Məhkəmə qərarları › İş №1(100)-143/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-143/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-143/2022 11.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu, Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 və Qasımov Hakim Adil oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində azyaşlı övladları olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Samux rayon Ziyadlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri əvəzinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdə, saat 21 radələrində yaşadığı Samux rayonu, Ziyadlı kəndində yerləşən “Kitayın maqazini” adlanan mağazanın qarşısında mağaza sahibi və həmkəndlisi Şahid3 ona başqa mağazadan ərzaq aldığı üçün ondan əvvəllər aldığı ərzağa görə yaranmış borcunu qaytarmağını istəməsi səbəbindən aralarında yaranmış sözlə mübahisə etdikdən sonra yaşadığı evə getmiş, bundan sonra mübahisəyə aydınlıq gətirmək üçün yenidən piyada həmin mağazaya qayıdarkən yolda bunun artıq söz-söhbətə səbəb olacağını düşünüb fikrindən daşınıb yaşadığı evə qayıtmaq istəyərkən həmin vaxt Samux rayonu, Ziyadlı kəndi Ə.Məmmədov küçəsində X4 məxsus fərdi yaşayış evinin qarşısında Şahid1 idarə etdiyi “Vaz 2107” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşən X2 onu səsləyərək saxlamış, ona yaxınlaşaraq bundan bir qədər əvvəl atası Şahid3 təhqir etməsini ona irad tutanda bu səbəbdən aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxsla əlbəyaxa dalaşan zaman Zərərçəkmiş şəxs onu yerə yıxıb, yerdə uzanıqlı vəziyyətdə olаrkən üzərinə gəlib vurmaq istəməsindən hiddətlənərək ondan qisas almaq məqsədilə özündə olan soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağının kəsici-deşici hissəsi ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsindən bir dəfə vuraraq ona sağ orta qoltuqaltı xətt üzrə Vİİ-Vİİİ qabırğalar səviyyəsində 3,5sm uzunluqda, düz xətt formalı, kənarları hamar, konsistensiyalı, bərkvari olan, çəhrayımtıl rəngli çapıq toxumadan ibarət döş qəfəsinin sağ yan səthinin daxilə nüfuz edən hemopenvmotoraksla müşayiət olunan və yetirildiyi anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onunla əvvəllər münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 31 avqust 2021-ci il tarixdə oğlunun bir yaşının tamam olması münasibəti ilə o, yaşadığı evdə ziyafət təşkil etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin günü günorta saat 13 radələrində Zərərçəkmiş şəxs atası Şahid3la birlikdə işlətdiyi ərzaq mağazasına getmiş və həmin vaxt mağazada Kitayın olduğunu görmüşdür. Əvvəllər oradan aldığı ərzağa görə yaranmış borcunun olduğunu xatırladıb üzrxahlıq etmiş və ziyafət üçün yenidən nisyə ərzaq almaq istədiyini Kitaya bildirmişdir. Lakin Kitay ona nisyə verməkdən imtina etmiş və o, maqazindən çıxıb Qafar adlı şəxsin işlətdiyi ərzaq maqazininə getmiş və müraciət etdikdən sonra Qafar adlı şəxsin razılığını almış və nisyə ərzaq götürüb Kitayın işlətdiyi maqazinin qarşısından keçib yaşadığı evə getmişdir. Həmin gün axşam saat 21 radələrində uşağı üçün yaşadığı evdə təşkil etdiyi ziyafət bitdikdən sonra qaynının ailəsi ilə birlikdə yola salmaq üçün yaşadığı evdən çıxıb piyada təxminən 300 metr gedib dördyol deyilən yerə çatmış, orada yoldan keçən taksi avtomobili saxlatdırıb qaynını ailəsi ilə birlikdə yola saldıqdan sonra yaşadığı evə qayıtdığı zaman yolun üzərində yəni işlətdiyi mağazanın qarşısında dayanan Kitay ona əvvəllər aldığı ərzaqa görə yaranmış borcunu qaytarmağını bildirmişdir. O da borclu olduğu üçün həmin vaxt Kitaya narahat olmamağı və söz verdiyi kimi 3-4 gündən sonra borcunu qaytaracağını demişdir. Lakin Kitay mağazaya ərzaq aldığı üçün pul lazım olduğunu və təcili pulunu verməyini istəmişdir. Bunun üstündə Kitay onunla mübahisə etməyə başlamışdır. Onların Kitayla sözlü mübahisəsinə görə oğlu İsgəndər mağazanın içindən çıxıb olduqları yerə yaxınlaşmış və mübahisəyə qoşularaq ona əl-qol atmağa başlamış, lakin həmin vaxt orada olan digər tanımadığı şəxslərin təkidi ilə mübahisəni dayandırıb yaşadığı evə getmişdir. Yaşadığı evə getdikdən sonra Kitayın ona qarşı bu cür hərəkət etdiyini fikirləşib onunla yenidən söhbət edib söhbətə aydınlıq gətirmək üçün mətbəxə keçib qəhvəyi rəngli qulplu, plastmas materialdan olan bıçağı götürüb şalvarının arxa cibinə qoymuş və görünməməsi üçün köynəyini də üstünə atmışdır. Sonra o, küçəyə çıxıb bir az əvvəl Kitay və oğlu İsgəndərlə aralarında olan mübahisə aydınlıq gətirmək üçün getmiş, ancaq yaşadığı evdən çıxıb təxminən 150-200 metr getdikdən sonra fikrindən yayınıb özünə “nəhlət şeytana” sözlərini deyib geri qayıtmağa başlamışdır. Təxminən 10-15 metr piyada hərəkət gedib qayıtdığı zaman yanında bir avtomobilin dayandığını və avtomobildən İsgəndərin düşdüyünü görmüşdür. Həmin vaxt İsgəndər onu səsləmiş, o da onun səsinə yerində dayanmışdır. İsgəndər ona çatar-çatmaz əl-qol atmağa başlayaraq onunla əlbəyaxa dalaşmağa başlamışdır. Onlar əlbəyaxa tutaşan zaman o, yerə yıxılmışdır. O, yerdə uzanıqlı vəziyyətdə olarkən İsgəndər onun üstünə gələrək onun yanında bir qədər aşağı əyilib onu vurmaq istəyən zaman bu an o, şalvarının arxa cibində olan bıçağı çıxarıb onun sağ tərəfindən bir dəfə vurmuşdur. İsgəndər bıçaqla vurulduqdan sonra “vuruldum, vuruldum” sözlərini işlədib ondan kənara çəkilmiş və piyada gəldiyi avtomobilə minərək oradan uzaqlaşmışdır. İsgəndər oradan uzaqlaşandan sonra o da ordan uzaqlaşıb yaşadığı evə getmiş və İsgəndəri vurduğu bıçağın üzərində qan ləkələrinin olub-olmadığını görmədən yaxınlıqdan olan su kanalında bıçağı yumuş, sonra ordan yaşadığı evə getmiş və bıçağı mətbəxdə olan yerinə qoymuşdur. Baş vermiş hadisə ilə bağlı o, heç kimə heç nə deməmişdir. Hadisənin baş verməsinə səbəb 31.08.2021-ci il tarixdə saat 21 radələrində Şahid3 və Zərərçəkmiş şəxs ilə onlara məxsus mağazanın qarşısında yaranmış olan mübahisə olmuş, belə ki, başqa mağazadan bazarlıq etdiyi üçün, Kitayın əsəbləşərək mağazasının yanından keçərkən ondan pul borcunu tələb etməsi olmuşdur. Onun fikri kiməsə bıçaqla xəsarət yetirmək olmamış, belə ki, fikrindən vaz keçib yaşadığı evə qayıtmaq istəmişdir. Onun Zərərçəkmiş şəxs öldürmək, ya da başqa bir niyyəti olmamış, sonuncuya yalnız bir dəfə bıçaq zərbəsi vurmuşdur. Hadisə baş verən zaman o və İsgəndər olmuş, başqa heç kim olmamışdır. Əməlindən peşmandır, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. O, atasıyla birlikdə yaşadığı kəndə özlərinə məxsus ərzaq mağazası işlədib ailəsini dolandırmışdır. 31 avqust 2021-ci il tarixdə axşam saat 20-21 radələrində mağzada olduğu zaman mağazanın qarşısında atası Şahid3 uca səslə danışaraq kiminləsə mübahisə etdiyi və ora toplaşan şəxslərin isə onu kənara çəkmək istədiklərini görmüşdür. Bundan narahat olub mağazadan çıxdığı zaman atası Kitayın həmkədlisi İlyas ilə mübahisə etdiyini görmüşdür. O, atasını müdafiə etməkdən ötrü İlyasın üzərinə gedib onu vurmaq istəmiş, lakin orda olan şəxslər nə atasına, nə də ki, ona bunu etmək üçün imkan verməmişlər. Mübahisə zamanı bir-birlərini ilə tutaqlaşmaq istədikləri zaman orda olan şəxslər buna imkan verməmişdirlər. Təxminən 15-20 dəqiqə mağazada olduqdan sonra o, gələn iki dostuyla birlikdə Gəncə şəhərinə getmək qərarına gəlmiş, lakin o, dostlarına əynini dəyişdikdən sonra gedə biləcəyini demişdir. Sonra Cavidan və Bülənd adlı dostlarıyla birlikdə Cavidana məxsus avtomobilə əyləşib onun yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışlar. Təxminən 15-20 dəqiqə maqazində olduqdan sonra gələn iki dostuyla Cavidan və Büləndlə birlikdə Gəncə şəhərinə getmək qərarına gəlmişdir. Həmin vaxt o, dostlarına əynini dəyişdikdən sonra gedə biləcəyini demişdir. Sonra onlarla birlikdə Cavidana məxsus avtomobilə minib onun yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışlar. Təxminən 200-250 metr getmişdirlər ki, İlyasın yolun kənarında tək dayandığını görüb, Cavidana avtomobili saxlamağını demiş, lakin Cavidan baş verə biləcək hər hansı xoşagəlməz hadisəyə görə avtomobili saxlamayaraq hərəkətini davam etdirmişdir. Təxminən 50 metr getmiş o, avtomobilin qapısını açıb düşmək istəyən zaman Cavidan avtomobili saxlamış və o, avtomobildən düşərək İlyasın olduğu tərəfə gedərək onu səsləmişdir. İlyasın yanına getməkdə məqsədi atasını söydüyü üçün onunla mübahisə edib vurmaq olmuşdur. Həmin vaxt bir-birilərinin yaxasından tutub təxminən 5-10 saniyə itələşdikdən sonra İlyası yerə yıxmış və o, yerdə uzanıqlı vəziyyətdə olan zaman o, ona yaxınlaşıb əliylə vurmaq istəyən zaman nəsə bərk ağrı hiss edərək geri çəkilmiş və bu an İlyasın sol əlində bıçaq olduğunu görmüşdür. Həmin vaxt İlyasın onu dava zamanı bıçaqla vurub-vurmadığını heç bilməmişdir. Təxminən 20-30 saniyə keçmişdir ki, sağ qolunun alt hissəsindən ağrı başlamış, lakin yenə də fikirləşirmiş ki, İlyas onu bıçaqla vurmamış, yəqin savaşdıqları zaman ona yumruq vurmuşdur. Lakin əynində olan köynəyi qaldıran zaman bıçaqla vurulduğunu və bədənindən qan gəldiyini görmüşdür. Bu vaxta kimi İlyasın onu bıçaqla vurduğunu bilməmişdir. Bundan sonra dostları onu avtomobilə qoyub Samux rayon xəstəxanasına aparmışlar. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra onu Gəncə şəhərində yerləşən xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs yerdə olarkən ona bir neçə dəfə bıçaq zərbəsi vura bilərmiş, ancaq vurmamışdır. İlyasla onun arasındakı mübahisə təxminən 1 dəqiqə davam etmişdir, İlyasın ona xəsarət yetirdiyi zaman yanında heç kim olmamış, sonradan isə dostları Bülənd və Cavidan gəlmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən İlyasla barışmış, ondan şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, yaşadığı kənddə ailəsinə məxsus mağaza işlətmişdir. Zərərçəkmiş şəxs doğma oğludur. Təqsirləndirilən şəxs onun kəndlisi olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 31 avqust 2021-ci il tarixdə saat səhər saatlarında o, mağazada olan zaman İlyas mağazaya gələrək “nisyə ərzaq götürmək istəyirəm” demişdir. O da nə götürmək istədiyini soruşmuş, İlyas isə, araq da götürmək istədiyini bildirmişdir. Ancaq o, sonuncuya araq verməmiş və özünə araqdan başqa nə istəyirsə götürə biləcəyini bildirmişdir. İlyas da ondan inciyərək mağazadan heç nə almamış çıxıb getmişdir. Axşam saat 21 radələrində o, mağazanın qabağında kənd adamları ilə söhbət edərkən, oğlu İsgəndər mağazanın içərisində olmuşdur. Bir qədər keçmiş İlyas mağazanın yanından keçən zaman onların yanına çatdıqda ona qıcanmış, o da sonuncuya “sən niyə mənə sifət eliyirsən” demişdir. Yanında olan kənd adamları isə İlyası yola salmışlar. İlyasın mağazaya borcu olmuş, o, borcunu tam verməmişdir. Bir qədər keçmiş o, mağazada olan zaman kənd camaatından eşitmişdir ki, oğlu İsgəndər İlyasla küçədə təsadüfən rastalaşmış və aralarında dava olan zaman İlyas oğlu İsgəndərə bıçaqla xəsarət yetirmişdir. O da oğluna tez zəng etmiş, oğlu ona Samux rayon Mərkəzi xəstəxanasına getdiyini bildirmişdir. O da hazırlaşıb xəstəxanaya yola düşən zaman İsgəndər ona zəng edərək Gəncə şəhər Beynəlxalq xəstəxanaya getdiyini bildirmişdir. O da oğlunun arxasınca Gəncə şəhər Beynəlxalq xəstəxanaya getmişdir. Orada ona oğlu dostları ilə birlikdə kənddə görüşüb Gəncə şəhərinə çay içməyə gedən zaman yaşadığı küçədə İlyası görüb onunla söhbət etmək istəmiş, İlyasla söhbət edən zaman aralarında mübahisə olmuş, mübahisə davaya çevrilmiş və dava zamanı İlyas özündə olan bıçaqla oğluna xəsarət yetirmişdir. O, hadisənin birbaşa şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 31 avqust 2021-ci il tarixdə axşam saat 21 radələrində dostları Cavidan və İsgəndərlə görüşüb söhbət edərkən Gəncə şəhərinə gedib çay içmək qərarına gəlmişlər. Bu məqsədlə onlar Cavidana məxsus “VAZ 2107” markalli avtomobillə İsgəndərinin əynini dəyişməsi ilə əlaqədar sonuncunun yaşadiği evə getmişlər. İsgəndərgilin mağazasından 100-150 metr aralanmış İsgəndər İlyasın yolun sağ tərəfində piyada kəndin mərkəzinə doğru getdiyini görüb Cavidandan avtomobili saxlamasını xahiş etmiş, sonuncu da İlyası 50 metr keçdikdən sonra avtomobili saxlamışdır. İsgəndər onlara İlyas işi olduğunu deyib avtomobildən enib İlyasın yanına getmişdir. Bir müddət sonra o, arxaya baxan zaman İlyasla İsgəndərin əlbəayağa dalaşdıqlarını görmüş və Cavidana onların yanına getməklərini bildirmişdir. Onlar İsgəndərin yanına çatan zaman sonuncu əlini bədəninin sağ tərəfində saxlamaqla onlara “məni vurdu” demişdir. Həmin vaxt İlyas İsgəndərdən 5-6 metr aralıda idi. Həmin vaxt onlar İlyasın İsgəndəri bıçaqla vuraraq xəsarət yetirdiyini anlamışlar. Onlar təcili olaraq İsgəndəri avtomobillə Samux rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Orada onlara İsgəndəri Gəncə şəhər Beynəlxalq Xəstəxanasına aparılmasını demişlər. Onlar da İsgəndəri Gəncə şəhər Beynəlxalq Xəstəxanasına aparmışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01.09.2021ci il tarixli “hadisə yerinə baxış keçilməsi haqqında” protokoldan və fotocədəvəldən görünür ki, vətandaş Zərərçəkmiş şəxs qarnın daxilə keçən kəsilmiş-deşilmiş yarasından ibarət xəsarət alaraq xəstəxanaya daxil olması barədə Gəncə şəhər Beynəlxalq xəstəxanadan məlumat daxil olduqdan sonra Samux RPŞ İQ-nin sabiq baş müstəntiqi, polis mayoru Laçın Əliyev tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bıçaqla ağır bədən xəsarəti aldığı hadisə yeri Samux rayon Ziyadlı kəndi, Əvəz Məmmədov küçəsində yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən cinayətin predmeti olan 1(bir) ədəd bıçaq götürülərək hadisə yerinə baxışla bağlı protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 01 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Samux rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli 4(058)-21/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01.09.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Samux rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli 4(058)-25/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ev dustağlığı ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01.11.2021ci il tarixli “təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında potokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən öz ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 06 oktyabr 2021-ci il tarixli 1694 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin sağ yan səthinin daxilə nüfuz edən hemopnevmotoraksla müşayiət olunan bir ədəd kəsilmişdeşilmiş yarası – deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 31.08.2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə trasoloji-soyuq ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 16\1043-1044 nömrəli rəyindən görünür ki, İ. - Tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərdində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. İİ. - Tədqiqata təqdim olunan köynəyin üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilməkəsilmə zədəsidir. Lakin təqdim edilmiş köynəyin üzərində olan zədədə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş amblator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının 18 noyabr 2021-ci il tarixli 697\230 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə əsəbi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs keçirdiyi psixi-emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02.12.2021-ci il tarixli “Sübutların qiymətləndirlməsi haqqında”qərardan görünür ki, hadisə zamanı istifadə edilən və iş üzrə Təqsirləndirilən şəxs götürülmüş hadisənin predmeti olan 1(bir) ədəd bıçaq və hadisə zamanı bıçaq xəsarəti almış Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd qara rəngli, ön hissəsində zəncirbənd olan qısaqol köynək iş üçün əhəmiyyətli olduğu üçün maddi sübut hesab edilmiş və saxlanılması üçün Samux RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Buna görə də, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi etirafı, əməlindən peşman olması Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13cü maddəsinə, himayəsində azyaşlı uşağının olması, yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.4, 59.1.6, 59.1.8, 59.1.12-ci maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslə barışıq əldə etməsini və vurulmuş zərəri ödəməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini (ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını) nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, haqqında ibtidai istintaq zamanı seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdən 11 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddət nəzərə alınmalıdır. İş üzrə maddi sübut Samux rayon Polis Şöbəsində saxlanılan 1(bir) ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus 1(bir) ədəd qara rəngli, ön hissəsində zəncirbənd olan qısaqol köynək sahinə qaytarılmalı, imtina etdikdə məhv edilməldir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə maddi ziyan, mülki iddia, müsadirə olunması təklif edilən predmet və əşyalar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 03 (üç) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut Samux rayon Polis Şöbəsində saxlanılan 1(bir) ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus 1(bir) ədəd qara rəngli, ön hissəsində zəncirbənd olan qısaqol köynək sahinə qaytarılsı imtina etdikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi ziyan, mülki iddia, müsadirə olunması təklif edilən predmet və əşyalar yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar