Məhkəmə qərarları › İş №1(100)-137/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-137/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-137/2023 29.11.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X3 ibarət tərkibdə, X7, X10, X8, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Nizami küçəsi, ev 190-da qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarında narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib yaşadığı evə daşıyaraq saxlamış və satmışdır. Belə ki o, məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarında, yəni ümumi təmiz çəkisi 1,08 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında 15 manat müqabilində tanışı Şahid1 satmış, xx.xx.2021-ci il tarixdə saat 01:30da Gəncə şəhər Baş Polis İdarəsi 1-ci PŞ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şahid1 Gəncə şəhəri Nizami küçəsi “ Ulduzlu Gecə “ şadlıq sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhəri Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə aparılmış, 1-ci PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağıza bükülü təmiz çəkisi 1,08 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən məlum olmayan vaxt və mənbədən külli miqdarda, təmiz çəkisi 3,720 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağında yerləşən çarpayının üzərində olan döşəyin altında sellofan bükümdə saxlamış, Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri nəticəsində 03 avqust 2021-ci il tarixdə saat 06 radələrində yaşadığı həmin evə baxış keçirilərkən yataq otağında yerləşən çarpayının üzərində olan döşəyin altından satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd sellofan bükümdə külli miqdarda, yəni 3,720 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Şahid1 bir neçə aydır ki, tanımış, Camal da narkotik vasitə aludəçisi olmuşdur. xx.xx.2021-ci il tarixdə Camal onun yaşadığı ünvana gəlmiş, o, özündə olan bir qədər qurudulmuş marixuananı Camala vermişdir. Həmin “qurudulmuş marixuananı” iki gün əvvəl Gəncə şəhəri keçmiş Şəmkir avtovağzalı adlanan yerin yaxınlığından tapmışdır. Camal gələn zaman başqa bir tanışının ona olan 15 manat borcunu da gətirmişdir. Bir qədər sonra Camal çıxıb getmişdir. Sonradan yaşadığı evin qarşısında gecə saatlarında olan zaman polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğunu deyərək polis idarəsinə aparmışlar. Polis idarəsində üzərinə səxsi axtarış keçirilmiş, üzərindən ümumilikə 170 manat pul və evinin açarından başqa heç nə aşkar edilməmişdir. Bundan sonra yaşadığı evə axtarış aparılması ilə bağı onun razı olub-olmadığı soruşulmuş, o da ərizə yazaraq yaşadığı evə polis əməkdaşları tərəfindən axtarış aparılmasına razılıq vermişdir. Bundan sonra onun yaşayış evində axtarış aparaılmış, axtarış zamanı yaşadığı evdə yataq otağında çarpayının altından şüşə şəkilində maddə aşkar edilmiş və həmin kütlə psixotrop maddə adı ilə tanınan “patı” ya bənzədiyi üçün elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 4 qram olmuşdur.Həmin maddə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan əlavə həmin çarpayıda olan döşəyin altından babasından qalan bıçaq da aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Digər yataq otağında isə çarpayının yanında olan dolabdan narkotik vasitə tiryəkə bənzər qəhvəyi rəngli, spesifik qoxuya malik kütlə aşkar edilmiş, elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 14,1 qram olmuş və həmin kütlə də zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra evin mətbəxində axtarış aparılan zaman 3 ədəd şüşə şəkilində maddə aşkar edilmiş və həmin kütlələr narkotik vasitə “patı’ya bənzədiyi üçün elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 27,8 qram olmuş, həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. O, Camala narkotik vasitə satmamış, ona narkotik vasitəni versə də, Camal tanışının ona olan borcunu vermişdir.Həmin qurudulmuş marixuananı iki gün əvvəl yaşadığı evin yaxınlığında olan keçmiş Şəmkir avtovağzalının yaxınlığından tapmışdır. Üzərindən aşkar edilmiş 170 manat pulu alimentə vermək üçün tanışından borc almışdır. Həmin narkotik vasitədən və ya psixotrop maddədən heç kimə verməmiş və satmamış özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Əvvəllər istifadə etdiyi narkotik vasitə marixuananı tanımadığı müxtəlif adamlardan almış, həmin şəxslər barəsində heç bir məlumatı olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 23:55-də onun istifadəsində olan ***-***- **-** mobil nömrəsinə “qaqa çağır o uşağın maşınına otur gəl bura, həm torbanı gətir, həm də pul verim 10 manat” tipli, xx.xx.2021-ci il tarixdə saat 22:53-də “qaqa gələndə mənə də bir dənə lüstür lampa alarsan” tipli və xx.xx.2021-ci il tarixdə saat 00:04-də “noldu qaqa xever ver işimi qurum, mendə ki çıxa bilim götürməyə” tipli smslər göndərmiş ***-***-**-** nömrə dostu Cəbrayıla məxsus olmuşdur, Cəbrayılla bir yerdə hərbidə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmiş, bir il olar ki, Cəbrayılla əlaqəsi kəsilmiş, həmin vaxtdan uzun müddət keçdiyi üçün Cəbrayıl o smsləri ona nə məqsədlə yazdığını xatırlamır . Cəbrayıl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə hal-hazırda həbsdə olmalıdır. xx.xx.2021-ci il tarixdə saat 14:13-də öz istifadəsində olan nömrədən “salam, səndə pul qutaranda gelersən, bir defe də adamlığın olsun, gerek zirt-zivil ola gelesen? Adam kimi gel dertləşək, ne olar ki, borcumdan da verim bir defede olsa deyilənə qulaq as” tipli sms göndərdiyi ***-***-**-** saylı nömrə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid5 məxsusdur, Əfsanə ilə təxminən 7-8 ay bir yerdə olmuş, sonuncu ilə həm öz evlərində, həm də onlarda qalmışlar. Hər ikisinin evində də narkotik vasitə istifadə etmişlər. Lakin ailə üzvləri onun narkotik vasitə istifadə etməyini bilməmişlər. O özü həm narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin istifadə etmişdir.O,bir daha ifadəsində vurğulayaraq bildirimşdir ki, Camala narkotik vasitə satmamış, ona narkotik vasitəni versə də, Camal tanışının ona olan borcunu vermişdir.Həmin qurudulmuş marixuananı iki gün əvvəl yaşadığı evin yaxınlığında olan keçmiş Şəmkir avtovağzalının yaxınlığından tapmışdır.Onun evində narkotik vasitə olmamışdır. Üzərindən aşkar edilmiş 170 manat pulu isə alimentə vermək üçün tanışından borc almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 03 avqust 2022-ci il tarixdə saat 15 radələrində xidmətdə olan zaman Göygöl rayon sakini Camal adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması haqqında məlumat daxil olmuş və sonuncunun hal-hazırda Gəncə şəhəri, “Ulduzlu Gecə” şadlıq evinin yaxınlığında olması bildirilmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və o, Şahid3 və Şahid4 ilə birlikdə adı sonradan ona məlum olan Şahid1 Gəncə şəhəri, “Ulduzlu Gecə” şadlıq evinin yaxınlığında saxlayaraq Nizami RPİ-yə gətirmişlər. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağıza bükülmüş formada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu-sual zamanı Şahid1 həmin kütlənin narkotik vasitə nəşə olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin nəşəni Nizami küçəsində yaşayan Orxan adlı şəxsdən aldığını, həmçinin həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə tərəzidə çəkilmiş və kağız ilə birlikdə ümumilikdə çəkisi 1,8 qram olmuşdur. Bundan sonra həmin kütlə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Daha sonra Camalın narkotik vasitə aldğı Orxan adlı şəxsin keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 03 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq Nizami RPİ-yə gətirilmiş, videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə olması ehtimalı olduğu üçün onun özünün razılığı və iştirakı ilə, eləcə də müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə onun yaşadığı evə baxış keçirilmiş, baxış zamanı giriş qapısına yaxın olan otağın yataq döşəyinin altından bir ədəd şəffaf sellofan torbada olan şüşə formalı, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 4.0 qram olmuşdur. Həmçinin yataq otağında döşəyin altından 17 sm uzunluğunda bir ədəd bıçaq da aşkar edilərək götürülmüşdür. Axtarış zamanı digər yataq otağından 01 ədəd şəffaf sellofanda qəhvəyi rəngli, spesfik iyə malik olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş və elektron tərəzidə çəkilmiş və çəkisi sellofanla birlikdə 14.1 qram olmuşdur. Axtarış zamanı həmçinin evin mətbəxində olan mebeldən də bir ədəd şəffaf sellofan torbada olan şüşə formalı, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlə də elektron tərəzidə çəkilmiş və çəkisi 27.8 qram olmuşdur. Evdən axtarış zamanı aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüş və möhürlənərək imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində narkotik vasitələrin, eləcə də psixotrop maddələrin satışı ilə məşğul olması barədə bir sıra əməliyyat məlumatları olmuşdur, bu barədə əməliyyat tədbirləri hazırda da davam etdirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsinə uyğyn məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, oğlu Orxanın narkotik vasitə aludəçisi olmasını bilməmişdir. xx.xx.2021-ci il tarixdə anasının yas mərasimində olan zaman Orxan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən tutulduğu ona məlum olmuşdur.Daha sonra polis əməkdaşları onların yaşadığı evdə oğlu Orxanın iştirakı ilə axtarış aparmış, axtarış zamanı yaşadığı evdə yataq otağında çarpayının altından şüşə şəkilində maddə, həmin çarpayıda olan döşəyin altından mərhum atasından yadigar qalmış bıçaq, digər yataq otağında çarpayının yanında olan dolabdan narkotik vasitə tiryəkə bənzər kütlə, mətbəxdən 3 ədəd şüşə şəkilində maddə aşkar edilmişdir. Yaşadığı evdən aşkar edilmiş kütlələr narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. İbtida istintaq zamanı ifadə vermiş və ölkə ərazisində olmadığı üçün ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitə aludəçisidir, narkotik narkotik vasitənin qurudulmuş marixuana növünü çəkməklə qəbul edir. Bəzi vaxtlarda Gəncə şəhərinə gəlib gedir. Orxan adlı şəxsi bir neçə ay olar tanıyır. Orxan Gəncə şəhər sakinidir. xx.xx.2021-ci il tarixdə axşam saat 22 radələrində Gəncə şəhərinə gəlmiş, bir qədər sonra Orxanın yaşadığı ünvana getmiş, Orxanla görüşməkdə məqsədi ondan narkotik vasitə marixuananı satın almaq idi. Orxanın yaşadığı evin həyətinə keçmiş və orada Orxan ona bir bükümlük həcmində qurudulmuş marixuananı 15 manat müqabilində vermişdir. Orxandan narkotik vasitəni aldıqdan sonra onun yaşadığı evin həyətindən çıxmış və uzaqlaşmışdır. Bir qədər sonra Gəncə şəhəri Nizami küçəsində “Ulduzlu gecə” şadlıq sarayının yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, onu şübhəli şəxs kimi Nizami RPİ-yə dəvət etmişlər. Nizami RPİ-də xidməti otaqda polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ ön cibindən içərisində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Həmin içərisində narkotik vasitə marixuana ağ rəngli kağız parçasına bükülmüşdür. Belə ki, gələcəkdə həmin narkotik vasitədən istifadə etmək məqsədi var idi. Həmin bir ədəd kağız parçasına bükülmüş narkotik vasitə marixuana elektron tərəzisində çəkilmiş və ümumi çəkisi 1,8 qram gəlmişdir. Şəxsi axtarış zamanı bildirmişdir ki, narkotik vasitə marixuana ona məxsusdur, öz istifadəsi üçün üzərində saxlamış, hmin narkotik vasitəni Orxandan 15 manata xx.xx.2021-ci il tarixdə almışdır. Həmin kütlə qablaşdırılmış və üzəri DİN-nin 110 saylı möhürü ilə möhürlənərək imzalarla təsdiqlənmişdir. Bu barədə protokol tərtib olunmuş, imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitədən heç kimə nə verməmiş, nə də ki satmamış, özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Əvvəllər istifadə etdiyi narkotik vasitə marixuananı tanımadığı müxtəlif adamlardan almış, indi isə həmin şəxslər barəsində heç bir məlumatı yoxdur. O, başqa yerlərdə narkotik vasitə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilmir. Orxan adlı şəxsdən 1-ci dəfə idi ki, narkotik vasitə alırmış, Orxan adlı şəxsdən narkotik vasitə aldığını ondan başqa heç kim bilməmişdir. Orxan adlı şəxsin soyadını ata adını və mobil telefon nömrəsini bilmir». İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 avqust 2021-ci il tarixli “Üzləşdirmədə dindirmə” protokolundan görünür ki, şübhəli şəxs Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı qarşısında əyləşən Təqsirləndirilən şəxs aldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 avqust 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər prokurorunun müavini, ədliyyə müşaviri Rəsul Həsənov tərəfindən xx.xx.2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan vəsatətdən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “təqsirləndirlən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakcell MMC-dən 08.2022-ci il BKC/LGL-10911/ saylı diskə keçirilmiş baxışdan görünür ki, 22 .xx.xx.2021-ci il tarixdə saat 23:55-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “qaqa çağır o uşağın maşınına otur gəl bura, həm torbanı gətir, həm də pul verim 10 manat” tipli, xx.xx.2021-ci il tarixdə saat 22:53-də “qaqa gələndə mənə də bir dənə listur lampa alarsan” tipli və xx.xx.2021-ci il tarixdə saat 00:04-də “noldu qaqa xever ver işimi qurum, mendə ki çıxa bilim götürməyə” tipli smslər göndərilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 14:13-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “salam, səndə pul qutaranda gelersən, bir defe də adamlığın olsun, gerek zirtzivil ola gelesen? Adam kimi gel dertləşək, ne olar ki, borcumdan da verim bir defede olsa deyilənə qulaq as” tipli sms göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 03 avqust 2022-ci il tarixli 16/788 nömrəli rəydən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində “vət. X2 yaşadığı evdən götürülmüş....” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 3,720 qram olan ağ rəngli, kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in 1-ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 03 avqust 20222-ci il tarixli 16/787 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Şahid1 üzərində aşkar olunaraq götürülmüş....” yazı və imzalar olan kazğı paketdəki, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 1,08 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.Marixuana iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 yanvar 2022-ci il tarixli 37 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 sentyabr 2022cü il tarixli “Sübutların qiymətləndirləməsi və əməlin tövsif edilməsi haqqında” qərarından görünür ki, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 01 ədəd bıçaq, 0,88 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 3.52 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs yaşadığı evə, eləcədə Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan üç ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmalı,təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra narkotik vasitə və psixotrop maddə saxlanılması üçün Gəncə şəhər BPİ-nin anbarına təhvil verilməli, üç ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməlidir İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 avqust 2021-ci il tarixli “Şəxsi axtarış” aparılması haqqında protokoldan görünür ki, ekspertiza Şahid1 və Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən Nizami RPİ-nə gətirildikdən sonra üzərilərində şəxsi axtarış və sonuncunun evində axtarış aparılan zaman qeydə alınmış video görüntülər olan üç ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı, polis mayoru X13 bildirmişdir ki, həmin gün saat 01:30 radələrində Şahid1, Gəncə şəhəri, “Ulduzlu Gecə” şadlıq evinin yaxınlığında saxlayaraq Nizami RPİ-nə gətirilmiş, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil X9 müdafiəçi təyin edilmiş və sonra videoçəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağıza bükülmüş formada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu-sual zamanı Şahid1 həmin kütlənin narkotik vasitə nəşə olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin nəşəni Nizami küçəsində yaşayan Orxan adlı şəxsdən aldığını, həmçinin həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə tərəzidə çəkilmiş və kağız ilə birlikdə ümumilikdə 1,8 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Daha sonra Camalın narkotik vasitə aldığı Orxan adlı şəxsin keçirilmiş əməliyyat tədbirləri ilə ünvan 5a-da yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və 03 avqust 2021-ci il tarixdə həmin şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq Nizami RPİ-yə gətirilmiş, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil X6 müdafiəçi təyin edilmiş və sonra videoçəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs də üzərində qanunsuz saxladığı heç bir əşya olmadığını bildirdiyi üçün vəkilinin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə olması ehtimalı olduğu üçün onun özünün razılığı və iştirakı ilə, eləcə də dövlət hesabına dəvət edilmiş müdafiəçisinin iştirakı ilə videoçəkilişlə onun yaşadığı evdə axtarış aparılmış və axtarış zamanı giriş qapısına yaxın olan otağın yataq döşəyinin altından bir ədəd şəffaf sellofan torbada qablaşdırılmış içərisində şüşə formalı, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 4.0 qram olmuşdur. Həmin yataq otağında döşəyin altından 17 sm uzunluğunda bir ədəd bıçaq da aşkar edilərək götürülmüşdür. Axtarışın davamı olaraq digər yataq otağından 01 ədəd şəffaf sellofanda qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş və elektron tərəzidə çəkilmiş və çəkisi sellofanla birlikdə 14.1 qram olmuşdur. Axtarışın davamı olaraq evin mətbəxindən mebeldən bir ədəd şəffaf sellofan torbacda qablaşdırılmış içərisində şüşə formalı, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlə də elektron tərəzidə çəkilmiş və çəkisi 27.8 qram olmuşdur. Evdən axtarış zamanı aşkar edilmiş kütlələr tərkiblərinin və miqdarlarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs və Şahid1 verilən suallara cavab olaraq bildirirmişlər ki, saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində onlara qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarış və evdə axtarış aparılmasının başa çatdırılması elan edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,88 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 3.52 qram çəkidə psixotrop maddə metamfetamin və iki ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ondan Camala narkotik vasitə satmaması, ona narkotik vasitəni versə də, Camal tanışının ona olan borcunu verməsi, qurudulmuş marixuananı iki gün əvvəl yaşadığı evin yaxınlığında olan keçmiş Şəmkir avtovağzalının yaxınlığından tapması, evində narkotik vasitə olmaması ilə bağlı ifadəsinə işin faktiki hallarına uyğun olmadığından və digər sübutlarala təkzib edildiyindən həmin ifadəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq ümumi təmiz çəkisi 0,88 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 3.52 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları,bilvasitə sübut olan Şahid1 ifadəsi, üzləşdirmə protokolu və digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan külli miqdarda, yəni əldə edib üzərində saxlamaqla Gəncə şəhəri ərazisinə daşıması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ və İİİ siyahısına əsasən marixuana narkotik vasitə hesab olunur; metamfetamin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır; qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 500 qramdır; Hazırkı cinayət işinin materiallarında olan kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 01 mart 2023-cü il tarixli 16/277 nömrəli ekspertizasının rəylərindən görünür ki, ümumi təmiz çəkisi 0,88 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 3.52 qram çəkidə psixotrop maddə metamfetamindir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin ümumi təmiz çəkisi külli miqdar təşkil edir. Yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələrin, 0,88 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 3.52 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib mənfət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Təqsirləndirilən şəxs qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaldır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbi qaydvsında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 29 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “təqsirləndirlən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdən 04 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq, 0,88 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 3.52 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 157.30 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdən 04 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-nin anbarında saxlanılan 0,88 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 3.52 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirisin. 01 ədəd bıçaq məhv edilsin. İki ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilsin. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 157.30 manat (yüz əlli yeddi manat otuz qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar