Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-140/2021 13.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Bəyimsarov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə bacısının əri Zərərçəkmiş şəxs ona işləməməsini irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisədən sonra həmin gün saat 20 radələrində Tərtər rayonunun Bəyimsarov kəndində bacısının əri Zərərçəkmiş şəxs həyətinə giriş qapısının qarşısında yaşadığı evdən götürərək üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs bir dəfə vuraraq ona qarının ön divarının kəsilmiş-deşilmiş daxilə keçən yaralanması, nazik bağırsaqların yaralanması,daxili qanaxma ilə müşayiət olunan ümumilikdə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 8 ildir ki, idmanın boks növü ilə Bakı şəhərində məşğul olmuş, Respublika üzrə keçirilmiş Beynəlxalq turnirlərdə bir neçə dəfə birinci yerə, dünya kubokunda isə ikinci yerə layiq görülmüşdür. Lakin ölkədə hökm sürən pandemiya ilə əlaqədar olaraq qeydiyyatda olduğu Bəyimsarov kəndində yaşamış, heç bir yerdə işləməmişdir. Həmin kənddə onun bütün ailəsi, o cümlədən kürəkəni Elşən və bacısı Rəbiyə yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə Tərtər-Goranboy avtomobil yolunun kənarında dayanaraq Mingəçevir şəhərinə getmək üçün maşın gözlədiyi vaxt kürəkəni Elşən traktorunu saxlayaraq onu götürmüş, ondan “burada niyə dayandığını”, işləmədiyini soruşmuş və həmin vaxt aralarında mübahisə yaranmışdır. Elşən onunla mübahisə edərək, söyüşlə danışaraq atasının ünvanına nalayiq ifadələr işlətmiş, Elşəni yola verərək və onu vurmamaq üçün “axşam görüşüb söhbət edərik” deyərək getmişdir. Axşam saat 20 radələrində onlara gedərək günorta camaatın yanında ona söyüşlər söydüyü üçün irad bildirmiş, o isə yenə də onu söyməyə başlamış və onlar onun həyət darvazasının qarşısında mübahisə etmişlər. Həmin vaxt o evdən götürdüyü və üzərində olan kiçik meyvə bıçağı ilə qorxutmaq məqsədilə bir dəfə Elşənin qarın nahiyəsindən vurmuş, bıçağı da özüylə götürərək qaçıb oradan getmişdir. Yolda küçələrin birində bıçağı su kanalına atmışdır. Oradan uzaqlaşdıqdan sonra Bərdə rayonuna, dayısı Oktayın evinə getmiş, sonra isə özü könüllü olaraq polis şöbəsinə gedərək törətdiyi cinayəti etiraf etmişdir. İfadəsinə əlavə olaraq Zərərçəkmiş şəxs ilə hazırda münasibətlərinin yaxşı olduğunu, onunla barışıq əldə etdiyini, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X2 onun qaynıdır. xx xxxxxxxx 2020-ci il tarixdə o Cəmilli kəndindən işdən gələrkən qaynı Təqsirləndirilən şəxs yolun kənarında dayandığını görüb onu öz traktoruna mindirərək kəndlərinə gətirmişdir. Yolda söhbət əsnasında o Bəxtiyardan Bakıya getməli olduğu halda, niyə buralarda olduğunu soruşduqda o kobud şəkildə və nalayiq formada cavab verdiyindən ona iradını bildirərək bu barədə atasına deyəcəyini bildirmişdir. O isə bir daha nalayiq formada ona cavab vermişdir. Onu kənddə düşürərək olanları qaynatası Niyaza deyərək çıxıb evinə getmişdir. Axşam saat 20 radələrində isə Bəxtiyar onların evinə gələrək onu çağırmışdır. Bəxtiyar onun ünvanına söyüş söydüyündən o bayıra çıxaraq həyətə giriş darvazasını açmış və darvazanı açan kimi Bəxtiyar qaranlıqda əlində olan alətlə onun qarnına bir dəfə vuraraq qaçıb getmişdir. O isə qarnını tutaraq əvvəlcə Tərtər rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bərdə Rayon Mərkəz xəstəxanasına həmkəndlisi Fəqanın avtomobilində, həyat yoldaşı Rəbiyə tərəfindən aparılmış və orada cərrahi əməliyyat olunmuşdur. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, qohumluq münasibətlərində olduğunu, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğlu, Şahid1 doğma qızıdır. Zərərçəkmiş şəxs isə kürəkənidir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində həyat yoldaşı Lütviyyə ona oğlu Bəxtiyarla kürəkəni Elşənin dalaşdıqlarını bildirmiş, o Lütviyyədən nə səbəbə, harada dalaşdıqlarını soruşsa da Lütviyyə məlumatsız olmasını bildirmişdir. Elə həmin gün saat 21 radələrində ona məlum olmuşdur ki, kürəkəni Elşən xəstəxanadadır və cərrahi əməliyyat olunub. Sonradan bilmişdir ki, oğlu Bəxtiyar kürəkəni Elşəni onların həyət darvazasının girişində bıçaqlayaraq xəsarət yetirmiş, Elşəni həmkəndlisi Şahid2 öz avtomobili ilə xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tərtər rayonu ərazisində maşın ustası kimi fəaliyyət göstərir, hər səhər işə gedib axşam saatlarında özünə məxsus olan avtomobillə evinə gəlir. xx xxxxxxxx 2020-ci il tarixdə axşam saat 20 radələrində yaşadığı Bəyimsarov kəndinin kənd yolu ilə evinə gələn zaman həmkəndlisi Zərərçəkmiş şəxs darvazasının qarşısından keçəndə Elşənin arvadı Şahid1 avtomobilini saxladaraq qardaşı Bəxtiyarın əri Elşəni nəsə kəsici alətlə vurduğunu və Elşənin qarnından qan axdığını, Elşəni xəstəxanaya aparmağı xahiş etmişdir. Dərhal Elşəni öz avtomobilinə qoyaraq Rəbiyə ilə birlikdə Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmışdır. İlkin tibbi yardım olunduqdan sonra isə Bərdə rayonu Mərkəzi Xəstəxanasına aparmış və orada Elşən cərrahi əməliyyat olunmuşdur. Bir qədər sonra isə yaxınları gəldiklərindən o evinə qayıtmışdır. İş materiallarına əlavə edilmiş MTE və PA ETT Birliyinin Bərdə rayonlarası zona mərkəzi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair xx xxxxxxx 2020-ci il tarixli 404 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət - qarının ön divarının kəsilmiş-deşilmiş daxilə keçən yaralanması, nazik bağırsaqların yaralanması, daxili qanaxma deşici-kəsici alət ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx xxxxxxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, hadisənin törədilməsində istifadə olunmuş bıçağın əldə olunması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon polis şöbəsi tərəfindən təqdim edilmiş xx xxxxxx 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə özü könüllü olaraq Tərtər rayon polis şöbəsinə gələrək etmiş olduğu cinayət əməlini səmimi olaraq etiraf etmişdir. İş materiallarına əlavə edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 126.1-ci maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tаriхli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin tarixli “tutulmuş şəxsin azad edilməsi haqqında” qərarla Tərtər rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Bəyimsarov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Bəyimsarov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası Şahid3 və anası X1 ilə birlikdə Bəyimsarov kəndində müvəqqəti olaraq məskunlaşıb, yaşayır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, könüllü gəlməklə təqsirini boynuna almasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi şəxsin könüllü gəlib təqsirini boynuna almasını, 59.1.12-ci maddəsi isə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tаriхədək şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxxx 2020-ci il tаriхdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olub, cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs qohumluq münasibətlərində olduğu zərərçəkmiş şəxslə barışıq əldə etməklə törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Həmçinin iş materiallarında olan xasiyyətnamədən müəyyən olunmuşdur ki, o yaşayış yeri üzrə müsbət xarakterizə olunur, Tərtər rayonunun Bəyimsarov kəndində müvəqqəti olaraq məskunlaşmaqla ata və anası ilə birlikdə yaşayır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Tərtər rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz ) gün azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Tərtər rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcıhökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-140/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-140/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver