PŞ-nin 206 saylı möhürü ilə möhürlənmiş və protokola imza etmişdir. Bundan sonra hal şahidlərinin və vəkilin iştirakı ilə təhqiqatçı polis baş leytenantı Toğrul Rəhimli tərəfindən idarə etdiyi “Renault Megane” markalı **-SL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə onun iştirakı baxış keçirilən zaman avtomobilinin sol ayaqaltı hissəsində saxlanc yerindən 2 ədəd qatlanan bıçaq, 1 ədəd qayçı, 1 ədəd elektron tərəzi və ona məxsus sənədlər aşkar olunaraq götürülmüşdür. Məhkəmənin diqqətinə çatdırır ki, ondan aşkar olunmuş narkotik vasitələri satış məqsədilə saxlamamış, narkotik vasitələrdən istifadə etdiyi üçün tapdığı həmin maddələri də istifadə etmək fikrində olmuşdur. Odur ki, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2002ci ildən X6, hazırkı vəzifəsində isə 2019-cu ildən işləyir. Polis mayoru rütbəsindədir. 16 may 2021-ci il tarixdə Bərdə rayonunun Divanlı kənd sakini Təqsirləndirilən şəxs Tərtər rayon ərazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat dərhal raportla Tərtər rayon polis şöbəsinin rəhbərliyinə məruzə olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün həmin gün saat 18 radələrində onun rəhbərliyi ilə Tərtər RPŞ-nin YYÇPİTQ-nun baş inspaktoru polis mayoru X1, rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı, Şahid4 və rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı, Şahid3 iştirakı ilə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Təqsirləndirilən şəxs 16 may 2021-ci il tarixdə saat 18 radələrində Tərtər şəhəri, Yeni qəsəbə ərazisində yerləşən “Ağdərə” kafesinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olan zaman təhqiqatçı Toğrul Rəhimli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra vəkil X2 və 2 (iki) nəfər hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Həmin axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd 100 manatlıq əskinas, 1 ədəd 50 manatlıq əskinas, 18 ədəd 20 manatlıq əskinaslar, 6 ədəd 10 manatlıq əskinaslar, 10 ədəd 1 manatlıq əskinaslar, sağ arxa cibindən 3 ədəd 1 manatlıq əskinaslar, 10 ədəd 5 manatlıq əskinaslar aşkar olunmuşdur. Eyni zamanda şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin kibrit qutusunun içərisindən isə 5 ədəd seloffan bükümdə narkotik vasitəyə bənzər heroin aşkar olunmuşdur. Həmçinin sol yan cibindən isə 1 ədəd pul kisəsi aşkar olunmuş və həmin pul kisəsinin içərisində iki büküm aşkar olunmuşdur. Həmin bükümlərin içərisinin birində heroinə oxşar narkotik vasitə, digər bükümün içərisindəki isə metamfetaminə bənzər kütlə olmuşdur. Aşkar olunmuş 5 ədəd sellofan bükümlərdəki narkotik vasitəyə bənzər heroin, digər iki ədəd bükümlərin içərisinin birində heroinə oxşar narkotik vasitə, digər bükümün içərisindəki isə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Həmin 5 ədəd içərisində narkotik vasitə heroin olan bükümlərin hər biri ayrı-ayrılıqda olmaqla 0,5 qram, cəmisi 2,5 qram, digər iki ədəd, yəni bir bükümün içərisində narkotik vasitə olan heroin 13,4 qram, digərinin içərisində narkotik vasitə olan metamfetamin 6,7 qram olmuşdur. Həmin narkotik kütlələr ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq rayon PŞ-nin 206 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra hal şahidlərinin və vəkilin iştirakı ilə təhqiqatçı polis baş leytenantı Toğrul Rəhimli tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi «Renault Megane» markalı, **-SL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman avtomobilin sol ayaqaltı hissəsində saxlanc yerindən 2 ədəd qatlanan bıçaq, 1 ədəd qayçı, 1 ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs məxsus sənədlər aşkar olunaraq götürülmüşdür. Həmin vaxt tərtib edilmiş protokolunun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3, Şahid4 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Şıxarx kəndində yaşayır. Heç bir yerdə işləmir. 16 may 2021-ci il tarixdə təxminən saat 21 radələrində o, Tərtər şəhəri ərazisində həmkəndlisi Şahid7 oğlu ilə birlikdə olan zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək hər ikisini hal şahidi qismində Tərtər rayon polis şöbəsinə dəvət etmişlər. O, həmkəndlisi Şahid7 oğlu ilə birlikdə polis əməkdaşlarının təklifini qəbul edərək birlikdə Tərtər rayon polis şöbəsinə getmişlər. Polis şöbəsində ona və digər hal şahidi olan Şahid7 hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra polis əməkdaşı onlara Təqsirləndirilən şəxs təqdim edərək həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi işi ilə məşğul olduğunu, buna görə də, rayon polis şöbəsinə gətirilməsi barədə məlumat vermişdir. Eyni zaman da, polis əməkdaşı onun və baxışda iştirak edən iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirəcəklərini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs vəkilin və baxışda iştirak edən iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd 100 manat, 1 ədəd 50 manat, 18 ədəd 20 manat, 6 ədəd 10 manat, 10 ədəd 1 manat, sağ arxa cibindən 3 ədəd 1 manat, 10 ədəd 5 manat əskinaslar və şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin kibrit qutusunun içərisində 5 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Bundan başqa şalvarın sol yan cibindən 1 ədəd pul kisəsi aşkar olunmuş və həmin pul kisəsinin içərisindən isə iki büküm aşkar olunmuşdur. Həmin bükümlərin içərisindən narkotik vasitəyə bənzər kütlə vardır. Həmin aşkar olunmuş 5 ədəd sellofan bükümlərdəki narkotik vasitəyə bənzər kütlə, həmçinin iki ədəd bükümlərin içərisindəki narkotik vasitəyə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. 5 ədəd içərisində narkotik vasitəyə bənzər kütlə olan bükümlərin hər biri ayrı-ayrılıqda olmaqla 0,5 qram, cəmisi 2,5 qram, digər iki ədəd, yəni bir bükümün içərisində narkotik vasitəyə bənzər kütlə 13,4 qram, digər bükümün içərisində narkotik vasitəyə bənzər kütlə isə 6,7 qram müəyyən edilmişdir. Həmin narkotik kütlələr təhqiqatçı Toğrul Rəhimlinin ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş və iştirakçılarla birlikdə protokola imza etmişdir. Bundan sonra baxışda iştirak edən iştirakçıların iştirakı və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun idarə etdiyi «Renault Megane» markalı, **-SL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sol ayaqaltı hissəsində saxlanc yerindən 2 ədəd qatlanan bıçaq, 1 ədəd qayçı, 1 ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs məxsus sənədlər aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Divanlı kəndində yaşayır. Evdar qadındır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun əridir. Aralarında rəsmi nikahları var. Birgə nikahlarından 3 (üç) azyaşlı övladları vardır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadə etməsi barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. 16 may 2021-ci il tarixdə o, Bərdə rayonunun, Divanlı kəndində yerləşən fərdi yaşayış evində olan zaman əri Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda və istifadə etməsində şübhəli olduğundan Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tərtər rayonu ərazisində saxlanılması barədə məlumatı olmuşdur. Lakin onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasında əvvəlcədən heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra bu barədə məlumatı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.05.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.05.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən qablaşdırılmış şəkildə çəkisi 13,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və qablaşdırılmış şəkildə çəkisi 6,7 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 17 may 2021-ci il tarixli, 16/463 nömrəli rəyindən görünür ki, «Bərdə rayonu, Divanlı kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə.» sözləri yazılmış kağız paketdəki; - 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə və 1 (bir) ədəd kibrit qutusunun içərisindəki 5 (beş) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 7,907 qram, 0,384 qram, 0,316 qram, 0,342 qram, 0,341 qram, 0,390 qram ümumi təmiz çəkisi 9,680 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 5,431 qram, maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - 1 (bir) ədəd qırmızı rəngli boş kağız parçasının üzərində narkotik və psixotrop maddələrin izləri aşkar olunmadı. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların» siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in 1-ci siyahısının İİ bəndinə daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların» siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in 1-ci siyahısının İ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli 4(061)-29/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 16.05.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 05.11.2021-ci il tarixli tələbnamədən görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.11.2021-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Divanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 1988-ci il təvvəlüdlü arvadı Gülanə Əfkərovadan, 2011-ci il təvəllüdlü qızı Aynur Babayevadan, 2014-ci il təvəllüdlü qızı Aylin Babazadədən və 2017-ci il təvəllüdlü oğlu Ayxan Babayevdən ibarət ailə üzvləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Divanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.11.2021-ci il tarixli 879 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 2011-ci il təvəllüdlü X8 babayevin qızıdır, 2014-ci il təvəllüdlü X9 Babayevin qızıdır və 2017-ci il təvəllüdlü Ayxan Babayev Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 273507 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 noyabr 2021-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 9,680 qram heroin və təmiz çəkisi 5,431 qram metamfetamini üzərində saxlamış və daşımışdır. Həmin narkotik vasitələri Bakı şəhərində xatırlamadığı yerdən tapmış, idarə etdiyi «Renault Megane» markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar edilərək götürülmüş 2 ədəd bçaq və 1 ədəd qayçını isə fərdi yaşayış evindən götürərək avtomobilində saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı işi ilə məşğul olması və onun Əhmədxan adlı tanışı olması barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs analoji cinayətlərdə iştirakının olması halları müəyyən edilməmişdir. Buna baxmayaraq qeyd edilən istiqamətdə tədbirləri davam etdirilir və gələcəkdə müsbət nəticə əldə olunarsa məlumat veriləcəyi göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə şəhəri Narkoloji Dispanserindən daxil olmuş 13 noyabr 2021-ci il tarixli, 1368 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop madə olan metamfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə şəhəri Psixoloji Dispanserindən daxil olmuş 03 sentyabr 2021-ci il tarixli 526 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14.11.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 9,680 qram (tədqiqatdan sonra qalıq 9,380 qram) heroin, təmiz çəkisi 5,431 qram (tədqiqatdan sonra qalıq 5,331 qram) metamfetamin, Təqsirləndirilən şəxs idarə etdiyi «Renault Megane» markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar edilərək götürülmüş 2 ədəd bıçaq, 1 ədəd qayçı və 1 (bir) ədəd elektron tərəzi Tərtər rayon PŞ-nin sübutların saxlanılması otağında saxlanılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə qeyd olunan narkotik vasitəni satış məqsədi ilə əldə etməməsinə, həmin narkotik vasitələri öz istifadəsi üçün üzərində gəzdirməsinə dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİİ qrup əlil olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 16.05.2021ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə şəhəri Narkoloji Dispanserindən daxil olmuş 13 noyabr 2021-ci il tarixli, 1368 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop madə olan metamfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 9,680 qram (tədqiqatdan sonra qalıq 9,380 qram) heroin, təmiz çəkisi 5,431 qram (tədqiqatdan sonra qalıq 5,331 qram) metamfetamin, Təqsirləndirilən şəxs idarə etdiyi «Renault Megane» markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar edilərək götürülmüş 2 ədəd bıçaq, 1 ədəd qayçı və 1 (bir) ədəd elektron tərəzi Tərtər rayon PŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 9,680 qram (tədqiqatdan sonra qalıq 9,380 qram) heroin, təmiz çəkisi 5,431 qram (tədqiqatdan sonra qalıq 5,331 qram) metamfetamin, Təqsirləndirilən şəxs idarə etdiyi «Renault Megane» markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar edilərək götürülmüş 2 ədəd bıçaq, 1 ədəd qayçı və 1 (bir) ədəd elektron tərəzi məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 63 manat 90 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 16 may 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 9,680 qram (tədqiqatdan sonra qalıq 9,380 qram) heroin, təmiz çəkisi 5,431 qram (tədqiqatdan sonra qalıq 5,331 qram) metamfetamin, Təqsirləndirilən şəxs idarə etdiyi «Renault Megane» markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar edilərək götürülmüş 2 ədəd bıçaq, 1 ədəd qayçı və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 manat 90 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar