Məhkəmə qərarları › İş №1(100)-140/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-140/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-140/2022 19.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1965-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, evli, məhkum olunmamış, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, bağ 13-də qeydiyyatda olmaqla, Ağstafa rayonu Vurğun qəsəbəsində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdə saat 19:00 radələrində qohumu Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 3, mənzil 4-də yaşayan Şahid3 Bakir oğluna məxsus, etibarnamə əsasında “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə sərxoş vəziyyətdə idarə etdiyi “Mitsubishi Canter” markalı, “**-KA-***” dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağstafa-Tatlı avtomobil yolunda Ağstafa rayonu, Göycəli kəndi ərazisindən keçən hissəsində Tatlı kəndi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin, 3-cü bəndinin tələblərini, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda sürücü Təqsirləndirilən şəxs gözqamaşma yarandığı andan tədbir görməklə “Mitsubishi Canter” markalı avtomobili arabanın vurulma yerinə çatmadan dayandırmağa texniki imkanının olduğu halda buna əməl etməyərək yolun sağ hərəkət hissəsi ilə uzunqulaq arabası ilə hərəkətdə olan X11 ehtiyatsızlıqdan vuraraq sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, qohumu Şahid3 Bəkir oğluna məxsus “Mitsubishi Canter” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında “BC” dərəcəli sürücülük vəsiqəsdi ilə idarə etmişdir. O, 23.09.2021ci il tarixdə günorta saatlarında Ağstafa rayonu, Vurğun qəsəbəsində özünə məxsus evində tək oturub 2-3 rumka, cəmi 100 qram araq içmişdir. O, həmin gün təxminən saat 19-radələrində həmin avtomobili idarə edərək Ağstafa rayonu, Göycəli kəndinə əmisi oğlu X3 evinə qonaq gedən vaxt Ağstafa rayonu, Göycəli kəndinin ərazisində, kəndin girəcəyində plakatdan təxminən 150 metr məsafədə hava qaranlıq olduğundan, qarşıdan gələn avtomobilin işığı gözünə düşmüş və o, qarşıdan gedən uzunqulaq arabasını görməmiş və arxadan arabanı idarə etdiyi avtomobil ilə vurmuşdur. Zərbənin gücünün təsirində uzunqulaq arabasında olan Ağstafa rayonu, Göycəli kənd sakini X14 araba ilə birlikdə su arxına aşmış, hadisə nəticəsində X14 ağır bədən xəsarətləri almışdır. Onun avtomobilinin də qabaq şüşələri və qabaq hissəsi əzilmiş, istismara yararsız vəziyyətə düşmüşdür. O, bir təhər avtomibili yolun sağ kənarında saxlamış, İbrahimin xəsarət aldığını görüb təcili tibbi yardıma zəng etmiş, hətta İbrahim arxdan çıxarılan zaman orda olmuşdur. Təcili tibbi yardım avtomobili tezliklə gəlib İbrahimi xəstəxanaya aparmışdır. O, isə hadisə yerində qalmışdır. Təcili yardımdan sonra hadisə yerinə polislər gəlmişdir. O sonradan idarə etdiyi avtomobil ilə vurduğu X8 Ağstafa RMX-da aldığı xəsarətlərdən öldüyünü eşitmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, o, həmin vaxt avtomobili təxminən 50 km/saat sürətlə idarə etmiş, hava qaranlıq olduğundan, yol işiqlandırılmadığından, qarşıdan gələn avtomobilin işığı gözünə düşdüyündən o, qarşıda gedən uzunqulaq arabasını görməmiş və yaranmış hadisənin qarşısını ala bilməmişdir. Hadisə vaxtı onun idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamış, o, hadisədən çox əvvəl günorta saatlarında spirtli içki qəbul etmişdir. Hazırda törətmiş olduğu əməldən çox peşmandır və mərhumun ailəsi ilə barışmaq üçün çoxlu sayda cəhdlər etsə də barışıq ala bilməmişdir. Hadisə vaxtı o alkotesrtdən keçirilməmiş və həkim müayinə etməmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində bildirdi ki, X5 onun həyat yoldaşıdır. 23.09.2021-ci il tarixdə saat 18:50 radələrində o, həyat yoldaşı İbrahimlə birlikdə yaşadıqları kənddə əkin sahələrindən pomidor yığıb uzunqulaq arabası ilə öz yaşadıqları evə gedən zaman həyat yoldaşı İbrahim yaşadıqları kəndin ərazisində Ağstafa-Tatlı avtomobil yolu ilə yolun sağ tərəfi ilə uzunqulaq arabasının üstündə, o, isə təxminən arabadan 3-4 metr arxada getmişdir. Həmin vaxt kəndin girəcəyində “Göycəli kəndi” yazılan plakatdan kənd tərəfə təxminən 150 metr məsafədə qəflətən arxadan gələn bir yük maşını sürətlə onun yanından ötüb ondan irəlidə gedən uzunqulaq arabasını vurmuş, zərbənin təsirindən uzunqulaq arabası yolun kənarından keçən su arxına düşmüş, həyat yoldaşı İbrahim də arabadan kənar su arxına yıxılmışdır. O, həyəcanlanaraq qışqırmış və adamları köməyə çağırmışdır. Köməyə yaxınlıqda olan həmkəndliləri Bəylər Abdullayev və Şahid1 gəlmişlər. Onlar İbrahimi su arxından palçıqdan kənara çıxarıb, təcili tibbi yardıma zəng vurmuşlar. Sürücü isə sərxoş vəziyyətdə olduğundan ayaq üstə dayana bilməmiş və mərhum ərinə kömək etməmişdir. Tezliklə təcili tibbi yardım gəlib əri İbrahimi Ağstafa RMX-na aparmış, sonra İbrahimi oradan Qazax RMX-na təcili tibbi yardım avtomobili ilə əməliyyat üçün aparmışlar. Oradan da Gəncəyə xəstəxanaya aparanda yolda İbrahim özünü pis hiss etdiyindən Ağstafa RMXna gətirilmiş, xəstəxanada yol nəqliyyat hadisəsində aldığı ağır xəsarətlərdən vəfat etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 X6 ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadəsini özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, X5 onun həmkəndlisidir. 23.09.2021-ci il tarixdə saat 18:50 radələrində o, öz yaşadığı evdə olan zaman küçədə səs-küy, qışqırtı səsləri eşitmiş, tez evdən yola çıxanda yaşadığı evin yaxınlığında Ağstafa-Tatlı avtomobil yolunda “Mitsubishi Canter” markalı avtomobilin həmkəndlisi X11 uzunqulaq arabası ilə birlikdə vurduğundan İbrahimin uzunqulaq arabası ilə birlikdə yolun kənarındakı su arxına düşdüyünü görmüşdür. İbrahimin həyat yoldaşı Almaz da İbrahimin yanında qışqıraraq köməyə adam çağırmış və İbrahimə yardım edib çıxarmaq istəmişdir. “Mitsubishi Canter” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs isə sərxoş vəziyyətdə olmuş, hadisə yerində öz avtomobilinin yanında durmuşdur. O, həmkəndlisi Bəylər və Almaz avtonəqliyyat hadisəsi nəticəsində ağır xəsarət almış İbrahimi yıxıldığı yerdən, su arxından köməkləşib çıxararaq, hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobilinə mindirmişlər, İbrahimi xəstəxanaya aparmışlar. Sonra eşitmişdir ki, İbrahim avtonəqliyyat hadisəsi nəticəsində aldığı ağır xəsarətlərdən xəstəxanada ölmüşdür. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq hadisə zamanı Təqsirləndirilən şəxs yanında olarkən, ondan spirtli içki iyi gəldiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, “Mitsubishi Canter” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 22.10.2020-ci il tarixdə o həmin avtomobili dayısı Təqsirləndirilən şəxs etibarnamə əsasında vermiş, hazırda da həmin avtomobil dayısı Təqsirləndirilən şəxs mülkiyyətindədir, onun “Mitsubishi Canter” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində heç bir mülkiyyət hüququ yoxdur. O, sonradan eşitmişdir ki, dayısı Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdə Ağstafa rayonu Göycəli kəndində idarə etdiyi “Mitsubishi Canter” markalı avtomobili ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə uzunqulaq arabası ilə hərəkətdə olan Ağstafa rayonu Göycəli kənd sakinini vurmuş, nəticədə Əliyev İbrahim hadisə nəticəsində aldığı xəsarətlərdən Ağstafa rayon xəstəxanasında ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Ağstafa rayonu Göycəli kəndində ailəmlə birlikdə yaşayır. Kənd arasında çox adam onu Bəylər kimi tanıyır. X5 onun həmkəndlisidir. 23.09.2021-ci il tarixdə saat 18:50 radələrində o, özünün heyvanlarını Ağstafa-Tatlı avtomobil yolunun sol kənarı ilə çöldən evə gətirən zaman həmkəndlisi X8 həyat yoldaşı Almaz ilə birlikdə yaşadıqları kənddə əkin sahələrindən pomidor yığıb uzunqulaq arabası ilə öz yaşadıqları evə getdiklərini görmüşdür. Həmin vaxt kəndin girəcəyində “Göycəli kəndi” yazılan plakatdan kənd tərəfə təxminən 150 metr məsafədə qəflətən taqqıltı səsi eşitmişdir. O, tez yola çıxanda görmüşdür ki, İbrahimi bir yük avtomobili vurub su arxına yıxmış, bu zaman həyat yoldaşı Almaz qışqıraraq köməyə adamlar çağırmışdır. O, tez həmin yerə yaxınlaşıb həmkəndlisi Şahin ilə birlikdə İbrahimə kömək edərək su arxından çıxarmışlar. Tezliklə təcili tibbi yardım gəlib həmkəndlisi İbrahimi Ağstafa RMX-na aparmışlar. Daha sonra ona məlum olmuşdur ki, İbrahim yol nəqliyyat hadisəsində aldığı ağır xəsarətlərdən vəfat etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Ağstafa rayon polis şöbəsinin 23 sentyabr 2021-ci il tarixli raportundan görünür ki, Ağstafa rayonu, Yuxarı Göycəli kənd sakini X14 avtoqəza nəticəsində-başın arxa nahiyyəsinin çapılmış yarası, qabırğaların sınığı xəsarətləri ilə xəstaxanaya daxil olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 23 sentyabr 2021-ci il tarixli protokoldan, sxemdən və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağstafa rayonu Yuxarı Göycəli kəndi ərazisi olmaqla, Ağstafa rayonu ərazisidir, yaşayış məntəqəsidir. Yol asfalt örtüklü olmaqla, quru və hamardır, hadisə yerində yolun hərəkət hissəsinin eni 7 metrdir, yolda avtomobillərin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur, yol düzdür. Yolun Ağstafa şəhər istiqamətinə görə sağ tərəfində «çöllük ərazi», sol tərəfində isə «yaşayış evləri» vardır. Yolun sağ və sol tərəflərində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilər vardır. Sağ tərəfdə olan səkinin eni 1 metrdir. Yoldan 0,10 sm hündürlükdə yerləşir. Uzunqulaq arabası yolun Ağstafa rayonu Tatlı kəndi istiqamətinə görə yolun sağ ehtiyyat hissəsindən, səkidən 1 metr məsafədə vurulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 24 sentyabr 2021-ci il tarixli “avtomobilə baxış keçirilməsi və əşyanın götürülməsi barədə” protokoldan görünür ki, “Mitsubishi Canter” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ künc tərəfi əzilmiş vəziyyətdədir, alın şüşəsi zədələnərək yararsız vəziyyətə düşmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 24 sentyabr 2021-ci il tarixli 221 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyəti aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 11 noyabr 2021-ci il tarixli, 8/2686 nömrəli rəyindən görünür ki, Mitsubishi Canter” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinə tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İ.A İmanov avtomobili sərxoş halda idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və patoloji Anatomiya Elmi- Təcrübi və Tədris birliyinin 23 sentyabr 2021-ci il tarixli 15 №-li rəyindən görünür ki, X9 qarnın qapalı travması qaraciyərin cırılmış yarası, kəskin daxili qanaxma, ənsə nahiyyəsinin çapılmış yarası, sağ tərəfli 4-5-6-7-8-ci qabırğaların yerdəyişməli sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, mərhum İ.Z.Əliyevin ölümündən əvvəl küt əşyaların təsirindən yaranmışdır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər hərəkətdə olan avtomobilin hərəkətdə olan piyadanı arxadan vurması nəticəsində əmələ gələ bilərdi. X8 ölümü qapalı travması zamanı qaraciyərin cırılmış yarası, daxili qanaxma, travmatik və hemoragik şok nəticəsində baş vermişdir. X1 spirtli içki qəbul etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsindən verilmiş 11 oktyabr 2021-ci il tarixli, 1030 nömrəli məktubdan və sürücülük vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, bağ 13-də qeydiyyatda olan Təqsirləndirilən şəxs oğlinun adına 20.08.2015-ci il tarixdən 20.082025-ci il tarixə kimi AC-049023 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi verilmiş, həmin vətəndaşın adı sürücülük hüququndan məhrum olunanların siyahısında olmadığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Vurğun qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli, 675/g nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X4, oğlu X16, gəlini X10, nəvələri X17 və X15 ilə birlikdə Ağstafa rayonu, Vurğun qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş 06 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 noyabr 2021ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etməklə ittiham elan edilməsi haqqında” və “başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hadisəni törətdiyi zaman içkili olmamasına dair ifadəsi, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə yanaşı özünün həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olub-olmaması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətdiyinə görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxsna cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə, Azərbaycan Republikasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 22-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın da təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı tutulduğu gündən, yəni 19 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınan “Mitsubishi Canter” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilsin və ona 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2022-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. İş üzrə maddi sübut-“Mitsubishi Canter” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar