Məhkəmə qərarları › İş №1(100)-143/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-143/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-143/2023 23.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə 01 avqust 2004-cü ildə Şəmkir rayonuda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Mahmudlu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə saat 01 radələrində həmkəndlisi və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs spirtli içkinin təsiri altında onların həyətyanı sahəsində olduğunu görüb, sonuncudan hansı səbəbdən həyətə daxil olmasını soruşduğu zaman Zərərçəkmiş şəxs qəsdən onun başından əli ilə vurmuş, bu səbəbdən onların arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qisas almaq məqsədilə həmin vaxt üzərində daşıdığı zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən turust bıçağı ilə qəsdən zərbə vuraraq Zərərçəkmiş şəxs sol bazunun yuxarı üçdə birinin bayır səthinin bir ədəd, sol budun yuxarı üçdə birinin bayır səthinin iki ədəd deşilmiş kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, həmçinin qarının ön səthinin sol yarısının daxilə keçən, yoğun bağırsaq ilgəyini zədələyən, daxili qanaxmaya səbəb olan, bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 28 iyul 2022-ci il tarixdə Şəmkir rayonu Mahmudlu kəndində onlarla qonşuluqda yaşayan Orxanın övladının sünnət toyu olmuşdur. Həmin toy məclisinə onlarıda dəvət etmişlər. O, anası Cəmilə ilə birlikdə həmin toy məclisində iştirak etmişdir. O, spirtli içki qəbul edən olmadığından toyda spirtli içki qəbul etməmişdir. Həmçinin o, toyda pul yazdıranların adlarını siyahıya yazaraq pulları qəbul etmişdir. Saat təxminən 23 radələrində o, yazılan pulları Orxana hesablayıb təhvil verdikdən sonra evə gəlmişdir. Həmin günü bibisi İradə də gec olduğu üçün evə getməyərək onlarda qalmışdır. Saat təxminən 01 radələrində yerində uzanaraq telefonuna baxdığı zaman bibisi onu evin pəncərəsindən çağıraraq həyətdə səs eşitdiyini, kiminsə həyətə girdiyini bildirmişdir. O, tez yerindən qalxaraq ətrafa baxmış, lakin əlinə götürməyə hər hansı ağac parçası tapa bilməmişdir. O, fikirləşmişdir ki, həyətə girən şəxs oğru olacağı halda ona hər hansı xəsarət yetirərsə özünü müdafiə edə bilməyəcəkdir. O, ağac parçası tapmadığından əlinə keçən bıçağı götürmüş, lakin həmin bıçaq qırıq olduğundan bıçağı kənara ataraq evdə vazanın içərisinə qoyduğu bıçağı götürərək səs gələn evin arxa tərəfinə getmişdir. Orada həqiqətəndə səs olmasını eşitmiş və kim olmasını soruşmuşdur. Həmin anda kimsənin qaçdığını görmüş və telefonun işığını salaraq həmin şəxsin arxasınca qaçmışdır. Həmin şəxs bir qədər qaçdıqdan sonra yıxılmış, o, qaça-qaça həmin şəxsin yanına çatdıqda həmin şəxsin onlarla qonşuluqda yaşayan Fərman olmasını görmüşdür. Fərman yerdə oturuqlu vəziyyətdə dayanmış, əlində şalvar toqqası olmuşdur. O, Fərmandan onların həyətdə neyləməsini soruşduqda “gözlə deyəcəyəm” deyərək ona cavab vermişdir. O, təkrar Fərmandan onların həyətdə neyləməsini soruşduqda Fərman ona oğru və pis adam olmadığını bildirmişdir. Fərmanın danışığından hədsiz dərəcədə sərxoş olması aydın görünmüşdür. Bundan sonra o, Fərmandan düzgün söz ala bilmədiyindən Fərmanı həyətə dəvət etmiş və həyətə gəldikdən sonra o, Fərmana əl üzünü yumasına köməklik etmişdir. Bundan sonra Fərmanı oturtmuş və yenidən nə səbəbə onların həyətə girməsini soruşmuşdur. Lakin yenidən Fərman deyəcəm deyərək ona cavab vermişdir. Bu zaman Fərman ona əl atdığından telefon əlindən sürüşmüş və yerə düşmüşdür. Bundan sonra onların arasında mübahisə başlamış və Fərman ona əl qol atmağa, onu vurmağa başlamışdır. Bu zaman bibisi İradə ortaya girdiyində Fərman bibisini kənara itələyərək onu vurmuşdur. Həmin vaxtı bıçaq əlində açıq vəziyyətdə olmuşdur. O da Fərmana əl qol atdığında bıçağın Fərmanın qolunu çızdığını görmüşdür. Fərman onun başına yumruq vurduğundan o, hirslənərək Fərmana yumruqlar atmışdır. Bu zaman bibisi İradə araya girərək Fərmanı kənara itələmişdir. Fərman bundan sonra sakitləşmiş, bibisi Fərmanın qolunda xəsarət görüb baxdığı zaman qarın nahiyyəsəndə də xəsarət olmasını görmüş və Fərman köynəyini qaldırıb baxdıqda elə də ciddi xəsarət olması görünməmişdir. Fərman özüdə cızıq olmasını, ciddi problem olmadığını deyərək öz evləri istiqamətində getmişdir. X3rın həyətdən çıxmasına köməklik edərək geri qayıtmışdır. Fərman onlardan getdikdən təxminən on dəqiqə sonra Fərmanın valideyinləri onların həyətə gələrək Fərmanın ciddi xəsarətləri olduğunu, ona görə də xəstəxanaya getdiyini bildirmişlər. Sonra isə Şəmkir rayonu Kür polis bölməsinin əməkdaşları gələrək onu Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Həmin vaxtıda o, əlində olan bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Polis şöbəsinə gəldikdən sonra o, Fərmanın xəsarətinin ciddi olmasını bilmişdir. Fərman onların həyətə daxil olduğuna və ona yumruqla vurduğuna görə bıçaqla vurmuşdur. Bütün bunlara baxmayaraq hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 28 iyul 2022-ci il tarixdə yaşadığı kənddə həmkəndlisi Orxanın oğlunun sünnət toyu olmuşdur. O, saat 18 radələrində toya getmişdir. Toy məclisi Orxanın həyətyanı sahəsində olmuşdur. O, toy məclisində iştirak edərək toyun sonlarında tanışları və qohumları ilə oturaraq spirtli içki qəbul etmişdir.Toy məclisi dağıldıqdan sonra xatılamadığı saatda Orxangilin həyətindən yola çıxmışdır. Bundan sonra o, həmkəndlisi və qonşusu olan Tellinin həyətindən keçərək öz evinə getmək üçün Tellinin darvazasına tərəf getmişdir. Yol qapısı açıq olduöundan o, həyətə daxil olmuşdur. Həmin vaxtı həyətdə kimsə olmamşdır. Şalvarının toqqası belini sıxdığından çıxartmış, həmçinin köynəyinin düymələrini açmışdır. Çox sərxoş olduğundan yeriyə bilmədiyindən yerdə oturmuşdur. Həmin vaxtı qəfildən Tellinin nəvəsi Qabil gələrək onun üzünə telefon işığı salaraq ondan nə məqsədlə gəlməsini soruşmuşdur. O, başqa niyyətlə gəlmədiyini, sərxoş olmasını bildirmişdir. Həmin vaxtı Qabil onun üzərinə gəlmiş, ona əl qol atmağa başlamışdır. O, Qabilin ona yumruq şillə atmasını düşünərək Qabili vurmuş və bibisinə Qabili aparmalarını demişdir. Bundan sonra bibisi və anası Qabili ondan aralamışlar. Həmin vaxtı o, əlini sol tərəfinə vurduğunda əlinin isti olmasını hiss etmişdir. Əlinə baxdıqda qan olmasını görmüşdür. Qabilin bibisini çağıraraq Qabilin onu bıçaqla vurmasını bildirmişdir. Köynəyini qaldırdıqda onda xəsarət olmasını görmüşlər və tez getməsini demişlər. Həmin yerdən yaşadığı evə təxminən 200 metr məsafə olduğundan o, tez evə getmiş, arvadına yol qapısını açmağı deyərək avtomobili işə salmışdır. Yola çıxdığı zaman arvadına bıçaq xəsarəti aldığını, xəstəxanaya getdiyini bildirmiş və avtomobilini tez Şəmkir mərkəzi xəstəxanasına sürmüşdür. Özünü Şəmkir mərkəzi xəstəxanasına çatdırdıqdan sonra heç nəyi xatırlamamışdır. Qabilin qonşusu olmasını, və uşaq olmasını nəzərə alıb, onunla barışdığını, ondan şikayət və tələbi olmadığını və onun tutulmasının istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 28 iyul 2022-ci il tarixdə anası Telli ilə üzbəüz yaşayan Orxan oğluna sünnət toyu etmişdir. Həmin toy məclisinə o da dəvət edilmişdir. Ondan başqa toy məclisinə qardaşı arvadı Cəmilə və oğlu Qabildə gəlmişdir. Onlar hamısı toy məclisi saat 21 radələrində yekunlaşdıqdan sonra anası evinə getmişlər. O, evə getmək istəsədə anası həmin gecə qalmağı, səhər evə getməyi ona demişdir. O da, anası ilə razılaşmış və gecəni orada qalmışdır. O, yatacağı otaq arxa həyət tərəfdə olduğundan pəncərəyə yaxınlaşdıqda həyətdə səs olmasını eşitmişdir. O, pəncərədən baxdığında qaranlıqda bağ tərəfdə kimsə adam olmasını görmüş, lakin qaranlıq olduğundan kim olmasını bilməmişdir. O, həmin şəxsin kimliyini müəyyən etmək üçün aşağı düşərək Qabilə arxa tərəfdə xışıltı səsi gəldiyini, orada adam olacağını demişdir. Qabil telefonun işığını yandırıb həmin yerə getdiyində orada olan şəxs qaçmaq istədikdə yerə yıxılmış, onlar həmin şəxsin yanına çatdığında həmin şəxsin qonşuluğunda yaşayan Fərman olmasını gömüşlər. Fərmanın həddindən artıq sərxoş olması bilinmişdir. Onlar Fərmana həyətə nə məqsdələ gəlməsini soruşduqda Fərman onlara cavab verməmişdir. Yalnız onlara “qoy özümə gəlim deyəcəm” deyərək cavab vermişdir. Qabil isə Fərmandan dəfələrlə həyətə hansı məqsədlə girməsini sorşsada Fərmandan normal cavab ala bilməmişdir. Bundan sonra Qabil Fərmana əl üzünü yuması üçün köməklik göstərmişdir. Sonra isə Fərmanı həyətə keçirmişdir. Orada da Qabil Fərmandan hansı məqsədlə həyətə gəlməsini soruşmuşdur. Fərman oğru olmadığını, pis niyyətlə gəlmədiyini bildirmişdir. Qabil ona yenidən hansı məqsədlə gəlməsini soruşduqda Fərman Qabilin sözünə əsəbləşmiş və Qabillə mübahisə edərək tutaşmışdır. Bu anda X5n dalaşacağından ehtiyat edərək gəlni Cəmilə ilə ortaya girərək Fərmanla Qabili aralamağa çalışmışlar. Həmin vaxtı Qabildə Fərmanda bir birinə əl-qol atmışlar. X5 araladıqdan sonra Qabil əlində qan olmasını görmüş və aşağı əyilmişdir. Həmin anda onlar nə olmasını başa düşməmişdir. Bu vaxtı anası Tellidə yerindən durub gəlmişdir. Bu zaman Fərman əli ilə yan tərəfini tutaraq Qabilə “sən məni buçaqla vurdun?” demişdir. Eyni zamanda köyənəyini qaldırdıqda Fərmanın yan tərəfində cızıq olmasını görmüşdür. O, Fərmana yardım göstərmək istədikdə Fərman heç bir problem olmadığını bildirmiş və özü evə gedəcəyini demişdir. O, Fərmana həkimə aparmağı desədə Fərman onunla razılaşmamış və evləri istiqamətində getməyə başlamışdır. O, Fərmanın yıxılacağından ehtiyat etdiyindən Fərmanın arxasınca getmiş. lakin Fərmanı görməmişdir. Həyət qapıları açıq vəziyyətdə olsa da Fərmanın olmasını görməmişdir. O, evə gəldikdən sonra Fərmanın atası, anası və əmisi onlara gəlmiş və nə hadisə baş verməsini soruşmuşlar. Onlar hadisə barədə danışdıqda Fərmanın atası Qabilin Fərmanı vura bilməyəcəyini demişdir. O da Fərmanın atasına Qabilin vurduğunu bildirmişdir. Bundan sonra Fərmanın ailə üzvləri getmişlər. Onlar bundan sonra Fərmanın xəsarət almasını bildikləri üçün xəstəxayanaya Fərmandan xəbər bilmək üçün getmişlər. Bundan qabaq isə polis əməkdaşları gələrək Qabili polis şöbəsinə aparmışlar. Polis əməkdaşları gəldiyində Qabil özündə olan bıçağı polis əməkdaşlarına təqdim etmişdir. O, Qabilin bıçaqğı haradan götürməsini, eləcə də Qabilin Fərmanı bıçaqla necə vurmasını görməmişdir. Qabil Fərmanı vurduqdan sonra Fərmana bıçaq dəyməsini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və və ona əlavə olunmuş şəkilərdən görünür ki, hadisə yeri Şəmkir rayonu Mahmudlu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsidir.Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilməmişdir. «Baxış keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş şəkilərdən görünür ki, bir ədəd bıçaq qatlanan cib bıçağına baxış keçirilmişdir. Bıçaq bənövşəyi rəngə çalmaqla qarışıq rənglidir. Bıçağın ümumi uzunluğu 17.5 santimetrdir. Bıçağın kəsici hissəsinin uzunluğu 7.5 santimetrdir,kəsici tiyə hissəsi hər iki tərəfli kəsici xassəlidir.Bıçağın dəstəyi iki hissədən ibarət olmaqla kəpənək formalıdır. Bıçağın tiyəsinin üzərində “BENCHMADE USA ”sözləri yazılmışdır. Bıçağın üzərində hər hansə qana bənzər ləkə və ya zədə izi olması müəyyən olunmadı. Bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. «Götürmə və baxış keçirmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş şəkilərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş qısaqol köynək və cins şalvar cinayətin izlərinin olması ehtimalı nəzərə alınaraq, istintaq üçün əhəmiyyət kəsb etdiyindən həmin qısaqol köynək və cins şalvar baxış keçirilməklə götürülərək protokollaşdırılmışdır. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında mühüm ziddiyyətlər olduğundan onların arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı 29 iyul 2022-ci il tarixdə sərxoş vəziyyətdə onların həyətdə olduğu zaman onu vurmadığını, mübahisə yaranan zaman əlində parıltılı əşya gördüyünü, həmin vaxtıda bıçaq xəsarəti aldığını demişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 922 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 937 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- qarının ön səthinin sol yarısının daxilə keçən, yoğun bağırsaq ilgəyini zədələyən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş kəsilmiş yarası, sol bazunun yuxarı üçdə birinin bayır səthinin bir ədəd, sol budun yuxarı üçdə birinin bayır səthinin iki ədəd deşilmiş kəsilmiş yaraları deşici kəsici alətlə, ola bilsin ekspertizaya təqdim edilən bıçaqla yetirilmişlər, yetirilmə müddətləri 29 iyul 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsində görə qarının ön səthinin sol yarısının daxilə keçən, yoğun bağırsaq ilgəyini zədələyən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sol bazunun yuxarı üçdə birinin bayır səthinin bir ədəd, sol budun yuxarı üçdə birinin bayır səthinin iki ədəd deşilmiş kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 530 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Məhkəmə ballistik və trasoloji ekspertizasının 27 sentyabr 2022-ci il 16/1069/1070 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir.Tədqiqata təqdim olunan köynəyin üzərində olan 02 ədəd “a”, "b” zədələri və cins şalvarın üzərində olan 02 ədəd zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (0 cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Patololi Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli 937 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarların səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “qarının ön səthinin sol yarısının daxilə keçən, yoğun bağırsaq ilgəyini zədələyən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmişkəsilmiş yarası, sol bazunun yuxarı üçdə birinin bayır səthinin bir ədəd, sol budun yuxarı üçdə birinin bayır səthinin iki ədəd deşilmiş-kəsilmiş yaraları” xəsarətləri ilə köynəyin üzərində olan “a”, “b” zədələri və cins şalvarın üzərində olan zədələr yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni yuxarıda göstərilən zədələr və xəsarətlər üst-üstə düşür. Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 29 iyul 2022-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə Şəmkir rayon Mahmudlu kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində baş verdiyindən həmin hadisəni təqsirləndirən şəxsin ailə üzvlərindən başqa kimsə görməmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında əvvəllər hər hansı ədavət və düşməçilik olmamışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 iyul 2022-ci ildən hesablanmışdır. Şəmkir Rayon Məhkəməsinin “Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair” 26 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Şəmkir rayon Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki Təqsirləndirilən şəxs Şəmkir rayonu Mahmudlu kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəmkir rayon konsultativ poliklinikasının 01 sentyabr 2022-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi cinayət törədərkən istifadə etdiyi bir ədəd bıçaq və Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şəmkir RPŞ-nə məsul saxlanca verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini törətməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.8, 59.1.12 və 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. «Uşaq hüquqları haqqında» 19 may 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Konstitusiyasına,Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun 1ci maddəsində göstərilir ki, Qanunun təsir dairəsi Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Həmin Qanunun 17-ci maddəsində göstərilir ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini törətməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdən 23 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddət 10 (ay) ay 25 (iyirmi beş) gün təşkil edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd şalvar zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Eləcə 01 ədəd bıçaq isə dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altımış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam alınsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut hesab edilən və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd şalvar zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Eləcə 01 ədəd bıçaq isə dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altımış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar