Məhkəmə qərarları › İş №1(100)-136/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-136/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-136/2025 16.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Azərbaycan küçəsi, döngə 6, ev 5-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 12.695 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 02 noyabr 2023-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin CAİ-nə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 09:30 radələrində Gəncə şəhəri, R.Xəlilov küçəsində yerləşən 40 saylı orta məktəbin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 12.695 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 noyabr 2023-cü il tarixdə saat 09 radələrində o mağazadan çörək almaq üçün çıxmışdır. Həmin vaxt ona bir nəfər şəxs yaxınlaşmış, salam verərək onunla şöbəyə, Baş İdarəyə getmək lazım olduğunu bildirmişdir. Bundan sonra onların yanında qara rəngli avtomobil dayanmış və onun üst-başı yoxlanılaraq onu avtomobilə əyləşdirmişlər. Həmin şəxslər 3 nəfər olmuşlar. Həmin vaxt digər qara rəngli «VAZ 21114» maraklı avtomobilin hərəkətdə olduğunu görmüşdür. Həmin avtomobilin sürücüsünə “aparırıq baş idarəyə gəl ora” deyilmişdir. Onu idarənin 2-ci mərtəbəsinə aparmışlar. İdarədə ona “bu narkotiki götür” demişlər. Ona “denən mənimdir yerdən tapmışam” deyilmişdir. O isə polis əməkdaşlarına “mən narkotik qəbul edən şəxs deyiləm, özümdə idmançıyam” demişdir. Ona əgər götürməzsə evindən qardaşlarının, ata və anasının şərlənməsi deyilmişdir. Ona psixoloji təyziq olunduqdan sonra o razılaşmış və narkotoiki qəbul etmişdir. Bundan sonra o idarənin 1-ci mərtəbəsinə aparılmış və orada video çəkliş aparılmşdır. Video çəkliş zamanı o narkotikin ona məxsus olmamasını bildirmişdir. Bundan sonra video çəkliş dayandırılmış və ona “bunu deməsən 2 nəfər evinizə göndəririk” deyilmişdir. Bundan sonra o öz özlüyündə günahsız olmasını düşünərək fikirləşmişdir ki, əgər o bura gəlmişsə demək ki, onun evinə də gedə bilərlər. Sonra video çəkliş edilmiş və o narkotik vasitəni yerdən tapmasını bildirmişdir. Ona sadəcə psixoloji təyziqlər olunmuşdur. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində gösətərmişdir ki, «… 02 noyabr 2023-cü il tarixdə səhər saatlarında 40 nömrəli orta məktəbin yaxınlığından yerdən bir büküm tapmış, o həmin bükümü yerdən götürüb cibinə qoymuş, 02 noyabr 2023-cü il tarixdə, saat təxminən 09:30 radələrində Gəncə şəhəri R.Xəlilov küçəsində yerləşən 40 nömrəli orta məktəbin yaxınlığında olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib Gəncə şəhər BPİ-in əməkdaşları olduqlarını bildirərək birlikdə Gəncə şəhər BPİ-nə getməsini bildirmişlər, o da polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları onu xidməti avtomobilləri ilə Gəncə şəhər BPİ-nin inzibati binasına aparmışlar, Gəncə şəhər Baş Polis İdarəsində xidməti iş otaqlarından birində ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmasından ötrü müdafiəçilərin siyahısı təqdim edilmiş, həmin siyahıda olan müdafiəçilərdən hansını istəyirsə seçə bilməsi izah edilmiş, o da təqdim olunmuş vəkillərin siyahısından X4 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmiş, müdafiəçi X6 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, həmin sənədlər müdafiəçi tərəfindən ona ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmış, müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar, şəxsi axtarışa başlamamışdan əvvəl ona üzərində narkotik vasitə və ya hər hansı qanunsuz əşya varsa təqdim etməsini bildirmişlər, o isə əynində olan boz rəngli gödəkçənin sağ yan cibində olan bir ədəd şəffaf rəngli polietilin kəsiyinə bükülmüş heroini təqdim etmiş, bundan başqa o əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd pul qabını və həmin gödəkcənin sol iç yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu təqdim etmiş, sonra onun üzərində şəxsi axarış aparılmış və üzərindən başqa heç bir əşya aşkar edilməmiş, pul iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır.Sonra onun təqdim etdiyi kütləyə baxış keçirilib elektron tərəzidə çəkilmiş, onun təqdim etdiyi narkotik vasitənin şəffaf polietlen torba kəsiyi ilə birlikdə çəkisi 12.96 qram olmuş, sonra həmin narkotik vasitə olan heroin ekspertizaya göndərilməsi üçün 01 ədəd paketin içərisinə qoyulmuş, paketin bağlanc yerləri möhürlənmiş və paket imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 1 ədəd polietilin kəsiyinə bükülmüş narkotik vasitə olan heroini 02 noyabr 2023-cü il tarixdə səhər saatlarında 40 nömrəli orta məktəbin yaxınlığından tapmış, həmin heroindən istifadə etməmiş və heç kimə verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvəllər tanımamış, hazırki işlə bağlı tanımış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu Təqsirləndirilən şəxsı Gəncə şəhəri, 40 saylı məktəbin yaxınlığında tutaraq polis şöbəsinə aparmışlar. Şöbədə təhqiqat otağında dəvət olunmuş vəkil X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, sonuncu cibindən kiçik bir büküm narkotik vasitəni çıxarıb təqdim etmişdir. Dəqiq xatırlamır, Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim edərkən səhv etmirsə çoxdan istifadə etdiyini demişdir. Narkotik vasitə tərəzidə çəkilsə də miqdarı yadında qalmamışdır. Təqsirləndirilən şəxs onun tərəfindən hər hansı bir fiziki və ya mənəvi zorakılıq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Hüseynağa oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvəllər tanımamışdır. Hazırki işlə bağlı tanımış və onunla heç bir ədavət və düşmənçiliyi olmamşdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edib istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında onun və baş əməliyyat müvəkkilinin iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində səhv etmirsə iki noyabr tarixdə təxminən səhər saatlarında, yaşadığı küçədə olacağı təxmin edilərək əməliyyat tədbirinə başlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı küçənin yaxınlığında saxlanılmış, özlərini təqdim edərək onu polis idarəsinə dəvət etmişlər. İdarədə ona qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, üzərində daşımaqla saxlaması və satması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın yan cibindən 1 ədəd kiçik bükümü çıxarıb təqdim etmiş, istifadəçi olmadığını, təqdim etdiyi bir büküm narkotik vasitəni yerdən tapdığını, lakin marağına səbəb olduğu üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvəllər tanımamış, hazırki işlə bağlı tanımış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edib istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında onun və əməliyyat qrupunun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Vusal Tağıyevi 40 saylı məktəbin yaxınlığında tutaraq polis şöbəsinə gətirmişlər və təhqiqatçıya təhvil vermişlər. Şöbədə onun üzərindən bir büküm narkotik vasitə aşkarlanaraq götürülmüşdür. 02 noyabr 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə tutulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 4(125)-546/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 02 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru X3, Gəncə şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1, Polis baş leytenantı Şahid2 Hüseynağa oğlunun həmin idarənin kiçik inspektoru, polis serjantı Şahid3, həmçinin Gəncə 1 saylı vəkil bürosunun vəkili X6 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona bu barədə bildiriş təqdim olunmuşdur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli polietilen kəsiyinə bənzər heroinə bükülmüş kütləni, həmin gödəkcənin sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu və gödəkcənin sol iç cibindən isə bir ədəd qara rəngli pul qabını təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin sellofanın içərisində olan kütlənin nə olduğu və hardan tapdığı təhqiqatçı tərəfindən soruşulmuş, Təqsirləndirilən şəxs sellofan bükülüdə olan kütlənin narkotik vasitə olmasını və xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, 40 saylı orta məktəbin yaxınlığında yerdən tapdığını, həmin bükülüdən istifadə etmədiyini, heç kimə satmadığını, başqa yerdə saxlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman üzərindən heç bir əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlə elektron tərəzisində çəkilmiş, həmin kütlənin çəkisi isə 12.96 qram olaraq müəyyən olunmuşdur. Həmin kütlə götürülərək iştirakçıların yanında zərfə qoyulub Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli pul qabına baxış keçirilmiş və pul qabından bir ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi, 1 ədəd «ABB»-yə məxsus plastik kart, bir ədəd «ABB» məxsus «Tam kart» kredit kartı, 2 ədəd «MPay» ödəmə çekləri və 2 ədəd bir manatlıq əskinaslar aşkar olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 02 noyabr 2023-cü il tarixli 16/1146 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 12.96 qram kütlə …..» sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 12.695 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə–heroindir. -Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekusorların» siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in 1-ci siyahısının İ bəndinə daxildir. Məhktubundan görünür ki, məhkəmə-narkoloji ekspertizasının 05 dekabr 2023-cü il tarixli 1984 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizotik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini satdığı şəxslərin dairəsini müəyyən edilməsi istiqamətində hazırda müsbət nəticə əldə olunmasa da bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. Bundan əlavə bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə köməklik etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə və vaxtla bağlı yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadığından Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə və vaxt naməlum kimi qiymətləndirilməli, həmin faktla əlaqədar, hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 12.695 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 12.595 qram olan narkotik vasitə heroin Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmişdir. 02 noyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməlidir. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək narkotik vasitə heroinin ona məxsus olmaması, üzrərinə qoyulması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, istintaq zamanı onun özünün müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və çəkilmiş fotoşəkillərlə təkzib edildiyindən və polis əməkdaşları tərəfindən ona psixoloji təsir gösətərilməsi faktı təsdiqini tapmadığından, məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadəsini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heronin əldə edib daşıyaraq saxlamasına görə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama gəlincə isə məhəkəmə kollegiyası hesab edir ki, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heronin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut mövcud olmamışdır. Belə ki, məhkəmədə dindirilmiş bilavasitə sübut kimi kimi qiymətləndirilən şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Eləcə də istintaq zamanı da təqsirləndirilən şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satış məqsədi ilə üzərində saxlaması və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 12.595 qram olan narkotik vasitə heroini aldığı şəxsin şəxsiyyətini və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin külli miqdarda, yəni təmiz çəkisi 12.595 qram olan narkotik vasitə heroin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik maddə heroini satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadələrə, o cümlədən yuxarıda sadalanan ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan subutlar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan ittihamın verilməsi üçün nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs 12.595 qram olan narkotik vasitə heroin satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitə heronini satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda yalnız narkotik maddəni çəkisinin çox olması ehtimalı ilə satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət Prosessual Qanunun tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs aşkar olunmuş 12.595 qram olan narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin Məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda 12.595 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri,istintaq hərəkəti protokolları, videoçəkiliş və məhkəmədə araşdırılmış işin digər materialları ilə sübuta yetirilmişdir. Məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış va tədqiqata sərf edildikdan sonra qalıq çakisi 12.595 qram olan narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlaması məhəkəmə istintqaında öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Yuxarıda qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyini nəzərə alınmaqla ona təqsiri sübuta yetirildiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmaldır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 12.595 qram olan narkotik vasitə heroin məhv edilməli. məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsi və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Hamçinin cinayat işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 32.40 manat (otuz iki manat qırx qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 12.595 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Həmçinin cinayət işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 32.40 manat (otuz iki manat qırx qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar