Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-135/2025 30.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X1 məhəkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1982-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qazax rayon Ağköynək kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 2,107 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,315 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək 1 ədəd mavi rəngli sellofan bükümdə, narkotik maddə olan heroini isə 1 ədəd mavi rəngli, 3 ədəd şəffaf rəngli sellofan bükümlərdə saxlamış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Qazax rayonu, Ağköynək kəndində yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə saat 17:48-də saat 19:30-dək olan müddət ərzində keçirilmiş baxış zamanı evin qonaq otağında olan qaz sobasının üzərinə qoyulmuş metal materialdan hazırlanmış qabın içərisindən 1 ədəd mavi rəngli, 3 ədəd şəffaf rəngli sellofan bükümlərdə təmiz çəkiləri 0,418 qram, 0,486 qram, 0,496 qram, 0,707 qram, ümumi təmiz çəkisi 2,107 qram təşkil edən kimyəvi tərkiblərinə görə eyni olan külli miqdar hesab edilən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd mavi rəngli sellofan bükümün içərisindən təmiz çəkisi 0,315 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olmuşdur. Səhər tezdən o evində yatarkən polis əməkdaşları evə gələrək onu tutmuşlar. Onu evdə yaşlı atası olmuş, həmin vaxt atasına “sistem” qoşulmuşdur. Həmin vaxt onun anası və arvadı da evdə olmuşlar. Polis əməkdaşları evə baxış keçiriləcəyini bildirmişilər. Polis əməkdaşları onun anası ilə söhbət etdikdən sonra anası və arvadını başqa otağa keçirmişlər. Daha sonra ona psixoloji təyziqlər etmişlər. Polis əməkdaşı Şahid2 onunla şəxsi münasibətlər zəmnində qərəzçiliyi olmuşdur. Qaz sobasının üstündən narkotik vasitə aşkar edilmişdir. Onların həyət evi ümumi məhlədən ibarətdir. Orada onun əmiləri də yaşamışlar. Əmisinin həyətində dəyirman işləmiş, onların qapıları səhər saat 5-dən gecə saat 12-ə qədər açıq olmuşdur. Ona polis əməkdaşları tərəfindən psixoloji təsir olunmuşdur. Həmin vaxt polislər bükümləri səhvən çəkmiş, o bükümlər polis əməkdaşlarının olmuşdur. Polislər tərəzidə narkotik vasitəni çəkərkən 1 qram nəzərdə tutulan narkotik 1,78 qram gəlmişdir. Budan sonra narkotik vasitə ekspertizaya göndərilmişdir. Narkotik vasitə ekspertizaya göndərilməzfən əvvəl o, 48 saat şübhəli şəxs kimi saxlanılmışdır. Ekspertin rəyi gəlməmiş artıq o, 234.1-1-ci maddə ilə təqsirli bilinmişdir. Bundan sonra ekspertin rəyi 2.7 qram narkotikə görə gəlmiş, həmçinin orada metamfetamində olmuşdur. Metamfetaminin çəkisi ekspert rəyində az gəlmiş, heroinin çəkisi isə ağır gəlmişdir. Bunlar hamısı video çəkilişlərdə vardır. O ona verilən ittihama narazılıq bildirərək özünə xəsarət yetirmişdir. Bundan sonra onu əməliyyat etmişlər. O prokurorluqda olan zaman bununla bağlı prokurora məlumat vermişdir. Onu CM-nin 234.1ci maddəsi ilə razılaşdırmışlar, sonradan isə onun başına bu oyunu gətirmişlər. Bunlar hamısı Şahid2 qəsdi-qərəzliyi ilə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə 2022-ci il tarixdə baş vermişdir. Hadisədən 02 il keçmişdir. Hazırda o, 02 ildir ki, Xankəndi şəhərində xidmət aparır. 2022-ci ilin may ayında daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o rəhbərlik etmişdir. Vətəndaşın yaşadığı ünvana gedilmişdir. Həmin vaxt video çəkiliş olmuşdur. Vətəndaşın yaşadığı ünvana daxil olunmuş və onun hüquq və vəzifələri izah olunmuşdur. Evinə axtarış və baxış istintaq hərəkətinin keçiriləcəyi bildirilmişdir. Vətəndaş razılaşmış və həmin vaxt vətəndaşın razılıq ərizəsi alınmışdır. Evindən narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Çəkisinin nə qədər olması uzun müddət keçdiyindən xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir ədavəti olmamış, hadisə zamanı həmin şəxsi tanımışdır. Polis əməkdaşı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Onun göstərişi ilə təqsirləndirilən şəxsin evinə gedilmişdir. Həmin vaxt qapı döyülmüş və vətəndaşın özü çıxmışdır. Həmin vaxt çəkiliş aparılmışdır. Şprislər olmuşdur. Təhqiqatçının göstərişi ilə baxış keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi bir dəfə görmüşdür. Əməliyyat məlumatı daxil olmuş, həmin vaxt onlar şöbəyə dəvət edilmişlər. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, təqsirləndirilən şəxsin evinə gedilmiş həmin vaxt təqsirləndirilən şəxsin özü qapını açmış və evə çəkilişlə baxış keçirilmişdir. Girişin birinci otağında qaz sobasını üzərində “podnosda” bükümlər və “şpiris” aşkar olmuşdur. Həmin vaxt təqsirləndirilən şəxs aşkar olunan narkotik və psixotrop maddənin özünə məxsus olmasını və özü istifadə etdiyini bildirmişdir. «Şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təmiz çəkisi 2,107 qram narkotik vasitə olan heronin 1,907 qram ekspertizadan qaytarılmış hissəsi, təmiz çəkisi 0,315 qram psixotrop maddə olan metamfetaminin 0,265 qram ekspertizadan qaytarılmış hissəsi, 6 ədəd şpris və 2 ədəd şüşə flakon aşkar olunmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 28 may 2023-cü il tarixli, 16/555 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərinə “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş kütlələr və şprislər...” yazı və imzalar olan kağız paketdəki:1 (bir) ədəd mavi rəngli sellofan bükümdə, təmiz çəkisi 0,315 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir,3 (üç) ədəd şəffaf sellofan bükümlərdə və 1 (bir) ədəd mavi rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,418 qram, 0,486 qram, 0,496 qram, 0,707 qram, ümumi təmiz çəkisi 2,107 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, kimyəvi tərkiblərinə görə eynidirlər. 3 (üç) ədəd 1 ml-lik və 1 (bir) ədəd 3 ml-lik şprislərin, 2 (iki) ədəd sınıq şüşə flakonların (8-11 və 12-13№-li ob) içərisində narkotik vasitə olan heroin izləri aşkar edildi, heroin iz şəklində olduğundan quru maddəsinin təmiz çəkisini müəyyən etmək mümkün deyil. 2 (iki) ədəd 1 ml-lik şprislərin içərisində narkotik vasitə və psixotrop maddə izləri aşkar edilmədi. (6-7№-li ob) Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Təkrar məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/995 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş kütlələr və şprislər” yazı və imzalar olan paketdəki 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə və 1 ədəd mavi rəngli sellofan bükümdə, heroinlərinin ayrı-ayrılıqda qalıq təmiz çəkiləri 0,368 qram, 0,436 qram, 0,446 qram, 0,657 qram, ümumi qalıq təmiz çəkisi 1,907 qramdır. xx.xx.2023-cü il tarixli 16/555 saylı ekspert rəyinə əsasən ilkin tədqiqat zamanı heroinlərin təmiz çəkiləri 0,418 qram, 0,486 qram, 0,496 qram, 0,707 qram, ümumi təmiz çəkisi 2,107 qram olmuşdur. İlkin tədqiqat zamanı hər obyektdən 0,05 qram tədqiqata sərf edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 13 iyul 2023-cü il tarixli 1175 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş arayışdan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən və Gəncə Apellyasiya Məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Gəncə Ağır Cinayətlə Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək əməl CM-nin 234.4.1, 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən cəzası 06 ay azaldılaraq üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və cəzasının sonu ilə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Qazax RİHB-nin Ağköynək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluq həyatı yaşamış və davranışlarında ictimaiyyət arasında özünü yaxşı cəhətdən göstərməmişdir. Qazax rayon Psixiatriya xəstəxanasından təqdim edilmiş xx.xx.2023-cü il tarixli 968 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya xəstəxanasında psixoloji qeydiyyatda olmamış, lakin 2021-ci ildən xəstəxananın narkoloji kabinetində “Narkoman” diaqnozu ilə qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə barədə protokoldan görünür ki, Qazax rayonu, Ağköynək kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin İİ mərtəbəsinə baxış keçirilmiş və qonaq otağında olan qaz sobasının üzərinə qoyulmuş metal materialdan hazırlanmış sininin içərisindən 1 ədəd mavi rəngli sellofan bükümdə ağ rəngli, kristal şəkilli bükümlə birlikdə 0,38 qram çəkidə psixotrop maddə olan metamfetaminə oxşar maddə, 1 ədəd mavi rəngli və 3 ədəd şəffaf rəngli bükümlərdə olan qəhvəyi rəngli müvafiq olaraq çəkiləri 0,39 qram, 0,41 qram, 0,57 qram və 0,43 qram təşkil etməklə ümumilikdə bükümləri ilə birlikdə çəkiləri 1,78 qram narkotik vasitə olan heroinə bənzər maddələr, 2 ədəd istifadədə olmamış şpris, 4 ədəd istifadə olunmuş şprislər, 2 ədəd üst hissəsi kəsilmiş şüşə flakonlar və 19 manat məbləğində pul vəsaiti aşkar edilərək götürülmüşdür. Qazax RPŞ-nə verilmiş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, həyata keçirilən bir sıra əməliyyat axtarış tədbirləri nəticəsində Qazax rayon Ağköynək kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadə etməsi müəyyən olunsa da satışı ilə məşğul olmasını və saxlanılmazdan 10-15 gün əvvəl Bakı şəhərində narkotik maddə və psixotrop maddə almış olduğu Arif adlı şəxsi və digər şəxslərdən alıb-almamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək narkotik vasitə olan heronin və psixotrop maddə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzrərinə qoyulması və polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təsir göstərilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və onun polis əməkdaşları tərəfindən döyülməsi faktının təsdiqini tapmaması barədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadəni özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs təmiz çəkisi 2,107 qram narkotik vasitə olan heronin 1,907 qram ekspertizadan qaytarılmış hissəsi, təmiz çəkisi 0,315 qram psixotrop maddə olan metamfetaminin 0,265 qram ekspertizadan qaytarılmış hissəsi, 6 ədəd şpris və 2 ədəd şüşə flakonu məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması məhkəmədə öz təsdiqini tapmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1 maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarının izahlarını da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmdə təqsirləndirlən şəxsin narkotik vasitə və psixotrop maddəni kiməsə satması ilə bağlı heç bir mötəbər sübut müəyyən etmək mümkün olmamışdır. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə, həmin narkotik vasitədən və psixotrop maddədən hər hansı şəxsə satmasına dair sübut əldə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təmiz çəkisi 2,107 qram narkotik vasitə olan heronin 1,907 qram ekspertizadan qaytarılmış hissəsi, təmiz çəkisi 0,315 qram psixotrop maddə olan metamfetaminin 0,265 qram ekspertizadan qaytarılmış hissəsi, 6 ədəd şpris və 2 ədəd şüşə flakon məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib gəzdirməsi, istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinməli, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsininin və Cinayət Məcəlləsinin 9.2-ci maddəsinin prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışından görünür ki, təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhukluğunu ödənilməsi üçün qanunda müəyyən edilmiş müddət keçmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi olması onun məsuliyyətini ağırlaşdıran haldır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyini nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə maddi sübutlar Qazax rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi 2,107 qram narkotik vasitə olan heronin 1,907 qram ekspertizadan qaytarılmış hissəsi, təmiz çəkisi 0,315 qram psixotrop maddə olan metamfetaminin 0,265 qram ekspertizadan qaytarılmış hissəsi, 6 ədəd şpris və 2 ədəd şüşə flakon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Qazax rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin cinayət işinə əlavə edilmiş evinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01(bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 93,20 ( doxsan üç manat iyirmi qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia ,xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınması nəzərə alınsın. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Qazax Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 2,107 qram narkotik vasitə olan heronin 1,907 qram ekspertizadan qaytarılmış hissəsi, təmiz çəkisi 0,315 qram psixotrop maddə olan metamfetaminin 0,265 qram ekspertizadan qaytarılmış hissəsi, 6 ədəd şpris və 2 ədəd şüşə flakon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Qazax Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 93,20 ( doxsan üç manat iyirmi qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-135/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-135/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver