Məhkəmə qərarları › İş №1(100)-142/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-142/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-142/2022 10.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayon Kolayır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə, təxminən saat 22 radələrində yaşadığı Samux rayonu, Kolayır kəndində, Kolayır prospekti ilə piyada yaşadığı ünvana gedərkən həmin prospektdə yerləşən “Əli market” adlanan mağazanın yaxınlığında dayanmış həmkəndlisi Zərərçəkmiş şəxs və onun yanında olan digər şəxslərə salam verib keçdikdən sonra Zərərçəkmiş şəxs yanında dayanmış şəxslərə «оnun salamını almaq lazım deyildir» söyləməsini eşidib, bunun səbəbini öyrənmək məqsədilə geri qayıdaraq Zərərçəkmiş şəxs “Əli market” adlanan mağazadan təqribən 10-15 metr kənara, mağazanın yan tərəfi istiqamətinə dəvət edib nəyə görə onun salamını almaq lazım deyil söyləməsi məsələsinə aydınlıq gətirmək üçün onunla söhbət edərkən aralarında bu səbəbdən qərəzli şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs qəflətən yumruqla onun sifət nahiyəsindən vuraraq yerə yıxıb yerdə onu uzanıqlı vəziyyətdə döyməsindən hiddətlənərək ondan qisas almaq məqsədilə özündə olаn, məlum olmayan açılıb-qatlanan cib bıçağının kəsici-deşici hissəsi ilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vuraraq ona qarın nahiyəsinin ön səthində sağda göbəkdən bir qədər yuxarıda 2 sm uzunluqda, düz xətt formalı, çəp yerləşmiş, qırmızımtıl-çəhrayı rəngli çapıq toxumadan ibarət qarının bir ədəd daxilə nüfuz edən, nazik bağırsağın və piyliyin yaralanması ilə müşayiət olunan, ümumilikdə yetirildiyi anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirib, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs kəndçisidir. Onunla münasibətləri yaxşı olmuşdur. 06 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Samux rayonu, Kolayır kəndində “Yusifin kafesi” adlanan kafedə yeyib-içdikdən sonra yaşadığı evə getmək üçün kafedən çıxmışdır. Həmin vaxt o, Elçin ilə birlikdə ikisinə yarım litr araq və xatırlamadığı qədər pivə içmişdir. Kolayır prospekti ilə bir qədər piyada getdikdən sonra “Əli marekt” adlanan mağazanın qarşısında Raqif ilə birlikdə əlavə olaraq tanıdığı kəndçiləri Elgiz və Hüseyn adlı şəxslərin olduğunu görmüş və ümumi halda bunlara salam verib piyada hərəkətini davam etmək istədiyi zaman Raqif yanında olan digər şəxslərə yavaş səslə onun salamını almamaqlarını demiş, o, Raqifin bu sözünü eşitdikdən sonra ayaq saxlamış və Raqifin yanına yaxınlaşaraq verdiyi salama niyə görə cavab vermək lazım olmamasının səbəbini soruşmuş, həmin vaxt Raqif ona dediyi sözün səbəbini deyə bilmədiyi üçün aralarında sözlə mübahisə başlamışdır. O, Raqiflə təklikdə söhbət etmək üçün onu yolun qırağına çəkmişdir. O, Raqiflə qırağa çəkilərək üzbəüz onunla dayanıb söhbət etməyə başlamış, Raqiflə söhbət edən zaman Elgiz ilə Hüseyn qardaşları onlardan kənarda olmuşlar. Onlar söhbətə müdaxilə etməmişlər. O, Raqiflə söhbət əsnasında ona niyə uşaqların onun salamını almamasnı onlara deməyinin səbəbini soruşmuş, Raqif də ona demişdir ki, “mənim sənə nə aidiyyətim var, salam verirlər versinlər, mənlik nə var ki”. O da Raqifə demişdir ki, “bəs mən sənin uşaqlara dediyin sözü eşitdim, sən uşaqlara dedin ki, mənim salamımı almasınlar”. Bunun üstündə aralarında mübahisə böyümüş, mübahisə təxminən 2-3 dəqiqə davam etdikdən sonra qəflətən Raqif onu yurmuqla vurmuş, zərbənin təsirindən o, yerə yıxılmış, yerdə uzanıqlı vəziyyətdə olan zaman Raqif onu yenə vurmaq üçün üstünə uzanmış və əlləri ilə onu vurmağa başlamışdır. O da onun altında çırpınmış, ancaq Raqif onu buraxmamış, o da bu zaman cibində gəzdirdiyi açılıbbağlanan bıçağı sol cibindən çıxardıb əlinin içində açaraq bir dəfə Raqifin qarın nahiyəsindən qəsdən vurmuşdur. O, Raqifi vurduqdan sonra Raqif onun üstündən qalxmışdır. O da ayağa qalxan zaman Elgiz onun əlində bıçağı görüb uca səslə “əlində bıçaq var” sözlərini işlətmiş və həmin zaman Hüseyn Raqifi vurduğu üçün onunla dalaşmaq istədiyini demiş, lakin o, onunla işinin olmadığını bildirmiş və ondan getməsini xahiş etmişdir. Bu zaman Raqif artıq oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, üzünü Elgizə tutub Raqifin onun verdiyi salama görə niyə cavab vermək lazım olmadığının səbəbini soruşmuş, lakin Elgiz və Hüseyn onunla söhbət etmək üçün kənddə yerləşən köhnə çaxır zavodunun yanına getməyini tələb etmiş, o da demişdir ki, “mənim işim Raqiflə idi, sizinlə heç bir işim yoxdur”. Onların aralarında 10-15 metr məsafə olmuş, o, əlində olan bıçağı sol cibinə qoyub qaçmaq istəyən zaman yerə yıxılmışdır. Yerə yıxılan zaman bıçaq cibindən düşərək itmiş, o, qaranlıq olduğu üçün bıçağı yerdə əliylə axtarsa da tapa bilməmişdir. Bundan sonra o, həmin yerdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq törətdiyi əməldən səmimi olaraq peşmançılıq çəkdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs yaşadığı kənddən tanıyır. Onunla əvvəllər heç bir düşmənçilik münasibəti və ədavəti olmamışdır. 06 sentyabr 2021-ci il tarixdə təxminən saat 22 radələrində o, istifadəsində olan mobil nömrəyə pul qoymaq üçün Samux rayon Kolayır kəndində yerləşən “Əli market” adlanan mağazaya getmişdir. Mağazanın daxilində milliön aparatı vasitəsi ilə mobil cin nömrəsinə pul köçürdükdən sonra bayıra çıxıb mağazanın yan tərəfinə çəkilib səkidə oturmuşdur. Adətən kənd uşaqları ora toplaşırmış. O, orada olan zaman kəndçiləri Elgiz və onun qardaşı Mirhüseyn də gəlmişlər. O, onlarla orada söhbət edən zaman ara küçədən Pərvizin yola çıxaraq onun olduğu istiqamətdə gəldiyini görmüşdür. Həmin vaxt Pərviz onların yanından keçdiyi zaman “axşamınız xeyr” sözlərini işlədən zaman “hər vaxtızın xeyr” sözləri ilə ona cavab vermişdir. Pərviz hərəkətini bir-iki metr davam etdikdən sonra dayanıb ona tərəf fırlanmış və ona “səni bir dəqiqə olar” sözləri ilə kənara çağırmışdır. Bundan sonra o, iki-üç addım atıb Pərvizin yanına yaxınlaşmışdır. Həmin vaxt Pərvizin spirtli içki təsiri altında olduğunu hiss etmiş və bu zaman Pərviz ona onunla hər hansı ədavətinin olub-olmamasını soruşan zaman o, Pərvizə nə dediyini başa düşməmiş, sual verdiyi zaman bir neçə dəfə ona salam verdiyini və guya onun salamlarını almadığını ona bildirmişdir. Lakin o, bunu inkar etmiş və belə bir söhbətinin yalan olduğunu və bir neçə dəqiqə qabaq verdiyi salama cavab verdiyini demişdir. Onlar həmin vaxt uşaqlardan bir qədər aralaşıb qıraqda söhbət etmişlər. Buna baxmayaraq Pərviz israrla ona verdiyi salamları cavabsız qoyduğu ilə ittiham etmiş və aralarında artıq sözlə mübahisə başlamışdır. Həmin vaxt o, Pərvizə içkili olduğunu bildirib yaşadığı evə getməyini və səhəri gün spirtli içkinin təsirindən çıxdıqdan sonra normal söhbət etmələrini bildirib uşaqların yanına gəlmişdir. Pərviz onu çağırsa da o getməmişdir. O, Pərvizlə söhbət edən zaman səkidə oturmuş vəziyyətdi imiş, o isə ayaqüstə dayanıb söhbət edirmiş. Təqsirləndirilən şəxs onun yanına gələrək onunla kənara çəkilib söhbət etmək istədiyini demişdir. Ancaq o, ona əhəmiyyət verməyərək sakitləşməyini və mübahisə etməyinin yersiz olduğunu ona xatırlatmışdır. Sonra o, Pərvizlə avtomobil yoluna doğru çəkilmişdir. O, görmüşdür ki, Pərviz ondan əl çəkmir deyə o, yumruqla onu vurmuş və Pərviz yerə yıxılmışdır. Pərvizin yerə yıxıldığını görüb üstünə uzanmış və onu yerdə əliylə vurmağa başlamışdır. O, Pərvizin üstündə olarkən qarnının sağ tərəfindən nəsə sancı hiss etmiş və ayağa qalxmışdır. O, Təqsirləndirilən şəxs aralaşandan sonra Pərvizin əlində mağazanın işığı düşdüyü zaman açılıb-bağlanan bıçağı görmüşdür. Bundan sonra o, əynində olan ağ rəngli köynəyini yuxarı qaldırmış və qarnının qan olduğunu görüb bilmişdir ki, Pərviz onu əlində olan bıçaqla vurmuşdur. O, bir qədər kənara çəkilərək Samux rayon Kolayır tam orta məktəbin yanına getmiş və ağrı hiss etdiyi üçün aşağı çöməlmişdir. Elgiz və Mirhüseyn ona yaxınlaşaraq nə baş verdiyini soruşan zaman o, onlara Pərvizlə dava zamanı Pərvizin ona bıçaqla xəsarət yetirdiyini demişdir. Daha sonra o, özündə olmamış, gözlərini açdığı zaman xəstəxanada olduğunu görmüşdür. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Həmçinin ona dəymiş ziyan tam olaraq ödənmiş, Pərvizə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs kəndçi kimi tanıyır, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. 06 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində evdə çörək olmadığından o, qardaşı Mirhüseynlə birlikdə piyada çörək almaq üçün kənddə “Əli market” adlanan mağazaya getmişdir. O, mağazanın yanında durub qardaşıyla söhbət edən zaman Raqif də gəlmiş və onlar mağazanın yanında dayanıb söhbət etməyə başlamışlar. Bir qədər keçmiş Pərviz təkcə piyada onlara tərəf gəlmişdir. Pərviz onların yanına çatan zaman onlara ümumi olaraq əllə salam vermiş, qardaşıyla hal-əhval olmuş və sonra Raqifə demişdir ki, “səni bir dəqiqə olar”. Bundan sonra Raqif və Pərviz mağazadan bir qədər aralaşmışdırlar. Təxminən 10-15 metr qabağa qaranlıq olan bir yerə getmişdirlər. O da qardaşıyla birlikdə mağazaya getmiş, qardaşı mağazaya keçmişdir. Mağazada çörək olmadığından qardaşıyla kənddə “klub” adlanan yerə getmişdir ki, orada olan mağazadan çörək alsın. Samux rayon Kolayır kənd tam orta məktəbinin qarşısından keçən zaman Raqif yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, onlar Raqifi görən kimi ona yaxınlaşmış və ondan nə olduğunu soruşan zaman Raqif onlara Pərvizlə söhbət edən zaman Pərvizin ona bıçaqla qarın nahiyəsindən vurduğunu demişdir. Onlar da ciddi nəsə bir şeyin olub-olmadığını bilmək üçün Raqifi ayağa qaldıraraq onun qarnına baxmışlar, baxan zaman qarnının aşağı tərəfində bıçaq izinin olduğunu və qan gəldiyini görmüşdür. O, Raqifi yoldan tanımadığı keçən bir taksi avtomobili saxlatdıraraq Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışdır. O, qardaşıyla Raqifin yanına gedən zaman Pərviz çıxıb getmişdir. Onlar mağazadan gələn zaman Pərvizi görməmişlər. Pərvizin Raqifi bıçaqla vurduğunun birbaşa şahidi olmamışdır. O, mağazadan gələn zaman artıq hadisə olub qurtarmışdır. O, Pərvizi ağacla vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Yaşadığı evdə o, əri Dilbazi və oğlu Pərviz ilə birlikdə qalır. 06 sentyabr 2021-ci il tarixdə axşam saat 22 radələrində o, evdə olan zaman onun mobil telefonuna tanımadığı kənd adamı zəng edərək demişdir ki, oğlu Pərviz kənddə yerləşən “Əli market” adlanan mağazanın yanında içib şuluqluq edirmiş. O da piyada həmin mağazaya getsə də oğlunu görə bilməmiş, daha sonra piyada üzü Kolayır kəndi istiqamətinə getmişdir. Bu zaman o, sonradan adını Raqif kimi bildiyi şəxslə təsadüfən yolda rastlaşmışdır. Həmin vaxt nə baş verdiyini o, bilməmiş, sadəcə olaraq Raqifin əlini qarnında tutaraq getdiyini görmüşdür. Bir qədər qabağa getdikdən sonra oğlu Pərvizin piyada dayanıb kimlərləsə söhbət etdiyini görüb ona yaxınlaşmışdır. O, oğlu Pərvizdən nə olduğunu soruşan zaman Pərviz ona heç nə olmadığını bildirmişdir. O, onunla söhbət etsə də nə olduğunu deməmiş və çıxıb getmişdir. Həmin günün sabahısı o, Samux rayon Polis şöbəsinə getmiş və orada ona X8 rayon Kolayır kəndində “Əli market” adlanan mağazanın yaxınlığında mübahisə edib dalaşdığını və dava zamanı Pərvizin özündə olan bıçaqla Raqifi vuraraq ona xəsarət yetirdiyini demişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 07 sentyabr 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Samux rayonu, Kolayır kəndində, Kolayır prospektində “Əli” marketin yaxnlığıdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin 06 noyabr 2021-ci il tarixli, 1695 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər –qarının bir ədəd daxilə nüfuz edən nazik bağırsağın və piyliyin yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası – deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 06.09.2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 25 oktyabr 2021-ci il tarixli, 16/1062 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan poluverin səthində olan üzərində olan bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin 01 noyabr 2021-ci il tarixli, 93 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 16 noyabr 2021-ci il tarixli, 689/226 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir. Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə əsəbi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs keçirdiyi psixi-emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Samux şəhər X4 Hüquqi şəxsin 14 sentyabr 2021-ci il tarixli 371 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Samux şəhər Mərkəzi Xəstəxanasının PHŞ-in narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 26 noyabr 2021-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair “ qərarından görünür ki, Zərərçəkmiş şəxs əynində olmuş ağ rəngli uzunqol köynək maddi sübut hesab edilmiş və saxlanılması üçün Samux RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 07 sentaybr 2021-ci il tarixli protokoldan və Samux Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Samux Rayon İcra Hakimiyyəti başçısının Çobanabdallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2021-cu il tarixli, 1509 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Samux rayonu, Samux şəhərində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş 11 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsi ilə əlaqədar 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağrılmış və 31 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Baxılan iş üzrə məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsin, eləcə də təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaqları zamanı verdikləri ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan mübahisə zamanı Rafiq Balakişiyev ilk olaraq qəflətən yumruqla Təqsirləndirilən şəxs sifət nahiyəsindən vuraraq yerə yıxmış, yerdə olan zaman Zərərçəkmiş şəxs onu uzanıqlı vəziyyətdə döyməsindən hiddətlənərək ondan qisas almaq məqsədilə özündə olаn bıçaqla qarın nahiyəsindən qəsdən bir dəfə vurmuşdur. Məhkəmə hesab edir ki zərərçəkmiş şəxsin qeyd olunan hərəkətləri qanunsuz hərəkətlər kimi qiymətləndiriləməli məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlər nəticəsində törətməsini, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, 44 günlük Vətən Müharibəsi ilə əlaqədar 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağrılaraq 171 saylı Hərbi Hissədə xidmət edərək 31 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis edilməsini, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini səmimi peşmançılıqla etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, 44 günlük Vətən Müharibəsi ilə əlaqədar 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağrılaraq 171 saylı Hərbi Hissədə xidmət edərək 31 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 07 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri qaydasında iş üzrə maddi sübutlar - Samux rayon PŞ-də saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1(bir) ədəd qısaqol köynək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur İş üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsatəti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 15 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CMnin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübutlar - Samux rayon PŞ-də saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd qısaqol köynək məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs oğlu isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar